Laçınım, Laçınım mənim...
Laçın! Qartallar yurdu, Sarı Aşığın, Həmzə Sultanın, Sultan bəyin, Xosrov bəyin, Nurməmməd bəy Şahsuvarovun, Əvəz Verdiyevin, Mürsəl Həsənovun, Muradxan Cabbarovun, Şərqiyyə Vəliyevanın, Şahbaz Muradovun vətəni! Füsunkar gözəlliyinə, mərd insanlarına və qonaqpərvərliyinə görə sənə deyilən xoş sözləri və adları saymaqla qurtarmaq olmaz.
Mənfur qonşular isə sənə 1988-ci ildə “Qarabağın qara” qapısı, 1992-ci ildə “Laçın koridoru”, 1993-cü ildə isə “Berdzor”, dağlar gözəli Laçının tacı Qaragölə “Sevlic”, bəyliyin mərkəzi babamızın yadigarı Həmzə Soltan sarayına Melikatun adlarını vermişdilər. Lakin bunların heç biri sənə yaraşmırdı. Bunu nə dağların, çayların, bulaqların, nə də qoynuna sığınan 60 min əhalin qəbul etmirdi. Onlar səni 1988-ci ildən 1992-ci ilə qədər qorudular. Arxalı düşmənin hücumlarına sinə gərərək, bir qarış torpaq da vermədilər. Dörd il Laçın və laçınlılar həm öz yurdlarını, həm də Qarabağı qorudular.
Lakin həmin dövrdə səriştəsiz, idarəetmə qabiliyyəti olmayan, vəzifə hərsləri olan respublika rəhbərlərinin ciddi səhvləri ucbatından 1992-ci ilin may ayının 8-də Şuşa, ayın 18-də isə Laçın düşmənə təslim oldu.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. İnzibati rayon kimi 1924-cü ildə təşkil olunmuşdur. Sahəsi 1835 km2, əhalisi 60 min nəfər (1992-ci il) idi. Rayonda 1 şəhər, 1 qəsəbə və 125 kənd vardır. Rayonun qərb sərhəddi 120 km Ermənistan Respublikasının Gorus və Sisian rayonları ilə, şimaldan 60 km məsafədə Kəlbəcər rayonu ilə, şərqdə 120 km Xocalı, Şuşa və Xocavənd rayonları ilə, cənubda isə 16 km Qubadlı rayonu ilə həmsərhəddir. Rayonun ümumi sərhəd xəttinin uzunluğu 316 km-dir.
Kiçik Qafqazın cənub-qərbində yerləşən Laçın rayonu təbii şəraitinə görə mürəkkəb xarakterə malikdir. Rayon respublikada sıx çay şəbəkəsinə malik olan rayonlardan biridir. Mənbələrini yeraltı sular və yüksək dağ buzlaqlarından alan Ağoğlan, Hoçazsu, Şəlvə çayları, cənubda birləşərək Həkəri çayı adlanır. Rayon ərazisində müxtəlif tektonik mənşəli 20 göl vardır. Bunlardan ən füsunkarı Laçının tacı sayılan Qaragöldür. Göl dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşir. Uzunluğu 1.7 km, eni 1.3 km-dir. Suyu şəffaf və şirindir. Göl Ermənistan Respublikasının Gorus rayonu ilə sərhəddə yerləşir. Bu gözəlliklərə paxıllıq edən nankor qonşular zaman- zaman xəritələrdə saxtakarlıq edərək sərhəd xəttini gölə doğru çəkirdilər. SSRİ-nin aiddiyyəti qurumlarının yaxından köməkliyi sayəsində 1968-ci ildə təsdiq olunmuş xəritəyə əsasən sərhəd xətti “Kiçik İşıqlı” əvəzinə “Dəmirdaş”dan keçərək 5-6 km-ə qədər Laçın rayonunun ərazisinə daxil olur. Nəticədə rayonun Qaragöl yay otlaqlarının sahəsi 250 ha azalır və gölün böyük bir hissəsi Ermənistan SSR-nin ərazisində qalır. Burada güclü su nasosları qurulur və gölün suyu Gorus şəhərinə və ətraf kəndlərə vurulur. Bütün bunlar yerli əhalinin ciddi narazılığına səbəb olur. 1973-cü ildə 29-30 avqustda ərizə və şikayətləri yerində həll etmək üçün Moskvadan komissiya gəlir. 1927-1929-cu illərin sənəd və xəritələrinə əsasən gölün Azərbaycan SSR ərazisində olduğu təsdiqlənir. Lakin həmişə olduğu kimi, bu dəfə də qərəzli nəticəyə gəlirlər. Qərara alınır ki, siz də bir su nasosu qurub sudan istifadə edin. 1986-cı ilin avqust ayının 7-də Moskvanın göstərişi ilə hər iki respublikanın qarşılıqlı komissiyası Qaragöldə olur və qərara alırlar ki, respublikalararası Qaragöl Dövlət Təbiət Qoruğu yaradılsın. Nəhayət, Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti “Qaragöl” və “Sevlic” Dövlət Qoruğu yaradılması haqqında 17 noyabr 1987-ci il tarixdə 408/717 saylı qərarlar qəbul edirlər. Qərara əsasən gölün 90% “Sevlic”qoruğu, 10% isə “Qaragöl” Dövlət qoruğuna aid edilir. Eyni zamanda Qırxqız yaylağını əhatə edən Laçın yasaqlığı da Qaragöl Dövlət Təbiət Qoruğunun tabeliyinə verilir. Qaragölün belə insafsızcasına bölünməsi nankor, özlərini dost kimi göstərib, çörəyi dizi üstündə olan qonşularımızın Laçına vurduğu ziyanlarından biridir.
