Azərbaycan ədliyyə tarixini ehtiva edən
dəyərli tədqiqat
Azərbaycan
Respublikası demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu yolu ilə əzmlə irəliləyir!
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri.
Əminəm ki, ədliyyə və məhkəmə orqanları hüquqi dövlət quruculuğu istiqamətində səylərini bundan sonra da davam etdirəcək və qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəkdir!
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti.
Bu gün müstəqil və müasir Azərbaycanın
hər bir vətəndaşı, bütün
varlığı ilə, sidq ürəkdən bu yurda, bu məmləkətə
bağlı olan hər bir vətən övladı ölkəmizin
qazandığı parlaq qələbə və tarixi nailiyyətlərlə
haqlı fəxr edir, qürur hissi keçirir. Məhz bu
günlərdə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan
münaqişəsi həm siyasi, həm də hərbi arenada
Azərbaycanın şanlı qələbəsi ilə
yekunlaşdı.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri
sayəsində formalaşan və inkişaf yoluna qədəm
qoyan Azərbaycan Silahlı Qüvvələri ölkə
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə öz şərəfli missiyasını uğurla icra
edərək böyük qələbəyə imza atmaqla
xalqımızın zəfər salnaməsini yazdı. 44 gün davam edən zəfər
yürüşündə dövlət
başçısının qəti iradəsi və müdrik
xarici siyasəti, müzəffər ordumuzun şücaəti,
əzmi və qəhrəmanlığı,
xalqımızın birliyi və həmrəyliyi nəticəsində
erməni işğalçıları həm hərbi, həm
də siyasi meydanda ağır məğlubiyyətə
uğradıldı, Böyük Qələbə
qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın
inamı özünə qaytarıldı.
Ədliyyə
İşçilərinin Peşə Bayramı Günü də
bu il xalqımızın şanlı Qələbəsi
ilə xüsusilə əlamətdar oldu. Hazırda Azərbaycan
dünyanın ən sürətlə inkişaf edən
ölkələrindən biri, Cənubi Qafqazın lider
dövləti, cəmiyyətin, insan həyatının
bütün sahələrində irəlidə gedən
ölkəsi, həm də dünyəvi, demokratik, hüquqi
dövlət kimi dünya birliyində ön
sıralardadır. Xalqımız
özünün dahi oğlu Heydər Əliyevin zəkası
gücünə tarixən çox qısa bir zaman kəsiyində
sarsılmaz ədalət bünövrəsi üzərində
ucalan və insan haqlarını uca tutan yeni Azərbaycan
dövləti yaratmışdır.
Bu gün ulu öndərin yüksək dövlətçilik
amalları və siyasi kursu tam ümumxalq məhəbbəti
qazanmış, müasir, qətiyyətli və
yaradıcı dövlət xadimi kimi dünyanın ən
sayılıb-seçilən siyasi xadimlərindən olan
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
ilə inkişaf etdirilərək bütün sahələrdə
misilsiz uğurlar qazanılır.
Ölkəmizdə həyata keçirilən
genişmiqyaslı islahatların real təzahürü olaraq,
hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə
söykənən uğurlu məhkəmə-hüquq
islahatları nəticəsində ədliyyə və məhkəmə
sistemi də inkişaf edir, mühüm nailiyyətlər əldə
olunur. İndi Azərbaycanın paytaxtı
dünyamiqyaslı ədliyyə forumlarının, beynəlxalq
məhkəmə-hüquq tədbirlərinin keçirildiyi məkana
çevrilib.
Ümummilli
lider Heydər Əliyevin “tariximizin hər səhifəsi bizim
üçün əzizdir” fikrinə istinadən deyə bilərik
ki, Azərbaycan ədliyyəsinin tarixini indiki və gələcək
nəsillərə çatdırmaq, ədliyyə fəaliyyətinin
ictimaiyyət arasında təbliğini genişləndirmək
məqsədilə məhkəmə-hüquq tariximizin
bütöv, mükəmməl və sistemli halda
araşdırılmasını ehtiva edən, tarixi sənədlər
və zəngin fotomateriallar əsasında
hazırlanmış oxunaqlı, nəfis, sanballı bir kitaba
ciddi ehtiyac vardı.
