TARİXƏ
ÇEVRİLƏN GÜNLƏR, AYLAR, İLLƏR
Laçın rayonu respublikamızın ən səfalı dilbər guşələrindən biridir. Bu rayon öz füsunkar gözəlliyi, iqlimi ilə hər kəsin qəlbində silinməz izlər buraxıb. Tarixən bu qədim diyarın ilk adı Abdallar olub. Azərbaycanda Sovet hakimiyyətinin əvvəllərində - 1923-cü ildə şəhər statusu alaraq 1926-cı ildən Laçın adlandırılıb. Elə həmin ildən indiyə kimi bu ad Laçın adını daşımaqdadır. Artıq 1930-cu ildən etibarən Laçın inzibati rayon kimi formalaşmış və Laçın şəhəri onun mərkəzinə çevrilmişdir. Məhz elə bu vaxtdan da şəhər statusunu saxlamaqdadır. Eyni zamanda bu toponim 1924-cü ildə tərtib edilmiş respublikamızın xəritəsində də öz əksini tapıb. Hətta bəzi təkzibedilməz mənbələrdə Laçın məfhumu Yuxarı Laçın adlı kənddə, Qarabağ yaylasının Laçın adlı zirvədə, Şuşada Laçınlar, Kəlbəcərdə Laçın adlı kəndlərdə, Kəlbəcər rayonundakı Laçınqayada öz adını bu gün də qoruyub saxlayır.
Bu da bir məlum həqiqətdir ki, istər uzaq, istərsə də yaxın keçmişdə ədəbi və coğrafi materiallarda “Laçın” sözünə rast gəlmək mümkündür. Dahi hind şairi və mütəfəkkiri Əmir Xosrov Dəhləvinin atasının soyadında “Laçın” sözünün işlənməsi buna əyani sübutdur. Bu ad onun atasının adında belə işlənmişdir: Əmir Mahmud Şəms Laçın. Müasir dövrümüzün istedadlı şairi Ağa Laçınlının təxəllüsündə də bu ad öz əksini tapıb. Elmi mənbələrdə orta əsrlərdə Azərbaycanda Laçın qalası, Laçın şəhəri olması öz təsdiqini tapmaqla bərabər, həm də bu şəhərdə pul da kəsilməsi məlumdur. Bütün dünyada türk tayfalarının içərisində “Laçın” tayfası, eləcə də bu sətirlərin müəllifinin mənsub olduğu Avşar tayfası öz cəsarəti, humanistliyi, əyilməzliyi, çalışqanlığı və ölməz ənənələrinə görə məşhurdur. İnsanların bu və ya digər ölkələrdə yaşaması tarixi zərurətin nəticəsidir. Məhz bu baxımdan “Laçın” tayfasının Türkmənistanda, Hindistanda, Qarabağın yuxarı bölgəsində Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskunlaşması heç də təsadüfi deyil və bu təbii haldır. Tariximizin daha müfəssəl öyrənilməsində Laçın şəhəri olduqca mühüm əhəmiyyət kəsb edir. Bu şəhərin Malıbəy, Güləbird, Cicimli kəndlərində olan at heykəli, qəbir daşları, Cicimli kəndində 1790-1791-ci ildə çaylaq daşından tikilmiş məscid binası, Ağoğlan məbədinə gedən yolun kənarında XVI əsrin at heykəli, qəbir daşları, Məlik Əjdər türbəsi, Mirik kəndindəki XV əsrə aid Alban məbədi, Minkənddə XV əsrə aid məbəd, Qarıqışlaq kəndində XI əsrə aid Dəmirovlu piri, Ərikli kəndində XVI əsrə aid Qarasaqqal türbəsi və s. kimi abidələr bu yerlərin əzəli, tarixi Azərbaycanın yaşayış məntəqələrinin olmasını sübut edən inkaredilməz amillərdəndir. Bütün bunlar xalqımızın milli sərvətləridir.
