TOFİQ BAKIXANOV
– 90: SƏNƏTKAR ÖMRÜNÜN
SƏHİFƏLƏRİ
Görkəmli bəstəkarımız, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovun anadan olmasının 90 illiyi, yaradıcılıq fəaliyyətinin isə 70 illiyi tamam olur. Sənətkarlığın kamillik zirvəsində olan Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınmışdır.
T.Bakıxanovun həyat və yaradıcılıq yolunda onun nəsil şəcərəsinə və ənənələrə bağlılığı özünü qabarıq büruzə verir və bu bağlılıq əlamətdar hadisələrdə təzahür edir. T.Bakıxanov Azərbaycana görkəmli şəxsiyyətlər vermiş Bakıxanovlar nəslinin nümayəndəsidir. Abbasqulu Ağa Bakıxanovun nəticəsi olan Tofiq Bakıxanov öz yaradıcılığında onun Qüdsi təxəllüsü ilə yazdığı şeirlərə müraciət etmiş, bu əsərləri öz musiqisi ilə rövnəqləndirmiş, “Qüdsinin musiqi dünyası”nı yaratmışdır. Məhz bu vokal əsərlərinə görə o, dəfələrlə Abbasqulu Ağa Bakıxanov mükafatına layiq görülmüşdür.
Tofiq müəllim görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlmiş və muğam mühitində boya-başa çatmışdır. Qan yaddaşı ilə ötürülmüş və hafizəsinə hopmuş muğamlar onun yaradıcılıq üslubunun bünövrəsinə çevrilmişdir. O, Əhmədxan Bakıxanovun ifaçılıq ənənələrini yaratdığı əsərlərdə əbədiləşdirmişdir: “Hümayun”, “Şahnaz”, “Dügah”, “Rəhab”, “Nəva” simfonik muğamlarını bəstələyərkən, o, məhz atasının ifa etdiyi muğamlardan bəhrələnmişdir. Ailə ənənələrinə bağlılıq onun yaradıcılığında tar alətinə maraq göstərməsində də təzahür edir. O, tar aləti üçün müxtəlif janrlarda əsərlər bəstələmişdir: bunlardan tar ilə simfonik orkestr üçün beş konsert solist tarzənlərin repertuarına daxil olmuşdur. Həmçinin, tar və violin ilə simfonik orkestr üçün ikili konsert, tar ilə simfonik orkestr üçün 8 saylı “Azərbaycan” simfoniyası da bu baxımdan böyük maraq kəsb edir və bu səpkidə ilk əsərlər kimi dəyərləndirilir.
T.Bakıxanovun sənət taleyində mühüm rol oynamış sənətkarlar olmuşdur. O, dahi bəstəkar və musiqişünas, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlmiş və məhz onun məsləhəti ilə skripka alətini seçmişdir. O vaxt Üzeyir Hacıbəyli Əhmədxan Bakıxanovun muğam ifaçılığını yüksək dəyərləndirib, onu konservatoriyada muğam fənnindən dərs demək üçün dəvət etmişdi. Bununla belə, Üzeyir bəy Azərbaycan musiqisinin dünya müstəvisində gələcək yüksəlişini təmin etmək üçün milli ifaçılıq məktəbinin yetişməsini zəruri sayırdı və bu baxımdan Ə.Bakıxanova oğlanlarının skripka və violonçel ixtisası üzrə təhsil almasını tövsiyə etmişdi. Bununla da skripka aləti Tofiq Bakıxanovun “sirdaşı” olur. Məhz skripka ifaçısı kimi Üzeyir Hacıbəylinin qarşısında çıxış etməsi onun həyatının unudulmaz anları kimi yaddaşına həkk olunur. O, Üzeyir bəyin ənənələrinin davamçısına və təbliğatçısına çevrilməklə, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalının laureatı olur.
Vaxtilə dahi Üzeyir Hacıbəyli Tofiq Bakıxanovun hələ onillik musiqi məktəbində oxuduğu illərdə çalğısını dinlədikdən sonra onun böyük gələcəyi olacağını söyləmişdi. Uzaqgörənliklə deyilmiş bu sözlər çox tezliklə həyata keçməyə başladı. N.İ.Simberov, S.L.Bretanitski, A.N.Amiton kimi professorlardan dərs almış T.Bakıxanov skripkaçı kimi sənətini təkmilləşdirərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin mahir ifaçısı kimi tanındı.