Bu yaxınlarda Azərbaycan ədliyyəsinin 100 illik
tarixindən bəhs edən “Azərbaycan ədliyyəsi
davamlı inkişaf yolunda” kitabının işıq
üzü görməsi bu yöndə ən sanballı mənbədir. Belə ki, bu
kitab Azərbaycan ədliyyəsinin keçmişinə, qət
edilmiş yola nəzər salmaq üçün dəyərli
vəsait, həmçinin ölkə ədliyyəsinin tarixi
və müasir dövrdəki fəaliyyəti barədə zəngin
və dəqiq məlumatların alınması
baxımından da faydalıdır.
Azərbaycan
Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri, birinci dərəcəli dövlət
ədliyyə müşaviri Fikrət Məmmədovun müəllifliyi
və rəhbərliyi ilə redaksiya qrupu tərəfindən
Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə
hazırlanan kitabda Azərbaycanın ədliyyə tarixi, Azərbaycan
Xalq Cümhuriyyəti dövründə və sovet hakimiyyəti
illərində ədliyyə orqanlarının təşkili
və fəaliyyəti, ümummilli lider Heydər Əliyevin ədliyyə
sisteminə daim diqqət və qayğısı, ölkəmizdə
həyata keçirilən mütərəqqi məhkəmə-hüquq
islahatları və Prezident İlham Əliyevin rəhbərliyi
ilə ədliyyə və məhkəmə sisteminin
davamlı inkişafı barədə ətraflı məlumatlar
öz əksini tapmışdır.
Ədliyyə tariximizə çox qiymətli töhfə
olan sanballı araşdırmada, düzgün olaraq,
xalqımızın ədliyyə tarixi ən qədim
zamanlardan başlayaraq yaşadığımız günlərədək
bütöv halda, bir-birini tamamlayan və zamanın tələblərinə
uyğun olaraq inkişaf edən, təkmilləşən,
yeniləşən vahid bir sistem halında təqdim olunub.
Kitab araşdırma stilində hazırlandığı
üçün bəzi tarixi məqamlara işıq salmaq
naminə geniş şəkildə şərh edirik.
“Keçmişini unudanın gələcəyi olmaz”
müdrik kəlamına istinad olunan kitabın “Azərbaycan ədliyyəsinin
tarixi” adlanan birinci hissəsinin üç fəsildən ibarət
olması xalqımızın qədim dövlətçilik ənənələrinə
və tarixinə malik olduğunu təsdiq edən təqdirəlayiq
haldır. “Azərbaycan
ədliyyəsi - qədim dövrlərdən ilk demokratik
respublikanın yaranmasınadək” adlanan birinci fəsildə
e.ə. birinci minilliyin əvvəllərində Azərbaycan ərazisində
yaranmış ilk dövlətlərdən olan Mannada ali məhkəmə hakimiyyətinin
mövcudluğundan danışılır. Daha sonra Midiya,
Atropatena və Albaniyada müasir məhkəmə hakimiyyətinə
xas olan hakimlərin yüksək statusa malik olması, məhkəmə
proseslərində iddiaçıların, cavabdehlərin,
şahidlərin və müdafiəçilərin
iştirakı, proseslərin açıq çəkişmə
prinsipi əsasında həyata keçirilməsinin
mövcudluğu qeyd olunur. Eramızdan əvvəl
təqribən IV-III əsrlərdə formalaşmış
Qafqaz Albaniyasında mütləq hakimiyyətə malik olan
hökmdar məhkəməyə də rəhbərlik edirdi,
qayda-qanunların şərtləri isə mülki əyanlar
və ruhanilər tərəfindən işlənib
hazırlanırdı. VII əsrin sonu, VIII əsrin əvvəllərində
Qafqaz Albaniyasında islam dini yayıldıqdan sonra müsəlman
hüququnun əsas mənbələri olan Quran və Sünnədə
dini-əxlaqi, sosial-etik normalarla yanaşı, müxtəlif məsələlər
üzrə çoxsaylı hüquq normaları yer
almışdı. Müsəlman hakimləri
olan qazılar xəlifə tərəfindən təyin olunur
və onun adından çıxış edirdilər.
