Nəriman Nərimanovun xatirə muzeyi

 

XIX əsrin sonu, XX əsrin əvvəlləri xalqımızın tarixində “Azərbaycanın renessans dövrü” kimi yadda qalmışdır. Məhz həmin dövrdə həyatının mənasını vətəninə xidmətdə görən bir çox maarifpərvər ziyalılar, ictimai-siyasi xadimlər yetişmişdir. Bu dəyərli şəxsiyyətlər arasında müəllim, yazıçı-dramaturq, publisist, həkim, dövlət xadimi, Vətən və millət fədaisi Nəriman Nərimanovun özünəməxsus yeri var. Müəyyən dövrlərdə haqqında ziddiyyətli fikirlər söylənilməsinə, fəaliyyətinə qeyri-obyektiv münasibət bildirməsinə baxmayaraq, bu insanın vəfatından bir əsrə yaxın bir zaman keçsə də, onun şəxsiyyətinə, zəngin ədəbi-nəzəri-fəlsəfi irsinə, siyasi baxışlarına olan maraq günü-gündən daha böyük əhəmiyyət kəsb edir.

 

Nəriman Nərimanovun xatirə muzeyi 1977-ci il noyabrın 6-da Bakıda, Onun (İstiqlaliyyət küçəsi- bina 55) 1913-1918-ci illərdə yaşadığı mənzilində açılmış, muzeyin qırmızı lentini ulu öndər Heydər Əliyev kəsmişdir. Arxiv fondlarında sənədləri “tamamilə məxfi” qrifi ilə saxlanılan, hər vəchlə unutdurulmasına çalışılan, amma həmişə tarixin sınağından üzüağ, alnıaçıq çıxan böyük azərbaycanlı N.Nərimanovun xatirəsinin ehtiramla anıldığı, əbədiləşdirildiyi həmin gün ümumxalq bayramına çevrilərək yaddaşlara əbədi həkk olunmuşdur.

42 ildir ki, Vətənimizin tarixi ilə bağlı həqiqətləri öyrənməyə can atan müxtəlif yaşa və peşə sahələrinə mənsub insanların böyük mənəvi xəzinəsinə, ziyarətgahına çevrilən bu muzey öz səmərəli fəaliyyətini uğurla davam etdirir.

N.Nərimanovun şəxsiyyət və fəaliyyətinin müxtəlif cəhətləri ilə bağlı külli miqdarda və fərqli yanaşmalarla elmi-tədqiqat əsərləri, monoqrafiya və məqalələrin yazılmasına, sənədli və bədii filmlərin çəkilməsinə, teatr tamaşaları və televiziya verilişlərinin hazırlanmasına baxmayaraq, əməkdaşlarımız tez-tez müxtəlif suallarla muzeyimizə üz tutan, maraq və həyəcanla məlumatlarımızı dinləyən insanlar, yetkin, gözüaçıq, müstəqil düşüncəli, məntiqli gənclər və yeniyetmələrlə qarşılaşır.

Onların sualları, incəliklərinə qədər öyrənmək istədikləri faktlar, bu faktları təsdiq və ya inkar edəcək sənədlərlə şəxsən tanış olmaq istəkləri bizi çox sevindirir. Ən çox təkrarlanan suallar Nərimanovun siyasi fəaliyyəti ilə bağlı olur. Səbəb isə məlumdur. Nərimanovun fəaliyyətinin digər sahələri (əsasən bədii yaradıcılığı və s.) birmənalı olaraq müsbət dəyərləndirilsə də, siyasi fəaliyyətinə qiymət verilərkən fikirlər haçalanır.

