N.Nərimanov və “Azərnəşr”in
yaranması, Azərbaycanda kitab nəşri
Azərbaycan Dövlət
nəşriyyatı-100
Azərbaycanda müasir anlamda nəşriyyat işi birbaşa “Azərnəşr”in adı ilə bağlıdır. 1920-ci ilə qədər Azərbaycanda müxtəlif yönlü müstəqil, yəni şəxsi və ayrı-ayrı şirkətlərə məxsus olan nəşriyyat və mətbəələr fəaliyyət göstərirdi. Onların fəaliyyətlərinin bir-birilə əlaqələndirilməməsinə, dağınıqlığına baxmayaraq, hər birinin Azərbaycanda kitab nəşrinin inkişafında və kitab mədəniyyətinin zənginləşməsində böyük xidməti olmuşdur. Burada Orucov qardaşlarının mətbəəsini ayrıca qeyd etmək lazımdır. Bizim ilk dərsliklərimizin və digər kitablarımızın çoxu burada işıq üzü görmüşdür. Lakin bu mətbəələr nə strukturuna, nə kadr potensialına, nə peşəkarlıq səviyyəsinə görə “Azərnəşr”lə yanaşı qoyula bilməz.
1920-ci ildə Azərbaycanda Sovet höküməti qurulduqdan sonra həyatın digər sahələrində olduğu kimi, kitab nəşrində də böyük dönüş yarandı. Birinci növbədə, mövcud nəşriyyat və mətbəələr milliləşdirildi. Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən 1920-ci il may ayının 8-də “bütün mətbəələrin, kağız ehtiyatlarının və mətbuat vasitələrinin milliləşdirilməsi haqqında” Dekret qəbul edildi. Bu dekretlə Azərbaycandakı bütün mətbəə və nəşriyyatlar kağız ehtiyatları və avadanlıalqrı ilə birlikdə dövlətin tabeçiliyinə keçirildi. Milliləşdirmədən sonra artıq özəl mətbəə və nəşriyyatdan söhbət gedə bilməzdi. Bununla da Azərbaycanda özəl nəşriyyat və mətbəələrin fəaliyyətinə son qoyuldu. Bu dekretin verilməsi Azərbaycanda dövlət nəşriyyatının yaradılması istiqamətində atılmış ilk addım idi. Sözsüz ki, milliləşdirmə haqqındakı həmin dekretdən sonra dövlət nəşriyyatının yaradılacağı gözlənilirdi.
1920-ci il aprel çevrilişindən sonra həyatın sürətlə dəyişməsi, hadisələrin gözlənilməyən axarı Azərbaycanda kitaba və mətbuata tələbatı güclü şəkildə artırmışdı. İnsanların oxumağa marağı güclənmişdi. Yüz illərlə oxumaq aclığı çəkmiş beyinlərini doydurmaq istəyirdilər. Mövcud nəşriyyat və mətbəələrin bu tələbatı ödəyəcək qədər poliqrafiya imkanları yox idi. Ona görə də güclü maddi-texniki bazası və peşəkar kadr potensialı olan dövlət nəşriyyatının yaranması zərurəti qarşıya çıxmışdı. Bunu Azərbaycan Xalq komissarları sovetinin sədri N.Nərimanov çox yaxşı duyurdu və kitabsız gənc dövlətin gələcəyinin olmadığını görürdü. Bu həm də N.Nərimanovun kitaba və nəşriyyata münasibətinin yeni yaranmış dövlətin kitab və nəşriyyat siyasətinin əsasında durması ilə bağlı idi. Əslində həmin illərdə dövlətin əksər sahələr üzrə siyasəti N.Nərimanovun şəxsi münasibəti əsasında formalaşırdı. Dövlət nəşriyyatının yaradılması da sözsüz ki, N.Nərimanovun çoxdankı arzusuydu. Bu arzusunu gerçəkləşdirmək üçün indi onun əlinə yaxşı fürsət düşmüşdü.
1920-ci il aprel ayının 28-də müstəqil Azərbaycan dövləti olan və cəmi iyirmi üç aylıq ömür yaşamış Azərbaycan Demokratik Respublikası XI Qızıl Ordunun süngüsü ilə yıxıldı, yerində Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Sözsüz ki, bu zaman birinci dərəcəli vəzifə gənc Respublikanın dövlət qurumlarını yaratmaqdan ibarət idi. Lakin dövlət nəşriyyatının yaranması da N.Nərimanovun nəzərində digər dövlət qurumları qədər vacib və təxirəsalınmaz bir iş hesab olunurdu. Bunu nəzərə alaraq N.Nərimanov 1920-ci il iyun ayının 9-da 40 saylı dekret imzaladı. Azərbaycan Dövlət Nəşriyyatı 1920-ci ildə Nəriman Nərimanovun imzaladığı həmin Dekretlə yaradıldı və bütün şərqdə ilk dövlət nəşriyyatı idi. “Azərnəşr”in yaradılması Azərbaycan kitab nəşri tarixində mühüm bir hadisəydi. Bu dekretin adı və məzmunu Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in məhz həmin tarixdə yarandığını aydın göstərir.