T.Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin tələbəsi olmuş və bu adı ömrü boyu fəxrlə daşımışdır. Q.Qarayevin sinfində əxz etdiyi bəstəkarlıq üsulları onun sənətdə öz yolunu tapması, öz dəst-xəttini yaratması üçün geniş imkanlar açmışdır. T.Bakıxanovun öz sözlərilə desək, o, Qara Qarayevdən musiqinin incəliklərini öyrənmiş, bəstəkarlığın necə çətin və şərəfli bir sənət olduğunu dərindən duymuşdur. T.Bakıxanovun sənət zövqü, dünyagörüşü, yaradıcılıq üslubu bilavasitə Q.Qarayevin təsiri altında formalaşmış, professional keyfiyyətlər kəsb etmişdir. Məhz bu səbəbdəndir ki, T.Bakıxanovun yaradıcılıq üslubunda milli musiqi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaratmışdır. Bütün bunlar onun Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndəsi kimi ad-san qazanmasına gətirib çıxarmışdır.
T.Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. O, operadan başqa, musiqinin demək olar ki, bütün janrlarına müraciət etmiş və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdir. T.Bakıxanovun bədii irsinə nəzər salsaq, çox sanballı bir siyahı ilə rastlaşarıq. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin müəllifidir. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqisində viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq Tofiq Bakıxanov müraciət etmişdir. T.Bakıxanov eyni zamanda, üç balet, üç musiqili komediya, 100-ə qədər mahnı və romanslar bəstələmişdir. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində səkkiz simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertüralar və s. əsərlərlə təmsil olunmuşdur.
Tofiq Bakıxanov öz yaradıcılıq fəaliyyətində bəstəkarlıqla skripka ifaçılığını əlaqələndirməyə nail olmuşdur. O, 1950-ci illərdən başlayaraq, Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki trioda skripkaçı kimi fəaliyyət göstərmişdir. O, həm Azərbaycan bəstəkarlarının bir sıra əsərlərinin ilk ifaçısı olmuş, həm də öz əsərlərinin mahir təfsirçisi kimi tanınmışdır. Xüsusilə, müəllif konsertləri ilə keçmiş SSRİ-nin - Moskva, Daşkənd, Tbilisi, Ufa, Xabarovsk şəhərlərində, eləcə də xaricdə - Sofiyada, Kiprdə, İstanbulda və İzmirdə çıxış etmişdir. 1988-ci ildə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında və 1990-cı ildə SSRİ Bəstəkarlar İttifaqının konsert zalında iki hissədən ibarət müəllif konsertləri bəstəkarın yaradıcılıq yolunun yaddaqalan hadisələrindən olmuşdur.
T.Bakıxanovun pedaqoji fəaliyyəti də bu sahə ilə bağlıdır. Belə ki, o, uzun illər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasında, A.Zeynallı adına Bakı Musiqi Kollecinin simli alətlər şöbəsində dərs demiş, skripka və kamera ansamblı ixtisası üzrə musiqiçi kadrlar hazırlamışdır.
Elə ifaçılıq və pedaqoji fəaliyyətini
bəstəkarlıqla əlaqələndirməsi də
T.Bakıxanovun instrumental əsərlərinin meydana gəlməsi
üçün zəmin olmuş və bu sahə onun
yaradıcılığının aparıcı xəttinə
çevrilmişdir. Təsadüfi deyil ki, kamera-instrumental əsərlər
T.Bakıxanovun irsində mühüm yer tutur.
Kamera-instrumental musiqi janrlarına müntəzəm
müraciət edən bəstəkar bu sahədə öz
üslubunu daha dolğun reallaşdıra bilmişdir. Hər bir əsər
onun yaradıcılıq simasının müxtəlif tərəflərini
açıqlamaqla yanaşı, həm də onun musiqi
üslubunu, musiqi dilini yeni keyfiyyətlərlə, yeni cizgilərlə
zənginləşdirmişdir. Bu əsərlərdə
müasir kamera musiqisinin əsas xüsusiyyətləri bəstəkarın
sərbəst ruhlu, zəngin və milli səciyyəli musiqi
dili ilə üzvi surətdə qovuşmuşdur. Bu səbəbdəndir ki, T.Bakıxanovun kamera əsərləri
ifaçılıq praktikasında və tədris
repertuarında möhkəm yer tutmuşdur. Xatırlatmaq yerinə düşərdi ki, 1995-ci ildə
bəstəkarın kamera əsərləri Moskvada
keçirilmiş beynəlxalq festivalın proqramına, 1998-ci
və 2000-ci illərdə Kiprdə keçirilən II və
IV beynəlxalq musiqi festivallarının proqramına daxil
edilmişdir.