Biz isə ziyarətçinin diqqətini XX əsrin 20-ci illərinin dramatik, mürəkkəb və ziddiyyətli bir dövr olduğuna, Nərimanov şəxsiyyətini qiymətləndirərkən bütün bunların nəzərə alınmasının vacibliyinə yönəldirik. Bu zaman ən başlıca məqamı - “millilikdən uzaqlaşmadan siyasətçi ömrü yaşayan” Nərimanovun heç zaman öz əzəli amalına - köləlik və istismarla əbədi savaşına vəfasız çıxmadığını, milyonların da Onu məhz bu saflığına və dönməzliyinə görə yüksək dəyərləndirdiyini unutmadan faktlarla dilə gətirib nümayiş etdiririk.

Uzun illər ərzində 6000-dən çox eksponata sahiblənməklə zənginləşən fondumuzda Nərimanov şəxsiyyəti ilə bağlı bütün suallara cavab verəcək və tərəddüdlərə son qoyacaq yetərincə material mövcuddur. Bu yerdə gərgin axtarışlarla həqiqətləri ortaya çıxaran tədqiqatçılarımızın araşdırmaları ilə tarixin qaranlıq səhifələrini işıqlandıran dəyərli əsərləri, ayrı-ayrı vətəndaşlarımızın təqdim etdikləri xatirələr, topladığımız sənədlər, fotolar, xatirə əşyaları köməyimizə çatır.

Muzey fondunun xüsusi əhəmiyyətli materiallarla zənginləşməsi daim davam etdirilir. 2018-ci ildə N.Nərimanovun Odessada təhsil illərinin tədqiqatçısı olmuş Vaqif Ağasiyev bu mövzu ilə bağlı Onun arxivinifoto, sənəd, xatirə döş nişanları, kitablar və qəzetləri, həmçinin Nərimanovun yaxın dostu olmuş Hüseyn Həyatovun nəticəsi, hazırda İsveçdə yaşayan Həsənağa Fərzanə şəkil, sənəd, qədim nəşrlərin əslini və antikvar yazı masasını muzeyimizə hədiyyə etmişlər.

Muzeyimizin fəal ziyarətçisi, “Atabankda texniki dəstək üzrə mütəxəssis işləyən Arzu Rzayev UkraynaRusiyaya səfəri zamanı əldə etdiyi sənədləri, eləcə də Nəriman Nərimanovun, həyat yoldaşı Gülsüm xanımın və oğlu Nəcəfin məzarlarını ziyarət edərkən çəkdiyi fotoları da fondumuza bağışlamışdır.

Təbii ki, Nərimanovla bağlı yaranan əksər sualların həqiqi cavabını onun öz qələmindən çıxan məktublarda, məqalələrdə, imzaladığı çeşid-çeşid sənədlərdə, müxtəlif qeydlərində tapmaq mümkündür. Odur ki, ilk növbədə Nərimanovun uzun illər məxfi saxlanmış məktublarından - “Oğluna bitməmiş məktubu” (əlyazması da nümayiş etdirilməklə), Leninə və Stalinə məktubları (yaxud Nərimanovun özünün adlandırdığı kimiMK-ya geniş məruzəsi”), M.S.Ordubadinin “Nərimançılıq” adlı yazısı, Nərimanovun müasiri və həmfikirləri olmuş görkəmli ziyalılarımızın, həm də siyasi rəqiblərinin şəxsi yazışmaları — məktubları, eləcə də mühacir ədəbiyyatı — M.Ə.Rəsulzadənin “Stalinlə ixtilal xatirələri”, Hüseyn Baykaranın “İstiqlal mübarizəsi tariximizdən”, Əhməd Əhmədovun “1918-1925-ci illərdə Azərbaycanda milli hərəkat, partiyalarictimai xadimlər şahid gözü ilə” əsərləri və RK(b)P MK Qafqaz Bürosu iclaslarının protokollarından istifadə edirik. Məhz bu sənədlər - son 15-20 ildə üzə çıxarılan qiymətli materiallar o dövrün ruhunu duymağa, millətimizə fəlakətlər gətirəcək əyintilərə qarşı təkbaşına mübarizə aparmağa məcbur olan Nərimanovun hansı çətinliklərdən keçdiyini anlamağa kömək edir.

