Müdafiə Sənayesi Nazirliyində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil
olunub
2
fevral - Azərbaycan Gəncləri Günü münasibətilə
Müdafiə Sənayesi Nazirliyində (MSN) tədbir
keçirilib.
AZƏRTAC MSN-in saytına istinadla xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib.
Müdafiə Sənayesi naziri Mədət Quliyev tədbirdə çıxış edərək nazirlikdə çalışan gənc əməkdaşları əlamətdar gün münasibətilə təbrik edib. Bildirilib ki, ulu öndər Heydər Əliyev həm Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə, həm də Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra ölkə gənclərinə daim xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsidir ki, vaxtilə minlərlə gənc SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarında təhsil alaraq ölkəmizə qayıdıb, bilik və bacarıqlarını Azərbaycanın inkişafına yönəldiblər.
Ümummilli Lider Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra da gənclərə, onların təhsilinə və inkişafına, dövlət idarəçiliyində məsul vəzifələrə təyin olunmalarına, gənclər siyasətinə ənənəvi olaraq xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hazırda Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləməkdədir. Dövlət başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, onların problemlərinin həlli istiqamətində işlər görür, bölgələrdə gənclər üçün lazımi infrastrukturun və gənclər təşkilatlarının inkişafına əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atır. Minlərlə istedadlı Azərbaycan gənci dünyanın qabaqcıl universitetlərində dövlət hesabına təhsil alır, bacarıqlı gənclər irəli çəkilir, onların sosial-məişət problemlərinə xüsusi qayğı və diqqətlə yanaşılır.
Nazir vurğulayıb ki, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqətin təzahürüdür. Könüllülük hərəkatının daha da artması cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edəcək və gənclərin inkişafına böyük töhfələr verəcək. “Könüllülər ili” çərçivəsində MSN-də gənclər üçün müəssisələrdə təcrübə keçməyə, özlərini sınamağa, sosial məsuliyyət hisslərini artırmağa şərait yaradılacaq.
Sonda nazirliyin birlik və müəssisələrində çalışan qabaqcıl gənc kadrlar fəxri fərman, “Qabaqcıl işçi” döş nişanı və pul mükafatı ilə təltif olunublar.
AZƏRTAC
Respublika.- 2020.- 1 fevral.- S.4.