Zaman keçdikcə ədalətli cəmiyyət barədə
yeni-yeni ideyalar meydana gəlmiş; görkəmli mütəfəkkirlər
öz əsərlərində ədaləti, əxlaqi,
hüquq qaydalarına riayət etməyi, insanların şərəf
və ləyaqətini müdafiə etməyi tərənnüm
etmişlər.
Siyasi
hüquq tariximizin və dünya mədəniyyətinin
çox nadir incilərindən olan XI əsrin mühüm abidəsi
- “Kitabi-Dədə Qorqud” eposunda xeyir və şər, cinayət
və cəza, inandırma və məcburiyyət, ədalət
məhkəməsi, hüquq və azadlıqların hər
şeydən üstün tutulması ilə bağlı fikirlər,
hüquqi düşüncələr öz əksini
tapmışdır. Daha sonra kitabda xronoloji
ardıcıllıqla Azərbaycanda mövcud olan müxtəlif
dövlətlərin hökmranlığı dövründə
ölkədə dövlət idarəetməsinin, qanunvericilik
və mühakimə sisteminin təkmilləşməsindən,
onların forma və fəaliyyətindən geniş bəhs
edilir.
XIX əsrin birinci yarısından etibarən
maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda
baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər
milli özünüdərkin gerçəkləşməsi üçün
zəmin hazırlamaqla ədliyyə sahəsində də
böyük dəyişikliklərə səbəb oldu. XX əsrin əvvəllərində
regionda yaranmış mürəkkəb geosiyasi vəziyyətdə
müsəlman Şərqində ilk demokratik respublikanın
yaranması xalqımızın milli dövlətçilik
salnaməsini müstəsna dərəcədə zənginləşdirərək
onu müstəqil yaşamağa, öz dövlətçilik
ənənələrini bərpa etməyə qadir olduğunu
sübut etdi.
Oxuculara həmin
dövr haqqında geniş məlumat təqdim olunan ikinci fəsildə
1918-ci il may ayının 28-də Tiflis
şəhərində Azərbaycanın müstəqilliyini bəyan
edən İstiqlal Bəyannaməsinin fransızca mətninin
fotosurəti və tərcüməsi də verilmişdir. Dövlət quruculuğu sahəsində ciddi tədbirlərin
həyata keçirilməsi və Azərbaycan ədliyyəsinin
şanlı tarixi də məhz Xalq Cümhuriyyətinin
yaranması ilə başladı. Hüquq
sisteminin fəaliyyətinə böyük əhəmiyyət
verildiyindən Ədliyyə Nazirliyi ölkənin
yaradılması ilə bir gündə təsis edildi. Anarxiyanın və daxili çəkişmələrin
hökm sürdüyü dövrdə fəaliyyətə
başlayan Ədliyyə Nazirliyi ilk növbədə ədliyyə
strukturlarının, məhkəmələrin və istintaq
sahələrinin bərpasına başladı. Vəsaitdə
həmçinin Ədliyyə Nazirliyinin ilk binasının
fotosu ilə yanaşı qeyd olunur ki, Ədliyyə Nazirliyi
1918-ci il sentyabrın 26-da Bakıda, məşhur milyonçu
azərbaycanlı Murtuza Muxtarovun XX əsrin əvvəllərində
tikdirdiyi, öz arxitekturası ilə şəhərə
gözəllik verən bugünkü Səadət
Sarayının binasında fəaliyyətə
başlamışdır.
1918 -ci il noyabr ayının 22-də Ədliyyə
Nazirliyi Əsasnaməsinin təsdiq olunması ədliyyə
sisteminin mühüm dövlət orqanı kimi formalaşmasında
əsaslı rol oynadı. Məhz bu səbəbdən də
xalqımızın ümummilli lideri Heydər Əliyevin 1
noyabr 2000-ci il tarixli sərəncamı ilə
həmin gün Ədliyyə İşçilərinin
Peşə Bayramı Günü kimi müəyyən olundu və
hər il təntənəli şəkildə qeyd edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindən
biri də dövlət dili olan Azərbaycan dilinin məhkəmələrdə
tətbiqinin əhəmiyyətini nəzərə alaraq məhkəmə
idarələrində iclasların yalnız Azərbaycan dilində
aparılmasına başlanılması və işə Azərbaycan
dilini bilən şəxslərin cəlb edilməsi
üçün tədbirlərin görülməsi ilə
bağlı idi.