Bir zamanlar nümayiş etdirilməyib məxfi saxlanan ən yeni materialların vacibböyük dəyər kəsb edənləri ayırıb, hər birinə diqqəti cəlb etdirməklə Nərimanovun şəxsi həyatını, ailəsini, nəhəng miqyaslı fəaliyyətinin bütün sahələrini, müasirləri və məsləkdaşları, eləcə də onunla əməkdaşlıq edən müxtəlif zümrələrə məxsus insanlar haqqında məlumatları əldə etməklə yaratdığımız zəngin ekspozisiya muzeyimizin 4 zalında sərgilənir. Muzeydə “Nərimanovun fəaliyyətini Azərbaycan tarixindəki rolu ilə məhdudlaşdırmaq olmaz!” deyən tədqiqatçı alimlərimizin son araşdırmalarına istinad edilibOnun fəaliyyətinin müxtəlif aspektlərinin, xüsusilə ictimai-siyasi, dövlətçilik fəaliyyətinin işıqlandırılmasına diqqət yetirilib. Tarixi şəxsiyyətlərin ev-muzeyinin interyerinin sahibini sağlığında olduğu kimi görmək istəyənlərin arzusu da nəzərə alınıb və orijinallığın nümayişinə önəm verilib. Bu səbəbdən Nərimanova məxsus papaq, təsbeh, portsiqar, tar, xatirə dəftəri, yazı dəsti, çarpayı və ailəyə məxsus bufet, daş güzgü, torşer, mebel dəstləri, mücrü, xalça, qobelen, çilçıraqlar və s. bu kimi məişət avadanlıqları, ailə üzvlərinin, yaxın qohumların fotolarının əsli əldə edilərək o dövrün səliqə-sahmanı yaradılıb.

Azərbaycanda milli şüurun oyanması və formalaşmasında misilsiz xidmətlərinə görə Nərimanovun yüksək qiymətləndirdiyi, həyatlarını qoruduğu mütəfəkkirlərimiz haqqında məlumatlara da ekspozisiyada yer ayrılmışdır.

Nümayiş etdirə bilmədiyimiz eksponatlar haqqında məlumatları şifahi olaraq xronoloji ardıcıllıqla ziyarətçiyə çatdırırıq. Çünki son illər dəyərli şəxsiyyətlər və əlaqəli hadisələr haqqında elə maraqlı sənədlər, materiallar əldə edirik ki, bu barədə onlara məlumat verməmək ədalətsizlik olar. Məsələn, N.Nərimanovun İsmayıl bəy Qaspıralının ölümü münasibətilə 1914-cü ildə “Bəsirət” qəzetində nəşr etdirdiyiBaxçasaray imtahan meydanı” adlı məqaləsi, 1919-cu il oktyabrın 10-da Əfqanıstanın Moskvadakı səfiri Məhəmməd Vəli xanı qarşılayarkən Azərbaycan dilində söylədiyi nitqi, Türkiyədəki ilk səfirimizə, Atatürkün çox ehtiram bəslədiyi, dostluq etdiyi İbrahim Əbilova bütün Şərqin xilası naminə görüləcək işlər üçün Türkiyənin yönləndirilməsi istiqamətində öz məsləhətlərini verdiyi 1921-ci il tarixli məktubu, əsli AMEA Əlyazmaları İnstitutunun arxivində saxlanan, ömrünün sonlarında qələmə aldığı güman edilən və çəkdiyi əzablara rəğmən amalından dönmədiyinin əks olunduğu 4 şeir, eləcə də Gürcüstan arxivindən əldə edilmiş, Nərimanovun ana dilimizə yüksək dəyər və qayğısını ifadə edən “Bəzi yoldaşlara cavab” adlı məqaləsindən təşvişə düşən Levon Mirzoyanla Serqo Orconikidzenin yazışmaları və s.

