Qarabağordenli şəhidimiz

 

MUROV QARTALI

 

Mehman Şirvanov Lənkəran rayonunun Ürgə kəndində dünyaya göz açıb. Ailənin dördüncü övladıdır. Atası Mirəzizi hamı halal, zəhmətkeş, imanlı, səxavətli insan kimi tanıyır. Ömür-gün yoldaşı Hacıbəyim xanımla 7 övlad böyüdüb ərsəyə çatdırıblar.

Mehmanın uşaqlığı çətin, ağır illərə düşüb. Qanlı 20 Yanvar faciəsi baş verəndə cəmi on yaşı vardı. Sonra azğın düşmən havadarlarının köməyilə Xocalı qətliamını törətdi, yurdumuzun zümrüd qaşı Şuşanı, Laçını və Qarabağın digər rayonlarını işğal etdi. Şəhid analarının fəryadı, ah-naləsi, məcburi köçkünlərin acı taleyi, torpaqlarımızda mənfur düşmənin at oynatması Mehmanın uşaq qəlbində dərin iz buraxdı, kədər, nisgil dolu xatirələrə çevrildi. Böyüyəndə mütləq hərbçi olacağını, düşməndən qisas alacağını, torpaqlarımızı işğaldan azad edəcəyini düşünürdü.

Lənkəran rayon hərbi komissarlığında ilk həkim komissiyasından keçəndə də deyib ki, ali hərbi məktəbə getmək istəyir. Orta məktəbi bitirəndə komissarlıqdan evlərinə zəng vurublar. O vaxt valideynlərinə bildirib ki, hərbçi olmaq arzusundadır. Elə həmin arzu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir. İmtahanlardan yüksək qiymət alıb ali məktəbə daxil olur. Yaxşı qiymətlərlə oxuyur, təlim və məşqlərdə fəallığı ilə seçilir. Mehman Şirvanov 2002-ci ildə Ali Hərbi Məktəbi bitirir. Bir il təkmilləşdirmə kursunda biliklərini artırır. Sumqayıt şəhərinin ətrafında yerləşən hərbi hissədə zabit kimi işə başlayır. Nümunəvi xidməti dəfələrlə fəxri fərman, təşəkkürnamə və digər mükafatlara layiq görülür. Sonra Naxçıvanda düşmənlə sərhəddə yerləşən cəbhə xəttində xidmət edir. Hərbi işdə zəngin təcrübə qazanır. Mayor rütbəsinə yüksəlir. 2015-ci ildə Mingəçevirdəki “N” saylı hərbi hissənin qərargah rəisi təyin olunur. İşgüzarlığı, qüsursuz xidmətləri nəzərə alınaraq hərbi hissənin əməliyyat şöbəsinin rəisi, 2018-ci ildə isə Goranboy rayonundakı hərbi hissədə tabor komandiri vəzifəsinə təyin olunur. Burada ona növbədənkənar polkovnik-leytenant rütbəsi verilir.

Dəfələrlə Türkiyə, Avstriya və Rumıniyada təkmilləşdirmə kurslarında, NATO-nun təşkil etdiyi təlimlərdə iştirak edib. İngilisrus dillərini mükəmməl mənimsəyib. Dərin savadı, peşəkarlığı xarici ölkələrdə də yüksək rütbəli zabitlərin diqqətini cəlb edib. Qardaş Türkiyədə işləməyi təklif edəndə razı olmayıb. Torpaqlarımız düşmən əlindədir, mən belə vaxtda Vətənimi qoyub heç yerə getmərəm,-deyib. Mehman Şirvanov 2016-cı ilin aprel döyüşlərində fəal iştirak edib. Milli Qəhrəman, general Polad Həşimovla Naxçıvanda xidmət zamanı tanış olub. Aralarında dostluq münasibətləri yaranıb. Ordumuzda bu cür mərd, cəsarətli, hərbi işi dərindən bilən, yüksək insani keyfiyyətlərə malik generalın olması ilə fəxr edir, qürur duyurdu. Cəsur, igid generalın həlak olması xəbəri Mehmanı çox sarsıtmış, “qardaş, sənin qanını yerdə qoymarıq, azğın düşməndən qisasını mütləq alacağıq”, - demişdi.