Sovet dövrünün ilk illərində Azərbaycan ədliyyəsinin
fəaliyyətinə həsr olunan 3-cü fəsil də məlumatlılıq
baxımından çox zəngindir. Qeyd olunur ki, ədliyyə
sistemində sovetlər birliyinin mahiyyətinə uyğun olan
kütləvi dəyişikliklər edilməklə nazirliyin
adı da dəyişdirilərək Xalq Ədliyyə
Komissarlığı adlandırıldı.
1920-1930-cu illərdə qəbul olunmuş yeni əsasnamələrdə
Komissarlığın səlahiyyətləri genişləndirildi,
xalq iclaslarının ədalət mühakiməsinin həyata
keçirilməsində iştirakının mühüm əhəmiyyəti
nəzərə alınaraq onların sovet qanunvericiliyinin mənimsənilməsi,
tərkibinin yaxşılaşdırılması və sairlə
bağlı tədbirlər həyata keçirildi. 1930-cu ildə
isə sovet aparatının sadələşdirilməsi və
saxlanması xərclərinin azaldılması məqsədilə
Xalq Ədliyyə Komissarlığı (XƏK) ləğv
edilərək onun funksiyaları Ali Məhkəməyə,
prokurorluğa və digər orqanlara verildi. Bu sahədə boşluğa səbəb olmaqla idarəçilikdə
ciddi problemlər yarandığından 1933-cü ildə
XƏK yenidən təşkil olundu. 1946-cı
ildə Xalq Komissarlıqları nazirliklərə
çevrildiyindən XƏK də Ədliyyə Nazirliyi
adlandırılsa da, 1959-cu ildə yenidən ləğv
olundu. Azərbaycan ədliyyəsinin fəaliyyətinin
hamar olmaması, bu orqanların ləğv edilib yenidən
yaradılması ədliyyə sisteminin sabit struktura malik
olmasına və işinin təşkilinə ciddi zərbə
vurmuşdu.
Ciddi tədqiqat
araşdırması olan kitabın “Ümummilli lider Heydər
Əliyev və Azərbaycan Ədliyyəsi” adlanan ikinci hissəsi
“Azərbaycan ədliyyəsi XX əsrin 70-80-ci illərində”
və “Azərbaycan ədliyyəsi müstəqillik illərində
və müasir hüquq sisteminin formalaşması” kimi iki fəsildən
ibarətdir. I fəsildə qeyd olunur ki,
bugünkü dövlət müstəqilliyinin möhkəm təməlinin
qoyulduğu 1970-1980-ci illərdə sosial-iqtisadi, ictimai-mədəni
və digər sahələrdə olduğu kimi, ədliyyə-hüquq
sahəsində də əsaslı dönüş yarandı.
Doğma xalqının böyük təəssübkeşi
olan, özünün təkmil dövlətçilik
konsepsiyasında ədalət, qanunçuluq və hüquq
qaydalarının təminatına hər zaman
üstünlük verən Heydər Əliyev “ədaləti ədalətsizliklə
bərpa etmək olmaz” - deyərək qanunun aliliyini, ədaləti
əsas meyar kimi müəyyənləşdirdi, cinayətkarlığa,
rüşvətxorluğa qarşı barışmaz
münasibət nümayiş etdirdi. Məhz həmin dövrdə
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 27 oktyabr tarixli Fərmanı ilə Ədliyyə
Nazirliyi yenidən təsis olundu.
Ölkədə ədliyyə işinin səmərəli
təşkili, məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı çox mühüm qanun və qərarlar
qəbul olundu.
Həmin sənədlərin təhlili ilə
yanaşı fotosurətlərinin orijinalda təqdim
olunması kitabın əsas məziyyətlərindən
biridir.
