Xaosdan zəkaya doğru

 

Zaman...Əslində onun sərhədlərini nə keçmiş, nə indiki, nə də gələcək dövrlərlə məhdudlaşdırmaq mümkündür və əsl tarix də məhz bu zamanların birgəliyində mövcuddur. Keçmişin ənənələrinə söykənib bu günümüzdən gələcəyimizə doğru istiqamətlənməyən tarix isə nə vaxtsa durub-dayanan ani vaxt axınından başqa bir şey deyildir. Bəzən tarixi yaratmaq onu yazmaqdan asan olur, onu yazmamaq, yaxud yanlış yazmaq isə tarixin özünə qarşı cinayətdir. Böyük tarix kiçik tarixlərdən yaranır, bu mənada hər kəsin nəsil şəcərəsi, həyat yolu, fəaliyyəti haqqında yazılan əsərlər, hətta bioqrafik yazılar belə tarixdir. Məqamı əldən vermədən, doğru-dürüst yazılan nə varsa tarixdir .

Bu məqamda oxuduğum bir kitabda da qeyd etdiyim məsuliyyəti görüronun timsalında tariximizin müəyyən dövrünün maraqlı mənzərəsi ilə baş-başa qalıram. Kitabın əsas qəhrəmanları bu məmləkətin vətəndaşlarıdır. Tanış olun: Hüseyn Əlixanov: “Xaosdan zəkaya doğru”.

 

İlk olaraq onu deyim ki, memuar xarakterli, fakt və hadisələrə söykənərək qələmə alınan, böyük zəhmət hesabına araya-ərsəyə gətirilən bu kitabda yaxın tariximizin ən qarışıq dövrü, 1988-1990-cı illərdə baş verən cinayət hadisələri əks olunur. Kitabın annotasiyasında da deyildiyi kimi, məhz həmin dövrdə, “SSRİ-nin çökməyə başladığı ərəfədə, özbaşınalığın və qanunsuzluğun baş alıb getdiyi bir vaxtda, mövcud ictimai-siyasi vəziyyətdən, eləcə də ermənilərin torpaqlarımıza təcavüzündən istifadə edərək, cinayətkar ünsürlərin müdhiş motivlərlə cinayətlər törətməsi adi hala çevrilmişdi”. Bax, belə bir şəraitdə işləmək hüquq-mühafizə orqanlarında çalışanlar üçün xeyli çətinləşmişdi. Baş verən hadisələrin əsas mahiyyətini müəyyənləşdirmək, onun milli, yaxud mülki zəmində baş verib-verməməsini dəqiqləşdirmək bu sahədə çalışan hər kəsdən böyük siyasi sayıqlıq tələb edirdi. Kitabda, həmin dövrdə, bilavasitə müəllifin özü tərəfindən istintaqı aparılan iki cinayət hadisəsi üzrə müəyyən edilən hallar, istintaqın nəticələri, real faktlar əsasında qələmə alınmış, o, mövcud ictimai-siyasi mənzərəni olduğu kimi əks etdirməklə haqqın, ədalətin qalib gələcəyinə inamla yanaşmışdır. .

Müəllifin oxucuya müraciətində də bunu aydın görmək olur. Hər kəsin keçdiyi həyat yolunu onun ömür xəzinəsi, bənzəri olmayan bir dünya adlandıran müəllifin qənaətincə, “...bu elə dəyərli xəzinə, elə zəngin dünyadır ki, burada şən və kədərli məqamlar, acılı-şirinli günlər, romantik, sirli-sehrli dəqiqələr özünə yer tapıb. Bu dünyanın mahiyyətini, mənasını, daha dürüst desək, qədir-qiymətini kimliyindən asılı olmayaraq, hər bir Allah bəndəsi ahıllığına yetişəndə, necə deyərlər, qocalığın küləkləri əsəndə dərk etməyə başlayır. Yaşın üstünə yaş gəldikcə, həyatın kənardan görünən, ya görünməz olan, sənin mərkəzində dayandığın, iştirakçısı olduğun hadisələr xatirələrə dönür, yaddaşlara həkk olunur. Məhz ömrünün bu çağında insan çalışır ki, xatirələrində özünə yer tapmış o günlərdən, o anlardan tez-tez bəhs eləsin, o unudulmaz xatirələri öz yaxınları ilə bölüşsün... hər bir kəsin arzusudur ki, keçib-gəldiyi həyat yolunu heç olmasa öz övladlarına, nəvələrinə örnək kimi təqdim etməyə zamanı, imkanı olsun... Mən də istərdim ki, yaşadığım çox da hamar və bəsit olmayan həyat yolumdan, o cümlədən prokurorluq və ədliyyə orqanlarında çalışdığım illərdəki ictimai-siyasi vəziyyətdən, müxtəlif istintaq işləri üzrə ətrafımda cərəyan edən hadisələrdən onlara söz açım...”

