Akademik Ramiz Mehdiyevin nəzəri
baxışlarında Azərbaycanın liderlik fenomeni
XXI əsr dünyada qlobal siyasi rəqabətlərin gücləndiyi milli dövlətlərin özünütəsdiqi, innovasiyalılıq, rəqəmsal strategiya dövrüdür. 24 yanvar 2020-ci il Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirlər müstəqil Azərbaycan reallıqlarını əks etdirir. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Azərbacan həyata keçirilən uğurlu xarici və daxili siyasət nəticəsində regionda və dünyada sülhün və təhlükəsizliyin təminatına mühüm töhfələr verir. Ölkəmiz öz iqtisadi inkişafını təmin etməklə yanaşı, regional və qlobal inkişafa da dəstək verir. Bu reallığı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr də təsdiq edir”.
Bu kontekstdən də akademik Ramiz Mehdiyev “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı yeni kitabında yazır: “İlham Əliyevin həll etməli olduğu məsələlər çox geniş miqyaslı idi. Onlar Heydər Əliyevin fəaliyyətinin yekunları ilə müəyyən olunurdu: - dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi artımın yüksək sürətinin təmin edilməsi və yeni iş yerlərinin yaradılması, xalqın sosial rifah səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin modernləşdirilməsi yolu ilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, xarici siyasət sahəsində milli maraqların təmin edilməsi və heç şübhəsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və s...”.
Əsərdə zaman prizmasından “keçmişə realist idrak meydanından nəzəri baxış sərgilənir. Həmçinin Prezident İlham Əliyevin hakimiyyət dövrünü “inkişafın yüksək tempi dövrü kimi qiymətləndirilir”. Akademik yazır: “Etiraf etmək lazımdır ki, yeni minilliyin əvvəlində Azərbaycanın üzləşdiyi təhdidlər İlham Əliyevdən ümummilli lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri olan xüsusi, demək olar ki, müstəsna qabiliyyətlər tələb edirdi. Heydər Əliyevin prezidentlik dövrünün tarixi göstərir ki, Azərbaycan şəraitində transformasiyalar təkamül yolu ilə və dərk edilmiş inkişafa əsaslananda səmərəli olur”.
Faktiki olaraq Ramiz Mehdiyev müasir həm politoloji, həm də ideoloji fikir üçün yeni və dərin bir ideya formalaşdırır. Genişmiqyaslı planlar isə qloballaşma dövründə real siyasi lider tərəfindən həyata keçirilir. Modernləşən siyasət keçmiş dövrü inkar etmir, əksinə, keçmişin təcrübəsindən bəhrələnərək daha incə və mürəkkəb məsələləri həll edir.
İLHAM ƏLİYEVİN LİDERLİK FENOMENİ: ƏNƏNƏVİLİK VƏ YENİLİK
Müasir Azərbaycan qloballaşan dünyanın mərkəz nöqtəsində, Avropa ilə Asiyanın kəsişməsində yerləşən geosiyasi məkan olub, artıq keçmiş sosializm sistemindən müstəqil suveren dövlətçilik yoluna keçid etmiş hüquqi dövlətdir. Bu nöqteyi-nəzərdən də müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyev də deyirdi: “Keçid dövrü yaşayan ölkələrə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən adam olsun”. Bu mənada təqdim etdiyimiz təhlildə ulu öndər Heydər Əliyev siyasi məktəbinin uğurlu davamçısı Prezident İlham Əliyev “təcrübəli və dünyanı biləndir”. Və nəinki dünyanı bilən, həmçinin dünyanın da bildiyi, tanıdığı milli liderdir. Müasir Azərbaycana rəhbərlik edənə qədər müəllimlikdən Baş nazir vəzifəsinə qədər böyük bir təcrübəyə söykənən fəaliyyət yolu keçmiş, ən əsası isə ümummilli lider Heydər Əliyev dühasından həm genetik, həm də siyasi anlamda mükəmməl bünövrə almışdır. Akademik Ramiz Mehdiyev yazır ki: “Prezident İlham Əliyev təcrübəli dövlət başçısı və uzaqgörən siyasi xadim keyfiyyətlərini ümummilli lider Heydər Əliyevdən əxz edibdir”.
