Qəhrəmanlığın və haqqın zirvəsi

 

Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tarixin səhifələrinə qızıl hərflərlə həkk olunub.

 

Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində yüzlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdiriblər. 44 günlük müharibə Azərbaycan ordusunun peşəkarlığını, döyüş ruhunu, vətən məhəbbətini, müasir hərbi silahların uğurla tətbiq edilməsini, əsgər və zabitlərimizin igidliyini bütün dünyaya göstərdi.

 

Vətən müharibəsində ən qatı düşmənimiz Ermənistan ordusuna qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız onların dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində azad edilib. Ən igid əsgər bizim əsgərdir, onun hünəri qarşısında tab gətirə bilməyən düşmən döyüşçüləri qaçmağa, silah-sursatını tullayaraq girməyə deşik axtarırdılar. Rüsvayçı şəkildə məğlub olan Ermənistan ordusuna sarsıdıcı zərbə vuran, düşmənə aman verməyən igidlərimizdən biri də Xəyal Əliyevdir. Ağır döyüşlərdə qəhrəmanlıq göstərən Xəyal öz canını Vətənə fəda edərək ən ali məqama- şəhidliyə yüksəlib.

 

Şəhidimizin ailəsi Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndindən məcburi köçkündür. Xəyal Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşan ailədə dünyaya göz açıb. Böyüyüb, orta məktəbdə təhsil alıb, hərbçi olmaq arzusu ilə yaşayıb. Torpaqlarımızın işğalda qalması ilə heç vaxt barışmayıb, qəlbində düşmənə nifrət yaranıb, onu intiqama səsləyib. Şəhidin atası Saleh Əliyev deyir ki, Xəyal 2019-cu ildə hərbi xidməti başa vurub gəldi. Evdə qəti bildirdi ki, hərbçi olacağam. Torpağımın azadlığı uğrundakı döyüşlərdə iştirak edəcəyəm. Beləcə getdi, Vətənə qulluq elədi. Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərindəki döyüşlərdə iştirak edərək böyük şücaət göstərib. Əsgər yoldaşları deyirlər ki, döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib.

 

Üz-gözündə, gözlərində kədər olsa da, qürurlu görünən anası Ofelya Hacıyeva bildirir ki, Xəyalın çox arzuları var idi. Deyirdi ki, oxuyacağam, işləyəcəyəm. Fəqət 21 yaşında şəhid oldu. Vətən yolunda canlarını qurban verən şəhidlərin hamısına qurban olum. Onlar ana Vətəni yağılardan xilas etdilər.

 

Bu yaxınlarda Bakı şəhərindəki Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Prezidentimiz, Qalib Sərkərdə İlham Əliyev çıxış edərkən bildirdi ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

 

Xəyalın böyüdüyü qəsəbədə könüllü müharibəyə gedənlər çox olub. Bir neçə nəfər igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Vətənin dar günündə kölgəyə çəkilmədilər, könüllü olaraq döyüşlərə, düşməndən qisas almağa can atdılar.

 

İgid oğullarımızın qanı tökülən yurd yerlərimiz qəddar, xain, alçaq düşmənin tapdağından azad edilib. Şanlı Azərbaycan ordusu müharibədə zəfər qazanıb. Xəyal həmin günü görməsə də, yəqin ki, ruhu dinclik tapıb. Canından artıq sevdiyi ata-baba yurdu işğaldan azad edilib. Valideynləri, qardaşı, əzizləri həmin yurdun çırağını yandıracaqlar. Və həmin işıq mütləq Xəyalın ruhu ilə qovuşacaq.

 

 

Salman Alıoğlu

Respublika.- 2020.- 18 dekabr.- S.7.