Əvvəla onu deyək ki, müəllifin “Qisas” və “Tamah, yoxsa intiqam?” adı altında qələmə aldığı cinayət hadisələri dramatik, gərgin məqamları ilə oxucuda böyük həyəcan doğurur. İrəli sürülən versiyaların hansının doğru olacağını, cinayət hadisəsi üzrə müəyyən edilən halların, istintaqın nəticələrinin, real faktların hara və kimə aparıb çıxaracağını səbirsizliklə gözləyirsən.

Həyat, doğrudan da maraqlı, maraqlı olduğu qədər də çətindir. Və bu həyat acı bir həqiqəti çoxdan, dəfələrlə təsdiqləmişdir: Bir sıra hallarda övladlarının yarıtmaz və pis əməllərindən zərərçəkən onların valideynləri olursa, “Qisasda isə övladları atalarının ilginc hərəkətinin qurbanı olurlar.

Bakının “Kubinkaadlanan məşhur məhəlləsindəki beş mərtəbəli binanın 4-cü mərtəbəsində 3 uşağın cansız cəsədləri aşkar olunmuşdu... Tibb ekspertinin apardığı ilkin müayinəyə görə, dəhlizdə və otaqdakı iki qızın başında küt alətlə yetirilmiş xəsarətlər, bədənlərində əlbəyaxa çarpışmaya xas sıyrıntılar müəyyən edilmişdi... Üçüncü uşaq boğularaq öldürülmüşdü...”

Ailənin başçısı Arif həkim cərrah idi, zərərçəkmiş tərəfin şübhələndiyi konkret şəxslərin, həm də qarətlə bağlı motivin təsdiqini tapmaması müxtəlif versiyaları ortaya çıxarırdı. Aparılan istintaq və əməliyyat tədbirləri bu ağır cinayətin uşaqların atası Arifdən qisas almaq niyyəti ilə əlaqədar olmasına şübhələri getdikcə artırır. Hadisədə şübhəli şəxs qismində saxlanılan Jalənin cinayətdə əlinin olub-olmaması araşdırılarkən müstəntiq maneələrlə qarşılaşır. Həyatına sui-qəsd təşkil edilir. Əsasən o dövrün dövlət strukturlarında mühüm vəzifələr tutan şəxslər üç azyaşlı günahsız uşağın qatili Jaləni məsuliyyətdən və həbsdən azad etmək naminə ən ağır cinayətləri belə törətməkdən çəkinmirlər.

Nəhayət, cinayətin qisas məqsədilə törədildiyi təsdiqini tapır. Sən demə, vaxtilə tələbəsi olan Jaləyə təcavüz edən, onu ana olmaqdan ömürlük məhrum edən, ailə həyatını puç edən Arif indi üstündən uzun müddət keçəndən sonra etdiyi günahın bədəlini ödəyirdi. İllərlə intiqam hissi ilə yaşayan Jalə ondan heyfini belə çıxmışdı... Uşaqların qətlinin bilavasitə icraçısı Elgizin Jalənin havadarları tərəfindən öldürülərək aradan götürülməsi ilə vəziyyət dəyişir.

Qasımova Jalə Əsgər qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci hissəsi ilə ittihamnamə tərtib olunduğu ərəfədə SSRİ Baş Prokurorluğunun cinayət işinin məhkəmə perspektivinin olmaması və Jalə barəsində işin icraatına xitam verilməsinin məqsədəuyğunluğuna dair göstərişi əsasında Jalə həbsdən azad edilir.

