Dünya şöhrətli siyasətçi

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan nadir tarixi şəxsiyyətlərdəndir. Onun zəngin irsi hələ uzun müddət siyasətşünasların, filosofların, tarixçi və araşdırmaçıların tədqiqat mənbəyi olacaq. Hamımız üçün çox doğma və əziz olan Heydər Əliyev dünya şöhrətli siyasətçi, zəmanəsinin ən böyük şəxsiyyəti idi. Ulu öndər Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsində, sənayemizin, kənd təsərrüfatımızın, sosial-iqtisadi sahələrin güclənməsi yolunda əlindən gələni əsirgəməmişdir. Ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsində, pensiyaçıların, əlillərin, çoxuşaqlı ailələrin, əmək qabiliyyəti olmayan insanların sosial problemləri həmişə onun diqqət və qayğısında olmuşdur. Prezidentliyi dövründə dəfələrlə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə güzəştli fərmanlar imzalamışdır. Onun insanların qayğısına qalması, Vətənə, xalqa bağlılığı hamımıza nümunədir.

 

Heydər Əliyev ümumxalq məhəbbətini, istəyini təkcə öz vətənində deyil, bütün dünyada qazanmışdı. Buna görə də dünya siyasətçiləri, dövlət və hökumət rəhbərləri, siyasi xadimlər ulu öndərimizi həmişə yüksək qiymətləndirir, onunla razılaşırdılar. O, əvəzsiz, yeri görünən çox müdrik şəxsiyyət idi. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə çox borcluyuq. Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmişdir. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda həyatı boyu mübarizə aparmışdır. “Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır”. Bu ideya və prinsiplər Heydər Əliyevin istər milli təhlükəsizlik orqanlarında, istər Sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə də Azərbaycanın Prezidenti olduğu son 10 ildə həyat devizi, amalı olub. Ümummilli liderimiz bu istiqamətdə zəngin milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri dəyərlər formalaşdırıb.

 

Heydər Əliyevin yaratdığı, insanlığa xidmət göstərən yaxşı nə varsa, hamısını əhatə edən və sistem halını alan bu dəyərlər onun mənəvi dünyasını əbədi yaşadacaq. Siyasətçilər də, iqtisadçılar da, diplomatlar da, alimlər də, sadə əməklə məşğul olan insanlar da Heydər Əliyevin yaratdığı nemətlərə dönə-dönə istinad edəcəklər. Bu insanlar maddi-mənəvi dəyərlərin hamısını qoruyub inkişaf etdirəcək və zənginləşdirəcəklər. Heydər Əliyev respublikamızın hansı bölgəsinə ayaq basıbsa, xalq onu ən əziz adamı kimi qarşılayıb, qədəmləri altında qurbanlar kəsib, gəlişinə sevinib. Çünki hər bir böyük siyasətçinin qibtə edəcəyi bir ömür yaşadı Heydər Əliyev. O, zəngin, mübarizələrlə və qalibiyyətlə dolu həyatının hər gününü, hər anını doğma xalqına bağışladı. Bu xalqı qaldırıb dikəltdi, parçalanmaqdan, məhv olmaqdan, əzilməkdən və əyilməkdən xilas etdi, onu dünyada layiq olduğu şöhrətə çatdırdı. Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətini qurdu. Bu gənc və zəif dövləti öz qüdrətli əllərilə ayağa qaldırdı, möhkəmləndirdi, xarici düşmənlərdən və daxildəki xəyanətkarlardan qorudu. Ulu öndər Azərbaycan dövlətinə, bu məmləkətə, bu xalqa yönələn bütün zərbələrə qarşı öz polad sinəsini sipər etdi.

 

Ümummilli liderimizin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 ilə yaxın tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Hər bir fərdin maraq və mənafeyini özündə yüksək səviyyədə əks etdirən Heydər Əliyev siyasi kursunun davam etdirilməsi də, bu mənada, Azərbaycanda cəmiyyətin sosial sifarişinə çevrilmişdir.

 

Nüfuzlu siyasi liderlər bir qayda olaraq ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Ulu öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə belə arxayınlıq hissini itirmirdi. Təkcə bu səbəbdən ki, baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri, Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı ilahi bir əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəl şəxsiyyətin çətin situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. Tale 1993-cü ildə Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.