2003-cü ilin 15 oktyabrında prezident seçkilərində ilk dəfə qələbə qazanan ölkə başçısı İlham Əliyev həmin ilin 31 oktyabr tarixində keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” - deyə bəyan etdi. Məhz bu siyasi kursu davam etdirən Prezident İlham Əliyev müasir Azərbaycan üçün çox vektorlu strateji əhəmiyyət kəsb edən müxtəlif sahələri əhatə edən inkişaf proqramlarının hazırlanmasının və onların işlək mexanizmlər əsasında həyata keçirilməsinin əsas müəllifi olmuşdur. Prezident “Əsl siyasət konkret real iş görməkdən ibarətdir” - tezisini irəli sürmüş, bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və mətin əzmkarlıq nümayiş etdirmişdir. Akademik Ramiz Mehdiyev qeyd edir ki, bu illərdə Azərbaycan özünün sosial dövlət mövqelərini xeyli möhkəmlədibdir. Mahiyyət etibarilə Azərbaycan güclü ordusu və güclü xarici siyasəti olan qüdrətli dövlətdir.
III minillikdə Azərbaycana rəhbərlik edən dövlət başçısı hər bir mərhələ üçün qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirmiş, islahatların sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirilməsini istiqamətləndirmişdir. Burada bir sual maraqlıdır: - Dünyada gedən qərbləşmə prosesində bəs Azərbaycanın modernləşməsi necə olmalıdır? Bu:
- cəmiyyətdə antimodernist potensialı aradan qaldırmaqla;
- ənənəçilik qalıqlarını neytrallaşdırmaqla, ölkənin milli maraqlarını qorumaqla, iqtisadi rifahı tənzimləməklə, vətəndaşların sosial müdafiəsini, dini etiqad, insan hüquqları və azadlığının təminini ictimai və texnoloji yenilənmələrlə dəyişməkdir.
Bu mənada 2003-2019-cu illərdə Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya sisteminin müxtəlif təsərrüfat sahələrinə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət olmuşdur. Akademik Ramiz Mehdiyev əsərdə iqtisadi göstəriciləri diqqətə yetirir və aydın olur ki, ölkəmiz bu illərdə daha yeni inkişaf tempinə yönəlibdir. Məsələn, “The American interest” nəşrində Amerika xarici siyasət şurası yanında mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Kornell qeyd edir ki, Prezident İlham Əliyevin islahatlara yanaşması köhnə təsisatları “təmir etmək” deyil, imkan daxilində yeni təsisatlar yaratmaqdan ibarət idi. Bu ideyaları, həm də rusiyalı alim A.Karavayev də dəstəkləyir. Prezident İlham Əliyevin bu illər ərzində imzaladığı fərmanlar, təsdiq etdiyi dövlət proqramlarında dünyanın müasir çağırışlarına hədəflənən istiqamətlərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Buraya ölkədə mövcud iqtisadi resursların gücləndirilərək kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan dövlətinin qurulması yolunda çoxşaxəli iqtisadiyyatının formalaşdırılması), hər bir regionun özünəməxsus potensialından tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxsaylı yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişafına dəstək verilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və bu kimi həm iqtisadi, həm siyasi, həm mədəni və s. mühüm vəzifələri aid etmək olar.
Nəzərə yetirək ki, müstəqilliyin ilk illərində ulu öndər Heydər Əliyev vurğulayırdı: “Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik”. Həqiqətən də ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikası ilə dünyanın inkişaf edən ölkələri, nüfuzlu korporasiyaları ilə birtərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzaladı. Tədricən müstəqil Azərbaycan dünya “böyük səhnəsində” özünəməxsus aparıcı rollardan birini yerinə yetirdi.
1994-cü il sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə “Yeni neft strategiyası”nın uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi ulu öndər Heydər Əliyevin iqtisadi siyasətinin əsas prioritetləri kimi tarixə yazıldı. Bunun nəticəsidir ki, ötən illərin iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş sosial-iqtisadi yüksəlişi ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.
ümumilikdə qəbul edilən əsaslı qərarlar, imzalanan fundamental sərəncamlar Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Yeni islahatlar mərhələsi də bu inkişaf yolunun dialektik məntiqli davamıdır.
Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafının yeni mərhələsi həm də sahibkarların, orta sinfin həyatda aparıcı milli təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu təsadüfi olmayıb, əksinə, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Azad bazar iqtisadiyyatı münasibətlərinin fəal tərəfdarı kimi çıxış edən Prezident İlham Əliyev inkişaf prosesində orta sinfin rolu barədə əsaslı konsepsiyanın da yaradılmasına istiqamət verdi. Prezident İlham Əliyev deyir: “Sahibkarlıq bizim üçün prioritet məsələlərdən biridir. Sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir”.
Akademik Ramiz Mehdiyev qeyd edir ki, son illərdə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar məbləğində sərmayə qoyulub. Nəticədə bu gün ölkə şaxələndirilmiş iqtisadiyyat sisteminə malikdir. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb, mövcud innovasiyalı istehsal obyektləri genişləndirilib, ölkənin aqrar sektoruna güclü təkan verilib.
XXI əsr Azərbaycanında həyata keçirilən islahatlar, köklü dəyişmələr həm də dövlət idarəçiliyinin bütün strukturlarının modernləşdirilməsi, elitaların yeniləşməsi, iqtisadi göstəricilərin şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması tədbirləri ilə müşayiət olunur. Akademik Ramiz Mehdiyevin bu fikri praktikada təsdiqini tapır: “reallıq yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Ölkə vətəndaşlarının yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır”. Bu mətndə də Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan demokratiya yolu ilə uğurla gedir”.
Azərbaycanın üçüncü minillikdə sürətli inkişaf tempi cəmiyyətdə konsensusun əldə olunmasına, sosialyönümlü tərəqqiyə və modernləşməyə xidmət edən hüquqi-siyasi, demokratik islahatlar kursunun daha da genişləndirilməsini obyektiv zərurətə çevirmişdir. Akademik Ramiz Mehdiyev bu əsərində də bir sıra siyasi analitiklərin fikirlərinə istinad edərək müqayisələr aparır.
Təcrübə də təsdiq edir ki, inkişaf səviyyəsi yüksək olan ölkələr postindustrial dövrünün tələblərinə uyğunlaşma məsələlərini yalnız müasir biliklərə söykənərək cəmiyyətin kifayət qədər formalaşmış demokratik təsisatları mövcud olduqda həll edilə bilərlər. Demokratik təsisatların inkişafı cəmiyyətin yeniləşmə meyilləri ilə birləşəndə isə səmərə verir. Buna nəzərən, demək olar ki, Azərbaycanda da milli gəlirin artım tempi ilə siyasi-hüquqi, mədəni-ictimai, mənəvi-sosial islahatların həyata keçirilməsi prosesi müsbət mütənasiblik təşkil edir. Məhz belə bir islahatlar mərhələsində zəruri ictimai münasibətlərin də xarakterində yaşanan dövrlə bağlı fundamental dəyişikliklərin baş verməsini labüd və qarşısıalınmaz zəruri proses kimi səciyyələndirmək olar. Digər əsas bir məsələ də “informasiya iqtisadiyyatı” da formalaşır, bu isə müxtəlif dövlət qurumlarında vətəndaşların cəlb edildiyi ən mürəkkəb idarəetmə əməliyyatları tam elektron formada tətbiq edilir. “E-dövlət” və “vətəndaş-dövlət” seqmentində də Azərbaycanın dünyaya model kimi təqdim etdiyi “Asan xidmət” də Prezident İlham Əliyevin modernləşdirmə kursunda innovativ siyasi xəttdir.
Ölkədə həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar mahiyyətcə cəmiyyətdə sosial iqlim, sivil və milli siyasi və əxlaqi davranış normalarının möhkəmlənməsinə xidmət etdiyindən, Azərbaycanda müxalifətçiliklə bağlı nihilist, radikal və anarxist yanaşmalarda da tədricən dəyişikliklərin baş verəcəyi də şübhəsizdir. Ölkə rəhbərliyi də Azərbaycan sosiumunun inkişafının üç əsas amilini - milli birlik və həmrəylik, siyasi suverenliyi və firavanlığı, mənəvi dəyərlərin bütövlüyünü təmin etmək üçün ölkəni zəruri inkişaf səviyyəsinə çatdırmağa çalışır. Yəni, Azərbaycanın yolu - inkişaf və demokratiyadır. Yeni siyasi şəraitdə demokratiya təkcə hər hansı bir seçki prosesi zamanı müəyyən olunmuş gündə səsvermə qutularına yaxınlaşıb səs verməkdən ibarət deyildir. Demokratiya cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, siyasi mədəniyyəti, habelə vətəndaş-dövlət münasibətləri arasında qarşılıqlı hörmətin təzahür formasıdır. Bu proses isə dövlətin daha da güclənməsinə və davamlı inkişafına imkan yaradır.