Sentyabrın 27-də Vətən Müharibəsi başlananda Mehmanın rəhbərlik edtdiyi tabor Murov yüksəkliyini götürməli, düşməni oradan təmizləməli idi. Səhər tezdən gərgin döyüş başlandı. Mehman qabaqda, şəxsi heyət arxasınca gedirdi. Ordumuzun güclü müqavimətinə dözməyən düşmən geri çəkilirdi. Düşmən gülləsi gizirlərdən birinin həyatına son qoydu. Cəsur komandir tez özünü ona çatdırdı. Həmin anda namərd düşmənin atdığı mərmi nəticəsində Mehman qəhrəmancasına həlak oldu. Arxadan köməyə gələn hərbçilərimiz düşmənin texnikasını, xeyli canlı qüvvəsini məhv etdilər. Murov yüksəkliyini ələ keçirib igid komandirin qisasını yerindəcə aldılar.

Atası Mirəzizin söhbətindən: “Mehman uşaqlıqdan çox zirək, qorxmaz, cəsarətli idi. Ev, təsərrüfat işlərində mənə dayaq olurdu. Dərsdən sonra sahəyə gəlir, məni əvəz edirdi. Hərbi peşəni özü seçmişdi. Sənətinin vurğunu idi. Vaxtının çoxunu işdə keçirir, əsgərlərdən, iş-gücdən ayrıla bilmirdi. Məzuniyyət vaxtı da işdə olurdu. Əsgərləri tək qoya bimirəm, - deyirdi. May ayında məzuniyyətdə olsa da, kəndə gələ bilmədi. Avqustun axırında 5 gün icazə alıb evə gəldi. Qohumlarla, məktəb yoldaşları, dostları ilə görüşdü. Mənimlə qəbristanlığa gedib vaxtsız dünyasını dəyişmiş anasının qəbrini ziyarət etdi. Məndən soruşdu ki, niyə burada şəhidlər üçün yer ayrılmayıb? Məscidin yanına çatanda boş sahəni göstərib dedi ki, buranı şəhidlər üçün saxlayın. Mehman şəhid olacağını sanki bilirdi. Elə bil ürəyinə nəsə dammışdı. Sentyabrın 27-də səhər tezdən tanımadığım nömrədən mənə zəng vurdu. Dedi ki, telefonlarım xarabdır, bir-iki günə düzəltdirib zəng edərəm, narahat olmayın. Bu, onun son zəngi idi. Sən demə, müharibə başlayıb, məni arxayın etmək üçün zəng edibmiş. Günorta vaxtı onun şəhadət xəbərini aldıq. Mehmanı kənddə böyük izdihamla göstərdiyi yerdə torpağa tapşırıdıq. Dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd ziyalıları, ağsaqqallar iştirak edirdilər. Bu gün Vətən Müharibəsinin şəhidləri Mehmanla yanaşı uyuyur.”

Qardaşı Nəriman Şirvanov deyir ki, o, bütün varlığı ilə işinə bağlı idi. Kənddə hamı xətrini istəyirdi. Gənclər hörmətini saxlayır, yanında siqaret çəkmirdilər. Bir sözü iki olmurdu. Kənd həyatını sevirdi. Təqaüdə çıxandan sonra Lerikin Dico kəndində-ata-baba yurdunda yaşamaq istəyirdi. Bir dəfə orada boş qalmış ev-eşiyi, həyət-bacanı görüb bərk təsirlənmişdi. Əsl vətənpərvər idi. Torpaqlarımızın işğalda qalması ilə heç cür barışmırdı. Bu yolda da şəhid oldu. Nuray adlı iki yaşlı yeganə övladı ondan yadigar qaldı.

Uzun illər respublikamızın prokurorluq orqanlarında rəhbər vəzifələrdə çalışmış, təcrübəli hüquqşünas, prokurorluq orqanlarının veteranı Əmrulla Şirvanov Mehmanın atası Mirəzizlə əminəvəsidir. Mehmanın 40 yaşında-ömrünün ən gözəl çağında əbədiyyətə qovuşması Əmrulla müəllimin qəlbində ağriya çevrilib, dərin iz qoyub. “Mehman gözümüzün qabağında böyüyüb, həmişə məndən məsləhət alıb, deyərək kövrəlir. Yadımdadır, Mehman bir dəfə utana-utana mənə yaxınlaşdı. Sıxılırdı. O vaxt orta məktəbdə oxuyurdu. Hərbçi olmaq istədiyini, hərbi məktəbə hansı sənədlərin lazım olduğunu soruşdu.