Laçın rayonu öz flora və faunasına görə zəngin olan bir məkandır. Bu yerin təbii sərvətləri, dünyada analoqu olmayan ağac növlərindən olan qırmızı dəmirağac meşələri, saysız-hesabsız mineral su bulaqları, uran, civə, qızıl, dəmir, müxtəlif növlü mərmər yataqları və şəfaverici dərman bitkiləri ilə zəngindir. Əlbəttə, belə bir gözəlliyə qərq olmuş yerdə, dağlar qoynunda yaşamaq, qurub yaratmaq böyük şərəf və xoşbəxtlikdir. Çox təəssüf ki, laçınlıların dinc, sakit, firavan həyat sürdüyü bir vaxtda Ermənistanın insan qanından doymayan qəddar, vəhşi orduları 1992-ci ilin mayın 17-də iki istiqamətdə - Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək Laçını işğal etdi. 18 mayda işğal tam başa çatdı. Bu zaman Laçın bir şəhərini, bir qəsəbəsini, 125 kəndini itirdi. Laçınlılar bu ağır döyüş meydanında təpədən dırnağa qədər silahlanmış düşmənlə elə bil əliyalın vuruşurdular. Dövlət tərəfindən də heç bir kömək yox dərəcəsində idi. Vətənin qeyrətli, cəngavər, cəsur oğulları çıxılmaz vəziyyətdə qalmışdılar. Qeyri-bərabər sayda olan bu döyüşdə 300 nəfərdən artıq şəhid oldu, 66 nəfər itkin düşdü, 103 nəfər əlil olmaqla rayon üzrə bir yaşdan on altı yaşa kimi 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i isə hər iki valideynlərini itirib. Eyni zamanda rayon ərazisindəki böyüklü, kiçikli 133 müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə və onlarla təhsil müəssisəsi də işğala məruz qalmışdı. Laçının işğalı faşist erməni ordusunun Qarabağa axınını daha da gücləndirdi. Son anda igid döyüşçülərimiz - Şahverdiyev İsrafil Şahverdi oğlu, Nəsibov Kamil Baladə oğlu, Mehdiyev Fazil Umud oğlu, Güləliyev Oqtay Güləli oğlu, Novruzov Ələsgər Xanlar oğlu, Eyvazov Qorxmaz Alış oğlu xeyli sayda erməniləri texnikaları ilə birlikdə məhv etdilər. Sonra onların özləri də qəhrəmancasına həlak oldular. Dövlətimiz onların əməyini yüksək qiymətləndirərək Azərbaycanın Milli Qəhrəman adına layiq görmüşdü. Qəhrəmanlar ölməzlik mücəssəməsidir. Onların adları tariximizin qəhrəmanlıq salnaməsinə əbədi olaraq qızıl hərflərlə yazılmaqla hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsində və inkişafında mühüm rol oynayacaq. Artıq müharibənin alovları get-gedə artırdı. Belə bir vaxtda olduqca çətin, ağır şəraitdə Laçın əhalisi var-dövlətini, ev-eşiyini qoyub yalnız öz canlarını götürüb düşmənlərimizin əlindən xilas oldular. Bununla da onların həyatında acınacaqlı dövr - qaçqınçılıq həyatı başladı. Onlar respublikamızın 57 şəhər və rayonunda məskunlaşıb. Laçın rayonunun bütün idarə, müəssisə, təşkilatları Ağcabədi rayonunda Taxtakörpü adlanan yerdə fəaliyyət göstərir. Laçınlılar həmişə olduğu kimi, yenə də harada olmalarından, yaşamalarından asılı olmayaraq, böyük çətinliklərlə qarşılaşmasına baxmayaraq, bir-birinə isti münasibət, doğmalıq göstərir, şad və kədərli günlərində həmrəy olurlar. Bu heç şübhəsiz ki, bilavasitə rayon icra hakimiyyətinin əhali arasında apardığı ideoloji işin bariz təcəssümüdür.
Laçınlıların ilk qaçqınçılıq dövrü, həyatı ağlasığmaz dərəcədə ağır keçmişdir. Onların uzun müddət sınıq-sökük, uçqun, uyğunlaşdırılmamış, habelə elektrik işığı olmayan binalarda yerləşdirilməsi uşaqların, yaşlı adamların tez-tez xəstələnməsinə səbəb olurdu. Digər tərəfdən maddi cəhətdən çətinliklər də onların sağlamlığına böyük təsir göstərirdi. Elə ki, ulu öndərimiz Heydər Əliyev ikinci dəfə xalqımızın tələbi, istəyi ilə hakimiyyətə gələndən sonra qaçqınların, köçkünlərin problemləri tədricən aradan qaldırıldı. Belə ki, mənzil şəraiti olduqca yararsız vəziyyətdə olan qaçqınların mənzil şəraiti yaxşılaşdırıldı. Onlar yanacaq, qida məhsulları, yardımlarla təmin edildi. Ümummilli liderimiz Laçın əhalisinə həmişə böyük diqqət, qayğı göstərmişdir. 