2019-cu ilin oktyabrından, belə demək mümkünsə dəyişən payız fəslində ölkədə siyasi mühit də yenilənərək dəyişdi. Son islahatlar, Prezident İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar da göstərir ki, ölkə iqtidarı siyasi məkanın yenilənməsinə olan ictimai-sosial tələbatı aydın dərk edərək, bu istiqamətdə real əməli tədbirlər həyata keçirir. Siyasi-hüquqi cəhətdən sabit və oturuşmuş, iqtisadi kontekstdə davamlı inkişaf edən, mənəvi-ideoloji və mədəni bütövlüyünü təmin edən müasir Azərbaycan idarəçilik sistemində yeni “işgüzar, sosial və birliklər strategiyası” tətbiq olunur. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları (məsələn, BDU-nun 100 illik yubileyinə həsr olunan mərasimdə, həmçinin ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəsmi Moskva səfəri ilə bağlı və s.) sərəncamları, söylədiyi fikirləri bu baxımdan xüsusi maraq doğurur.
İSLAHATLARIN
POST NEFT DÖVRÜ VƏ STRATEJİ XƏTTİ
Müasirlik prosesi çox mürəkkəbdir. Prezident
İlham Əliyevin Dövlətçilik İnstitutunun
möhkəmləndirilməsi ilə bağlı həyata
keçirdiyi strateji xətti ölkənin modernləşməsinin
ən yeni mərhələsidir. Ramiz
Mehdiyev yazdığı kimi, lider rolunun həqiqi miqyası
konkret işlərin reallaşmasında üzə
çıxır. Prezident İlham
Əliyevin fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və
mədəni landşaftını dəyişib. O,
müasir şəraitdə dövlət
başçısı üçün zəruri olan
bütün keyfiyyətlərə malikdir. İlham
Əliyevə Azərbaycan xalqını öz arxasınca
aparmaq missiyasını tarix, yeni dövr özü həvalə
edib. Dövrün artıq başlıca məqsədi
biliklər iqtisadiyyatı, sosial kapitala əsaslanan dövlət
- cəmiyyət sisteminin təkmilləşdirilməsidir.
Bu isə ictimai sərvət və dəyərlərə,
prioritet və meyarlara keyfiyyətcə yeni münasibət bəsləməyi
nəzərdə tutur. Müasir şəraitdə
isə buna seçilmiş addımlarla, prioritet və dəyərlərin
köməyi ilə, başqa sözlə, müasirliyi texniki
və informasiya imkanlarını milli ənənələrlə
birləşdirərək, elmin inkişafına impuls verməklə
nail olmaq olar. Akademik Ramiz Mehdiyevin “Azərbaycanın
inkişafını XXI əsrin
çağırışlarına uyğunlaşdıran
Lider” kitabının birinci fəslində bu məsələlər
ətraflı və dərindən təhlil olunur. İlk növbədə, ölkəmizin sürətli
inkişafı üçün bu proseslərin mərkəzində
səmərəli iqtisadiyyat, yeni tipli kadrlar, innovativ, bilikli
insan, peşəkar və bacarıqlı vətəndaşı
olmalıdır. İkincisi, biliklər
iqtisadiyyatına və sosial kapitala əsaslanmış sistemin
təkmilləşməsi məsələləri məhkəmə-hüquq
sahəsində də keçirilməlidir. Bunun üçün isə o, müasir fəlsəfi-mənəvi,
siyasi-sosioloji metodologiyaya əsaslanaraq yenilənmənin ortaya
çıxarmış olduğu ən mühüm suallara və
çağırışlara cavab verə bilməli,
mentalitetimizin və milli təcrübəmizin ən layiqli tərəflərini
əks etdirməklə onu gələcək nəsillərə
ötürə bilməlidir.
