Arzusu torpaqlarımızı bütöv görmək idi...
Vətən
uğrunda ölüm qədər dadlı və şərəfli
ölüm varmı?
K.Horatsi,
qədim Roma ədəbiyyatının görkəmli nümayəndəsi.
Üstündə doğulduğu torpağa, qoynunda yaşadığı vətənə məhəbbət, doğmalıq hissi bəşər övladına yaradılışdan bəxş edilən ilahi bir hiss, güclü bir duyğudur. Qərinələr, əsrlər, minilliklər keçsə də, bu hiss insan qəlbini nəinki tərk etməmiş, əksinə, daha da güclənmiş, coşqun bir qüvvəyə çevrilməklə sanki onun varlığına, mövcudluğuna hakim kəsilərək gələcək həyatını şərtləndirən qüdrətli bir amilə çevrilmişdir - yəni dünyaya göz açdığın məkan sənin beşiyindir, onu qorumağa borclusan. Əgər ana yurdunu, müqəddəs torpağını vətənə çevirməyi bacarsan, deməli, ilahidən boynuna qoyulmuş vəzifənin öhdəsindən gəlmiş olursan... İnsan övladı zaman-zaman bu yolda çox qovğalardan keçmiş, sınaqlardan çıxmış, qanlar axıtmışdır - məqsədinə çatdığı da olmuşdur, istəyinə yetmədiyi də... Lakin bir həqiqət hər zaman öz təsdiqini tapmışdır - məslək, amal, ideya, torpaq, azadlıq, vətən naminə aparılan müqəddəs savaş yolunda canından keçənlər həmişə yüksək hörmət-izzət sahibinə çevrilmiş, tarixlərə düşərək yaddaşlarda yaşamış, sonrakı nəsillərə örnək olmuşdur.
Tarix xalqımızı da öz mövcudluğu dövründə belə sınaqlara az çəkməmişdir. Haqq yolunda, iman yolunda, torpaq və vətən uğrunda qurban gedənlər indi də xalqımızın qan yaddaşında yaşayırlar, şübhəsiz ki, xalqımız var olduqca yaşayacaqlar. Onların hamısının bir adı var - şəhid! Bu, adi bir söz deyil. Onun mənası böyük, tutumu dərin, dəyəri ölçüyəgəlməzdir. Şəhidlik - ölümsüzlük, əbədiyyətə qovuşmaqdır. Bu mövzu haqda o qədər danışılıb, o qədər dəyərli fikirlər söylənilib ki... Lakin nə qədər söylənilsə, yenə də azdır. Çünki şəhidlik məsələsi əbədi bir mövzudur - bitib-tükənməyən, sonsuzluğa qədər davam edən bir mövzu. Nə qədər ki insan üçün müqəddəs amallar var, deməli, onun üçün müqəddəs mübarizə də həmişə olacaq - və bu yolda canını fəda edənlər, haqqın dərgahına qovuşanlar da!..
Tale elə gətirmişdi ki, xalqımız öz suverenliyini bərpa etməklə yanaşı, başqa bir təhlükə ilə üzləşmiş, torpaqlarımız düşmən tərəfindən işğala məruz qalmışdı. Düz otuz il idi ki, ərazimizin 20 faizindən çoxu əsarət altında idi. Nəhayət, səbirsizliklə gözlənilən gün gəlib çatdı. Sentyabrın 27-dən başlanan əks-həmlə əməliyyatları nəticəsində qüdrətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin etimadını tam doğruldaraq işğalçıları torpaqlarımızdan qovmağa, ərazilərimizin bütövlüyünü təmin etməyə nail oldu. 44 günlük müharibə Azərbaycanın haqlı mövqeyinin təntənəsinə çevrildi. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya bir daha nümayiş etdirdi.
Yüksək vətənpərvərlik hissi ilə döyüşə atılan igid əsgər və zabitlərimiz əsl qəhrəmanlıq nümunələri göstərərək xalqımıza Qələbə sevinci yaşatdılar. Bu yolda itkilərimiz də az olmadı. Bir çoxları ən uca zirvəyə - şəhidlik zirvəsinə yüksəldilər, ölməzliyə, əbədiliyə qovuşdular. Onlardan biri də kapitan Füzuli Əliyev oldu.