Nərimanovun uzun illər birtərəfli tədqiqi, üstəlik 90-cı illərdə məlumatsızlıqdanmı, ya da qərəzdənmi ortaya çıxan yanlışların, haqsız irad və ittihamların yer aldığı məqalə və informasiyaların mətbuat vasitəsilə yayımı çoxlarını tərəddüddə qoyub. Belələrini düzgün mövqedən istiqamətləndirmək isə ikiqat çətinlik yaradır. Məhz bu baxımdan elm adamlarımızın uzun müddət elmi dövriyyəyə buraxılmayıb gizli saxlanılan sənədlərə də diqqəti cəlb etməklə XX əsr Azərbaycan tarixini, ictimai-mədəni mühitini araşdıran materialları, şəxsiyyətlərin yaşadıqları konkret tarixi situasiyanı nəzəalmaqla dəyərləndirmələr bizi bir vətəndaş, həm də muzey əməkdaşı kimi hədsiz sevindirir. Çünki tarixi şəxsiyyətlərimiz haqqında həqiqətləri üzə çıxaran hər yeni tədqiqat işi bu çətinliyi aradan qaldırmaqda köməyimizə çatır. Biz V.Məmmədov, F.Köçərli, T.Əhmədov, C.Quliyev, X.Məmmədov, M.Məmmədov, B.Qəhrəmanov kimi tədqiqatçıların çox dəyərli əsərləri ilə bərabər, Nərimanovun siyasi dövlətçilik fəaliyyətini, fəlsəfi düşüncələrini araşdıran Ş.Qurbanov, F.Əhmədova, H.Həsənov, A.Hacıyeva, R.Bayramova kimi tədqiqatçı-alimlərimizin əsərlərindən də geniş istifadə edirik. Bütün bunlar Nərimanovu yeni təfəkkürlə əsl ziyalı kimi xarakterizə etməyimizə kömək edir.

Biz tədqiqat əsərlərinə istinadən Nərimanovu bir şəxsiyyət kimi fərqləndirən ən mühüm cəhətləri vurğulamaqla (məsələn, onun xalq kütlələri arasında böyük şəxsi nüfuza malik olduğunu qeyd etməklə), uzun illər üzərindən sükutla keçilən milli dövlətçilik baxışları və fəaliyyəti ilə bağlı məsələlərə aydınlıq gətirməklə həmin dövrün digər tanınmış şəxsiyyətləri arasında Onun xüsusi yerini, çəkisini göstərmək imkanı yaradırıq.

Nərimanov sözün əsl mənasında bir rəhbər, hər kəsin ümid yeri olan, çəkinmədən müraciət edə biləcəyi xalq adamı idi. N.Nərimanov cəmiyyəti təmsil edən bütün təbəqənin insanlarını düşünürdü. Elə bir ziyalı, din xadimi, ictimai xadims. yox idi ki, bu böyük şəxsiyyət onunla təmasda olmasın. O dövrün hansı hadisəsindən, hansı şəxsiyyətindən danışırıqsa-danışaq, onun mütləq Nərimanovla əlaqəsi meydana çıxacaq. Əlbəttə, bütün bunları işıqlandırmaq, əhatə etmək üçün hökmən digər vasitələrdən, müxtəlif mövzulu mühazirə və tədbirlərdən bəhrələnirik. Ona görə də muzeydə ekspozisiyadan istifadə etməklə ali məktəb tələbələrinin seminarları, orta məktəb şagirdlərinin açıq dərsləri, habelə, müxtəlif məzmunlu tədbirlər - elmi konfranslar, kitab təqdimatları, anım mərasimləri, yubileylər, “dəyirmi masalar, diskussiyalar keçirilir. Əksər vaxtlarda Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” kitabının və ziyarətçilərin maraq göstərdiyi tarixi sənədlərin kserosurətlərini iştirakçılara hədiyyə edirik.