1974-cü ildə Laçın şəhərinin 50 illik yubileyi münasibətilə keçirilən toplantıda verilmiş qərar buna əyani sübutdur. Həmin yubileydə Heydər Əliyev çıxış edərkən demişdir: “Dağ rayonlarından gənclərin Azərbaycan Respublikasının ali məktəblərinə güzəştlə qəbul olunması haqqında da qərar qəbul etmişik... Laçın rayonunun gəncləri Azərbaycanın ali məktəblərinə güzəştlə qəbul olundular. İndi bəzən deyirlər ki, Laçında yaşayanlar dağ adamlarıdır, yaxud bəzisi deyir ki, çobandır, bəzisi deyir kəndçidir, filandır və s... Laçınlılardan alimlər, şairlər, ziyalılar çoxdur. Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıblar. Ona görə bu baxımdan da Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də ümummilli liderimizin ölməz ideyalarına sadiq qalaraq öz çətin, həm də şərəfli işlərini daim bu istiqamətdə qurur. Bunun üçün insanların azad, sağlam, firavan yaşamasını hər an diqqət mərkəzində saxlayır. İlk öncə qaçqın, köçkün və şəhid ailələrinə daha böyük üstünlük verir. Bu da çox təbiidir. Çünki axı onlar öz doğma yerlərini məcburiyyət qarşısında qalıb ev-eşiklərini, var-dövlətlərini atıb qaçqın həyatı yaşamağa məcbur olublar. Respulikamızın müxtəlif bölgələrində qaçqın şəhərciklərinin salınması ölkə rəhbərinin onlara, xüsusən şəhid ailələrinə göstərdiyi böyük hörmət və ehtiramın bariz nəticəsidir. Yaman günün ömrü az olar deyiblər. Dağlıq Qarabağ problemi, ərazimizin bərpa olunması və digər aktual məsələlərin həll olunması Prezidentimizin sanki gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissələrindən biridir. On illiklər boyu yığılıb qalmış Dağlıq Qarabağ problemlərini beynəlxalq təşkilat rəhbərləri həll edə bilmədilər. Ancaq xalqımızın ləyaqətli lideri öz uzaqgörən siyasəti, müdrik, məntiqi düşüncəsi, dərin zəkası, qeyri-adi istedadı, nadir diplomatik bacarığı ilə bu müşkül problemi çox qısa bir vaxtda - 44 gün müddətində həll etdi. Bu da bir daha onun beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu, böyük siyasi xadim, güclü sərkərdə olduğunu sübut edir. Paşinyanlar, sarkisyanlar, köçəryanlar isə bu siyasətin kölgəsində qalaraq hər zaman bütün ömürləri boyu məyusluq, qəmli, kədərli günlərini yaşayacaq, öz murdar xalqının qəzəbinə düçar olacaqlar.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandamız, yenilməz, qüdrətli sərkərdəmiz həmişə hər yerdə öz cəsarətli, hökmlü, prinsipial çıxışları və mətbuata verdiyi saysız-hesabsız müsahibələri ilə bir mayaka, simvola çevrilərək xalqımızı irəli aparır. Ölkə rəhbərinin noyabrın 23-də Ağdam məscidinin qarşısında çıxış edərkən dediyi aşağıdakı kəlamları onun cəsarətini, mərdliyini, qəhrəmanlığını bir daha sübut edir: “Biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik... Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm... Koçaryan, Sarkisyan, siz də çökdünüz bizim qabağımızda... Bəs haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmanlardır bunlar... Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır”.
Ölkəmizin başçısı hər bir bölgəyə eyni diqqət, qayğı göstərir. Lakin qaçqınçılıq həyatı sürən bölgəyə onun qayğısı, istəyi daha böyükdür. Bu istək öz qabarıq ifadəsini onun 24 dekabr 2011-ci ildə Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüşü zamanı dediyi “Mən... adətən öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz” kəlamlarında tapmışdır. O daha sonra laçınlılara belə yüksək qiymət vermişdir: “Laçın Azərbaycanın gözəl guşələrindən biridir. Laçınlılar bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə sadiq olmuşlar. Bu gün də bu belədir”.
Xalqımızın həyatında 2020-ci ilin qızıl payızı tariximizə əlamətdar, şərəfli, zəfər günləri kimi daxil olub. Bu qələbə günü - Biri Dekabrda Azərbaycanın qala qapısı olan Laçının işğaldan azad olunması və bu diyarın möhtəşəm, əzəmətli bir yerində üçrəngli bayrağımızın sancılması, dalğalanması ilə başa çatacaq. O gün və ondan sonrakı günlərdə də Böyük Vətənimizin hər yerində bu qələbə bayrağımız dalğalanacaq, şəhidlərimizin ruhu şad olacaq və düşmənimizin bağrı çatlayacaq.
Ulu öndərimiz demişkən “Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bəli, artıq o gün gəlib çatıb. Xalqımız xoşbəxtliyə qovuşub.
Ədalət QARABAĞLI
Respublika.- 2020.- 1 dekabr.- S.5.