Azərbaycançılıq ideologiyasının əsasını
ümummilli lider Heydər Əliyev qoymuşdur. Prezident
İlham Əliyev də bu ideoloji xətti davam etdirir. Biz ictimaiyyətşünaslıqla məşğul
olan alimlərin üzərinə isə bu ideoloji xətti
öyrətmək və inkişaf etdirmək, maarifləndirmə
ilə yaymaq məsuliyyəti düşür. Başqa sözlə, islahatların yeni mərhələsində
azərbaycançılıq məhz inkişafın Azərbaycan
modeli mərkəzində durmalıdır. Keçmişə ehtiramla yanaşmaq, onu dərindən
bilmək və onun ən müsbət nümunələrini gənclərin
mənəvi və vətənpərvərlik ruhunda tərbiyə
işində istifadə etmək günümüzün ən
vacib vəzifələrindən biridir. Bu
da ölkəmizin müasir inkişaf məqsədlərinə
xidmət etməli və gələcəyə yönəlməlidir.
Üçüncüsü, ölkənin
müasirləşməsi və biliklər iqtisadiyyatına
yol təhsil sahəsində də yüksək səviyyənin
təmin olunmasını tələb edir. Gənclər
ən yüksək keyfiyyətli bilik almağa layiq olmaqla
innovasiyalılıq şəraitində yaşamağı
bacarmalıdır. Həm də bu yaşam
tərzində yeni elitalara da daxil olmalıdırlar. Müasir innovasiyalılıq sistemi yalnız
müasir texnologiyadan istifadə etmək demək deyildir.
Eyni zamanda, İKT sistemini bir strateji resurs kimi, sərvətin
yeni növü kimi anlamaqdır, başqa sözlə biliklər
iqtisadiyyatında izafi dəyər prosesi zəminində tək
zəhmət sayəsində deyil, məhz bilik
iqtisadiyyatında fərdlərlə qarşılıqlı əlaqə
uğur gətirir, ona görə də cəmiyyətdə
milli ideologiyanın və qarşılıqlı etimadın,
vətənpərvərlik və milli dəyərlərin
olması olduqca vacibdir, eyni zamanda, ənənə və
yenilik arasında isə mütləq əsas olaraq
ölçü-tarazlıq gözlənilməlidir. Prezident İlham Əliyev Bakı Dövlət
Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində
qeyd etmişdir ki, humanitar elmlərlə yanaşı,
qeyri-ictimai elmlərə olan ehtiyac da təmin
olunmalıdır. Dördüncüsü,
təbii ki, Azərbaycanda siyasi liderliyin siyasi strategiyası və
islahatların yeni mərhələdə
etibarlılığı amili hərtərəfli inkişaf
mövzusunun aktuallaşması deməkdir.
Dünyanın yeni nizamı çərçivəsində
elitaların dəyişməsi məsələləri ciddi
risklərlə bağlıdır və birlik, həmrəylik,
razılaşma mövqelərindən bu risklərin
qarşısını qabaqcadan alınması nəzərdə
tutulmalıdır. İndiki mərhələdə
elitaların keyfiyyəti, həm də dövlətin və
ölkənin demokratikləşməsini təmin edir. Demək olar ki, bu tezis ölkənin alimləri,
ictimaiyyəti üçün demokratiyanın dərk
olunmasında irəliyə doğru bir
sıçrayışdır. Həm də
bir çoxları hələ də əmindirlər ki,
demokratiya xalq hakimiyyəti və seçkilər deməkdir.
Lakin bunun həm də peşəkarlıq, seçmə və
seçim meyarları olduğunu, keyfiyyətli menecerləri
seçə bilmək, insanları peşəkar keyfiyyətlərinə
görə vəzifəyə təyin etmək
bacarığı olmadan demokratiyanın inkişafa qadir ola bilməyəcəyini unudur və ya bilmirlər.
Buna görə də ictimai-siyasi sabitliyi qoruyub
saxlayaraq, elitalar dəyişikliklərində də bir
ölçü, bir balans olunması zəruridir. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin
oktyabrından başlayan qətiyyətli, əzmkar və
siyasi modernliyə söykənən islahatlar xətti bu məsələlərin
gündəmdə olmasının bariz göstəricisidir.
