Davamlı inkişafın və güclü dövlətçiliyin təminatçısı
Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla dinamik inkişaf edir, inamla gələcəyə doğru addımlayır. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyinin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. Odur ki, Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz lider kimi qəbul edir. Çünki cənab İlham Əliyevin dövlətə rəhbərlik fəaliyyəti yalnız və yalnız xalqımıza qazandırdığı böyük uğurlarla əlamətdardır. Öz növbəsində bütün bunlar xalqımızı İlham Əliyevin ətrafında sıx səfərbər edən əsas amillərdir.
Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə, ulu öndər Heydər Əliyevə minnətdardır. Xalqımız ümummilli liderə həm də ona görə minnətdardır ki, İlham Əliyevi xalqımıza bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir.
Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində ölkəmiz mühüm siyasi-iqtisadi və sosial uğurlara nail olub. Bu gün respublikamız siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Beləliklə, Prezident İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Yüksək siyasi iradəsi, məqsədə doğru inamla irəliləməsi, praqmatizmi, təvazökarlığı və səmimiliyi, ən əsası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması cənab Prezidentə xalqın böyük rəğbətini qazandırıb. Beynəlxalq qurum və təşkilatlar da birmənalı şəkildə etiraf edirlər ki, İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafı sürətlənib, beynəlxalq nüfuzuna görə dünyanın lider dövlətlərindən birinə çevrilib.
2003-cü ildə cənab İlham Əliyevi dəstəkləyən xalqımız bununla ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsinin davamına, təhlükəsizliyə, inkişafa səs verdi. Aradan ötən 17 ildən artıq bir dövr xalqımızın bu seçiminin nə qədər doğru, düzgün və müdrik olduğunu təsdiqləyir. Bəli, Azərbaycan bu illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yüksəliş dövrünü yaşayıb, qüdrətlənib, nüfuzunu artırıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlət başçısı Azərbaycanın müstəqilliyini gündən-günə möhkəmləndirib, milli mənafelərimizi cəsarətlə və uğurla təmin edib, qloballaşmanın doğurduğu əngəllərin və maneələrin qarşısını qətiyyətlə alıb.
2003-cü il prezident seçkiləri ərəfəsində ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqına ünvanladığı müraciətində cənab İlham Əliyev haqqında demişdir: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən də ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. O zaman xalqımız böyük səs çoxluğu ilə cənab İlham Əliyevin namizədliyini dəstəklədi. Andiçmə mərasimində cənab İlham Əliyev demişdir: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Bəli, ötən on yeddi il Heydər Əliyev uzaqgörənliyi, İlham Əliyevin realist, praqmatik olduğunu dönə-dönə sübuta yetirdi. Həmçinin, xalq müdrikliyi bir daha təsdiqini tapdı. Xalq İlham Əliyevin əməli fəaliyyətini, şəxsi keyfiyyətlərini bir daha təsdiqlədi və bütün dünya yenidən ümummilli liderimiz Heydər Əliyev siyasətinin, işıqlı ideyalarının təntənəsini gördü. Bizim üçün ən böyük təsəlli, gələcəyə inam üçün etibarlı zəmanət budur ki, ümummilli liderin layiqli siyasi davamçısı - Prezident İlham Əliyev on yeddi illik fəaliyyəti ilə hər bir vətəndaşın Prezidenti olduğunu sübut və təsdiq etdi.
Ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən Prezident cənab İlham Əliyev xalqımızı daha firavan gələcəyə doğru aparan yolu inamla davam etdirməkdədir. Müstəqil Azərbaycan dövlətinin sükanı arxasında durduğu 17 il ərzində o, cəmiyyətə özünün xarizmatik lider obrazını və rasional siyasi davranış modelini təqdim edib, söz və əməl birliyinə əsaslanan siyasi əxlaq və etika nümunəsini ortaya qoyub. Cənab İlham Əliyev dövlətinə və xalqına ləyaqətlə xidmət edən rəhbər olduğunu hər zaman əməlləri ilə sübut etmişdir. Dövlət başçısı ölkəyə rəhbərlik etdiyi bu illərdə islahatçı lider kimi tanınmış, möhkəm siyasi iradəsi və prinsipiallığı sayəsində əfsanələrin reallığa çevrilməsini hədəfləyən neft strategiyasının, möhtəşəm transmilli enerji və nəqliyyat layihələrinin reallaşmasında müstəsna xidmətləri ilə Azərbaycanın və azərbaycanlıların yeni intibah dövrünün müəllifi kimi milli tariximizə şərəfli bir səhifə yazmışdır.