Xüsusilə T.Bakıxanovun ən çox sevdiyi və
kiçik yaşlarından bütün qəlbi ilə
bağlandığı skripka aləti üçün
yazdığı əsərləri böyük maraq kəsb
edir. Bəstəkar bütün
yaradıcılığı boyu mütəmadi olaraq, bu alət
üçün kiçik həcmli pyeslərdən
tutmuş, konsertə kimi bütün janrlarda əsərlər,
o cümlədən, ondan artıq sonata və sonatina bəstələmişdir.
Bunlardan “Şərq sonataları silsiləsi”
diqqətəlayiqdir. Bu silsiləyə “Türk
sonatası”, “İran sonatası”, “Ərəb sonatası”, “Azərbaycan
sonatası” və s. daxildir ki, həmin əsərlərdə
bəstəkar Şərq xalqlarının milli musiqisinə
müraciət etmiş, bu ölkələrdə
yaradıcılıq ezamiyyətində olarkən
topladığı materiallar əsasında bəstələmişdir.
O, hər bir xalqa məxsus milli koloriti təbiət təsvirləri,
lirik-dramatik obrazlar vasitəsilə özünəxas bir tərzdə
əks etdirmiş, xalq musiqi elementlərindən bacarıqla
faydalanmışdır. Bundan başqa,
T.Bakıxanov viola, violonçel, fleyta və fortepiano
üçün də sonatalar bəstələmişdir.
Onu da deyək ki, Azərbaycan musiqisində viola
üçün sonata janrının yaranması
T.Bakıxanovun adı ilə bağlıdır.
T.Bakıxanovun kamera-instrumental əsərləri onun
simfonik yaradıcılığı ilə yanaşı
inkişaf etmiş, buna görə də bu iki sahənin
bir-birinə qarşılıqlı təsiri olmuşdur. Əgər
kamera musiqisi T.Bakıxanovun üslubunun formalaşması
üçün, bir növ yaradıcılıq
laboratoriyası idisə, simfonik musiqi onun sənətkarlıq
səviyyəsinin göstəricisinə çevrilmişdir.
Bəstəkarın simfonik əsərləri onun irihəcmli
formaya bələdçiliyini, professionallığını
parlaq surətdə nümayiş etdirir. Müxtəlif
illərdə yazılmış simfoniyaların partiturası
milli koloriti, musiqi obrazlarının aydınlığı,
emosional mövzuları ilə yanaşı, həm də bəstəkarın
ifadə vasitələrindən məharətlə istifadə
etməsini göstərir. Simfonik
yaradıcılığında da bəstəkarın
ömür yolunun təsirli anları öz əksini
tapmışdır. 5 saylı “Nigar”
simfoniyası bəstəkarın vaxtsız həyatdan
getmiş qızına həsr olunub. Bu
simfoniya psixoloji təsir qüvvəsinə, qəlbləri riqqətə
gətirən musiqisinə görə milli simfonizmin gözəl
nümunələri ilə bir sırada durur.
Böyük simfonik orkestr üçün 6 saylı “Türk
simfoniyası”, eləcə də kamera orkestri
üçün “Quzey Kıbrıs fasılları”
(“Şimali Kipr lövhələri”), “Quzey Kıbrıs”
süitası bəstəkarın Türkiyəyə səfərlərinin
zəngin təəssüratlarını əks etdirir.
T.Bakıxanov, həmçinin, çox sayda instrumental
konsertlərin müəllifidir. Bunlardan skripka, viola,
violonçel, fleyta, qoboy, klarnet, truba və tar
üçün konsertləri musiqimizdə bu janr sahəsini zənginləşdirən
əsərlərdir. T.Bakıxanovun bu alətlər
üçün yazdığı konsertləri özünəməxsus
səs koloriti, simfonik təfəkkürün dərin
qatlarına varması ilə diqqəti cəlb edir. Xüsusilə, bəstəkarın violonçel
üçün birinci Konserti musiqi dilinin parlaq boyaları, ehtiraslı
melodik inkişafı və emosional dolğunluğu ilə
yaddaşlara həkk olunmuşdur.
