Zəfər bayramın mübarək, Azərbaycan!

 

10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında zəfər paradı keçirilməsi barədə qərar hər bir azərbaycanlı kimi, məni də qürurlandırdı, ürəyimi fərəh hissi ilə doldurdu. Bir daha fəxr etdim ki, mən azərbaycanlıyam! Bu zəfər paradı, zəfər bayramı qüdrətli sərkərdə, müdrik siyasi rəhbər, Ali Baş Komandan İlham Əliyevin, müzəffər Azərbaycan Ordusunun və bu ordunun arxasında dayanan yenilməz Azərbaycan xalqının bayramı, xalq-ordu-hakimiyyət birliyinin və həmrəyliyinin təntənəsidir! Zəfər bayramın mübarək, Azərbaycan!

Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, müdrik siyasəti, ordumuzun misilsiz qəhrəmanlığı, millətindən, dinindən asılı olmayaraq dəmir yumruq kimi birləşən Azərbaycan xalqının birliyi sayəsində təcavüzkar Ermənistan həm döyüş meydanında, həm də siyasi müstəvidə ağır məğlubiyyətə uğradıldı 30 il işğal altında qalan torpaqlarımız azad edildi. 32 illik Dağlıq Qarabağ münaqişəsinə 44 günlük müharibədə son qoyuldu, “Dağlıq Qarabağ münaqişəsi” sözləri tarixin arxivinə gömüldü. Ermənistanın faktiki kapitulyasiyası qalan torpaqlarımızı siyasi yolla, sülh yolu ilə qaytarılmağa məcbur etdi, şəhid vermədən, qan-qadasız Ağdam, Kəlbəcər, Laçın rayonları azad oldu. Bu gün Cəbrayılda, Füzulidə, Zəngilanda, Murovdağda, Suqovuşanda, Hadrutda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycan bayrağı dalğalanır. Döyüşlərlə aldığımız 5 şəhər, 4 qəsəbə, 286 kənddə şəhidlərimizin, qazilərimizin al-qanı ilə yeni əsrin yeni tarixini yazdıq. Xüsusən Şuşa şəhərinin alınmasında gedən qanlı döyüşlərdə ordumuzun hünəri, əsgər və zabitlərimizin misli görünməmiş rəşadəti insanda heyrət doğurur. Coğrafi relyefi ilə təbii istehkam, təbii qala olan Şuşa şəhərinə tanklarla, böyük həcmli silahlarla daxil olmaq mümkün deyildi. İgid döyüşçülərimiz götürdükləri yüngül silahlarla Şuşaya doğru irəlilədilər, dağlardan aşdılar, qayalardan, gədiklərdən, meşələrdən keçdilər, şəhərə daxil olub, düşmənlə amansız əlbəyaxa vuruşa, cənab Prezident demiş “təkbətək” döyüşlərə başladılar və qalib gəldilər. İgid döyüşçülərimizin Qarabağın baş tacı, zəngin, tayı-bərabəri olmayan kurort ehtiyatları, səfalı, təmiz havası, yamyaşıl meşələri, müalicəvi suları, qayalar dəlib keçən bulaqları, al-əlvan xallı çəmənlikləri, əsrlərin yadigarı olan tarixi abidələri olan Azərbaycanın incisi, füsunkar Şuşanın alınması milli ruhumuzu göylərə qaldırdı, varlığımızı bir daha əbədiləşdirdi, milli heysiyyətimizi müqəddəsləşdirdi. Şuşanın alınması uğrunda döyüşçülərimizin şücaəti XXI əsr hərb tarixinə qızıl hərflərlə yazıldı, bu hünər salnaməsi sərkərdələr yola salmış qoca dünyanın, qədim tarixin qoynunda əbədi iz saldı. Ümumiyyətlə 32 illik münaqişəyə cəmi 44 gündə son qoymaqla qələbə qazanmaq möcüzə idi, istər müharibənin gedişatı, tempi, istər müddəti, istər yüksək döyüş ruhu, döyüş əzmi, istər dalbadal qazanılan misilsiz zəfərlər, istər döyüşlərdə ən müasir son hərbi texnikanın iştirakı, ondan məharətlə istifadə və ən əsası müharibənin düzgün, səmərəli aparılması baxımından II Qarabağ müharibəsi təkcə Ermənistanı deyil, bütün dünyanı mat qoydu. Atalar nahaqdan deməyiblər ki, “Güc bir olsa, zərbi kərən sındırar”. Necə ki, biz qarı düşməni sındırdıq, məğlub etdik!