Prezident İlham Əliyev 17 il ərzində dövlət başçısı kimi uğurlu siyasət həyata keçirib və Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan dövlətə çevrilib. Azərbaycan Cənubi Qafqaz regionunun lideri olmaqla yanaşı, bütövlükdə, beynəlxalq miqyasda sayılan-seçilən ölkələrdən birinə çevrilib. Ötən dövr ərzində bütün sahələr üzrə müxtəlif Dövlət proqramları həyata keçirilib. Mühüm islahatlar reallaşdırılıb, ölkəmizin hərtərəfli inkişafı üçün genişmiqyaslı tədbirlər gerçəkləşib. Bütün bunların nəticəsində də ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə güclənib, əhalinin sosial rifahı daha da yüksəlib. Eyni zamanda, humanitar, mədəniyyət, idman və digər sahələrdə də ciddi nailiyyətlər qazanılıb. Əlbəttə ki, bu nailiyyətlərin əsasında Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır. Ona görə də xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir.
Yüksək intellekti və praqmatik düşüncəsi sayəsində dünya siyasətinin və iqtisadiyyatının əsaslarını mükəmməl şəkildə mənimsəmiş müasir lider obrazını yaratmağa nail olmuş enerjili və təşəbbüskar şəxsiyyət, yeni zamanın sayılıb-seçilən liderlərindən biri kimi Prezident İlham Əliyev təkcə ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda güclü şəxsiyyətdir. Bu müddət ərzində o, eyni zamanda Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına daşıyan siyasi kursun bərqərar olması, ölkəmizi beynəlxalq miqyasda sülhsevər və multikultural dəyərlərə sadiq, Şərq və Qərb dəyərlərinin unikal sintezinin yarandığı bir məkan kimi tanıtdıra bilmişdir.
Ərazi bütövlüyünün bərpası məsələsi torpaqları işğala məruz qalmış dövlətlər üçün tarixboyu ən müqəddəs vəzifələrdən biri olub. Bu vəzifənin yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarıb, onun xalqını daha məğrur edib. Belə bir qürurdoğuran taleyi indi Azərbaycan yaşayır. Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü təmin edən xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixinin şərəfli səhifəsini yazdı.
Biz bu qələbəni döyüş yolu ilə qazandıq. Müharibə isə itkisiz olmur. Döyüşlərdə şəhid olan 2873 hərbçimizin xatirəsi qarşısında baş əyirik, onlara Tanrıdan rəhmət diləyirik. Şəhidlərimizin ruhu şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardıqları, uğrunda canlarından keçdikləri Vətən torpaqları artıq işğaldan azaddır. 44 günlük müharibədə Azərbaycan döyüş meydanında Ermənistanı darmadağın etməklə 30 ilə yaxın davam edən işğala son qoydu. Bu qalibiyyətin fonunda bütün dünya güclü Azərbaycan dövlətini gördü. Beynəlxalq ictimaiyyət xalqımızın öz haqqı uğrunda əzmlə mübarizə aparmaq bacarığına şahidlik etdi. Prezident İlham Əliyev bu Qələbə ilə qalib Azərbaycan dövlətini dünyaya təqdim etdi.
