Böyük elmi tədqiqatlar dərin elmi islahatlar zəminində səmərə verə bilər

 

Azərbaycan üzümçülüyü haqqında çox yazılıb, çox danışılıb, araşdırılıb, nəticədə də elmi axtarışlar sahəsində sanballı tədqiqat əsərləri yaradılmışdır.

Üzümçülüyün çoxəsrlik tarixindən bu günə miras qalan zəngin elmi yaradıcılıq nümunələrindən alimlərimiz yetərincə bəhrələnərək onların həqiqi sələfləri kimi daha qiymətli tədqiqatlar əldə etmişlər.

Uzun sürən təkamül prosesində zaman-zaman ekoloji amillərin təsiri nəzərə alınaraq üzümçülüyün mədəni inkişafı ilə bağlı ölkəmizdə yeni-yeni süfrə və texniki üzüm sortları yaradılmış ( şanı, Qara şanı, xəlili, kişmişi, Mədrəsə, Bayanşirə s.) və bu gün həmin sortların məhsulları insanların süfrəsinin bəzəyinə çevrilmişdir. Ancaq maddi istehsal sahəsində, yəni cəmiyyətin təminatında, ərzaq məhsullarının kəmiyyət və keyfiyyətcə daha da yeniləşməsinə, inkişafına yenə də ehtiyac vardır.

Bu yolda dünya alimləri azad informasiya bolluğu sayəsində əldə edilən ən yüksək texnologiyaların tədqiqi ilə daha doğrusu, ən az əmək və vəsait sərf etməklə daha uğurlu nəticələrə nail olmağın elmi əsaslarını yaratmışlar. Ancaq bu məsələ kənd təsərrüfatı sahəsində bir qədər fərqli yanaşma üsulunu şərtləndirir.

Bu ilk növbədə Azərbaycanda kənd təsərrüfatının çoxsahəli istehsalının birbaşa müəyyən spesifik torpaq sahəsi ilə, təbii-iqlim şəraiti, havasuvarma amilləri ilə bağlıdır. Məsələn, Azərbaycan dünyanın çox nadir ölkələrindəndir ki, burada regionların ərazisi şaquli-zonalılıq xüsusiyyətinə məxsus olduğu üçün müxtəlif ekoloji amillərlə xarakterizə olunur. Odur ki, istər meyvə, istər üzüm, sitrus bitkiləri, qoz-fındıq əkinləri, çayçılıq, düyü istehsalı, habelə heyvan cinsləri üçün sanki Azərbaycan təbiətinin özü tərəfindən ixtisaslaşma aparılmışdır.

Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun yarandığı ilk gündən institutun əməkdaşları ənənəvi elmi tədqiqat işlərini həyata keçirərək bir çox yeni üzüm sortlarının və yeni hibrid formalarının yaradılması prosesini davam etdirərək, əldə olunmuş mühüm praktiki nəticələri yüzlərlə elmi kitablarda, qəzet və jurnallarda, elmi konfranslarda, şərabçılıq festivallarında, dequstasiyalarda iştirak etmiş və təqdim edilən işlər öz müvafiq elmi dəyərini almışdır.

Bu gün güclü innovativ texnologiyalar, xüsusilə də Prezident cənab İlham Əliyevin böyük diqqətlə önəm verdiyi islahatlar bütün fəaliyyət sahələrində əmək təşkilinin yenidən baxılması zərurətini qarşıya qoyur. Əlbəttə, bununla əlaqədar olaraq Respublika Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu yuxarıda qeyd edilən funksiyaları daxilində öz işlərini yenidən nəzərdən keçirmiş, tədqiqat işləri yeni kontekstdə baxılmışdır. Rəhbərlik yenilənmiş, kollektiv içərisində yüksək nüfuza malik olan elmlər doktoru V.Səlimov direktor vəzifəsinə irəli çəkilmiş və artıq iki ildir ki, bu vəzifədə fəaliyyət göstərir. Bir sözlə, İnstitut üzümçülük və şərabçılıq elminin tədqiqat işlərini İnstitutun gəncləşmiş kadr potensialı ilə mövcud tələblər səviyyəsində aparır. Ancaq bizim məqsədimiz, yəni konkret olaraq məqsədimiz İnstitutun müsbət və ya çatışmayan işləri barədə fikir söyləmək deyil. Düşünürük ki, ölkə Prezidentinin islahatlar haqqındakı direktiv göstərişi bütün fəaliyyət sahələrində yaradıcılıqla həyata keçirildiyi bir vaxtda kənd təsərrüfatı elmi tədqiqat institutlarının da islahatlara daha geniş meydan verməsi vaxtı çatmışdır. Demək istəyirik ki, ölkə başçısı cənab İlham Əliyevin kənd təsərrüfatı istehsalı ilə bağlı həyata keçirdiyi dinamik strategiya çərçivəsində elmi tədqiqatların strukturunda da köklü dəyişikliklər aparmaqelmin istehsalatla birbaşa əlaqəsinin təşkili yolu ilə hər iki sahənin inkişafında daha səmərəli nəticələr əldə etmək imkanına yenidən baxmaq lazımdır.