Həmin Konsert ilk dəfə Moskvada professor
S.Knuşevitskinin ifasında, sonra isə Bakıda professor
S.Əliyevin ifasında səslənərək, böyük
müvəffəqiyyət qazanmışdır. 1958-ci ildə Azərbaycan Bəstəkarlar
İttifaqının idarə heyəti tərəfindən
T.Bakıxanovun violonçel ilə simfonik orkestr
üçün birinci Konsertinin ilk dinləyişindən
sonra Qara Qarayev bəstəkarı təbrik edərək
demişdir: “T.Bakıxanov fəxr edə bilər ki, Azərbaycan
musiqi tarixində ilk violonçel konsertinin müəllifidir”. Müəlliminin yüksək rəyindən ruhlanan
T.Bakıxanov sonrakı illərdə də Azərbaycan
musiqisində hələ istifadə olunmamış janrlara
müraciət etmişdir. Bu qəbildən
onun fleyta, qoboy, klarnet, truba, viola üçün konsertləri
Azərbaycan musiqisində bu alətlər üçün
yazılmış ilk konsertlər kimi qeyd olunmalıdır.
T.Bakıxanovun instrumental yaradıcılığında
ikili konsertlər də mühüm yer tutur. Ümumiyyətlə, bəstəkarlar
tərəfindən çox az müraciət
olunan bu janrda T.Bakıxanov 2 əsər yaratmışdır:
skripka və violonçel ilə simfonik orkestr
üçün İkili konsert, həmçinin, tar və
skripka ilə simfonik orkestr üçün İkili konsert. Sonuncu adını çəkdiyimiz əsər bəstəkarın
Azərbaycan xalq çalğı aləti tarın və
Avropa musiqi aləti skripkanın səslənmə və
ifaçılıq imkanlarının
uzlaşdırılması baxımından maraqlıdır.
Bu, Şərq və Qərb musiqi ənənələrinin
qovuşdurulması yolunda bəstəkarın uğurlu nailiyyətlərindəndir.
Həmin konsertin ilk ifaçıları tarzən,
Əməkdar artist Həmid Vəkilov və skripkaçı
Əlimuxtar Babayev olmuşlar. Lakin 2010-cu
ildə bəstəkar bu əsərə yenidən
qayıdaraq, onun yeni redaktədə ifasını Əməkdar
artistlər tarzən Sahib Paşazadəyə və
sripkaçı Töhfə Babayevaya həvalə etmişdir.
T.Bakıxanovun instrumental konsertlərinə xas olan
xüsusiyyətlərdən biri ifaçı
üçün sərbəst improvizasiya imkanlarının
yaradılmasıdır. Bu da bəstəkarın konsert
janrının əsas xüsusiyyətini - solist ilə orkestr
arasında yarışmanı gözəl duymasından və
alətin texniki imkanlarını nümayiş etdirmək
bacarığından irəli gəlir. Bu
baxımdan bəstəkarın ifaçılar ilə
yaradıcılıq ünsiyyəti gözəl bəhrə
verir.
Ümumiyyətlə,
T.Bakıxanov əsərlərini yaradarkən, janrından
asılı olmayaraq, çox zaman konkret ifaçıları
nəzərdə tutur və əsərin yaranma prosesində
bu ifaçılarla aparılan iş diqqətəlayiq nəticələrə
gətirib çıxarır. Bu qəbildən Tofiq
Bakıxanovun instrumental əsərlərinin
ifaçılarını - violonçelçalan Sabir
Əliyev, Eldar İsgəndərov, skripkaçılar Azad
Əliyev, Əlimuxtar Babayev, Sərvər Qəniyev,
fleytaçılar Ələkbər İsgəndərov,
Telman Hacıyev, pianoçular Zöhrab Adıgözəlzadə,
Validə Vəkilova, Səidə Behbudova və
başqalarını qeyd etmək olar. Onun əsərləri
nəinki respublikamızın tanınmış
ifaçıları, eləcə də S.Knuşevitski,
V.Simon, E.Altman, T.Priymenko (violonçel, Moskva), Q.Baykov (skripka,
Bolqariya), K.Korneyev (fleyta, Moskva), V.Oqlobin (fleyta, Novosibirsk),
R.Branovskaya (fortepiano, Moskva), E.Pudoviçkin (skripka, Belqorod)
kimi xarici ifaçılar tərəfindən geniş dinləyici
kütləsinə çatdırılmışdır.