Bu yerdə bir məsələni də vurğulamaq istərdim. Bütün zamanlarda gözəl fikirləri, ideyaları ilə cəmiyyətə yeniliklər gətirən şəxsiyyətlər olub. Bu xüsusiyyətlərlə yanaşı, Nərimanovu belə şəxsiyyətlərdən fərqləndirən bir cəhət də onun sözü ilə əməli üst-üstə düşən nadir şəxsiyyətlərdən olmasıdır. Məsələ ondadır ki, siyasətlə məşğul olmaq və şəxsiyyətinin bütövlüyünü qoruyub saxlaya bilmək, hər İnsanın işi deyil. Keşməkeşli həyatını öyrəndikcə hər dəfə onu yenidən kəşf edən bizlər ekskursiya zamanı əmin olduğumuz bu fikri ziyarətçilərə qəbul etdirmək yox, sadəcə Nərimanovun insanların xoşbəxtliyi naminə nələr etdiyini, nələrisə nə üçün edə bilmədiklərini sənədlərə, faktlara istinadən şərh edir və hər kəsə sərbəst şəkildə nəticə çıxarmaq imkanı veririk. Muzey daxilində və kənarda keçirdiyimiz tədbirlərdə, müxtəlif auditoriya qarşısında söylədiyimiz mühazirələrdə də bu fikrə söykənirik.

Mükəmməl elmi-metodiki mərkəzə çevrilən muzeyimiz bir çox sahələrdə olduğu kimi, gənc kadrların hazırlanması işinə də öz töhfəsini verir. Artıq neçə ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan TurizmMenecment Universiteti bakalavr və magistrlərin istehsalat təcrübələrini yüksək səviyyədə keçmələri üçün lazımi şərait yaradır.

Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyi, “TuqantelTatar Mədəniyyəti Cəmiyyəti, “Tatarıstan” İctimai Cəmiyyəti və “Ayda v Bakuictimai layihəsinin yaradıcıları ilə birgə müxtəlif mövzularda tədbirlər keçiririk.

Xocalı Soyqırımı ilə bağlı muzeydə keçirilmiş “Ədalət gözləyən Xocalı” adlı görüş-tədbir haqqında məlumatların yalnız respublikamızda deyil, Türkiyə mətbuatında da işıqlandırılması, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Türkiyənin Azərbaycandakı Böyük elçisi Erkan Özoralın muzeyimizi ziyarəti və Anım tədbirində iştirakı diqqətçəkən və unudulmayan məqamlardan olmuşdur.

AXC-nin yaranmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər, “Nəriman Nərimanovun və Qabdulla Tukayın dostluğu xalqımızın iftixar mənbəyidir” adlı tədbir, N.Nərimanovun müasiridostu olmuş Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş “Əhməd bəy Ağaoğlu - böyük mücadilə adamı” adlı tədbir son illər keçirilən ən maraqlı və yaddaqalan tədbirlərimizdən olub.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universiteti tələbələrinin, habelə Bakının Yasamal rayonu 53 və 175 saylı, Nəsimi rayonu 46 saylı, Səbail rayonu 189-190 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə muzeydə ardıcıl olaraq keçirilən çoxsaylı seminarlar və açıq dərslər tarixi irsimizə maraq göstərən iştirakçıların yüksək fəallığı şəraitində keçib. Bu tədbirlərdə fond materiallarından, mövzu üzrə hazırlanmış slaydlardan geniş istifadə olunub.

Nərimanov irsinə maraq göstərənlərin ünvanları müxtəlifdir və onlar respublika hüdudlarını aşır. Rusiyanın Həştərxan vilayəti, Gürcüstan, Türkiyə, Fransa və İsveçlə əlaqələrimiz genişdir. Ona görə də muzeydə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə diqqət yetiririk. İnternet istifadəçiləri üçün muzey əşyalarının elektron kataloqunu, müntəzəm olaraq yeni məlumatların yerləşdirildiyi Azərbaycan və rus dillərində olan veb-sayt, yeni bloq, Azərbaycan, rus, ingilis dillərində facebookinstaqram səhifələrini yaratmışıq, KİV-lə də sıx əlaqə saxlayırıq.