Qəbul olunmuş yeni Qanunlara və qərarlara uyğun
olaraq Ədliyyə Nazirliyi məhkəmələrin təşkili
və strukturunun müəyyənləşdirilməsi, hakimlər
və xalq iclasçılarının sayı və
seçkilərin keçirilməsi məsələlərinə
dair təkliflər hazırlayır, məhkəmələrin
işlərini yoxlayır, məhkəmə təcrübəsini
öyrənərək ümumiləşdirirdi. Bir sözlə,
ötən əsrin 70-80-ci illərində Azərbaycan ədliyyəsinin
işlək bir təsisat kimi formalaşaraq inkişaf etməsinin,
ədliyyə işinin təkmilləşdirilərək onun
gələcək inkişafı üçün zəruri
olan zəmin yaranmışdı.
Xalqımızın dövlət müstəqilliyini
yenidən bərpa etməsinin ilk illərinə həsr olunan
ikinci fəsildə öncə ölkədəki ümumi vəziyyət
qısa təsvir olunur. Xalqın sonsuz rəğbətlə sevdiyi görkəmli
dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər
Əliyevin Bakıya qayıdaraq, Azərbaycana rəhbərliyi,
əslində isə xilaskarlıq missiyasını öz
üzərinə götürməsi sayəsində Azərbaycanı
onu gözləyən dəhşətli bəlalardan
qurtardı. Müdrikliyi, uzaqgörənliyi, dəmir
iradəsi və qətiyyəti ilə ulu öndər milli
dövlətçiliyi qorudu, gənc müstəqil
respublikanı dünyada tanıtmaqla onun sonrakı onilliklər
üçün inkişaf kursunu da müəyyən etdi.
Respublikada demokratik hüquqi dövlət quruculuğu
prosesinə başlayan dahi lider hüquqi dövlətin Azərbaycan
modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Əsas Qanunun qəbulu
ölkədə bütün sahələrdə, o cümlədən
hüquqi islahatların hərtərəfli və kompleks həyata
keçirilməsinə rəvac verdi.
Məhkəmə hakimiyyətinin nüfuzlu və
müstəqil təsisat kimi təşəkkül tapması,
habelə hazırlıqlı və peşəkar hakim
korpusunun formalaşdırılması məqsədilə 1
dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti
yanında Məhkəmə-Hüquq Şurası
yaradıldı və onun təşkilatı təminatının
həyata keçirilməsi Ədliyyə Nazirliyinə
tapşırıldı. Bütün dünyaya ölkəmizin
demokratik hüquqi dövlət quruculuğu yolunu seçdiyini
və bu yoldan dönməyəcəyini bəyan edən Heydər
Əliyev tərəfindən təsdiq olunan Əsasnamələrə
və müvafiq qanunverciliyə uyğun olaraq məhkəmələr
üzərində hər cür nəzarət ləğv
olundu. Ədliyyə Nazirliyinə insan
haqlarının qorunması ilə bağlı müstəsna
səlahiyyətlərin verilməsi məhkəmə hakimiyyətinin
cəmiyyətdə nüfuzunu tam yeni səviyyəyə
qaldırdı. İnsanlarda məhkəmələrin
keçmiş sovetlər birliyindəki kimi “cəza orqanı”
deyil, hüquq müdafiə vasitəsi olması
düşüncəsi formalaşmağa başladı.
Qeyd edək ki, 1999-cu ildə ilk dəfə yerli
özünüidarə orqanları - bələdiyyələrin
formalaşması və onlara inzibati nəzarətin həyata
keçirilməsinin də Ədliyyə Nazirliyinə tapşırılması
ulu öndərin həmin Nazirliyə verdiyi xüsusi önəmlə
bağlı idi.
Əsərdə Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələrinə
də geniş yer verilib. Qeyd olunur ki, həmin dövrdə beynəlxalq
hüquqi yardımın müxtəlif sahələri üzrə
ikitərəfli və çoxtərəfli formatda, habelə
mötəbər beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyətin həyata
keçirilməsinin, sanballı müqavilə-hüquq
bazasının formalaşdırılmasının əsası
qoyuldu. Ulu öndərin özünün də
iştirakı ilə müxtəlif ölkələrin
Ədliyyə nazirlikləri, BMT-nin müvafiq təşkilatları
ilə ikitərəfli Əməkdaşlıq haqqında
saziş və protokolların imzalanması mərasimindən
fotoların təqdimi oxucuda daha dolğun təəssürat
yaradır. Xüsusilə vurğulanır
ki, beynəlxalq hüquq əməkdaşlığı sahəsində
həyata keçirilən ardıcıl tədbirlər, səmərəli
təcrübə mübadiləsi ədliyyə fəaliyyətinin
təkmilləşdirilməsində mühüm rol oynadı.
