Vətən müharibəsi böyük qələbə ilə tarixə yazıldı

 

İkinci Qarabağ müharibəsi çağdaş Azərbaycan tarixinə qaranlıqdan xoş gələcəyə boylanan günəş kimi doğdu. Belə ki, sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Ali Baş komandan İlham Əliyevin dəmir iradəsi və müzəffər Azərbaycan Ordusunun qətiyyətli əks-hücum həmlələri nəticəsində qələbə ilə başa çatdı.

 

Bununla da, Azərbaycan son iki əsrdə üzləşdiyi müharibələrdən fərqli olaraq torpaq itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa etməklə yeni bir zəfər tarixinə imza atdı. Vətən savaşının 1-ci fazasında Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının, Hadrut, Suqovuşan, Talış və bir sıra strateji yaşayış məntəqələrimizin düşmən tapdağından azad edilməsi dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını vahid dövlətçilik məfkurəsi ətrafında birləşdirməklə, onlara hədsiz sevincqürurlu anlar yaşatdı. Bu baxımdan Ukraynada yaşayan 500 mindən çox Azərbaycanlı da özlərini tarixi vətənimizin sıravi əsgəri hesab edərək, istənilən zaman silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirdilər. Vətən müharibəsinin başladığı ilk gündən istər Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, istərsə də, Azərbaycan diasporunun nümayəndələri mütəmadi olaraq Ukraynanın KİV və aparıcı televiziya kanallarında çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla geniş tamaşaçı kütləsinə çatdırmaqla, bu ağır və həssas məqamlarda maddi və mənəvi olaraq dövlətimizin və ordumuzun yanında olmağı bacardılar.

 

Müharibənin başladığı ilk gündən döyüş meydanında qəhrəmanlıq şücaəti göstərən yenilməz Azərbaycan ordusunun qədim mədəniyyət beşiyimiz sayılan Şuşanı işğaldan azad etməsi isə dünya Azərbaycanlılarının sınmış qüruru,əyilmiş qamətini dirçəltdi.

 

Şuşa zəfərindən sonra 72 kəndin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistanı hərbi kapitulyasiyaya məcbur etdi.

 

Ordumuzun əldə etdiyi qələbənin nəticəsi olaraq noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan birgə bəyanat təbii ki, işğalçı ölkənin təslimçilik aktıdır. Məhz bu bəyanata əsasən işğalçı Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılmasına məcbur oldu. Təbii ki, döyüş meydanında yerlə-yeksan olan, ordusu darmadağın edilən bir dövlətin bundan başqa çıxış yolu da ola bilməzdi.

 

Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan ötən dövr ərzində beynəlxalq hüquq praktikasında və regionda yeni reallıqlar yaratdı. 27 ildən sonra BMT Təhlükəsizlik Şurasının qətnamələri hərb meydanında icra olundu. Ədalət, beynəlxalq hüququn mövcudluğu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Ermənistanın son illər dünyaya diktə etdiyi yalan və hiylələr ifşa olundu. Prezident İlham Əliyev münaqişənin hərb variantının mümkünsüzlüyünü qeyd edən ölkə rəhbərlərinə düşüncələrinin nə qədər yanlış olduğunu sübut etdi.

 

Bütövlükdə, 44 günlük Vətən müharibəsi müstəqil Azərbaycan dövlətinin gücünü, qüdrətini bütün dünyaya göstərdi. Bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya savaşında nümayiş etdirdiyi cəsarət, inadkarlıq, əzmkarlıq və peşəkarlıq qələbənin əldə olunmasında müstəsna rol oynadı. Son iki yüz ildə ilk dəfə olaraq harada yaşamasından, dinindən, milliyyətindən və siyasi düşüncəsindən asılı olmayaraq hər bir azərbaycanlı yumruq kimi birləşərək, dövlətimizin və onun rəhbərinin yanında olmağı bacardı. Bu həm də dünya birliyinə bir mesajsiqnal oldu. Xalqla onun Lideri arasında olan sarsılmaz birlik bizi istəyənlərin sevincinə, istəməyənlərin məyusluğuna səbəb oldu.

 

Azərbaycan ordusunun 44 gündə döyüş meydanında göstərdiyi qəhrəmanlıq, şücaət hələ uzun illər müzakirə obyekti olacaq. Hərbi əməliyyatların başladığı ilk gündən Ukraynanın kütləvi informasiya vasitələri və aparıcı televiziya kanalları da ordumuzun həyata keçirdiyi taktiki gedişatların müzakirəsinə xüsusi yer ayırır. Ukraynanın hərbi ekspertləri Azərbaycan ordusunun mürəkkəb relyef şəraitində nümayiş etdirdiyi peşəkarlığı, güclü müdafiə sisteminə malik olan Ermənistan ordusunu qısa zaman kəsiyində yerlə-yeksan edərək məğlub etməsini qüdrətli Azərbaycan dövlətinin monolit gücə malik olmasının bariz nümunəsi kimi səciyyələndirirlər. Hadisələrin gedişatını ilk gündən diqqət mərkəzində saxlayan ukraynalı politoloqlarsiyasi ekspertlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlixarici jurnalistlərə verdiyi müsahibələri şərh edərək, onun son dərəcə hazırlıqlı, təmkinli, əsl dövlət xadiminə xas olan cəsarətli çıxışlarına diqqət çəkərək, hərb meydanında qələbənin əldə olunmasında iqtidarla xalq arasında mövcud olan sarsılmaz birliyin xüsusi önəm kəsb etdiyi düşüncəsini ortaya qoyublar. Dost ölkənin dövlət və hökumət rəsmiləri, ictimai, siyasi xadimləri də Azərbaycanın apardığı haqq savaşına birmənalı olaraq dəstək verdilər. Onların bu ağır dönəmlərdə Azərbaycanın yanında olmaları, təbii ki, xalqlarımız arasındakı uzun əsrlik dostluq əlaqələrindən və ölkəmizin xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən qaynaqlanır.

 

Artıq Vətən müharibəsi böyük qələbə ilə xalqımızın tarixinə yazıldı. Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin Dağlıq Qarabağı və ətraf rayonları əvvəlkindən daha gözəl və əzəmətli görkəmə qaytaracağına heç kimin şübhəsi yoxdurola da bilməz. Bu baxımdan Prezident İlham Əliyevin dekabrın 1-də xalqa müraciətində söylədiyi “bizim ölkəmiz üçün yeni dövr başlayır” fikri də ölkəmizin xoş və işıqlı gələcəyinə hesablanıb: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyükqürurlu xalq kimi yaşayacağıq”.

 

Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətçiliyi strategiyasını böyük uğurla davam etdirir. O, ulu öndərin vaxtilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamını həyati reallığa çevirmək istiqamətində ardıcıl və inamlı tədbirlər həyata keçirir. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən qlobal nəqliyyat dəhlizinə, dünyanın tolerantlıq mərkəzinə çevrilib. 44 günlük Vətən müharibəsi bironu sübut etdi ki, Azərbaycan ordusu bölgənin ən güclü və qüdrətli ordusudur. Bu ordunun qurucusu və müəllifi isə Qalib Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevdir!

 

 

 

Möhsüm QƏDİROĞLU,

Respublika” qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə

xüsusi müxbiri.

 

Respublika.- 2020.- 6 dekabr.- S.4.