Respublikadakı bütün idarə və təşkilatlara ayrılmış kağız ehtiyatları və pul vəsaitləri “Azərnəşr”ə qaytarılmışdır. Dekretin beşinci bəndindən aydın olur ki, “Azərnəşr”in nəşr etdiyi kitablar xalqa pulsuz paylanmışdır. Deməli, dövlət kitab nəşri üçün kifayət qədər vəsait ayırırdı. Bunun həmin dövrdə çox böyük önəmi vardı. N.Nərimanov Azərbaycanı güclü inkişaf etmiş dövlət kimi görmək istəyirdi. O yaxşı başa düşürdü ki, elmsiz inkişaf mümkün deyil. Birinci növbədə bütün sahələr üzrə kadr potensialı yetişdirmək lazımıydı. Kadr hazırlamağın da yeganə yolu təhsildən keçirdi. Deməli, inkişaf elmlə, elm təhsillə, hər üçü də kitabla bağlıydı. Kitabların xalqa pulsuz çatdırılması da məhz təhsilin genişləndirilməsinə, xalqın savadlanmasına, elmin inkişafına xidmət edirdi və bunları həyata keçirmədən Azərbaycanı güclü dövlətə çevirmək mümkün olmazdı. “Azərnəşr”in yarandığı ilk illərdə daha çox dərslik nəşr etməsi də bu ehtiyacların yetərincə ödənilməsi ilə bağlıydı.
Dekretin altıncı bəndindən aydın görünür ki, “Azərnəşr” kollegial idarə edilmişdir. Onun idarə edilməsi eyni vaxtda üç nəfərə tapşırılmışdır. Nəşriyyatın ilk direktorlarından biri böyük yazıçımız Məmməd Səid Ordubadi olmuşdur.
“Azərnəşr” təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dövlət nəşriyyatı idi. Sevindirici haldır ki, bütün Şərqdə ilk Demokratik Respublika da Azərbaycanda qurulmuşdu, ilk Dövlət Nəşriyyatı da burada yaradılmışdı.
Dekretin və Qərarın həm adında, həm də mətnində bir neçə dəfə “Dövlət nəşriyyatı” ifadəsinin işlənməsi “Azərmərkəzimətbuat”ın bugünkü “Azərnəşr” olduğunu təsdiqləyir. Bundan başqa, 1920-ci ildə həmin nəşriyyatın buraxdığı kitabların titul səhifələrində “Azərbaycan Şura Dövlət Nəşriyyatı” sözləri yazılmışdır. Onlara nümunə olaraq tanınmış Azərbaycan yazıçısı Abdulla Şaiqin “Ədəbiyyat dərsliyi” və L.N.Tolstoyun “Hekayələr” kitablarını göstərmək olar. “Azərbaycan Şura Dövlət Nəşriyyatı” sözləri “Azərmərkəzimətbuat”ın ilk gündən elə Azərbaycan Dövlət Nəşriyyatı olduğunu aydın göstərir.
“Azərnəşr” İik illərdə başlıca olaraq dərsliklər, uşaq ədəbiyyatı, bədii və elmi-kütləvi ədəbiyyatlar nəşr edirdi. Lakin sonrakı dövrlərdə çoxcəhətli inkişaf yolu keçmiş, öz fəaliyyətini günbəgün genişləşdirmiş, Azərbaycanda kitab nəşrinin və kitabçılıq işinin zamanın tələbləri səviyyəsində qurulmasında, oxucuların kitaba günbəgün artan tələbatının ödənilməsində, cəmiyyətin inkişafında və formalaşmasında, əhalinin savadlanmasında həmişə önəmli bir yer tutmuşdur. Başqa sözlə desək, uzun illər boyu Azərbaycanda kitab nəşrinin beşiyi başında “Azərnəşr” dayanmışdı.
Azərbaycanda yaranan digər nəşriyyatlar ayrı-ayrı vaxtlarda “Azərnəşr”in müvafiq redaksiyalarının bazası əsasında təşkil edilmişdir. Başqa sözlə desək, Azərbaycanda yaranmış bütün nəşriyyatların anası “Azərnəşr” olub.
