Şəhidlər Vətəni bir boy ucaltdı
Qarabağın
erməni işğalından azad edilməsi uğrunda
başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində,
necə deyərlər, ildırım sürəti və qələbəylə
başa çatdı. Qalib Sərkərdəmizin fədakarlığı
və rəşadətli ordumuzun qəhrəmanlığı
sayəsində Ermənistan silahlı qüvvələri və
onların arxalandıqları muzdlular, düşmənin
çoxsaylı hərbi texnikası, 30 ildə möhkəmləndirdikləri
istehkamlar darmadağın edildi.
Ən
qatı düşmənimiz Ermənistan və dünya erməniliyi
Azərbaycan ordusunun “Dəmir Yumruq” kod adlı hərbi əməliyyatları
nəticəsində diz çökdürüldü, vaxtilə
bizi hədələyən ermənilər şanlı
ordumuzun vurduğu dağıdıcı zərbələrin təsirindən
başını itirərək imdad diləməyə
başladılar. Düşməni diz çökdürən
oğullar öz qanı bahasına xalqımıza Zəfər
bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu
birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi
bütövlüyünü təmin etdi.
Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Şəhidlərin valideynləri övladlarının itkisinə gözyaşı töksələr də, məğrur dayanaraq bildirdilər ki, Qarabağı azad edən oğullarla fəxr edirik, təki torpaqlarımız murdar düşmən tapdağından azad edilsin. Arzuları çin oldu, Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir.
Bunu təkcə biz demirik, əcnəbilər də etiraf edirlər ki, Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində qazanılıb.
Ağdam rayon sakini Toğrul Murtuzayev müharibənin ilk günü döyüşə atılıb. Sentyabrın 27-də Suqovuşan uğrunda gedən döyüşlərdə həlak olub.
Şəhid anası Mahirə Murtuzayeva deyir ki, Toğrul uşaq yaşlarından torpağı, yurdu, Vətəni sevib. Vətənə aid çoxlu şeirlər deyirdi, arzularını dilə gətirirdi. Çox ağıllı, tərbiyəli sevimli bir övlad idi. Görən gözüm idi, arxam, dayağım idi. Həmişə deyirdi ki, Vətəni, onu işğaldan azad etmək bizim borcumuzdur. Vətən müharibəsində Ağdamın ilk şəhidi oldu. Oğlum həm mənim, həm də Vətənin başını uca elədi.
Həmyerlisi Eyvaz Qarayev deyir ki, Toğrulun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Erməni işğalı ilə heç cür barışa bilmirdi, elə Vətən yolunda da canını fəda verdi. Hərbi xidmətdə tankçı olub. Döyüşlərin ilk günü də tankı ilə düşmənə zərbə vurub. Müzəffər Ali Baş Komandanımız sağ olsun. Onun rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Xalqımız var olsun, şəhidləri uca tutur. Bütün şəhid anaları qarşısında baş əyirəm.
Şəhidlər and yerimizdir, onların ruhu əbədi yaşayacaq. Həyatda hər kəsin
hörmətini, rəğbətini
qazanan Toğrul könüllü olaraq döyüşə atılıb.
İş yoldaşı Namiq
Davudov onun qabiliyyətli, özünə
hörmət edən,
ailəcanlı, qayğıkeş
və ən əsası vətənpərvər
bir gənc olduğunu deyir. Kirpiklərini qırpmadan Vətən
uğrunda canını,
qanını əsirgəmədi.
Şəhidlər ölmür, onlar
hər zaman xalqımızın qəlbindədir
və yaddaşlarda yaşayacaqlar.
Şəhid Toğrul Murtuzayev Ağdam rayonunun Quzanlı qəsəbəsində
dəfn edilib. Bu müqəddəs guşə
yeniyetmələrin və
gənclərin ziyarət
yerinə çevrilib.
Rayon icra hakimiyyəti
şəhid ailəsinə
diqqət və qayğısını əsirgəmir.
Şəhidlər Vətənimizi ucaltdılar və özləri
də ucalığa, zirvəyə qalxdılar.
Salman
ALIOĞLU
Respublika.- 2020.- 17 dekabr.- S.5.