Şəhidlərimiz: Ulusan,
ulu ad
daşıyacaqsan
Hər dəfə telefonun dəstəyini götürəndə özümdən asılı olmayaraq barmaqlarım məngənə kimi sıxılır. Nədən başlayım, necə başlayım? Şəhid anası Məhluqəyə, qardaşı İsmətə, şəhid bacısı Vüsaləyə nə cür təsəlli verim? Axı, neçə vaxtdır ki, bu evə olunan telefon zənglərinin eyni dərdi ifadə etdiyini hamı bilir. Ona görə də hər dəfə dəstəyi ana da, bacı da kədərlə, qüssə ilə qaldırır. Sənin əlinin ətri, dilinin şirinliyi, şaqraq gülüşlərinin cingiltisi bu telefon dəstəyindədir, Hikmət!
Adı, qəhrəmanlığı bir elin, bir xalqın taleyinə həkk olunmuş Hikmət Hacıyev Vətənimizin şəfalı guşələrindən olan Şəmkirdə dünyaya göz açmışdı. Atası mərhum Şubay Hacıyev hərbi sahədə çalışırdı, mayor idi. Həmişə Göyçə həsrəti ilə yaşayırdı. Göyçə deyəndə ürəyi göyüm-göyüm göynəyirdi, Göyçə gölü, şəffaf sulu bulaqlar gözləri önündə bərq vururdu. O, füsunkar diyarı, doğma kəndləri Göyçənin akademiyası sayılan Nərimanlı kəndini xəyalən gəzirdi, qayalarda səsini, yamaclarda izlərini, bulaqlarda əksini axtarardı. Göyçə həsrətli ürəyi sızlar, ağı deyər, bayatı söyləyər, elegiya yaradardı...
Ağrının-acının elçisi olmur. Qəfil qasırğa kimi gəlir neçə-neçə ömrün rahatlığını, xoş növrağını pozur, taleyinə qaralar hörür. 2020-ci il sentyabrın 27-də tarixən xalqımıza qarşı düşmən kəsilən faşist xislətli ermənilər ərazilərimizə hücuma keçib, yurdumuzu hədəfə aldı. Vətənin bu dar günündə əslən Göyçə mahalından, aşıqlar yurdundan olan Hikmət Hacıyev qəlbinin hökmü ilə Qarabağ uğrunda gedən ölüm-dirim savaşına qoşuldu. O, hər qarış Vətən torpağını sidq ürəklə sevirdi, o, əmin idi ki, döyüş meydanında bir vaxtlar Qarabağın tacı olan Şuşada yallı gedən Paşinyanın “yenilməz” ordusu ağır məğlubiyyətə düçar olacaq, işğal altında olan ərazilərimiz 30 ildən sonra erməni quldurlarından azad olunacaq...
Hikmət Hacıyevin ömür kitabı qarşımızdadır. Vərəqləyirik qəhrəmanlıqla dolu olan səhifələri. Şəhidlik zirvəsinə ucalmış kapitan Hikmət Şubay oğlu Hacıyev Şəmkir şəhərindəki M.Füzuli adına tam orta məktəbdə təhsil almış, 7-ci sinfi başa vurduqdan sonra 1999-cu ildə C.Naxçıvanski hərbi liseyinə daxil olmuş, 2002-ci ildə hərbi təhsilini başa vurmuşdur. Daha sonra Hikmət Heydər Əliyev adına Ali Hərbi Məktəbində təhsilini davam etdirmiş, məktəbi qurtardıqdan sonra leytenant rütbəsi ilə “N” hərbi hissəsində əmək fəaliyyətinə başlamışdır.
...Qaranlıq bir gecə idi. Şuşa uğrunda qızğın döyüşlər gedirdi. Azərbaycan əsgərləri aslan tək şığıyıb daşnak ordusunun başına od ələyir, döyüş meydanında ermənilər ağır itkilər verir, bəziləri isə məğlubiyyətdən yaxa qurtarmaq üçün sıldırım qayalıqlarla Şuşanı tərk edir.
Şuşa uğrunda gedən ölüm-dirim savaşında kapitan Hikmət Hacıyev zabitlərlə, Azərbaycan əsgərləri ilə birlikdə güllə yağışı yağan döyüş meydanında idi. Himət Hacıyev qürur hissi keçirirdi ki, artıq düşmənin son nəfəsidir, Şuşa qüdrətli Azərbaycan ordusunun rəşadəti sayəsində işğaldan azad olunur. Tale elə gətirdi ki, Şuşa uğrunda gedən ağır döyüşlərdə əsgərləmizin vuran əli, düşünən beyni olan kapitan Hikmət Hacıyev qəfil düşmən atəşindən ağır yaralandı. Dərhal döyüş meydanından çıxarıldı. Həkimlərin məsləhəti ilə gənc zabit Bakıya göndərildi. Xəstəxanada ağ xalatlı həkimlər gecə-gündüz çalışsalar da, Hikməti ölümün pəncəsindən xilas etmək mümkün olmadı.
Şəhidlik zirvəsinə yüksələn kapitan Hikmət Hacıyevin son mənzili Şəmkirdəki Şəhidlər Xiyabanı oldu.
Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Hikmət Hacıyevlə bağlı onun doğmaları ilə söhbət edib, onların ürək sözlərini qələmə aldıq.
Xansuvar Alıyev (müəllim):
-1988-ci ildə Qərbi Azərbaycandakı soydaşlarımızın ata-baba torpaqlarından zorla qovulması, xüsusilə Göyçənin erməni tapdağında qalması Hikməti göyüm-göyüm göynədirdi. İkinci Qarabağ müharibəsində Hikmət şəxsi igidlik göstərdi. O, bir zabit tək döyüş meydanında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tövsiyələrini şərəflə, qürurla yerinə yetirirdi...
Məhluqə Hacıyeva (Hikmət Hacıyevin həyat yoldaşı):
-Hikmət elimizin-obamızın
sevimlisi idi. Həmişə Vətənini,
işğal altında
qalan ərazilərimizi
düşünür, deyirdi
ki, gec-tez ermənilər cəngavər
türk oğullarının
qəzəbi ilə üzləşəcək, məğlubiyyətə
uğrayacaq, daha doğrusu, türk xalqlarının məngənəsində
boğulacaqlar. Həyat yoldaşım
torpaqlarımızın azadlığı
uğrunda qəhrəmanlıqla
şəhid oldu.
Ancaq başımı dik tuturam, Hikmətin və digər Azərbaycan əsgərlərinin
qisası birə-beş
alındı, xalqımıza
möhtəşəm qələbə
nəsib oldu. Bir ana tək
sevimli həyat yoldaşımın yadigarı
olan 2 gülüzlü
balamı-oğlum Bayramı
və qızım Aylanı Vətənə
layiqli övlad kimi böyüdəcəyəm...
Xalqımızın azadlığı uğrunda
qurban gedən kapitan Hikmət Hacıyev and yerimiz olan Şəhidlər Xiyabanında uyuyur. Rahat yat, Hikmət! Qəbrin nurla dolsun! Əziz xatirən necə ki, dünya durur, Azərbaycan mövcuddur, xalqımızın
yaddaşından silinməyəcəkdir...
Torpağın qoynuna girdik şəhid tək
Ulusan, ulu ad daşıyacaqsan.
Hikmət,
nə qədər ki, bu torpaq
durur
Bu Vətən yaşayır-yaşayacaqsan.
Qədir ASLAN
Respublika.- 2020.- 11 dekabr.- S.11.