“Gənclik” nəşriyyatı 1938-ci ildə “Azərnəşr”in bazasında yaradılmış, 1970-ci ilədək “Uşaqgəncnəşr” adlanmışdır. Bu nəşriyyat 1970-ci ildən “Gənclik” adı ilə Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi sistemində fəaliyyət göstərmişdir. Nəşriyyat əsasən yeniyetmələr və gənclər üçün kitablar nəşr etmişdir. Bir çox şair və yazıçıların ilk kitabları “Müəllifin ilk kitabı” seriyasından “Gənclik” nəşriyyatında işıq üzü görmüşdür. Burada “Dünya uşaq ədəbiyyatı” seriyasından 50 cild kitab nəşr edilmişdir. “Gənclik” nəşriyyatı tərcümə əsərlərinin nəşrinə də xüsusi yer ayırmış, dünya klassiklərinin ən gözəl əsərlərini ana dilində nəşr edib Azərbaycan oxucularına çatdırmışdır.
Sov.İKP Mərkəzi Komitəsinin 1960-cı ilin iyun ayında qəbul etdiyi “Düzgün olmayaraq yeni nəşriyyatlar təşkil etmək haqqında qərarında “Azərtədrisnəşr”in də (indiki “Maarif” nəşriyyatı) adı çəkilmişdir. Bu qərardan sonra Azərbaycan SSR Nazirlər Sovetinin 30 yanvar 1961-ci il tarixli qərarı qəbul olundu. “Respublika nəşriyyatlarının nizama salınması haqqında” adlanan bu qərarın əməli nəticəsi respublikamızda yeddi nəşriyyatın bağlanmasına gətirib çıxardı. 1963-cü ildə “Uşaqgəncnəşr” də bağlandı. Həmin dövrdə Azərbaycanda kitab nəşri işində bir qeyri-stabillik yarandı. Nəşr olunan kitabların ad və tiraj göstəriciləri arasındakı tənasüblük pozuldu. Azalmalar müşahidə olunmağa başladı.
“Uçaqgəncnəşr” yenidən “Gənclik” adı ilə fəaliyyətə başladı. Lakin1990-cı ildən sonra “Gənclik” nəşriyyatı çətinliklərlə üzlədi, böhran dövrünə düşdü.
“Maarif” nəşriyyatı 1960-cı ildə “Azərnəşr”in tədris-pedaqoji ədəbiyyat redaksiyasının bazasında yaradılmışdır. “Maarif” nəşriyyatının ilk adı “Azərtədrisnəşr” olmuşdur. Nəşriyyat sonralar “Maarif” adlandırılmışdır. Hər iki adın açılışı Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatıdır. Nəşriyyat əsəsən tədris-pedaqoji ədəbiyyat nəşri üzrə ixtisaslaşdırılmışdır. Burada orta ümumi təhsil, ali, orta ixtisas və texniki-peşə məktəbləri üçün dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, elmi-kütləvi ədəbiyyat, məktəb kitabxanaları üçün bədii əsərlər, rus dilini və xarici dilləri öyrənənlərə kömək məqsədilə kitabçalar, əyani vəsaitlər, məktəb proqramları və s. nəşr edilmişdir.
1990-cı ildən sonra “Maarif” nəşriyyatı da çətin böhranlarla üzləşmiş, qayğısızlıq və diqqətsizlik üzündən fəaliyyəti dayanmaq dərəcəsinə çatmışdır.
“Azərnəşr”in bədii ədəbiyyat redaksiyasının bazası əsasında 1978-ci ildə “Yazıçı” nəşriyyatı yaradılmışdır. Nəşriyyat əsasən bədii ədəbiyyat nəşri üzrə ixtisaslaşdırılmış, fəaliyyət göstərdiyi dövr ərzində minlərlə bədii və ədəbi-tənqidi kitablar nəşr etmişdir. Burada dünya ədəbiyyatından seçilmiş ən yaxşı əsərlərin nəşrinə də geniş yer verilmişdir. “Yazıçı” nəşriyyatında bir sıra seriyalar açılmışdır. Məsələn, 100 cildlik “Dünya ədəbiyyatı” kitabxanası belə seriyalardan biri olmuşdur.
