And yerimiz
44
gün davam edən Vətən müharibəsi Azərbaycanın
zəfəri ilə başa çatdı. Ali Baş Komandan
İlham Əliyevin Səfərbərlik elan etməsi nəticəsində
minlərlə gənc könüllü olaraq döyüşə
getməyə qərar verdi. Belə cəsur və qorxmaz gənclərdən
biri də Bağırov Aqil Fazil oğludur. Aqil Bağırov
01 may 1995-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində
anadan olmuşdur. 2002-ci ildə şəhid Füzuli Kərimov
Muğanlı kənd tam orta məktəbinin 1-ci sinfinə
getmiş, 2013-cü ildə həmin təhsil
ocağını müvəffəqiyyətlə bitirmişdir.
O, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində
2013-cü ilin iyun - 2015-ci ilin yanvar ayı hərbi xidmətdə
olmuşdur. Xidmət dövründə öz nizam-intizamı
ilə komandir heyətinin və əsgər
yoldaşlarının dərin hörmətlərini
qazanmışdı.
Şəhidin
ailəsi ilə Muğanlı kəndində
görüşdük. Onun atası Adil Bağırov oğlu
haqqında danışarkən dedi ki, Aqil sakit təbiətli,
hər kəsə xüsusi hörmətlə yanaşan bir
oğul olmuşdur. O, idmanla məşğul olmağı
sevirdi. Dəfələrlə ailə qurmaq təklif etsək
də, hələ tezdir deyirdi. Aqil işgüzar idi. Təsərrüfat
işlərində mənə işləməyə imkan
vermirdi. Çalışırdı ki, bütün işləri
təkbaşına görsün. Ailədə 3 övlad
olmuşlar, iki bacı, bir qardaş. Şəhid atası
bildirdi ki, müharibədə şəhid və qazilərin
olması qaçılmazdır. Təki vətən sağ
olsun. Rəşadətli Azərbaycan ordusu ardıcıl zərbələr
nəticəsində düşməni məğlub
etmişdir. Xeyli canlı qüvvə zərərsizləşdirilmişdir.
Şəhidlərin qanı yerdə qalmadı. Müzəffər
ordumuzun düşmən üzərində şanlı qələbə
qazanmasında mənim oğlumun da payı olması məni və
ailəmizi qürurlandırır.
Şəhid anası Sevil Bağırova dedi: Sentyabr ayının 21-də Aqili yola saldım. O, həmişə telefonla əlaqə saxlayarkən bizə təmkinli olmağı, özümüzə yaxşı baxmağı tapşırırdı. Oktyabr ayının 27-də azğın düşmənin minamyotdan açdığı atəş nəticəsində oğlum qəhrəmancasına şəhid oldu. Əsgər yoldaşlarının dediyinə görə, Aqil qumbaraatandan açdığı sərrast atəş nəticəsində düşmənin bir neçə hədəfini və canlı qüvvəsini məhv etmişdir. Aqilin arzusu ali təhsil almaq idi. Oğlumun göstərdiyi qəhrəmanlıqlar ilə fəxr edirəm.
Qəhrəman şəhidimiz Aqil Bağırovun nənəsi Söylü Hüseynova qeyd etdi ki, nəvəsi ilə 27 oktyabr tarixində telefonla danışanda, bir az zarafat etdi, vəziyyətinin yaxşı olduğunu bildirdi. Tezliklə müharibənin Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatacağını bildirdi. Sevinc hissi ilə bildirdi ki, evə qələbə xəbəri ilə qayıdacaq. Bütün ailə üzvləri Aqilin zəfər bayramını görməməsinə hədsiz heyifsiləndi.
Aqil Bağırovun sinif yoldaşı Osmanov Orxan İman oğlu ilə həmsöhbət olduq. O bildirdi ki, uşaqlıq illərində daim bir yerdə olmuşlar, orta məktəbdə eyni sinifdə oxumuşlar. Aqil çox səmimi, mehriban, hər kəslə gözəl ünsiyyət qurmağı bacaran bir oğlan olduğunu dilə gətirdi. Hələ orta məktəb illərində Aqilin həmişə işğal altında olan müqəddəs torpaqlarımızın azad olunması gününü səbirsizliklə gözlədiyini deyirdi, əgər, torpaqlar uğrunda müharibə başlasa mən tərəddüd etmədən orduya yazılacam deyirdi. Aqilin gözlədiyi gün yetişdi. Vətən müharibəsi başladı, o, qorxmadan, çəkinmədən cəbhəyə yollandı və ən uca məqama, şəhidlik zirvəsinə ucaldı. Azərbaycan ordusunun qazandığı tarixi zəfər torpaqlarımızın mənfur düşməndən azad olunması, şəhidlərimizin qanı və canı bahasına əldə olunmuşdur. Hər birimiz onların ruhu qarşısında baş əyirik, valideynlərinə səbir diləyərək deyirik ki, başınızı dik tutun, şəhidlər bizim and yerimizdir. Allah şəhidlərimizə rəhmət etsin.
Vəli VƏLİYEV
Respublika.- 2020.- 17 dekabr.- S.5.