Rayonun ərazisi
zəngin flora və faunaya malikdir. Zəngin heyvanat
aləmini qorumaq üçün rayonda yasaqlıq və qoruq yaradılmışdır.
Burada forel, qızıl, göy balıqlar, müxtəlif quşlar, qaban, cüyür, dağ keçisi (bezuar), ayı, bəbir və sairə nadir heyvanat növləri vardır.
Rayon ərazisində 37.000 hektardan artıq meşə örtüyü
vardır. Bu ərazinin 20%-ni təşkil edir. Meşələrdə 250-dən artıq ağac və kol növləri yayılmışdır. Palıdın müxtəlif növləri,
xüsusilə qırmızı
palıd, vələs,
ağcaqayın, göyrüş,
müxtəlif meyvə
və dərman bitkiləri bitir.
Laçın respublikanın ən böyük heyvandarlıq
rayonu idi. Burada 110.000 qoyun,
23.000 baş mal-qara bəslənilirdi. Rayonun 74.000 hektar
yay otlaqlarında heyvandarlıq təsərrüfatları
ilə yanaşı, respublikanın 10 rayonu bu yaylaqlardan yay otlağı kimi istifadə edirdilər.
Rayon ərazisində çoxlu
sayda mineral bulaqlar və turşsular vardır. Bunlardan Minkənd İstisuyunu,
Əhmədli kəndində
olan mineral bulaqları,
Ağanus, Tığik,
Yığın və
Hacıxanlı mineral bulaqlarını
göstərmək olar.
Bunların əksəriyyəti tərkibinə görə
müalicəvi əhəmiyyətə
malik olan sulardır. Əksəriyyəti Narzan tipli
mineral bulaqlardır. Minkənd İstisuyu
Çexiyanın “Karlovı-Varı”
suyu ilə tərkibcə eynidir.
Laçın rayonu ərazisində 100-dən
artıq tarixi abidələr vardır. Bunlar qəsrlər,
saraylar, məbədlər,
türbələr, qəbiristanlıqlar,
körpülər və
müxtəlif daş
fiqurlardan ibarətdir.
Bunlara misal olaraq, “Ağoğlan” qəsrini (V-VI əsrlər),
Sultanlar kəndində
Həmzə Soltan sarayı (1761-ci il) və dünyanın ən böyük “Gün-Güm” daşı,
Zeyvə kəndində
Soltanbaba türbəsi,
Qarıqışlaq kəndində
Dəmirovlu Pir-Məbədi
(XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi
(XVI əsr), Pircahan kəndində Kafir qalası (XII əsr) və başqalarını
göstərmək olaq.
Bu abidələrin əksəriyyəti Qafqaz
Albaniyası dövrünün
yadigarıdır. Toponimlər hamısı
türk mənşəlidir.
Yer adlarının qədimliyi və türk mənşəli olması Sarı Aşığın bayatılarında
öz əksini tapır:
Mən aşiq Güləbirdə,
Şeh düşüb
gülə bir də.
Bir quş olub uçaydım,
Qonaydım Güləbirdə.
Qədim tarixi abidələrlə yanaşı, rayon ərazisində
təbiət muzeyləri
və təbii abidələr də geniş yayılmışdır. Karst mağaralar,
yeraltı keçid tunellər, şəlalələr,
körpülər, insanabənzər
heykəllər sanki insan əməyinin məhsuludur. Bunlardan “Şahid”,
“İlan”, “Qızıl”,
“Hoçaz”, “Nərdivan”
qayalarını göstərmək
olar. Eyni zamanda Laçın
rayonu respublikanın ən çox faydalı qazıntılarla
zəngin olan bölgələrindəndir. Bunlardan mis, qızıl, uran, sink, qurğuşun, molibden, xrom, nikel, civə,
kobalt, perlit, kopal (kəhrəba), mərmər, əhəng
daşlar, müxtəlif
çınqıl, pinit,
realqar və sairlərini göstərmək
olar.