“Elm” nəşriyyatı Azərbaycan Milli Elmlər Akademiyasının nəşriyyatıdır. 1945-ci ildə yaradılmışdır. Azərbaycanda elmi ədəbiyyat nəşri üzrə ixtisaslaşdırılmış ilk və yeganə nəşriyyatdır. Burada Azərbaycan alimlərinin elmin bütün sahələrinə aid orijinal əsərləri çap edilir. Bir çox elmi jurnalların nəşri də “Elm” nəşriyyatına tapşırılmışdır. Onlardan “Azərbaycan Ədəbiyyatşünaslığı”, “Ədəbiyyatşünaslıq və sənətşünaslıq”, “Müqayisəli ədəbiyyatşünaslıq”, həmçinin digər dövri nəşrlərin adlarını çəkmək olar.
“Elm” nəşriyyatında ilk dəfə olaraq çoxcildlik elmi nəşrlər işıq üzü görmüşdür. Üç cildlik “Azərbaycan tarixi”, 7 cildlik “Azərbaycan geologiyası”, 8 cildlik “Azərbaycan florası”, 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” belə kitablardır. Bundan başqa, nəşriyyat “Azərbaycan nefti”, “Azərbaycan mikroflorası” kimi sanballı monoqrafiyalar da buraxmışdır. Burada “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından biblioqrafiya kitabları da işıq üzü görmüşdür. Son vaxtlar AMEA-nın təsisçisi olan akademiklərdən Səməd Vurğun, Yusif Məmmədəliyev, Mirəli Qaşqay və başqalarının hər biri haqqında nəfis tərtibatla ayrıca kitab nəşr edilib.
“Elm” nəşriyyatında Azərbaycan ədəbiyyatı və incəsənəti klassiklərinin əsərləri, folklor abidələri, terminologiya və tərcümə lüğətləri, elmi-kütləvi kitabçalar da nəşr olunur. Nizami Gəncəvinin, Füzulinin, Xaqaninin, Xətainin, Sabirin, C.Məmmədquluzadənin, Səməd Vurğunun və s. əsərləri “Elm” nəşriyyatına dönə-dönə işıq” üzü görmüşdür.
“Elm” nəşriyyatı bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Son vaxtlar burada 7 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, 7 cildlik “Azərbaycan tarixi”, 3 “Azərbaycan etnoqrafiyası” kimi dəyərli kitablar buraxılmışdır.
“İşıq” nəşriyyatı 1968-ci ildə Bakıda yaradılmışdır. Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin tabeliyində olmuşdur. Kitab, brosür, monoqrafiya, albom, buklet, plakat, not-musiqi ədəbiyyatı və s. buraxan ixtisaslaşdırılmış xüsusi nəşriyyat idi. Bədii ədəbiyyat, elmi-kütləvi ədəbiyyat və incəsənət redaksyiaları olmuşdu.
Müstəqillik illərində nəşriyyat çətinliklərlə üzləşmiş, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildikdən sonra öz fəaliyyətini dayandırmışdır.
Azərbaycanın bir sıra görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsas fəaliyyəti, taleyi nəşriyyatla bağlı olmuşdur. Əhməd Cavad “Azərnəşr” də tərcümə ədəbiyyatı redaksiyasında işləmiş, Azərbaycanda tərcüməçilik məktəbinin əsasını qoymuşdur. Məmməd Səid Ordubadi “Azərnəşr”in ilk direktorlarından biri olmuşdur. Adil Əfəndiyev, Qılman İlkin, Manaf Süleymanov, Əjdər Xanbabayev ayrı-ayrı dövrlərdə “Azərnəşr”in direktoru vəzitəfində çalışmışlar. 1990-cı ildən “Azərnəşr”in direktoru Azər Mustafazadədir.
Məmməd Araz, Əlfi Qasımov, İlyaz Tapdıq, Əmir Mustafayev, Cəmil Əlibəyov, Vilayət Rüstəmzadə və başqa görkəmli şair və yazıçılarımız da “Azərnəşr”də çalışmışlar.
İslam Sadıq və Əlövsət Ağalarov 35 ildən çoxdur ki, “Azərnəşr” də işləyirlər və bu gün də öz fəaliyyətlərini burada davam etdirirlər. “Gənclik” nəşriyyatında uzun müddət Əzizə Əhmədova, sonra isə Fikrət Axundlu və Əlican Əliyev direktor olmuşlar. Hazırda nəşriyyatın direktoru Adil Abdulladır.
Məstan Günər, Vidadi İbrahimov, Ələviyyə Babayeva, Çingiz Əlioğlu, Vaqif Nəsib, Vəli Məcidov, Məmməd Namaz, Musa Ələkbərli, Zülfüqar Şahsevənli, Mustafa Çəmənli və başqaları uzun illər “Gənclik” nəşriyyatında çalışmışlar.