Çoxillik təcrübələr göstərir ki, elmi tədqiqatlarda on illərlə davam edən kitablarda, qəzet və jurnallarda çap edilən tədqiqat əsərləri istehsalla bilavasitə vəhdət təşkil etmədiyi üçün kitabxanalarda, arxivlərdə istifadəsiz yığılaraq qalır. Çünki həmişə olduğu kimi, bu günalimin yaratdığı yeni texnologiyaların istehsalatda tətbiqi mexanizmi yoxdur. Son illər həm seleksiya sahəsində, həm bitkilərin mühafizəsi, aqrotexniki qulluqların prioriteti, innovativ texnologiyaların tətbiqi sahəsində və s. bu əsərlərin oxuculara təqdim edilməsi diqqətəlayiqdir. Lakin daha yaxşı olardı ki, bu əsərlər hər hansı bir torpaq sahəsində qoyulanorada əldə edilən sanballı istehsal göstəriciləri ilə yekunlaşsın və bununla da istehsal ilə elmi fəaliyyət arasında elmi istehsalat münasibətlərinin canlı əlaqəsi yaradılsın. Çünki elmin səmərəsi o vaxt daha yüksək olar ki, yeni yaradılan hər bir əsər yazılıb kağızlarda itib batmasın, hər hansı bir təsərrüfat sahəsində və ya elmi sahədə maraq oyatsın.

Keçən əsrin 70-ci illərində Gəncə şəhəri ətrafında üzümçü alim Famil Abbasovun şəxsi təcrübə sahəsində gen cərgəli üzümlük sahələrində inanılmaz məhsuldarlıq əldə ediləndə, yəni hər hektardan 500-600 sentner üzüm məhsulu yığılanda ilk dəfə ona inanmadılar. Lakin o, elmi araşdırmaların nəticəsi olaraq sübut etdi ki, hər hektardan daha yüksək məhsuldarlıq əldə etmək olar. Beləliklə, onun bu sahədə yazdığı əsər və mətbuatda dərc etdirdiyi yazılar çox keçmədi ki, respublikada adi üzümçü adamlarından tutmuş alimlərə qədər hamının diqqətini cəlb etdi. Bu təbiidir. Çünki belə yaranan hər bir tədqiqat əsərinin dəyər ölçüsü alimin fəaliyyətini yaşadır. Yəni düşünməliyik ki, elmi yaradıcılığımızda ilk olaraq yazılan hər bir elmi tədqiqat əsərinin dəyər ölçüsünü necə yüksəltmək lazımdır. Bu elmi tədqiqat işində əsas məsələlərdən biri hesab edilməlidir. Yəni hər bir yeni yaradılan elmi əsər alimin fəaliyyətini, daha doğrusu yüksək istedadlaböyük zəhmətlə yazılan tədqiqat əsərləri alimin özünün maddi varlığını yaşadır. Kənd təsərrüfatı ilə bağlı olduğu üçün bu yazılan yeni əsər öz qiymətini torpaqdan alır. O torpaqdan ki, əsas vəsait olmaqla həmin torpaq sahəsi alimin öz sərəncamında olsun, yəni elmi tədqiqat institutunun elmi fəaliyyəti birbaşa istehsalatla bağlı olsun.

Belə bir bağlılığı 1986-87-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin 4 avqust 1987-ci il tarixli qərarı əsasında yaradılmış “Elm-istehsalat ÜzümçülükÜzümün emalı” “Şəfa” birliyinin timsalında gördük.