Azad olunduqdan 3 gün sonra Jalə müəmmalı şəkildə yoxa çıxır. Hacıyev Arif Bahadur oğlu ona qarşı irəli sürülən şübhələri rədd edir. Lakin şübhə yoxdur ki, “heç bir cinayət cəzasız qalmır...”.

Tamah, yoxsa intiqam?” “31 yanvar 1990-cı il tarixində Bakının o vaxt Serebrovski (təzə adı Qaraçuxur) adlanan qəsəbəsində yenicə tikilmiş ikimərtəbəli evdə yaşayan ərlə arvadın bir-birinə sarılmış cansız cəsədləri və təxminən altı aylıq uşaq öz beşiyində heydən düşmüş halda, bədəni saralmış vəziyyətdə aşkar olunmuşdu...” Təbii ki, hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülürdü. Bu cinayətin açılması üçünaz vaxtaz əmək sərf olunmadı. .

Uzun müddət aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində hadisə törədildikdən 8 gün sonra Qanlı Yanvar gecəsi həlak olanların dəfn günü baş verdiyi müəyyənləşdirilir. Cinayətin milli zəmində, yaxud provakasiya məqsədilə törədilməsi kimi ilkin versiyalar təsdiqini tapmır. Cinayətin təşkilatçısını və digər iştirakçılarını müəyyən etdikdən sonra da xüsusi qəddarlıq göstərən Qorbunovun bu cinayətə hansı məqsədlə qoşulması çaşqınlıq yaradır. Müəllif yazır: “Romanın ifadəsindən görünürdü ki, Qorbunov ərlə-arvada balta ilə zərbə endirdikcə, bir neçə dəfə “krov xoçu” (“qan istəyirəm”) ifadəsini işlədirmiş. Sanki bu zərbələri o, qisas, yaxud intiqam almaq niyyəti ilə yerinə yetirirmiş... istintaq zamanı isə bəlli oldu ki, Qorbunov ilə zərərçəkmişlərin heç bir tanışlığı yoxmuş, Qorbunov da Roman kimi bu cinayətə Fərman tərəfindən cəlb olunub... Qorbunovu bu cinayətə sövq edən səbəblər və hansısa amillərin olması sual altında qalırdı. Hər bir halda əməliyyat və istintaq tərəfindən aparılan araşdırmalar Qorbunova hansı motivlərlə olur-olsun, insanlığa xas olmayan bu ağır cinayəti törətməyə vadar edən halların mövcud olmadığını təsdiqləyirdi. İstintaq beynəlmiləlçilik prinsiplərini üstün tutaraq məsələni şişirtmədi”. Bununla yanaşı, müəllif yazısında millətimizə xas humanist, qərəzsiz, sülhsevər, xüsusiyyətləri konkret faktlarla əks etdirmişdir.

Fərmanı xarakterizə edən materiallar onun, həqiqətən qəddar, xudpəsənd və hiyləgər bir şəxs olduğunu tam sübuta yetirdi. Onun təşkilatçısı olduğu bu ağır cinayətin törədilməsində başlıca motivin tamah olması şübhəsiz idi...

Tam səmimiyyətlə qeyd etmək istərdim ki, iki cinayət hadisəsinin təqdimatı fonunda qarşımda müstəqillik dövrünün “Mehmanı” canlanır. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehmanpovesti əsasında çəkilən “Qanun naminə” filminin kadrları göz önünə gəlir. Bu, həmin “Mehman” obrazıdır ki, uzun illər hüquqşünas olmaq istəyənlərin həyat idealına çevrilmişbütün zamanlarda ehtiyac duyulan ədalətli hüquq işçilərinin böyük bir nəslinin formalaşmasına zəmin yaratmışdı.