Bu fəsilin sonunda tam əminliklə və haqlı
olaraq qeyd olunur ki, müstəqil Azərbaycan dövlətinin
qurucusu olan Heydər Əliyev həm də müasir hüquq və
ədliyyə sisteminin banisidir.
Tədqiqatın “Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə
sisteminin inkişafı” adlanan sonuncu - üçüncü
hissəsində cənab İlham Əliyevin ölkə
Prezidenti vəzifəsində fəaliyyətə
başladığı ilk günlərindən ədliyyə
və məhkəmə sisteminin inkişafına, fəaliyyətinin
təkmilləşdirilməsinə və müasirləşdirilməsinə
xüsusi diqqətindən, bu sahədə həyata
keçirilən tədbirlərdən geniş şəkildə
danışılır. Üçüncü hissənin “Məhkəmə
sisteminin müasirləşdirilməsi” adlanan birinci fəslində
qeyd olunur ki, qısa müddət ərzində sahəyə
aid bir sıra Qanunlara əsaslı dəyişikliklər və
əlavələrlə yanaşı tam yeni Qanun layihələri
hazırlanmış və Avropa Şurasında ekspertizadan
keçirildikdən sonra qəbul olunmuşdur. Yeni qanunverciliyə uyğun olaraq ilk dəfə hakimlərin
müddətsiz təyinatı təsbit edilmiş, korrupsiya
hallarının qarşısının alınması məqsədilə
hakimlər tərəfindən vətəndaşların qəbulu
qadağan edilmişdir.
Məhkəmə islahatlarının əsas məziyyətlərindən
biri - məhkəmə hakimiyyətinin özünüidarə
orqanı olan və hakimiyyətin bütün qollarının
təmsil olunduğu Məhkəmə-Hüquq
Şurasının formalaşdırılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin xüsusi əhəmiyyət
kəsb edən Fərman, Sərəncamları və
Əsasnamələrin surətinin kitabda verilməsi əyanilik
baxımından mühüm özəllik yaratmaqla mötəbər
mənbə funksiyasını təmin edir. Həmin sənədlərdən
biri də dövlət başçısının məhkəmə
sisteminin müasirləşdirilməsi barədə 19 yanvar
2006-cı il tarixli Fərmanıdır. Sənədə əsasən insanların məhkəmlərə
əlçatanlığının
yaxşılaşdırılması məqsədilə
respublika apelyasiya və iqtisad məhkəmlərinin əvəzinə
6 regional apelyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi
təşkil edildi.
Ölkəmizin iqtisadi cəhətdən sürətlə
inkişafı, mülki dövriyyənin genişlənməsi
məhkəmələrdə baxılan mülki işlərin
sayının bir neçə dəfə artmasına səbəb
olmuşdur. Bu səbəbdən də dövlət
başçısının Fərmanı ilə ancaq
Bakı şəhərində fəaliyyət göstərən
ağır cinayətlər məhkəməsinin əvəzində
bölgələrdə yeni regional ağır cinayət məhkəmələri
yaradılaraq onların sayı 5-ə
çatdırıldı.
Məhkəmə sisteminin təkmilləşdirilməsində
yeni nəsil hakim korpusunun formalaşdırılması
müstəsna əhəmiyyət kəsb etdiyindən ölkəmizdə
hakimliyə namizədlərin seçki prosesinin təkmilləşdirilməsinə
daha dəqiq desək “Hakimlərin Seçki Komitəsi
haqqında” Əsasnamənin təsdiqinə ciddi ehtiyac
vardı. Məhz
bu sənədin qəbulundan sonra şəffaflığın,
obyektivliyin təmin olunması üçün hakimliyə
namizədlərin seçim prosesi test imtahanı ilə
keçirilir və bütün proses onlayn rejimdə canlı
yayımlanır.