Əslən Quba rayonundan olan Füzuli 1985-ci il yanvarın 27-də Bakı şəhərində dünyaya göz açmışdı. Hərbi peşəyə marağı hələ orta məktəb illərindən yaranmışdı. Zabit olmaq, vətənin müdafiəsində iştirak etmək arzusu ürəyində get-gedə özünə dərin kök salırdı. Atası - Əliyev Vidadi ehtiyatda olan zabit idi. Əmiləri - Əliyev İntiqam və Əliyev Becan, yaxın qohumu Bəhram Şeydayev peşəkar zabit kimi vətənə xidmət edirdilər. Hərbi forma, ay-ulduzlu paqonların cazibəsi onu getdikcə daha çox özünə çəkirdi. Odur ki, Xətai rayonundakı 63 ¹-li orta məktəbin 8-ci sinfini bitirən kimi arzusunu valideynlərinə bildirdi. Onlar da xeyir-dualarını verdilər. Beləliklə, 2000-ci ildə o, C.Naxçıvanski adına Hərbi liseyə qəbul olundu. Elə birinci kursdan müəllimlərinin, zabitlərin diqqətini cəlb etdi: nizam-intizamı, hərbi formaya münasibəti, dərslərə ciddi hazırlaşması ilə. Odur ki, tezliklə manqa komandiri təyin edildi. Füzuli bu etimadı doğrultmaq üçün daha səylə çalışırdı.
Nəhayət, liseyi bitirərək 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu. Burada da özünü nümunəvi cəhətdən tanıda bildi. Hərbi peşənin sirlərini böyük həvəslə öyrənirdi. 2007-ci ildə məktəbi müvəffəqiyyətlə bitirdi. Silahlı Qüvvələrin Təlim-Tədris Məktəbində taqım komandiri ixtisası üzrə bir illik təkmilləşdirmə kursunu bitirərək ilk zabit rütbəsi aldı. Artıq arzusuna çatmış oldu. Çox sevinirdi... İndi onu qarşıda yeni mühüm vəzifə gözləyirdi - vətən qarşısında hərbi xidmət borcunu ləyaqətlə yerinə yetirmək!
Gənc zabitin xidmət yolu cəbhə bölgəsindən
başladı, Murovdağ, Tərtər, Naftalan, Daşkəsən, Tovuzdan
keçdi. Bütün bu dövr ərzində
onu yalnız bir məsələ
düşündürürdü -
çiynində gəzdirdiyi zabit paqonunun şərəfini daim
uca tutmaq, bir hərbçi kimi
düşmən tapdağında qalan doğma torpaqlarımızın azad olunmasında üzərinə düşən
vəzifənin öhdəsindən layiqincə gəlmək!
Bu hiss ona
sanki daim yeni güc, yeni enerji verirdi.
2016-cı ilin Aprel döyüşlərinin
iştirakçısı olarkən
Talış yüksəkliyinin
alınmasında xüsusi
fədakarlıq göstərdi.
Hərbi xidmətə o qədər
bağlı idi ki, hətta komandanlıq tərəfindən
verilən 10 günlük
məzuniyyətindən də
tam istifadə etmirdi. Ailəsinə, doğmalarına baş çəkib iki gündən sonra yenə xidmət yerinə qayıdırdı.
Elə sonuncu dəfə də belə oldu. Növbəti məzuniyyətini götürüb evlərinə
gəlmişdi. Cəmi ikicə
gün doğmalarının
yanında qaldı.
Qayıdan kimi - sentyabrın
27-də Vətən müharibəsi
başlandı. İlk döyüşləri
Füzuli istiqamətində
oldu. Düşmən mövqeyinə həmlə
edərək ona sarsıdıcı zərbələr
endirdilər. Nəticədə müdafiə xətti yarıldı. Füzuli şəhəri
və bir neçə yaşayış
məntəqəsi azad
edildi. Uğurlu hərbi əməliyyatlar
Tərtərin Suqovuşan
qəsəbəsi istiqamətində
də davam etdirildi. Gənc zabit burada da öz peşəkarlığını,
bacarığını göstərə
bildi. Şəxsən özü iki
düşmən tankını,
xeyli canlı qüvvəni məhv etdi. Şəxsi heyəti mühasirə
təhlükəsindən qurtarmaq
üçün gedərkən
piyada maşını
düşmən tankı
tərəfindən vuruldu.
O, atəşi davam etdirsə də, son anda güllə onu haqladı... Beləliklə, cəsur zabit
qəhrəmancasına şəhid
oldu.
Onu tanıyanlardan bir neçəsinin təəssüratı
ilə tanış
olmaq yerinə düşərdi.
Aprel döyüşlərinin iştirakçısı,
ehtiyatda olan mayor, qazi Mənsur Məmmədov:
- Mən onunla C.Naxçıvanski adına liseydə bir yerdə oxumuşam. Onu daim çalışan,
hərbi peşənin
sirlərini dərindən
öyrənmək istəyən,
ciddi, qabiliyyətli və sözünü tutan bir kursant
kimi tanımışam.
Sonrakı təhsilimiz də
bir yerdə olub. Yadımdadır, o, hərbi xidmətini
yalnız ön cəbhədə davam etdirməyi arzulayırdı.