LİDER
VƏ ELİTA:
BƏZİ
DÜŞÜNCƏLƏR
Liderlik olduqca məsuliyyətli, ciddi və ağır
yükdür və onun altına yalnız tolerant, müdrik, təcrübəli
siyasətçilər, strateqlər girə bilər.
V.Putin, R.T.Ərdoğan, D.Tramp, Si Tsinpin və b. siyasilər
yalnız onlara, əsas da ölkələrinə məxsus
strategiyalar aparırlar. Bu böyük ölkələrin dövlət
sistemi və institusional quruluşları fərqlidir. Bu sıralarda balanslı strategiyası ilə
özünəməxsus dünya siyasətində vacib yeri
olan Prezident İlham Əliyev də vardır.
Zaman ümumi, həm də konkretdir. Azərbaycanın
da qarşısında yeni tələblər, yeni hədəflər,
çağırışlar və seçimlər qoyur.
Müasir dövrün demokratik dəyərlərinin
təşəkkülü cəmiyyətləri
sivilizasiyalı inkişafla eyniləşdirən yeni rəmzlərin
gəlməsi üçün zəmin yaratmışdır.
Sivilizasiyalara zaman çəkisi, bu və ya digər
cəmiyyətlərin tarixi reallıqları kontekstində
baxılır, onların əlamətləri, məsələn,
urbanizasiya ilə, əhalinin sürətlə artması ilə,
təhsil sisteminin və elmi proqram və biliklərin
inkişaf dərəcəsi ilə, əmək məhsuldarlığı
ilə əlaqələndirilir.
XXI əsrin
ikinci onilliyinin sonunda sabitlik və nisbi firavanlıq
dövründə bəzilərinin əvvəlcədən
sezdiyi bir məsələ aydın oldu:
özü-özlüyündə iqtisadiyyat və pul qüdrətli,
güclü demokratik, hüquqi və sivill dövlət
yaratmır və hətta fərdi xoşbəxtliyi belə təmin
edə bilmir. Lakin indi, müasirləşmə
dövründə bu məsələnin tədqiqi transformasiya
prosesinin təmayüllərini, istiqamətini, dəyərlərə,
lider və elitaya olan tələbatı aşkar etməyə
geniş imkan verir. Aydındır ki, lider həmişə
etik dəyərlər, hakimiyyət, elita və xalq arasında
dialoq aparan olur.
Akademik Ramiz Mehdiyev qeyd edir ki, Prezident İlham Əliyev
nadir şəxsiyyətdir. Onun simasında həm
islahatçı, həm sabitliyin, həm də daxili siyasi
tarazlığın saxlanması amili cəmləşibdir.
Bizim prezident ümummilli lider Heydər
Əliyevin siyasi irsinə sadiq qalaraq, iqtisadi, sosial və
ekoloji amillər nəzərə alınmaqla, ölkənin
davamlı inkişafını uğurla təmin edir. Bu vəzifələri reallaşdırmaq
üçün o intellektuallardan ibarət komanda (elita)
formalaşdırıbdır. Akademik
yazır ki, bu intellektuallardan ibarət olan komanda ümumi beyin,
ya ümumi zəka təşkil edən yeni elitadır.
Aydındır ki, bir halda ki, müasir XXI əsr Azərbaycanın
lideri əsaslı transformasiyaya - cəmiyyət həyatının
bir çox tərəflərini, onun siyasi mədəniyyətinin
də yüksəldilməsinə, hüquqi dövlətin və
vətəndaş cəmiyyətinin
formalaşdırılmasına çalışır, onda, təbii
ki, qeyri-maddi, etik, ideoloji, siyasi-fəlsəfi və s. amillərin
nəzərə alınmasına bu ərəfədə daha
diqqətli yanaşmaq vacibdir. Bu mənada
Prezident İlham Əliyevin bütün uğurlarının
fövqündə dayanan məslək, milli ideya və qüdrətli
məfkurə - azərbaycançılıq ideologiyası -
milli-mənəvi dəyərlərin qorunması, multikultural
həyat tərzi təbliği dəyərli bir ideya kimi Azərbaycan
reallığında bərqərar olmuşdur.