Böyük ehtimalla düşünmək olar ki, bu gün adıgedən elmi istehsal birliyinin yenidən bərpa edilməsi Prezidentimizin, “Biz düzgün yoldayıq, islahatlara, alternativ yoxdurdediyi o məşhur kəlamına ən yaxşı cavab olardı.

Azərbaycanın nüfuzlu mətbuat orqanı olanRespublika” qəzetinin dərin hörmət və ehtiram bəslədiyim əməkdaşlarına minnətdarlığımı bildirirəm ki, öz qəzet səhifələrində elmin istehsalatla birbaşa əlaqələndirilməsinin vacibliyi barədə yazılarımızı zaman-zaman razılıqla qarşılayıb dərc etmişdir.

Güman edirik ki, bu məsələnin yenidən, bir qədər geniş izahına ehtiyac olduğunu nəzərə alaraq keçmiş sovetlər ittifaqından miras qalan şablon qaydalarla həyata keçirilən elmi tədqiqat işlərinin yenidən baxılmasına zərurət yaranmışdır. Kolxoz və sovxozların ləğv edilməsiylə bağlı kənddə yeni istehsal münasibətlərinin meydana gəlməsi, yeni elmi yaradıcılıq istiqamətlərinin daha real yollarla, daha qısa vaxtda canlı nəticələr əldə edilməsini tələb edir. Məsələn, necə ola bilər ki, 40 il, 50 il bundan öncə elmi tədqiqatla məşğul olan bir institut yenə də eyni qaydada dövlətdən aldığı məvaciblə kifayətlənsin, hansı ki, istehsalat yönlü fəaliyyətilə məşğul olsa, elmi əmək sərfi müqabilində daha çox qazanc əldə edə bilər. Çünki insan təfəkkürünü təyin edən əsas amillərdən birimaddi maraqdır. Yəni əbəs yerə deyilməyib ki, “insanın maddi vəziyyəti necə isə, təfəkkür tərzi də əsasən elə olur”.

Uzun illərin tədqiqatları özünü aşkarlamalıdır. Yoxsa ən qiymətli tədqiqat əsəri belə, eləcə də mətbuat səhifələrində dərc edilən məqalələr, dərsliklər, monoqrafiyalar, ən yaxşı halda illik hesabatlar öz dəyərini pul ifadəsi ilə göstərməli, konkret olaraq müəyyən bir iqtisadi əhəmiyyət kəsb etməlidir. Yəni bir az da konkret desək, elmi tədqiqat institutunun və yaxşı olar ki, institutların istiqamətləri, nəhayət boyat sovet tədqiqat modelindən bir qədər uzaqlaşıb zamanın və Prezidentimizin həyata keçirdiyi islahatlar siyasəti baxımından təkmilləşməli və yeni tələblər səviyyəsinə yüksəlməlidir. Söz yox ki, bu islahatlar elmi yaradıcılıq sahəsində daha kəskin və daha sərfəli yeniləşmənin icrasını tələb edir.

Əgər nəzərə alsaq ki, bu gün ölkənin bütün sahələrində böyük layihələrin həyata keçirilməsinin, dövlət dəstəyi ilə irimiqyaslı aqrar istehsal parklarının və digər qurumların yaradılmasının şahidi olaraq, onlara kifayət qədər vəsait sərf edilirbu əlbəttə, çox önəmli işdir, xüsusilə kənd təsərrüfatında. Ancaq illərlə fəaliyyət göstərən və birbaşa kənd təsərrüfatı məhsullarının istehsalı ilə öz iqtisadi imkanlarını istifadə edə bilməyən və nəticə etibarı ilə dövlətdən tam asılı olan elmi tədqiqatlar, maliyyə resurslarını necə inkişaf etdirə bilər. Bu barədə düşünməyə dəyər.

Şükürlər olsun ki, Qarabağ bölgəsi işğaldan azad edilməklə respublikada ənənəvi yeni üzümçülük sahələri yaranır. Belə ki, yaxın keçmişdə, yəni 1980-ci illərdə respublikanın 20 faizə qədər üzümlük sahələri bu bölgədə becərilirdi.

1980-ci il məlumatına görə, Dağlıq Qarabağda 16,7 min hektar, Ağdamda 16,8 min hektar, Ağcabədidə 1000 hektar (1 sovxozda), Füzulidə 25,8 min hektars. süfrə və sənaye üzümlüyü vardır. Bu rayonlarda 68 min ton üzüm tədarük edilirdi. Bu gün kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən institutları Qarabağın yeni məhsuldar torpaq sahələrinə istiqamətləndirmək yaxşı olardı.