Müxtəlif kateqoriyalardan olan ziyarətçilər, xüsusən də yeniyetmə və gənclərlə sıx ünsiyyətdə olduğumuzdan tarixi şəxsiyyətlərlə bağlı onları düşündürən suallardan əvvəlcə xəbərdarıq, çox zaman da mövzu ilə əlaqəli bir sıra materialların çap olunaraq muzey ziyarətçilərinə, sərgi və mühazirələr zamanı dinləyicilərə təqdim edilməsi zərurətini də təbii qarşılayırıq. Bütün bunları nəzərə alaraq Nərimanovun “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi. Məişətə və cəmaətə xidmətləri”, “Tibbİslam” və “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı əsərləri əməkdaşlarımız tərəfindən yenidən nəşr üçün hazırlanmış və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin köməyi ilə çap edilmişdir. Bunlardan əlavə əməkdaşlarımız muzeyin yeni bələdçisini və vizit kartını da tərtib etmişlər.

Ümumiyyətlə, Nərimanov mövzusu ilə bağlı ən müxtəlif səpkili nəşrlərin həyata keçirilməsi sevindiricidir. Həm də çox qürurvericidir ki, bu nəşrlərin ərsəyə gəlməsi əməkdaşlarımızın iştirakı, az ya çox dərəcədə köməyi ilə baş tutur.

2018-ci ildə filologiya elmləri doktoru, professor, nərimanovşünas Teymur Əhmədovun hazırlayıb tərtib etdiyi, N.Nərimanov Xatirə muzeyinin direktoru Kamilə Hüseynovanın məsləhətçisi olduğu, əməkdaşlarımızın da müəyyən köməyi ilə ərsəyə gələn “Nəriman Nərimanov” kitab-albomu işıq üzü görmüşdür.

Daha bir fərəhimizə səbəb olan bir hadisə də N.Nərimanovun Azərbaycan ədəbiyyatında ilk roman sayılan “Bahadır və Sona” əsərinin Fransanın Strasburq şəhərində yenidən nəşr edilməsidir. Əsər Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi, Sinxron Tərcümələrin Beynəlxalq Assosasiyasının ilk azərbaycanlı üzvü, türkologiya üzrə elmlər doktoruSorbonna Universitetinin müəllimi Elvin Abbasbəyli tərəfindən fransız dilinə tərcümə edilmiş və oradakı “Kəpəz” nəşriyyatında nəşr olunmuşdur. Kitab çapa hazırlanarkən Elvin Abbasbəyli bizə müraciət etmiş, elektron poçt vasitəsilə ona göndərdiyimiz tövsiyə və məlumatlar əsasında kitabın annotasiyasında düzəlişlər edilmişdir. Əsərin ispan dilinə də tərcüməsi və çapı nəzərdə tutulur.

2018-ci ildə nəşr olunmuş başqa bir əsər isə ictimai xadim, ədəbiyyatşünas, Nərimanovun ilk tədqiqatçısı və yorulmaz təbliğatçısı olmuş mərhum Vəli Məmmədovun Gürcüstanda, TbilisiUniversal” nəşriyyatında Azərbaycan və gürcü dillərində yenidən çap olunmuş “Nəriman Nərimanov” monoqrafiyası olmuşdur. Həmin monoqrafiyada yer almış fotoların keyfiyyətli olması üçün onların orijinaldan çıxarılması və tərcüməçiyə göndərilməsi isə əməkdaşlarımızın xidmətidir.

Nəriman Nərimanovun “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabının 120 ildən sonra Türkiyədə çap olunma xəbəri bizi çox sevindirdi. Türkiyənin Qafqaz Universitetinin çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün dosenti, həmyerlimiz İlkin Qulusoy N.Nərimanovun 1899-cu ildə tərtib etdiyi bu kitabı müasir Azərbaycan dili ilə müqayisəli şəkildə yenidən nəşrə hazırlayaraq çap etdirmişdir. İ.Qulusoy kitabın izahat hissəsinə əlavələr etmək istərkən bəzi məlumatlara ehtiyacı olduğunu bildirmişonun xahişi əsasında əməkdaşlarımız lazımi materiallar təqdim etmişlər. Hazırda İ.Qulusoyun muzeyimizin fonduna bağışladığı avtoqraflı həmin kitab ziyarətçilərimizə nümayiş etdirilir.