Əsl dost dar gündə tanınar. Bu Vətən müharibəsində dost-düşməni yaxından tanıdıq. Türkiyə, Pakistan, Əfqanıstan, İsrail, Ukrayna, Belarus, Gürcüstan kimi dövlətlər yanımızda olub, haqq işimizi dəstəklədilər. Döyüş meydanında düşmən üzərində qələbə çalmağımızda TürkiyəninBayraqdar”ları, İsrailinPUA”ları böyük rol oynadı. Böyük AtatürkünAzərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdirkəlamının real təsdiqini bir daha gördük. Bu çətin günlərimizdə türk bacı-qardaşlarımız, bütün Türkiyə ictimaiyyəti, Türkiyə siyasi rəhbərliyi bizi bir an da tək qoymadı. Bu qardaşlıqdan, qırılmaz dostluqdan güc ruh alıb çətinliklərə sinə gərdik. Mən bütün gəncəlilər unutmayacağıq ki, Gəncə mənfur düşmən tərəfindən darmadağın edilən gecə faciəni qaynar nöqtədən, hələ tüstü-duman dağılmamış hadisə yerindən özünü təhlükəyə ataraq, bütün dünyaya ilk dəfə bəyan edən məhz türkiyəli jurnalist bacımız Fülya Öztürk oldu. Sağ ol, bacım! Gəncə və gəncəlilər sənin bu fədakarlığını unutmayacaq, hər bir gəncəlinin evi həm də sənin evindir.

44 günə çaldığınız Qələbə sehrli nağılları xatırladır. Sürətlə, əzmkarlıqla, Vətən eşqi, yurd sevgisi ilə zəfərə doğru mətanətlə irəliləyən qəhrəman ordumuzbu ordumuzun müzəffər sərkərdəsi İlham Əliyev qazanılan Qələbə ilə xalqımıza başucalığı, milli qürur, milli şərəf bəxş etdi. Təsadüfi deyil ki, Almaniyanın ADR kanalına müsahibə verərkən jurnalistin: “Qarabağ nəyə görə Azərbaycan üçün belə önəmlidir?” - sualına cənab Prezident: “Bu ədalət məsələsidir, Milli qürur məsələsidir” - deyə qürurla cavab vermişdi. Var olun, cənab Prezident! Prezident olduğu dövrdə bütün beynəlxalq tribunalarda, görüşlərində, müsahibələrində İlham Əliyev mütləq Qarabağ məsələsinə toxunur, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə çəkir və çəkinmədən, cəsarətlə, türk qeyrəti ilə, Azərbaycanın rəhbərioğlu kimiSülh olmasa, hərb yolu ilə torpaqlarımızı geri qaytaracağıq” - deyərək, öz mesajını verirdi. Nəhayət, müharibədə mənfur düşmənə qalib gələrək, torpaqlarımızı azad etdik. Bu müharibə zamanı döyüşçülərimizin qəhrəmanlığı ilə yanaşı, Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi və eyni zamanda xalqa ardıcıl müraciətləri böyük rol oynadı. İlham Əliyevin qətiyyəti, nikbinliyi, səmimiliyi xalqda qələbə əzmini, ruh yüksəkliyini, amansız düşmənə nifrət hissini birə-beş artırırdı. Müharibə zamanı müraciətlərində cənab Prezident xalqa daha da yaxınlaşdı, xalqla böyük oğlu kimi səmimi, sadə xalq ifadələri ilə sanki söhbət edirdi. Bu müraciətlərdən bir çox kəlmələr artıq zərb-məsələ çevrilmişdir, hətta kiçik uşaqlar belə “Nooldu, Paşinyan?” sözlərini əzbər söyləyirlər. Dalbadal zəfər çaldıqca, düşmənin bağrı yarılırdı. Nəhayət, ağır məğlubiyyətini görən Paşinyanın əlacı kəsildi, kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu. Noyabrın 8-də gözəl Şuşamızı, ardınca 70-dən çox kəndi aldıq və sevincimizə yeni sevinc qatıldı. Kapitulyasiyaya düçar olan Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını siyasi yolla qaytarmağa məcbur oldu. Ermənistan, onun siyasi rəhbərləri dünya ictimaiyyəti qarşısında rüsvay oldular. Nə göbələk kimi dünyaya səpələnmiş erməni diasporu, nə muzdlu döyüşçülər, nə də Qərb havadarları “hay”ların hayına çata bilmədi. Çünki haqq işi qalib gəlir! Bizim işimiz haqq işi, savaşımız yurd savaşı idi. Gücümüz birlikdədir! Güclü ordumuz dəmir yumruq kimi düşmənin başını elə əzdi ki, məğlubiyyəti qəbul etməkdən başqa əlacı qalmadı. “Özgə atına minən tez düşər” - deyiblər. Onlar vicdansızcasına özgə torpağı arzusuyla, biz isə əzəli torpaqlarımız uğrunda savaşdıq və zəfər çaldıq. “Haqq işi nazilsə də, üzülməz” - deyiblər. Necə ki, bizim Qarabağı qaytarmaq ümidimiz üzülmədi. Bu 30 ildə elə bir el şənliyi, toy-bayram, beynəlxalq yığıncaq olmadı ki, torpaqlarımızı qaytarmaq arzumuzu söyləməyək. Dualarımızın, nəzir-niyazlarımızın başı Qarabağ oldu! Bu arzumuzu, dualarımızı gerçəkləşdirən qüdrətli sərkərdəmiz İlham Əliyevə və müzəffər Ordumuza eşq olsun!