Üzümçülük İnstitutunun bazasında elm istehsalat parkı və ya birliyi yaratmaqla biz həm elmin geniş tədqiqatlar yolu ilə böyük uğurlarına, həm də üzüm istehsalının respublikada yeni məhsulları ilə təmin olunmasına nail ola bilərik. Üzümçülüyün elmi inkişafını təmin etmək üçün dövlət dəstəyi ilə instituta kifayət qədər torpaq sahəsi verilərsə, yəni ilk vaxtlar 4-5 il ərzində azı 10 min ton üzüm istehsalı imkanı yaranar. Təcrübə göstərir ki, elm aqroparkları səviyyəsində hər il 1000 hektar yeni üzümlüklər salınmaqla, cəmi 10 il ərzində müvafiq aqrotexniki mühitdə üzüm əkininin 4-cü ili hər hektardan 150-200 sentner, 5-ci ilində isə eyni sahələrdən 450-500 sentner məhsul götürmək mümkündür. Yəni, 1000 hektar sahəyə sərmayə qoyuluşu 4-5 ildən sonra 30-35 min ton üzüm məhsulu əldə etməyə imkan verir. Nəzərə alınmalıdır ki, üzümlüklər məhsula düşəndən sonra birinci 3 ildə qoyulan xərci tam ödəmiş olur. Ancaq yuxarıda deyildiyi kimi, bu o vaxt mümkündür ki, institutun bazasında “elmi üzümçülük aqroparkı” və ya elm istehsalat üzümçülük-şərabçılıq birliyi yaradılsın. Bu bir tərəfdən, alimlərimizin yaradıcılıq fəaliyyəti ilə, yəni nəzəriyyə ilə praktikanın vəhdəti şəraitində geniş elmi ixtiralar üçün, o biri tərəfdən isə yüksək məhsul əldə etmək üçün real, canlı elm-istehsalat şəraitinin yaranmasına səbəb olar.

Əlbəttə, yeni üzümlüklərin salınması xeyli əmək və vəsait xərci tələb edir. Belə ki, hər hektar üzüm əkini 4-4,5 min dollara başa gəlir (əkindən məhsula düşənədək), lakin bu xərci üzüm tənəyinin məhsula düşən 3-4-cü ilində 100% ödəmək olar ki, bu da üzüm bitkisinin başqa təsərrüfat sahələrinə nisbətən daha faydalı olduğunu göstərir.

Elmi Tədqiqat İnstitutu öz işini nümayiş etdirmək, öz fəaliyyətini geniş sahələrə köçürmək vaxtı əslində həmişə aktual hesab olunmuş, indi də belədir.

Ancaq bu gün İnstitutda elmi tədqiqatların informasiya təminatında və elmi potensialın mənəvi və maddi maraqlandırılması istiqamətində aidiyyəti orqanların inamına hələ də nail ola bilməmişik. Bizə belə gəlir ki, institutun yarandığı 10 illiklər ərzində institutun əməkdaşlarının az da olsa mənəvi və maddi mükafatlandırılmasını hələ də yüksək hədd hesab etmək olmur. Əminik ki, uzun illərin elmi nəticələri aidiyyəti orqanlar tərəfindən mövcud qanunvericiliyin qaydaları çərçivəsində, az-çox görülən işləri və ömrünün çox hissəsini bu sahəyə həsr etmiş gənc və yaşlı alimlərin fəaliyyəti rəhbərlik tərəfindən qismən nəzərə alınacaqdır.

Bu gün respublikanın işğaldan azad edilən qədim Qarabağ torpağında min hektarlarla torpaq sahələrində yeni üzümlüklər salınacaq və alimlərimizin geniş tədqiqatları üçün əhəmiyyətli şərait yaranacaqdır.

Ümid edirik ki, cənab Prezidentimizin islahatlar strategiyasının hərtərəfli inkişafı eyni zamanda yuxarıda qeyd olunan məsələlərin də həlli üçün mühüm amil olacaqdır.

 

Rəhman VERDİYEV,

İqtisad elmləri namizədi, dosent.

 

Respublika.- 2020.- 20 dekabr.- S.5.