Kitabda
qeyd olunur ki, ulu öndər Heydər Əliyevin
yaratdığı möhkəm bünövrə üzərində
inkişaf edən məhkəmə islahatlarının
müsbət nəticələri, yeni infrastrukturun
yaradılması və s. nüfuzlu beynəlxalq təşkilatların
da marağına səbəb olmuşdur. Avropa
Şurası Ədalət mühakiməsinin səmərəliliyi
üzrə Komissiyanın (CEPEJ) ekspertləri Azərbaycanda
formalaşmış institusional qurumların fəaliyyətinin
və hakimlərin seçiminin mütərəqqi Avropa
standarlarına cavab verdiyini vurğulamışdır. CEPEJ-in rəhbərliyi ölkəmizdə demokratik
hüquqi dövlət quruculuğunu və məhkəmə
islahatlarını təqdir etdiyindən 2014-cü ildə təşkilatın
plenar iclasını ilk dəfə olaraq Strasburqdan kənarda,
məhz Bakıda keçirmişdir.
“Elektron məhkəmə”
informasiya sisteminin yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin 13 fevral 2014-cü il
tarixli Sərəncamı bu sahədə inqilabi təkamülün
əsasını qoydu. Yeni sistem şəffaflıq və
operativliyi təmin etməklə insanlara məhkəməyə
gəlmədən, elektron formada müraciət etmək, məhkəmə
proseslərini audio-video və digər texniki vasitələrlə
qeydə almaq, proses iştirakçıları
üçün məhkəmənin gedişi, qərarlar və
onların icra vəziyyəti və s. məlumatları əks
etdirən elektron “şəxsi kabinetə” malik olmaq, proses barədə
məlumatları elektron daşıyıcıda dərhal almaq
imkanı yaratmışdır.
Bəllidir ki, ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasında məhkəmə infrastrukturunun
müasirləşdirilməsinin əhəmiyyəti
böyükdür. Bu səbəbdən də bütün məhkəmələrdə
əsaslı təmir və yenidənqurma işləri aparılmış, iş şəraiti
müasir tələblərə
uyğunlaşdırılmış, çoxsaylı yeni məhkəmə
binaları istifadəyə verilmişdir. Kitabda
açılışında ölkə Prezidentinin də
iştirak etdiyi yeni məhkəmə bina və komplekslərinin
şəkillərinin təqdim olunması deyilən fikirləri
təsdiq edərək oxucuya dolğun bilik verməklə
göz yaddaşı ilə də əxz olunan məlumatı
möhkəmləndirir.
Üçüncü
hissənin birinci fəsli təhlil olunan dövrdə
görülən işlərin yekunu olaraq belə bir fikirlə
yekunlaşır: Möhkəm dövlətçilik təməli
üzərində formalaşmış Azərbaycanın məhkəmə
və hüquq sistemində dövlət
başçısının güclü siyasi iradəsi ilə
həyata keçirilən ardıcıl islahatlar nəticəsində
tam müasirləşərək təkmil bir struktura
çevrilmişdir.
“Ədliyyə
sistemi davamlı inkişaf yolunda” adlı ikinci fəsil ədliyyə
sahəsində dövlət idarəçilik mexanizmlərinin
müasirləşdirilməsinə, strukturun daha optimal şəkildə
təşkil edilməsinə zəmin yaradan və bu sahənin
fəaliyyətini tənzimləyən “yol xəritəsi”nin mühüm əhəmiyyətinə həsr
edilmişdir. Dövlət başçısının
Ədliyyə orqanlarının inkişafı haqqında,
“Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” Fərmanları və “Ədliyyə
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikasının Qanunu ədliyyə fəaliyyətinin
müasir dövrün tələblərinə və beynəlxalq
standartlara uyğun təşkil edilməsini, bu sahədə
müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsini, yeni nəsil
hüquqşünasların
formalaşdırılmasını şərtləndirir. Ədliyyə Nazirliyinin ölkədə həyata
keçirdiyi layihələr və icra etdiyi işlər,
xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla
hüquqi yardım və əməkdaşlıq haqqında
müqavilələrin bağlanmasını və onların
icrasını təmin etməsi kimi funksiyalar sadalanmaqla
münasib fotolarda təqdim olunur.