Doğrudur, azğınlaşmış düşmən özlərindən sonra dağılmış binalar, qırılmış meşələr, kəsilmiş ağaclar, yandırılmış torpaqlar, viran edilmiş şəhər və kəndlər, yerlə-yeksan edilmiş tarixi abidələr qoyub getdilər. Beynəlxalq hərbi və əxlaq normalarına, insanlığa sığmayan vəhşiliklər törədən erməni faşistlər ordumuzun önündə tab gətirə bilməyib, gücsüzlüklərini, acizliklərini anlayıb, heyflərini dinc, mülki əhalidən çıxmağa çalışdılar. Döyüş meydanlarından çox-çox uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Goranboy şəhərlərini atəşə tutdular. Gəncə şəhərinə 2 ballistik raket ataraq günahsız insanları, qocaları, körpələri qətlə yetirdilər. Gecəyarı şəhər dəhşətli atəş səsinə yuxusundan ayıldı. Yuxulu şəhər sakinləri diksinərək bir müddət nə baş verdiyini anlaya bilmədilər. Toz, duman, tüstü hər yanı bürümüşdü. Qəfil zərbədən özlərini itirmiş sakinlər fəryad edir, küçələrdə o yan-bu yana qaçır, dağılmış evlərin altında qalan insanların iniltisi, ürək parçalayan ah-naləsi göylərə qalxırdı. Köməyə gələnlər haradan, necə başlayacağını bilmirdilər. Kimi yaxın qohumlarını, kimi körpələrini axtarırdı. Dağıntılar altından çıxan cəsədlər, kimlərinsə qopmuş, cəsədindən ayrılmış bədən üzvləri, əl-ayaq parçaları, yaralıların iniltisi, zarıltısı görənlərin qanını dondururdu. Şəhər əsl döyüş meydanını xatırladırdı. Ballistik raketlərin ağır zərbəsi geniş bir ərazidə hər şeyi məhv etmişdi. Düşmənin ürəyi bununla da soyumadı. Ordumuz döyüş meydanında yeni zəfərlər qazandıqca, ermənilər qeyzdən, kin-küdurətdən alışıb yanır, daha da azğınlaşırdı. Tərtərə yağış kimi mərmilər yağdırdılar, Bərdəni, Goranboyu amansız atəşə tutdular. Gəncəyə iki dəfə ağır raket zərbəsi dəysə də, onlarca insan itkisi, yaralılar olsa da, böyük dağıntılara məruz qalsa da şəhər, gəncəlilər düşmən önündə mətanətlə, dəyanətlə dayandı. Öz təmkinini, səbrini itirmədi. Əhali şəhidləri böyük sevgilərlə, sonsuz coşqu ilə qarşıladı, son mənzilə öz doğması kimi yola saldı. Şəhid cəsədlərini qucan qədim Gəncə torpağı sınmadı, əyilmədi, öz Kəpəz vüqarını, çinar məğrurluğunu itirmədi. Bütün Azərbaycan xalqı kimi, gəncəlilər də başını dik tutub zəfər xəbərləri gəldikcə, şəhidlərin ağrı-acısını qələbə sevinci ilə əvəz etdi, bu qələbə uğrunda canını fəda edən şəhidlərin adını ehtiramla, minnətdarlıqla yad etdi, qanı ilə, canı ilə torpaqlarımız uğrunda döyüşmüş qəhrəman qazilərimizin hər birinin önündə övlad məhəbbətilə dayandı, qazilərimizin şəfa tapması üçün əlindən gələn köməkliyi etməyə çalışdı, ana-bacılar dualarını onlardan əskik etmədi.

4 dekabrda respublikamızın müxtəlif yerlərində, o cümlədən Gəncə şəhərində Şah Abbas məscidində, kilsədə II Vətən müharibəsi şəhidlərinin Anım xatirəsi böyük ehtiramla yad edildi. Şəhid cəsədlərini qucan ata-analar övladlarının şəhidlik zirvəsinə qalxması ilə fəxr edir, üçrəngli bayrağımıza bükülmüş şəhid tabutları önündə dəyanətlə dayanaraq: “Vətən sağ olsun!” - deyib övladlarını son mənzilə qürurla yola salırdılar. Bu Vətən eşqinə, düşmən önündə yenilməzliyə bütün dünya heyrət etdi. Bəli, belə mərd övladları olan Vətən basılmaz!

Zəfər bayrağın mübarək, Azərbaycan!

 

Əsmət Məhsəti GƏNCƏLİ,

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 11 dekabr.- S.11.