Əsgərə salam

 

Uzun illərdir ki, işğala məruz qalan, yaraları qaysaq tutmayan, gözü yolda qalan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Ermənistanın təcavüzkar siyasətinin qurbanına çevrilib. Məhz buna görə də milli ordu quruculuğuonun peşəkarlığının artırılması dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. İndi bütün ümidlər Azərbaycan əsgərinə, onun qəhrəmanlığınadır. Bu məqsədlə ölkəmizdə qəhrəmanlıq və qələbə əzmini nümayiş etdirən aksiyalar keçirilir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanvarın 17-də “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına başlayıb. Aksiyanın məqsədi könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda 2 Fevral - Gənclər Gününə həsr edilmiş “Əsgərə salam” adlı fləşmob təşkil edib. Ağdam Rayon İcra Hakimiyyətinin dəstək verdiyi kütləvi tədbirdə 1200 nəfər yerli gənc iştirak edib. Kütləvi tədbirin iştirakçıları tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov jurnalistlərə müsahibəsində bildirib ki, “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına qoşulanların sayı 10 minlərlədir. Ərazisi işğal olunmuş rayonların icra hakimiyyətləri, müxtəlif dövlət qurumları, universitet, məktəb, bağça, idman federasiyaları, xaricdə təhsil alan tələbələr və fərdi şəxslər tərəfindən əsgər salamı vəziyyətində çəkilmiş yüzlərlə şəkil aksiya çərçivəsində sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqləri ilə paylaşılıb. Müraciətləri nəzərə alaraq aksiyanın müddətinin uzadılması nəzərdə tutulur.

Ağdam Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov  deyib:

“Azərbaycan gəncləri bu gün “Əsgərə salam” aksiyası çərçivəsində əsgərlərlə həmrəy olduğunu bir daha göstərdi. Mindən çox könüllü gənc əsgərlərimizə dəstək olmaq üçün bura toplaşıb. Bu bir daha onu göstərir ki, hər bir Azərbaycan gənci Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən an əsgərlərlə birlikdə işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır”.

Fləşmobdan sonra rayon ərazisindəki hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər.

Əsgərlər qarşısında çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov onları 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib. “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasının keçirilməsində əsas məqsədlərdən birinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyi nümayiş etdirmək olduğunu bildirib, növbəti tədbirləri işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməyi arzu edib.

 

Salman ALIOĞLU

 

Respublika.- 2020.- 2 fevral.- S.4.