Həmçinin, Ədliyyə Nazirliyinin müvafiq alt
qurumlarında aparılan məqsədyönlü işlərdən,
yeni müasir laboratoriyalardan tibbi xidmətdən, bu sahədə
Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinə
dair xarici dövlətlərin nümayəndələri
üçün beynəlxalq seminarlardan, əfv və amnistiya
qərarlarının uğurlu iclasından və s. əyani
söhbət açılır.
Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə
əməkdaşlığın genişləndirilməsi,
beynəlxalq hüquqi yardımın
yaxşılaşdırılması da xüsusi diqqət mərkəzində
saxlanılmış, bu məqsədlə nazirlik tərəfindən
dünyanın bir çox dövlətlərinin ədliyyə
qurumları ilə imzalanmış əməkdaşlıq
haqqında saziş və anlaşma memorandumların sayı
32-yə çatdırılmışdır. İmzalanma mərasimlərinin
tarix göstərilməklə uyğun şəkillərlə
verilməsi də kitabın özəlliklərindən
biridir.
Ölkəmizin
yeni qlobal çağırışlara uyğun mədəni
inkişafının təmin olunmasında, humanizm,
tolerantlıq ideya və prinsiplərinin uğurla inkişaf
etdirilməsində, dünyamiqyaslı mühüm ictimai-mədəni
tədbirlərə, mötəbər beynəlxalq forumlara ev
sahibliyi etməsində Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli
və əzmkar fəaliyyəti kitabda xüsusilə qeyd
olunur.
İkinci fəslin sonunda Ədliyyə nazirinin 2018-ci ilin fevralında Cocuq Mərcanlı kəndində sakinlərlə görüşündən, kəndin azad olunmasından yazılır və qeyd olunur - “Azərbaycan Ordusunun bu zəfərləri, uğurlu əks-hücum əməliyyatları ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşən bütün xalqımızda böyük ruh yüksəkliyi doğurmaqla torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə qəti əminlik yaradır” - Bu arzu və inam balaca uşaqların da, yaşlı insanların da, gənc nəslin nümayəndələrinin də, hamımızın yaşam tərzinə çevrilmişdi. Bu gün bizim arzularımız çin olub. Bu, hər birimiz üçün böyük xoşbəxtlikdir.
İndi bizim ölkəmiz üçün yeni dövr başlayır. Biz tam əminik ki, 100 illiyini böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq olaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz İlham Əliyevə yardımçı olmağı bu dövrdə də özlərinin vəzifə və vətəndaşlıq borcu sayacaqlar.
Kitaba iki bölmə də - “Azərbaycan ədliyyəsi: 100 ilin əlamətdar anları” və “Azərbaycan ədliyyə nazirləri” əlavə olunmuşdur. Birinci bölmədə əlamətdar yubileyin təntənəli və geniş qeyd edilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərdən söhbət açılır.
İkinci bölmədə isə ötən dövr ərzində ədliyyə naziri işləyənlərin tərcümeyi-halları şəkilləri ilə verilmişdir. Bu, kitabın ədliyyə tarixi ilə maraqlananlar, tələbələr və tədqiqatçılar üçün mötəbər mənbə olduğunu təsdiq edir.
Kitabın tərtibat və dizayn baxımından zövqlə ərsəyə gəlməsində redaksiya qrupunun üzvləri Elçin Qasımovun və Cavid Hüseynovun əməyi də xüsusi təqdirəlayiqdir.
Azərbaycan ədliyyəsinin keçmişini, qət edilmiş yolu öyrənmək üçün faydalı və dəyərli vəsait olan bu kitabda ədliyyə tariximiz mükəmməl və müfəssəl halda araşdırıldığından məhkəmə-hüquq sisteminə sanballı töhfədir. Zəngin illüstrasiya materialları ilə oxunaqlı olan bu kitab ali məktəblərin uyğun ixtisas tələbələri, magistrantlar üçün dəyərli dərs vəsaiti, eyni zamanda bu sahədə tədqiqat işləri aparan gənc mütəxəssislərə, araşdırmaçılara da əvəzsiz və faydalı mənbədir.
H.MUSAYEV
Respublika.- 2020.- 12 dekabr.- S.4.