O hakimiyyət
parlaq, tərəqqisevən sayılır ki, o, öz
xalqının qeydinə qalmış olsun. Burada
cəmiyyətin müxtəlif qruplarının, insanlara
hansı qayğının lazım olduğu barədə təsəvvürlərdə
ilk fərqlənmə əks oluna bilər. Bəzilərinə total, hətta belə desək,
paternalist qayğı lazımdır. Başqalarına
isə yalnız onlara yardım göstərmək, müdafiə
etmək, amma müstəqil olmalarına mane olmamaq və s.
lazımdır.
Hər bir ölkənin özünün siyasi, iqtisadi, intellektual və digər tərkib hissələrinə ayrıla və ya bütövlükdə qavranıla bilən müəyyən mədəniyyəti vardır. Bir qayda olaraq, mədəniyyətlərin diferensiasiyası prosesi, cəmiyyəti peşəkarlığın əhəmiyyətini dərk etməyə hazır olması ilə düşüncənin ağıllı təfəkkür tərzinin bütün həyat fəaliyyəti sahələrində üstünlük təşkil etməsinə, cəmiyyətin mütəxəssisləri özünün bütün işlərində intellektuallar kimi qəbul etməsinə hazır olmasını, cəmiyyətdə ekspertlərin fəaliyyətinin dəyərləndirilməsi meyarlarının formalaşmasına kömək etməlidir. Təbiidir ki, bu cür elitanın və belə bir cəmiyyətin təşəkkülü, indiki şəraitdə, orta sinfin mənafe və dəyərlərinin üstünlük təşkil edən qüvvə kimi təsbit olunması ilə sıx bağlıdır. Orta sinif elita deyildir, amma nəzərə alaq ki, onun ən yaxşı nümayəndələri də elitaya daxil olub, onu tamamlamaq məqsədəmüvafiqdir. Bu mənada da Prezident İlham Əliyev Azərbaycanda XXI əsrin ikinci onilliyinin sonunda “yeni elitanın” formalaşması kursuna da start verdi. Daha innovativ təhsilli, bacarıqlı, peşəkar təfəkkürlü, menecment qabiliyyətlərinə malik mütəxəssislərdən ibarət yeni komandanın formalaşmasına təkan verdi. Məhz bu amil də onu XXI əsrin ən yeni tarixində islahatçı, yenilikçi Prezident olaraq daxil edəcəkdir. Bu təbəqə, əlbəttə, nisbi olaraq, düzgün rəqabətyönlü islahat aparmağa, test və hər bir digər imtahanlardan çıxmağa hazırdır. Lakin nəzərdə saxlamaq lazımdır ki, bir çox qruplar hələ də rəqabəti hər cür yolla kənara qoyulası, xoşagəlməz bir şey olduğunu hesab etsələr də, Prezident İlham Əliyev öz balanslı yanaşma siyasəti ilə hər bir məsələni nizamlayır.
Beləliklə, ulu öndər Heydər Əliyevin strateji kursunu davam etdirərək və yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq Prezident İlham Əliyev zamanın yeni çağırışlarına cavab verir, bu isə postsənaye cəmiyyəti problemlərini sürətlə həll etmək və postsənaye (innovasion) cəmiyyəti quruculuğuna keçilməsi deməkdir. Eyni zamanda, Prezident İlham Əliyev cəmiyyətin bütün sahələrinin yenilənməsinə çalışır. Demək olar ki, dövlət rəhbərinin yanaşması Azərbaycanın inkişaf yollarının innovasion dərkinin daimi axtarışıdır. Bu kontekstdə Azərbaycan ictimaiyyətşünas alimlərinin lider və müasirləşmə nəzəriyyəsini dərindən tədqiq, onun müxtəlif mərhələlərinin təhlil və cəmiyyətin müasirləşdirilməsinə kömək edə bilən fenomenal xüsusiyyətlərinin dərki siyasi-fəlsəfi və nəzəri əhəmiyyət kəsb edir.
Fikirlərimizə akademik Ramiz Mehdiyevin məntiqi ilə yekun vuraq: “Prezident İlham Əliyev yeni minillikdə Azərbaycan xalqının ümummilli lideri olaraq siyasi xadim, görkəmli islahatçıdır”.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə
İnstitutunun direktoru.
Respublika.- 2020.- 8 fevral.- S.3.