Ona dedim ki, orta məktəbi yaxşı oxusun. İmtahanlara ciddi hazırlaşsın. Sonra görkəmli sərkərdələr, hərbçilər haqqında olan kitabları ona göndərdim. Ali hərbi məktəbdə oxuyanda bizə tez-tez gələrdi. Çox tərbiyəli, həyalı oğlan idi. Onunla səmimi münasibət qurmağa çalışırdım ki, bir sözü, çətinliyi olanda mənə desin. Cəbhə bölgəsində xidmət etmək onun ən böyük arzusu idi. Bu məqsədlə dəfələrlə müraciət etmişdi. Çox diqqətli, qayğıkeş, həssas komandir, əsl peşəkar hərbçi idi. Əsgəri ona tapşırmağa ehtiyac yox idi. Şəxsi heyətə öz doğması kimi baxırdı. Sonuncu dəfə görüşəndə mənə dedi ki, Murova xidmətə gedir. Əsgərləri döyüşə hazırlayır. Murovu mütləq almalıyıq. Bu yolda öldü var, döndü yoxdur. Torpaqlarımızı işğaldan azad etməliyik”. Bu, onun mənə son sözləri oldu. Vətən müharibəsinin birinci günü ilk şəhid komandir kimi yüksək məqama ucaldı.

Əmisi oğlu Rakif Şirvanovun söhbətindən: “Mehmanın yoxluğu mənə çox təsir edir. Onunla qardaş qədər yaxın olmuşuq. Bir yerdə böyümüşük. Birinci Qarabağ müharibəsində Mehmanın 12-13 yaşı vardı. Bizə deyərdi ki, hərbçi olub erməniləri məhv edəcəyəm. Vətəni sizi qoruyaram. Rahat, arxayın yaşaya bilərsiniz.

Aprel döyüşlərində Mehmanın böyük xidmətləri olub. Heç vaxt əsgəri qabağa verib özü arxada qalmayıb. Bütün əməliyyatlarda özü irəlidə gedib. Şəhid olacağını sanki bilirdi. Sonuncu dəfə kəndə gələndə hamımızla görüşüb halallaşdı. Dedi ki, namaz qılın, Allaha ibadət edin. Mən səngərdə vaxt tapıb namaz qılıram. Siz niyə qılmırsınız? Təqaüdə çıxandan sonra Məşhəd, Kərbəla, Həcc ziyarətlərinə getmək arzusunda idi.

Oxuduğu Ürgə kənd tam orta məktəbinin coğrafiya müəllimli Arzu Əkbərov Mehmanla uşaqlıqdan, məktəb illərindən məsləkdaş, yaxın dost olduğunu, tələbə vaxtı Bakıda tez-tez görüşdüklərini deyir. Dəyərli dost idi. Elə bil ki, hərbi üçün dünyaya gəlmişdi. Hər dəfə kəndə gələndə görüşürdük. Məktəbə baş çəkir, bizə deyirdi ki, Vətənə, torpağa, dövlətçiliyimizə məhəbbət ruhunda vətənpərvər nəsil yetişdirin. Bugünki şagird sabahın əsgəridir, torpaqlarımızı işğaldan azad edib qorumalıdır. Milli Ordu Günü, digər bayramlarda telefonla danısır, onu təbrik edirdim. Deyirdim ki, o gün olsun ki, səsin Qarabağdan gəlsin. Sonuncu dəfə sentyabrın 25-də görüntülü şəkildə danışdıq. Sonra mənə səsli mətn göndərdi. O səsi yadigar kimi saxlayıram.

Mehman ikinci Qarabağ müharibəsində kəndimizin ilk şəhidi oldu. Onun ömür yolu bugünkü və gələcək nəsillərə əsl vətənpərvərlik nümunəsidir.”

Mehman Şirvanov 22 il Milli Ordumuzda vicdanla, məsuliyyətlə, ləyaqətlə, yüksək peşəkarlıqla xidmət edib. Müdafiə Nazirliyi tərəfindən beş dəfə “Qüsursuz xidmətə görə” medalı, Milli Ordumuzun yaradılmasının 90, 95 və 100 illik yubiley medallları, çoxlu fəxri fərman, təşəkkürnamələrlə təltif olunub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə polkovnik-leytenant Mehman Mirəziz oğlu Şirvanov (ölümündən sonra) “Qarabağordeni ilə təltif olunub.

Mehmanın ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, üçrəngli bayrağımızın Qarabağda dalğalanması, şanlı qələbəmizin Bakı şəhərinin Azadlıq meydanında yüksək təntənə ilə qeyd edilməsi idi. Çox təəssüf ki, igid, cəsur komandirə bu, qismət olmadı. İkinci Qarabağ müharibəsinin ilk şəhid komandiri, Murov qartalı kimi ürəklərdə özünə əbədi heykəl ucaltdı.

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2020.- 13 dekabr.- S.7.