Bəstəkarın əsərlərinin səsləndirilməsinə
Ç.Hacıbəyov, R.Abdullayev, R.Məlikaslanov,
K.Əliverdibəyov, Ə.İsrafilzadə, Ə.Cavanşir,
İ.Şpiller (Moskva), C.Dalqat, K.Eliasberq (Sankt-Peterburq), L.Viqner
(Vilnüs) kimi dirijorlar rəhbərlik etmişlər.
Bu, əlbəttə ki, T.Bakıxanovun əsərlərinin
ifaçılarının tam siyahısı deyil. Daim tədris
və konsert repertuarlarını bəzəyən
T.Bakıxanovun əsərləri yeni ifaçı nəsillərin
yetişməsinə rəvac verir.
Tofiq Bakıxanov yaradıcılığı boyu səhnə
janrlarına da müraciət etmiş, üç balet bəstələmişdir. Qeyd etmək
lazımdır ki, bəstəkar bu sahədə də
öncül olaraq, birpərdəli baletlərin ilk nümunəsini
yaratmışdır. Onun Xəzər neftçilərinin
əməyindən bəhs edən “Xəzər balladası”,
rus şairi Sergey Yeseninin həyat və
yarıdıcılığına həsr olunmuş “Şərq
poeması”, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri
əsasında “Xeyir və Şər” baletləri Azərbaycan
balet sənətini zənginləşdirmişdir.
Xüsusilə musiqi tarixində dəniz neftçilərinin
çətin və rəşadətli əməyinə həsr
olunmuş ilk balet olan “Xəzər balladası” müəllifinə
ölkəmizdə, eləcə də onun hüdudlarından
kənarda böyük şöhrət gətirmişdir. Bu birpərdəli balet
1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet
Teatrında tamaşaya qoyulduqdan sonra (baletmeysterlər Rəfiqə
Axundova və Maqsud Məmmədov) tezlikdə Moskva,
Sankt-Peterburq, Kiyev və keçmiş SSRİ-nin digər
şəhərlərində, eləcə də Fransanın
bir neçə şəhərlərində, Lüksemburqda və
Monte-Karloda göstərilmişdir. Əlamətdardır
ki, “Xəzər balladası” baleti Moskvanın Qurultaylar
Sarayında oynanılmışdır. Xaricdə isə
bu balet 30 dəfədən çox nümayiş
etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi,
Eks-Provans, Monpelye şəhərlərində tamaşaya
qoyulmuşdur. Əsər Parisdə keçirilən
VII Beynəlxalq rəqs festivalında “Şan Elize” teatrında
oynanılaraq böyük uğur qazanmışdır.
Müsahibələrinin birində Qara Qarayev qürurla
qeyd edirdi ki, “Paris Azərbaycan baletinin varlığını
etiraf etdi”. Həmin festivalda Fərəc Qarayevin “Qobustan kölgələri”
və Rauf Hacıyevin “Azərbaycan süitası” birpərdəli
baletləri də böyük uğurla nümayiş
etdirilmişdi. Və buna işarə edərək,
Q.Qarayev deyirdi: “Paris tamaşaçıları
qarşısında sanki qısa şəkildə
xalqımızın tarixi - qədim Qobustandan
başlamış Neft Daşlarına kimi inkişaf
dövrü canlanır”.
Tofiq Bakıxanov bəstəkar Nəriman Məmmədovla
birlikdə üç musiqili komediya bəstələmişdir. Bunlar “Altı
qızın biri pəri” (librettosu Ə.Əlizadənindir), “Məmmədəli
kurorta gedir” (librettosu A.Babayevindir), “Qız görüşə
tələsir” (librettosu A.Babayevindir) musiqili
komediyalarıdır. Mövzusu gündəlik
həyatımızdan götürülən bu əsərlərdə
məişətimizdə kök salmış eybəcər cəhətlər,
mənfi tiplər, fırıldaqçılar satirik planda tənqid
atəşinə tutulur. Vaxtilə Şıxəli
Qurbanov adına Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında bu əsərlər böyük
uğurla səhnəyə qoyulmuşdu.