“Yazıçı” nəşriyyatının ilk direktoru Əjdər Xanbabayev olmuşdur. Ondan sonra həmin nəşriyyata Faiq Məlikov rəhbərlik etmişdir. “Yazıçı” nəşriyyatının ilk baş redaktoru Əlağa Kürçaylı idi. Vidadi Babanlı, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Mustafa İskəndərzadə, Müzəffər Şükür, Məmməd Aslan, Qəşəm İsabəyli, Zəlimxan Yaqub, Adil Cəmil, İslam Türkay, Zirəddin Qatarlı və başqaları burada çalışmışlar.
Xalqın kitaba olar tələbatının ödənilməsində nəşriyyatlarımız böyük işlər görmüşlər. Azərbaycanda 1929-cu ildə 997 adda 2 milyon 961 min 700 nüsxə ümumi tirajla kitab çap olunmuşdur ki, bunun təxminən 40 faizi “Azərnəşr”in payına düşürdü. 1930-cu ildə isə təkcə “Azərnəşr”də 792 adda kitab nəşr edilmişdir ki, onların ümumi tirajı 3 milyon nüsxədən çox olmuşdur. Bu iki rəqəm bir il ərzində “Azərnəşr”də kitab nəşrinin necə sürətlə artdığını aydın göstərir.
Azərbaycanda kitab nəşri bu tempi həmişə saxlamamışdır. Sonrakı dövrlərdə kitab nəşri sahəsində geriləmələr də olmuşdur. Məsələn, 1980-ci ildə kitab nəşrinin əsas göstəriciləri olan ad və həcmi 1976-ci ildəkindən geri qalırdı. Məhz buna görə də 1980-ci ildə keçmiş SSRİ respublikaları arasında Azərbaycan əhalinin hər 1000 nəfərinə düşən kitabın sayına görə yalnız Qazağistan və Tacikistanı arxada qoymuşdu. Azərbaycan həmin il bu göstəriciyə görə 15 respublika arasında 13-cü yeri tutmuşdu. Maraqlıdır ki, həmin il Moldoviyada əhalinin hər 1000 nəfərinə 1181, Rusiyada 1004, Azərbaycanda 191 adda kitab düşürdü. Bu rəqəm Ermənistanda 291 olmuşdur. Fərq göz qabağındadır. Bu kəmiyyət fərqidir. Keyfiyyət fərqi də olmamış deyildir. Bütün bu geriqalmalar müstəqillik illərində xalqın taleyinə öz güclü təsirini göstərdi.
Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra bir sıra nəşriyyatlarımızın fəaliyyyətində uğursuzluqlar dövrü başlandı. “Yazıçı”, İşıq”, “Maarif”, “Gənclik” nəşriyyatları bu böhrandan çıxa bilmədi. Onlardan yalnız “Azərnəşr” öz fəaliyyətini dayandırmadı və hazırda işləyir.
Müstəqillik dövründə təzə nəşriyyatlar yarandı. Onların çoxunun ilk günlər heç bir maddi-texniki bazası və kadr potensialı yox idi. Ona görə də kitab nəşri müəyyən müddət qarmaqarışıqlıq və hərc-mərcliklə üzləşdi. Kitabın texniki göstəricilərindən tutmuş onun əhəmiyyətinə, bədii və elmi dəyərinə qədər heç nədən xəbəri olmayanlar kitab nəşri ilə məşğul olmağa başladırlar. Hazırda bir sıra nəşriyyatların maddi-texniki bazası və kadr potensialı təkmilləşsə də, bu sözləri onların buraxdıqları kitabların mənası, məzmunu, elmi və bədii dəyəri haqqında söyləmək mümkün deyil. Kitab nəşrinin bir çox vacib prinsipləri, o cümlədən dövlətçilik və xəlqilik prinsipləri tez-tez pozulur.
“Azərnəşr” 100 ildir ki, fəaliyyət göstərir. Azərbaycan xalqını ona lazım olan kitablarla təmin edir. Azərbaycanda kitab nəşri, kitabçılıq işi, redaktə, onun təkmilləşdirilməsi, kitab mədəniyyəti, poliqrafiya bazasının yaradılması və zənginləşdirilməsi, yeni-yeni nəşriyyatların yaradılması, nəşriyyar və poliqrafiya kadrlarının hazırlanması sahəsində “Azərnəşr” misilsiz xidmətlər göstərmiş, özü bir məktəb olmuşdur. O məktəb bu gün də yaşayır və xalqımıza xidmət göstərir.
İslam
SADIQ,
“Azərnəşr”in böyük
redaktoru, şair,
Filologiya elmləri doktoru.
Respublika.- 2020.- 6 dekabr.- S.6.