Ona görə də dekabrın 10-da keçirilən Zəfər paradının böyük siyasi, tarixi və rəmzi mənası var. Öncə onu qeyd edim ki, indiyə qədər xalqımız bir neçə dəfə ordumuzun Azadlıq meydanında keçirilən hərbi paradlarına şahidlik edib. Bu paradların hər birində Silahlı Qüvvələrimizin artan hərbi imkanları, qüdrəti nümayiş etdirilib. Həmin paradlar göstərmişdi ki, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq. Bütün dünya bilirdi ki, sülh danışıqları baş tutmasa, Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək. Və həmin gün gəldi, Azərbaycan işğal altındakı torpaqlarını güc yolu ilə, Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradaraq azad etdi. Bu baxımdan dekabrın 10-da keçirilən hərbi parad fərqli idi. Çünki bu, qələbə paradı idi. Bu, hünər meydanında düşmənin başını əzən Azərbaycan Ordusunun Zəfər keçidi idi. Bu parad bizim tək qalibiyyətimizi deyil, həm də milli qürurumuzu dünyaya nümayiş etdirdi. Başqa qürurverici məqam bu paradda qardaş Türkiyə hərbçilərinin keçidi idi. Bəli, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığı Vətən müharibəsində bir daha tarixi sınaqdan çıxdı. Türkiyə əsl qardaşlıq nümunəsi ortaya qoyaraq müharibənin ilk günündən Azərbaycanın yanında oldu, dövlətimizin haqq işini özünün milli marağı kimi birmənalı dəstəklədi.
44 günlük müharibənin gedişatında olduğu kimi, 10 dekabr Zəfər paradında da bütün dünya, beynəlxalq ictimaiyyət “bir millət, iki dövlət” ifadəsinin real olaraq Azərbaycan-Türkiyə qardaşlığının, hərbi tərəfdaşlığının şahidi oldu. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun şanlı Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində qazanılan Zəfər möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Azərbaycan ordusu 8 noyabr zəfəri ilə ümummilli liderin ən böyük arzusunu reallığa çevirdi. Ordumuz xalqımızın dəstəyi və Ali Baş Komandanın rəhbərliyi altında sadəcə ulu öndərin deyil, milyonlarla azərbaycanlının xəyallarını gerçəkləşdirdi. Bundan başqa, 8 noyabr zəfərinin əldə edilməsi həm də Heydər Əliyevin uğurla davam etdirilən siyasi kursu ilə bağlıdır. Məhz Heydər Əliyev kursuna sadiqlik, onun bizə miras qoyduğu ənənələrin davam etdirilməsi bizi ən böyük arzumuza - doğma torpaqlarımıza, ərazi bütövlüyümüzə qovuşdurdu. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr - Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, “Bir millət - iki dövlət” strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir.
Bu qələbənin altındakı imzanın müəllifi isə İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur. İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında səfərbərliyi Vətən müharibəsində Qələbəni təmin etdi. Dekabrın 10-da keçirilən Zəfər paradı ilə xalqımız öz tarixi qələbəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu parad hər birimizi qürurlandırdı, duyğulandırdı, qələbəmizlə fəxr etdik. Bu parada səbəb olan qələbə Azərbaycanın bir dövlət olaraq gücünü, qüdrətini, xalqımızın öz haqqı uğrunda mübarizə aparmaq əzmini beynəlxalq ictimaiyyətə bir daha yaxından tanıtdı. Bu qələbə ilə dünya erməniliyinin onilliklər boyu Azərbaycana qarşı apardığı saxta təbliğat iflasa uğradı. Prezident İlham Əliyev öz müdrik siyasəti ilə zamanı yetişdirdi və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Qarabağın tacı Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızı ucaltdı və həmin qələbə bayraqları Zəfər paradında nümayiş etdirildi. Bizə, xalqımıza bu hissi, möhtəşəm qələbə sevincini yaşatdığı üçün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Zəfər paradına 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər qatılaraq nümayiş olundu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Dövlət başçısı öz məzmunlu çıxışında bildirdi ki, “Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan çıxışında vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “iki millət, tək dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.
Bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımız tərəfindən dəstəklənir.
Vəli ALBƏNDOV,
“Qarabağ-E.R.” MMC-nin baş direktoru,
Respublikanın Əməkdar mühəndisi,
YAP üzvü.
Respublika.- 2020.- 20 dekabr.- S.5.