Qax: Gəncliyə qayğı gələcəyə qayğıdır

 

Qaxın saf və əsrarəngiz təbiəti, hamını heyran edən təmizliyi, gözəlliyi, adamlarının xoş güzəranı, mənalı sosial həyatı, güclü iqtisadiyyatı olduğu kimi, bunları qoruyub saxlayan, daha da artıran işgüzar, qayğıkeş, təşəbbüskar insanlarının önündə inamla addımlayan, daha firavan sabaha nikbin baxışlı gəncləri də çoxdur. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev yuxarıdakı fikirlərinin davamı olaraq onu da söylədi ki, bu potensial qüvvəyə həmişə diqqət və qayğı göstərməyi, etimad bəsləməyi ön planda saxlayırlar. Ötən ilin son ayında keçirilən növbəti bələdiyyə seçkilərində də bu prinsip gözlənilmiş və özünüidarəetmə qurumlarının tərkibi, demək olar, xeyli yenilənmiş, gənc kadrlarla təmin olunmuşdur. Rayon rəhbəri söhbətinin sonunda - onların bəziləri ilə görüşüb həmsöhbət olsanız, işləri ilə yerində maraqlansanız bunun təsdiqini görərsiniz - dedi:

Qeyd edək ki, Qaxda fəaliyyət göstərən 18 bələdiyyəyə sonuncu seçkilərdə 166 nəfər üzv seçilmişdir. Onların 69 nəfəri qadın, 116 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. On səkkiz bələdiyyədən 9-na sədrlik etmək gənclərə etimad göstərilmişdir. Biz onlardan ikisi ilə görüşüb həmsöhbət olduq.

Rəşad Məmmədov: Qaxbaş bələdiyyəsinin sədri:

— Bəli, bu gün dövlətimizin başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi kadr islahatlarında hər sahədə bacarıqlı, təşkilatçılıq, təşəbbüskarlıq keyfiyyətləri olan gənclərə etimad göstərilməsi bizi sevindirirdaha güclü, firavan Azərbaycanımız naminə həvəslə, inamla çalışmağa ruhlandırır. Mən də bax, o gənclərin sırasında olanlardan biriyəm. 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində mənə yenidən etimad göstərdilər. Qaxbaş kənd bələdiyyəsinin üzvlərindən biri oldum. İlk iclasda isə on bir bələdiyyə üzvünün etimadı ilə yenidən bu quruma sədr seçildim. Altı kəndi əhatə edən və beş min nəfərə yaxın əhalini özündə birləşdirən bələdiyyəyə rəhbərlik etmək bir gənc üçün böyük etimaddır. Qeyd edim ki, bu etimadı əvvəlki fəaliyyətim dövründə də qazanmışdım. Ona görə də bələdiyyəmizin əvvəlki fəaliyyətinə qısa səyahət etmək yerinə düşər.

Bələdiyyələri vətəndaşlar özlərinin buya digər sosial, iqtisadi, mənəvi qayğılarının həllinə dəstək, təkan almaq üçün əsas ümid qapısı hesab edirbu qapıları həmişə ümidlə, ərklə açırlar. Biz də onların buradan naümid qayıtmamaları üçün əlimizdən gələni edirik. Tənha və kimsəsizlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin bir sözlə, qayğıya ehtiyacı olanların əlindən tutmağı, imkanlarımız daxilində onlara dayaq olmağı unutmur, bütün bayramlarda, əziz günlərdə onların yanında olur, öz yardımlarımızı göstəririk. Kəndlərimizdə təhsil, mədəniyyət, səhiyyə, rabitə, ticarət, iaşə obyektləri yetərincədir və onların hamısının adamlara lazımi səviyyədə xidmətini diqqətdən qaçırmırıq. Kəndarası yolların təmiri, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində də çox işlər görülmüşdür. Ötən müddətdə 46 kilometrə yaxın kəndarası yollarda cari təmir işləri görülmüşdür.

Qocalara qayğının keçmişimizə hörmət və ehtiram olduğunu heç vaxt unutmuruq. Ərazimizdəki ağsaqqal və ağbirçəklərin dəyərli məsləhətlərindən bəhrələnirik. Kəndlərimizdə bugünkü inkişafımıza, daha firavan sabahımıza öz qaynarlığı ilə böyük güc verən məqsədyönlü gənclik həyatı yaradılmasına bir nömrəli kimi baxılır. Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi bu sahədə bizim düzgün yol göstərənimiz, dəstək verənimizdir.

Sahil İsrafilov: Əmircan bələdiyyəsinin sədri:

— Söhbətimiz çox gözəl, əlamətdar bir gün ərəfəsinə, fevralın 2-də qeyd olunacaq Gənclər Gününə təsadüf edir. Rayonumuzun bütün gəncləri kimi mən də bu əlamətdar günü istər şəxsi, istərsə ictimai həyatımda əldə etdiyim layiqli uğurlarla qarşılayıram. Ən böyük uğurum 2019-cu ilin dekabrında tərcümeyi-halıma həkk olunub. Çünki həmin vaxt mən seçicilərin etimadı ilə Əmircan kənd bələdiyyəsinin 9 nəfər üzvündən biri olmuş, bir qədər sonra isə həmin doqquz nəfərin səsverməsi ilə mənim bələdiyyə sədrliyimə etimad göstərilmişdir.

Bələdiyyənin doqquz üzvündən üçü qadındır. Bələdiyyəmizin əhatə etdiyi kəndlərdə, o cümlədən Əmircanda, Əmbərçayda və Qaratalada yol problemi yoxdur. İçməli sudan istifadə də son illərdə qaydaya salınıb. Ərazimizdə 7 subartezian quyusu var. Üç məktəbin, səhiyyə, mədəniyyət, rabitə müəssisələrinin uğurlarının artırılmasına, problemlərinin həllinə də bələdiyyə köməyini əsirgəmir. Keçirilən mədəni-kütləvi tədbirlərin hər birinin iştirakçısı olur, öz maddifiziki köməyimizi əsirgəmirik.

Bələdiyyənin ixtiyarında olan torpaq fondlarından məqsədəuyğun istifadə olunur. Kənd əməkçilərimizin təsərrüfat işlərinə də köməyimiz çox olur. Rayonumuzda tütünçülüyün, baramaçılığın, fındıqçılığın inkişafında da bələdiyyə öz köməyini əsirgəmir. Bu sahələr üzrə verilən tapşırıqları layiqincə yerinə yetiririk.

Görüləsi işlər çoxdur, hələ icra olunmalı vəzifələr və həllini gözləyən problemlər də var. Amma, unutmayaq ki, sükan gənclərin əlindədirsə, deməli, uğurlar daha da çoxalacaq, problemlər öz həllini tapacaq. Arzularımız, istəklərimiz çoxduro arzular bizi həvəslə, əzmlə işləməyə ruhlandırır. Onlara çatmaq üçün isə gərək enişli, yoxuşlu yollardan həvəslə keçəsən. Keçmişi unutmamaq üçün qocaların məsləhətini dinləmək, zirvələrə çatmaq üçün isə gəncliyin gücündən səmərəli istifadə etmək lazımdır.

 

Rasim AMANOV

 

Respublika.- 2020.- 2 fevral.- S.4.