Canaxırın qəhrəman oğlu
Tovuz döyüşləri başlayandan özünü qeyri-adi aparır, bütün günü xəbərləri izləyirdi. Bir də eşitdik ki, Rahim hərbi komissarlığa gedib. Özünü orduya könüllü yazdırıb. Sentyabrın 27-də Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsi başladı. Kənd uşaqlarından bir neçə nəfərinə çağırış vərəqəsi gəldi. Rahimin narahatlığı artmağa başladı. Bəs məni niyə çağırmadılar? - deyə kənd İcra nümayəndəliyinə getdi. Bir gün sonra - sentyabrın 29-da ona çağırış vərəqəsi gəldi. Özü də bir neçə gün idi ki, diş ağrısından əziyyət çəkirdi. Dedim ki, oğlum, bir-iki gün qalıb dişini müalicə edəndən sonra gedərsən. “Bir dəqiqə də qala bilmərəm. Mən bu gündən əsgərəm. Getməliyəm. Orada olmalıyam”, - dedi. Getdi. 40 gündən sonra qəhrəman, şəhid kimi qayıtdı doğma Canaxıra - deyə atası Rafik kişi onun haqqında aramla, kədərlə danışır.
Bu kiçik yazımızda torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizdən biri - Xaçmaz rayonunun Canaxır kəndində boya-başa çatan Rahim Sərdarlını yad edirik.
Ailədə üç övladın ən böyüyü idi Rahim. Həqiqi hərbi xidmətə 2014-cü ilin oktyabr ayında çağırılmışdı. Astarada 3 ay xidmət keçdikdən sonra döyüş bölgəsinə - Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində ön xəttə xidmət etmişdi. 2016-cı ilin aprelin 1-də hərbi xidməti başa çatmışdı. Lakin aprel döyüşləri başladı. O, sona kimi bu döyüşlərdə iştirak etdi. Sonra ordudan tərxis olundu.
Rafik kişi deyir ki, heç bir ata övladı üçün pis deməz. Onu ancaq tərifləyər. Amma mən olanı deyirəm. Rahim üzdən çox sakit, mülayim bir uşaq idi. Heç deməzdin ki, onun ürəyində bu qədər torpaq, vətən sevgisi var. Torpaqlarımızın işğalda qalmasını özünə əməlli-başlı dərd eləmişdi. Ancaq nikbin idi. Deyirdi ki, ata, gec-tez biz torpaqları geri qaytaracağıq. Amma sözlə yox, əməllə, silah gücü ilə. O silahın biri də mənim əlimdə olacaq. Hərbi xidmətdə olanda mən hiyləgər erməninin qəddarlığını da görmüşəm. Bu qəddar düşməni ancaq Ali Baş Komandanın əmri ilə qüdrətli ordumuz başa salacaq. Hərbi xidmətdən qayıtdıqdan sonra sanki, qarşıdakı döyüşlərə hazırlaşırmış. İdmanla məşğul olurdu. Rayonda həvəskarlardan ibarət futbol komandası yaratmışdı. Özü də komandanın kapitanı idi.
44 günlük Vətən müharibəsində 40 günlük şərəfli döyüş yolu keçdi. Əlindəki snayperlə çoxlu düşmən məhv etdi. Xidmət etdiyi taboru qızğın döyüşlər zamanı Füzuliyə apardılar. Xocavənddə vuruşdu. Şuşa istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi.
Noyabrın 6-da mənə son zəngi gəldi. Atası dərindən köks ötürərək danışır. Rahim dedi ki, ata, tezliklə Şuşanı alırıq. Qələbəyə lap az qalıb. Sən evdə səliqə-sahman yarat. İşlərini gör. Gəlib öz həyətimizdə kiçik məclis qurarıq. Noyabrın 7-dən 8-nə keçən gecə ölüm-dirim savaşı gedirdi. Döyüş yoldaşlarından biri söyləyir ki, Rahim bu döyüşdə qrantamiyotla vuruşurdu. O, hamımızdan fərqlənirdi. Biz bir atanda, o iki atırdı. Aramızda yaralılar var idi. Düşmənin aramsız atəşi onları götürməyə imkan vermirdi. Rahim qorxmadan bir əlində qrantamiyot, bir əlində yaralıları dartırdı. Səhər atışma yenə davam edirdi. O, ürəyi dözməyi yaralı əsgərləri xilas etməyə getdi. Gözlədik-qayıtmadı. Bir qədər ara sakitləşəndən sonra dalınca getdim. Dəhşətli səhnə idi. Əsgər yoldaşı qucağında özü də can verirdi. Onun həlak olması xəbəri tezliklə Şuşada döyüşən əsgərlərimizə çatdı. Mayın 8-də Şuşada Azərbaycan bayrağını sancan əsgərlər Şuşa uğrunda şəhid olan yoldaşlarının, o cümlədən Rahimin şərəfinə yaylım atəşi açdılar.
Nişanlı idi. Bu il ailə qurmağa hazırlaşırdı. Gözəl arzuları var idi. Yarımçıq qaldı. Özü yaşamadı. Amma canından əziz saydığı Vətən - Azərbaycan yaşadı. Rahim kimi igid oğulların qanı hesabına xalqımız düşmən üzərinə zəfər çaldı. İndi uyuduğu Canaxır kənd qəbiristanlığında Qarabağ uğrunda şəhid olan 2 igidin qəbri var. Atası Rafik kişi heç kəsi gözləmədən burada “Şəhid bulağı” tikməyə başlayıb. Bizimlə söhbətdə - “mən bununla özümə təskinlik tapıram”, dedi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bir də onunla təskinlik tapıram ki, şəhidlərimizin qanı hədər getmədi. Sağ olsun böyük sərkərdəmiz, Prezidentimiz. Onun düşünülmüş, ağıllı siyasəti, ordumuzun qüdrəti ilə torpaqlarımız işğaldan azad olundu.
Bu günlər Canaxırda hamı Rahimin qəhrəmanlığından danışır. Hələ uzun illər onun igidlikləri dillərdən düşməyəcək. Əziz xətirəsi həmyerlilərinin qəlbində əbədi yaşayacaqdır.
Ziyafəddin BAYRAMOV
Respublika.- 2020.- 8 dekabr.- S.7.