1930-cu ildə Moskvada
çap olunan “Oqonyok” jurnalındakı krossvordun suallarından biri Laçına aid idi. Sual belə idi.
SSRİ-də bir küçəli şəhər? Sualın cavabı
Laçın idi.
Laçın bir küçəli
şəhərdən çox
küçəli şəhərə
çevrilmişdir. Ancaq şəhərdə
ünvanı məhəllələrlə
soruşurdular. Şəhərin
mərkəzi, Şəhərin
ayağı, Qabaq küçə, Arxa küçə, Yuxarı
məhəllə, Qalalılar
məhəlləsi, Yuxarı
Laçın, Köhnə
Hamam məhəlləsi,
Dünyamalının dərəsi,
Poçt məhəlləsi,
Hoçazlılar məhəlləsi,
Köhnə Sallaqxana məhəlləsi, Ardıclı
məhəlləsi, RTS məhəlləsi,
Abdallar, Qızılca
məhəlləsini misal
gətirmək olar. Şəhərin adı rayon mərkəzi
təşkil olunanda Tağı Şahbazi Simurğun təklifi ilə Laçın dağının adı verilir. Mənası ən yuxarıda
uçan quş - şahin deməkdir.
I Qarabağ müharibəsində
Laçın 264 şəhid
verdi. 6 nəfər
Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb. Onlar Oqtay Güləliyev, Qorxmaz Eyvazov, İsrafil Şahverdiyev, Kamil Nəsibov, Fazil Mehdiyev, Ələsgər Novruzov Laçının igid və qəhrəman oğulları idilər. Eyni zamanda II Qarabağ müharibəsi başlanan
vaxtdan yüzlərlə
laçınlı könüllü
olaraq vətənin müdafiəsinə qalxdılar.
İşğala qədər 217 mədəniyyət
müəssisəsi, 142 səhiyyə
obyekti, 133 idarə və müəssisə,
100 ümumtəhsil məktəbi,
5 məktəbəqədər müəssisə, 5 musiqi
məktəbi, 1 internat
məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi, müxtəlif sənaye obyektləri və sairə fəaliyyət göstərirdi.
Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində işğal altında olan torpaqlarımızın hamısı azad olundu. “Məğlubedilməz” erməni ordusu darmadağın edildi. Bir yumruqla Qarabağı azad etdik, inanırıq ki, ikinci yumruqla da qədim Azərbaycan torpaqları olan Zəngəzur və İrəvanı azad edəcəyik. Möhtərəm Prezident atası ulu öndərə və rəhbərlik etdiyi 17 ildə xalqımıza verdiyi bütün vədlərə əməl etdi. O, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, Ermənistanı hərb yolu ilə, dünyanı isə siyasi yolla yerində oturtdu. Bizi 28 illik həsrətdən qurtardı, artıq biz məcburi köçkün deyilik!
Qələbə ardınca qələbə gəlir. Artıq Şuşaya yol çəkilir. 1988-ci ildən Laçında başlayan və 1992-ci ildə işğala səbəb olan o dəhşətli, qanlı-qadalı, heç vaxt unudulmayan günlərə şəhidlərimizin qanı bahasına müzəffər ordumuzun qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində 1 dekabr 2020-ci ildə Laçının özündə qələbə ilə son qoyuldu. Bu günlərdə ən böyük arzum 43 ildən sonra yenə də Laçının küçə və məhəllələrində bir gün də olsa poçtalyon kimi qəzet paylamaqdır.
Əziz laçınlılar, dörd ildən sonra 2024-cü ilin oktyabrında Laçın şəhərinin 100 yaşı tamam olur. Amma bizə, laçınlılara elə gəlir ki, biz də, Laçın da dünyaya yenidən gəlmişik və o tarixi gün 1 dekabr 2020-ci ildir. Arzu edək ki, 2024-cü ildə Laçın şəhərinin 100 illiyinə həsr olunacaq bayram tədbirlərini Ali Baş Komandanımızın iştirakı ilə birlikdə Laçında qeyd edək.
Laçın bizimdir!
Qarabağ Azərbaycandır!
Nəriman ZEYNALLI,
“Azərmətbuatyayımı” ASC-nin
böyük təlimatçısı,
Laçın şəhər sakini.
Respublika.- 2020.- 1 dekabr.- S.5.