 

Ümummilli liderimiz xalqın çağırışına müsbət cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək, fədakarlıq, işgüzarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəl keyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Ümummilli liderimizin siyasi cazibəsi, fenomen yaddaşı, iti məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha analitik baxışı, sərt və həm də qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi onun siyasi portretinin parlaq cizgiləri kimi təcəssüm olunmuşdur.

 

Müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Bugünkü azadsuveren Azərbaycan ulu öndərin şah əsəridir. Ölkə məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru davamlı uğurlu addımlar atır. Azərbaycanın ən yeni tarixinin 40 ilə yaxın bir mərhələsi Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev şəxsiyyətinə ehtiramümumxalq sevgisi əbədidir.

 

Heydər Əliyev sanki dünyaya elə xalqı üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Qısa zaman kəsiyində ulu öndər respublikanı yetərincə tanıdaraq ona iqtisadisiyasi nüfuz qazandırmışdır. O, Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Ulu öndər həyatı boyu həmişə xalqa arxalanmışdır: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

 

Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz dühası ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi konsepsiyalarını işləyib hazırlayıb, onların dönmədən həyata keçirilməsini təmin edib.

 

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. Ulu öndər dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavanrahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur. Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

 

Azərbaycan—Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvoluydu. Bu dahi və bənzərsiz şəxsiyyət Azərbaycanın simvolunda elə parlaq günəşdir ki, üzərimizə səpələnən şüaları onun həmişəyaşar işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır.

 

Ümummilli liderimiz bu gün cismən aramızda olmasa da, təsəllimiz odur ki, Heydər Əliyevin sönməz ideyalarının davamçısı olan layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xaricidaxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində apardığı göz qabağındadır. İndi bu siyasət qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

 

Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi Qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.

 

Həmçinin qeyd etmək istəyirəm ki, bu gün sevincimizin həddi-hüdudu yoxdur. Xalqımızın nəhayət ki, 30 illik həsrətinə son qoyuldu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz Şuşanın işğaldan azad olunması ilə bitdi. Gücsüzaciz Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan və Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi. 30 ildən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımıza qürur və şərəf hissi yaşatdı. Belə ki, bu zəfərlə Dağlıq Qarabağın Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olduğu bir daha öz təsdiqini tapdı. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, işğalçı Ermənistana layiq olduğu yeri göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsidir. “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - deyən Ali Baş Komandan vədinə əməl etdi. Prezident İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini xalqa elan edərək həyatımıza gətirdiyi qürur, sevinc bütün tarixə dolan fəxarət hissidir, ömrümüzü bəzəyən, dövlətimiz var olduqca bizimlə birgə əbədi olacaq xoşbəxtlikdir.

 

Rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə tariximizin saf incisini düşmən tapdağından təmizləməklə bizi bir ömürlük nəsibimizə yetirdi. 28 ildir sinəmizdə qövr edən Şuşa yarasına məlhəm qoydu. Hər birimizə sözlə ifadə edilməsi mümkünsüz olan sevinc payı bağışladı.

 

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğalçı Ermənistana, bu ölkənin təcavüzkar siyasətinə dəstək olan faşist xislətli dünya ermənilərinə və onların havadarlarına, tarix boyu bizə qarşı törədilmiş erməni vəhşiliklərinə cavab kimi böyük bir dərs verdi.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 10-da xalqa müraciətində demişdir: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur”.

 

Vətən müharibəsində qazanılan parlaq qələbə, işğalçı Ermənistanın tam şəkildə kapitulyasiyaya uğradılması azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaqgec-tez öz amalına qovuşacaqdır. Əlbəttə, müharibənin qələbə ilə başa çatmasını şərtləndirən bir sıra fundamental amilləri sadalamaq mümkündür. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Vətən müharibəsindəki parlaq qələbəmizin mənbəyində dayanan əsas amillərdən biri isə cəmiyyətimizin monolitliyi və həmrəyliyidir. Ölkəmizdəki güclü Prezident-xalq-ordu vəhdəti xarici təzyiqləri dəf etməyə və müharibəni qələbə ilə başa çatdırmağa imkan verdi. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana! Yaşasın Azərbaycan xalqı! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna!

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.

 

Respublika.- 2020.- 12 dekabr.- S.6.