Xaosdan zəkaya doğru...” Müəllif bu bölmədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhər Prokurorluğu üzrə növbətçi müstəntiq olaraq bilavasitə baş vermiş hadisələrin şahidi kimi öz təəssüratlarını bölüşür: “...Yanvarın 20-si səhər saat 9-da növbətçiliyim başa çatandan sonra Prezident Aparatının qarşısında davam edən mitinqə getdim. Orada təxminən on mindən artıq insan vardı. Öz odlu nəfəsi və kəsərli sözü ilə çıxış edən Bəxtiyar Vahabzadə Sovet imperiyasını, onun rəhbərliyini lənətləyir, xalqı “olumölüm” günündə düşmənlərə qarşı sarsılmaz birliyə və mübarizəyə çağırırdı. Elə bu anda Nizami muzeyiHüsü Hacıyev küçəsi istiqamətində küçənin hər iki tərəfində zahirən bandit dəstələrini xatırladan “əsgər”lər... işlək vəziyyətdə küçəboyu sıralanmış tank və BTR-lərin nəriltisi altında atəş açmağa başladı...”

Bakı şəhər Prokurorunun müavini olduğu dövrdə paytaxtın əməliyyat-istintaq orqanlarında qanunların icrasına nəzarət edən müəllif maraqlı epizodlar, Gəncə şəhərində prokuror işlədiyi o ağır vaxtların da real mənzərəsini yarada bilib.

Müəllif həmçinin 1993-cü ildə Müdafiə Nazirliyinin tabeliyində olan 709 saylı hərbi hissənin dövlətə itaətsizliyi ilə bağlı hadisələri və bu hadisələrdən törənən bir sıra qaranlıq məqamları, eləcə də 1995-ci ilin martında DİN-in struktur qurumu olan Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) tabeçilikdən çıxaraq dövlət çevrilişinə cəhd göstərməsi ilə bağlı başlanmış cinayət işində, “Dövlət çevrilişinə sui-qəsddə siyasi qüvvələrin və kəşfiyyat orqanlarının roluepizodu üzrə istintaq qrupunun rəhbəri kimi müəyyən etmiş olduğu bir sıra təəssüf doğuran halları qısa da olsa qələmə alaraq oxucuya, gənc nəslə çatdırmağı zəruri hesab etmişdir.

Kitabda özünə yer alanTarix heç zaman unudulmur”, “Dövlətə və xalqa tuşlanmış silah”, “Azərbaycan Ədliyyəsi - 90”, “Məhkəmə qərarlarının icrası - ədalət mühakiməsinin real təzahürüdür”, “Heydər Əliyev erası” və s. məqalələrdə müəllif prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə xidmət etdiyi müddət ərzində, işlədiyi sahələrin mövcud vəziyyətini, bu sahələrin inkişafına təsir edə bilən amilləri, Ölkə başçısının müvafiq fərmanları, Milli Məclis tərəfindən qəbul olunan müvafiq qanunların şərhini, mahiyyətini və bir sıra hallarda tarixi faktları əks etdirir. Onun beynəlxalq konfransforumlarda etdiyi bəzi çıxışları da kitaba əlavə olunmuşdur. Bütün bunların fonunda müəllif dəfələrlə təsdiqini tapmış həqiqəti bir daha sübut etməyə çalışıb: “...həyat təkcə şad və xürrəm keçən günlərdən, səadət dolu xoşbəxt anlardan ibarət deyil. Gərəkdi ki, onun da qarını-çovğununu, necə deyərlər, bəzi insanlara xas olan astar üzünü görməyi bacarasan”.

Xaosdan zəkaya doğru” kitabını vərəqlədikcə, zəkanın, ağlın hər zaman qalib gələcəyinə bir daha əmin olursan. Xalqımız da xaos, özbaşınalıq, anarxiyanın baş alıb getdiyi o çətin dövrdən də məhz ağlın, zəkanın gücünə çıxa, öz müstəqilliyini əbədi edə bildi, yeni bir eraya qədəm qoydu. Bu, Heydər Əliyev erası idi. “Heydər Əliyev erası” məqaləsində deyildiyi kimi: “Heydər Əliyevin uzaqgörən, dərin və məntiqli siyasətinin, cəsarətli addımlarının sayəsində Azərbaycan xalqı məhvolma təhlükəsindən qurtuldu, real bəlalardan xilas oldu”. Xalqımızın xaosdan qurtulub aydınlığa qovuşan tarixi yarandı.

Bu tariximizi özündə əks etdirən “Xaosdan zəkaya doğru” kitabı ondan öyrənmək istəyənlər üçün etibarlı mənbədir.

 

Nurəngiz ADİLQIZI

 

Respublika.- 2020.- 8 fevral.- S.5.