Elə bu cür də
oldu. Demək olar ki, bütün xidmət illərini məhz ön xəttə yaxın ərazilərdə
keçirdi. Arzusu nə
vaxtsa veriləcək döyüş əmrinin
yerinə yetirilməsində
var qüvvəsi ilə iştirak etmək idi. Torpaqlarımızın işğaldan
azad ediləcəyinə
böyük ümidi vardı... Özü bu günü
görmədi. Ruhu indi
həmin torpaqların
üzərində dolaşır.
Əziz xatirəsi daim bizimlə yaşayacaq...
Ehtiyatda
olan zabit Yəhya Qurbanov:
- Tale mənə onunla qonşuluqda yaşamaq xoşbəxtliyi nəsib eləmişdi. Uşaqlığımız bir yerdə
keçmişdi, yaxın
dostum idi. 8 il bir məktəbdə təhsil
almışdıq. Sonra yollarımız
ayrıldı, mən
2013-cü ildə yaralanaraq
hərbi xidmətdən
ehtiyata tərxis olundum. Biz sıx-sıx
görüşə bilməsək
də, daim bir-birimizlə əlaqə
saxlayırdıq. O, çox
cəsur, mərd və bacarıqlı komandir idi. Son görüşümdə dedim
ki, bəlkə artıq keçəsən
arxa cəbhəyə,
ailə qurmaq vaxtın da ötür... Gülümsünüb
dedi ki, hələ nə etmişik ki, arxa cəbhəyə də keçək. Qoy torpaqlarımızı
yağılardan təmizləyək,
sonra baxarıq... Füzuli
2009-cu ildən ta son gününədək döyüş
bölgəsində xidmət
etdi. Müqəddəs qələbə savaşında şəhidlik
zirvəsinə ucaldı.
Mən fəxr edirəm ki, onun kimi
sədaqətli dostum,
cəsur zabit yoldaşım olub. Bu gün Füzulinin
də, onun kimi torpaq uğrunda
canını fəda edən bütün şəhidlərin ruhu şaddır.
Qarabağ müharibəsi əlilləri,
veteranları və şəhid ailələri
İctimai Birliyi Yasamal rayon şöbəsinin
sədri, Əfqanıstan
və Qarabağ müharibəsi iştirakçısı,
ehtiyatda olan polkovnik-leytenant Bəhram Şeydayev:
- Qürurla deyə bilərəm ki, şanlı qələbənin
qazanılamasını təmin
etmiş rəşadətli
ordumuzun zabitləri arasında vaxtilə mənim dərs dediyim kursantlar heç də az deyil.
Elə Füzuli Əliyev də onlardan biridir. Şəhid zabitimizi yaxından
tanıyırdım. Hələ kursant
olarkən onun şəxsi keyfiyyətləri,
xarakterindəki xüsusiyyətlər
gələcəkdə nümunəvi
zabit olacağından
xəbər verirdi.
Füzuli bir hərbçi
kimi daim irəlidə olmağı,
cəbhə xəttinə
yaxın hərbi hissədə xidmət etməyi xoşlayırdı.
Vətəninə, torpağına çox
bağlı idi.
Onunla hər görüşəndə yalnız
bir fikri təkrar-təkrar eşidirdim:
“Qarabağ mütləq
bizim olacaq!” Buna öz varlığı
qədər inanırdı.
O həm komandanlıq,
həm zabit yoldaşları, həm də tabeliyindəki əsgərlər arasında
böyük hörmətə,
nüfuza malik idi. Bir dəfə qardaşı
Səbuhi Tovuza, onunla görüşməyə
getmişdi. Qayıdanda
şəxsi heyətin
ona münasibətindən
ağızdolusu danışırdı:
“Əsgərlər onu
öz ataları qədər sevirdilər,
o bizim atamızdır,
deyirdilər - Nə problemimiz olsa, dərhal aradan qaldırmağa çalışırdı...”
Valideynləri, ailə üzvləri, doğmaları, elə mənim üçün də onun həyatdan
getməsi nə qədər acı olsa da, hamımıza,
xalqımıza böyük
fəxarət bəxş
etdi, başucalığı
gətirdi. Onun mənalı ömür
yolu müqəddəs
şəhidlik zirvəsində
sona yetdi.
Füzuli Əliyev öz şücaəti ilə tariximizdə əbədi qalacaq bir şəhidlik
dastanı yaratdı. Bu dastanın baş qəhrəmanı elə
onun özüdür.
İllər, qərinələr
keçsə də, bu dastan gələcək
nəsillər tərəfindən
həmişə oxunacaq,
xatırlanacaq, yaddaşlarda
özünə möhkəm
yer tutacaq...
Səfər MAHMUDZADƏ
Respublika.- 2020.- 12 dekabr.- S.10.