Teymur Əhmədovun tərtibi, rəhbərliyi və əməkdaşlarımızın da iştirakı ilə hazırlanmış daha bir kitab - Nərimanovun ədəbi-siyasi irsinin biblioqrafik göstəricisi əlavələr, təkmilləşdirmələrlə çap üçün M.F.Axundov adına Milli Kitabxanaya təqdim olunmuşdur.

Müntəzəm olaraq muzeyimizə ən fərqli ünvanlardan və şəxslərdən metodiki köməklik xahişi ilə müraciətlər daxil olur. Şagirdlər, bakalavr, magistrlər və doktorantlar, müəllim, yazıçı, jurnalist, aktyorlar həmçinin digər peşə sahiblərinin çoxsaylı müraciətlərinə həssas yanaşır, hər bir vətəndaşa bacardığımız köməkliyi göstəririk.

Hazırda Nəriman Nərimanovun Tiflisdə, Qrişaşvili-41 ünvanında müvəffəqiyyətlə fəaliyyət göstərən Ev muzeyinin də təşkili zamanı bütün lazımi dəstəyi göstərən muzeyimizin əməkdaşları əməli, nəzəri, metodikipraktiki köməyini yenə də davam etdirir.

Daha bir məsələni də qeyd etmək istəyirəm ki, Bakının vaxtilə “Nikolayevsk”, “Parlament”, “Kommunist”, indi isə “İstiqlaliyyət” adlanan küçəsində, 119 yaşlı qədim və gözəl bir binasında yerləşən muzeyimiz mütəxəssislər tərəfindən interyer olaraq çox bəyənilir və sənədli, bədii filmlərin, telesüjetlərin çəkiliş məkanına çevrilir. Elə təkcə keçən il AXC-nin 100 illiyi münasibətilə müxtəlif Yaradıcılıq birlikləri tərəfindən çəkilən və ekranlarda tez-tez nümayiş etdirilən “Gizli istiqlal”, “Cümhuriyyəti Şərqə gətirənlər”, “Əbədi ezamiyyət” adlı sənədli-bədii filmlərin ən vacib və maraqlı məqamları muzeyimizin zallarında lentə alınıb, hadisələrin cərəyan etdiyi dövrə uyğun gələn nadir eksponatlarımızdan istifadə edilib.

Fikrimizə yekun olaraq onu da bildirməyi vacib sanırıq ki, fəaliyyətimiz hər zaman lazımınca dəyərləndirilir. Kollektivimizə böyük bacarıqla rəhbərlik edən Kamilə xanım Hüseynovanın və digər əməkdaşlarımızın Mədəniyyət Nazirliyi, Baş idarə, Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi, eləcə də bir sıra cəmiyyətlər tərəfindən dəfələrlə təşəkkür alması, fəxri fərmanlarla təltif edilməsi bunun bariz nümunəsidir.

2020-ci il aprelin 14-də böyük mütəfəkkir, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 ili tamam olur. Biz, Onun adını daşıyan Xatirə muzeyinin əməkdaşları olaraq bu əlamətdar hadisəni layiqincə qeyd etmək üçün ciddi şəkildə hazırlaşırıq. Heç şübhəsiz, gündən-günə sayı artan ziyarətçilərimizi maraqlı tədbirlərlə qarşılayacaq və onları yeni layihələrimizlə sevindirəcəyik.

 

Rəna QƏHRƏMANOVA,

Nəriman Nərimanovun

Xatirə muzeyinin böyük elmi işçisi.

 

Respublika.- 2020.- 5 fevral.- S.4.