T.Bakıxanov rəngarəng məzmunlu, gözəl
mahnı və romansların da müəllifidir. Onun “Sevməyir qoy sevməsin”,
“Gözəlliklər məskəni”, “Özbək bacım”,
“Sevən könül” mahnıları xalqımızın sevə-sevə
dinlədikləri mahnılardandır. Vokal
yaradıcılığında bəstəkar klassik və
müasir Azərbaycan şairlərinin şeirlərinə
müraciət edir. Bəstəkarın
yaratdığı vokal məcmuələr də diqqətəlayiqdir.
Bunlardan “Firdovsini yad edərkən”, “Nigar”, “Ürək
sözü”, “Qüdsidən söz düşərkən”, 2
dəftərdən ibarət “Qüdsi” romanslar məcmuələrində
incə zövqlü vokal miniatürlər
toplanmışdır.
Tofiq Bakıxanovun yaradıcılığının
mövzu dairəsi çox genişdir. Onun Azərbaycanın
müasir tarixinə, ölkəmizin həyatında baş verən
hadisələrə, insanların arzu və istəklərinə
həsr olunmuş əsərləri vətənpərvər
bir sənətkarın duyğularını,
baxışlarını əks etdirir. Bu
baxımdan T.Bakıxanovun yaradıcılığında Vətənimizin
gözəlliklərinin tərənnümü, igid
oğullarının vəsfi xüsusilə önəmlidir.
T.Bakıxanovun “Qarabağ harayı”
simfoniyası bəstəkarın vətəndaşlıq
mövqeyinin təzahürü olub, müasir tariximizin
qanlı səhifələrini canlandıraraq, bəstəkarın
düşüncələrini əks etdirir. Onun “Azərbaycan” simfoniyası, “Naxçıvan”
simfoniyettası Vətənimizin möhtəşəm musiqi
tablosudur.
T.Bakıxanovun yaradıcılığında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevə həsr
olunmuş əsərlər xüsusi yer tutur. “Dünya
durduqca yaşa” - səs, xor və kamera orkestri
üçün oda, “Həmişə bizimləsən”
simfonik poeması, “Salam olsun” muğam-poeması ulu öndərin
parlaq musiqi obrazını yaradan sənət əsərləridir.
Onu da deyək ki, millilik, insanpərvərlik, həyati
mövzulara müraciət, lirik-dramatik səpkili obrazlar dairəsi
T.Bakıxanovun yaradıcılıq dəst-xəttinin səciyyəvi
xüsusiyyətləri kimi daim diqqəti cəlb edir. Bu da onun əsərlərinin
ifaçılıq praktikasında və tədris
repertuarında möhkəm yer tutmasını və Azərbaycandan
kənarda da müvəffəqiyyətini təmin edən
amildir.
T.Bakıxanov Azərbaycan musiqi sənətinin təbliği
yolunda fəal çalışır. Onun Macarıstan, Rumıniya,
Bolqariya, Türkiyə, İran, Avstriya, İsveçrə,
Fransa, Almaniya, Belçika, İngiltərə, Şotlandiya və
digər ölkələrə yaradıcılıq səfərləri
sənət dostları ilə ünsiyyət qurmaqla
yanaşı, həm də Azərbaycan musiqisini dünyaya
tanıtmaq marağı ilə bağlı olmuş və o,
musiqimizin layiqli təmsilçisi kimi
tanınmışdır. Bu yazıda biz bəstəkarın
yaradıcılığı onun ömür yolu deməkdir.
Biz bəstəkarın ömür yolunu
qısaca vərəqlədik, yaradıcılıq mərhələlərini
işıqlandırmağa çalışdıq.
Bu gün Tofiq Bakıxanov ömrünün kamil
dövrünü yaşayır. Lakin o, əldə
etdiyi uğurlarla qane olmayaraq, sənətdə daim
axtarışlar aparır, yaradıcılıq planları
qurur. Azərbaycan Bəstəkarlar
İttifaqının yığıncaqlarında,
plenumlarında, respublikanın musiqi həyatında,
keçirilən tədbirlərdə fəal iştirak edir.
90 yaşını qeyd edən sənətkarımıza
uzun ömür, cansağlığı, Azərbaycan musiqi mədəniyyətinin
yüksəlişi naminə yeni-yeni sənət
uğurları arzulayırıq.
Cəmilə
HƏSƏNOVA,
Azərbaycan
Bəstəkarlar
İttifaqının
məsul katibi,
Sənətşünaslıq
üzrə
elmlər
doktoru, professor.
Respublika.- 2020.- 8 dekabr.- S.6.