Kitabşünaslıq kadr hazırlığı problemləri
və onların həlli yolları
“Təhsil
əsri” elan edilən XXI əsrdə yüksək intellektə
malik insan kapitalının formalaşması və
güclü iqtisadiyyatın qurulması xüsusi önəm kəsb
edir. Dövlətin inkişafını təbii sərvətlər
bolluğu deyil, bu sərvətlərin insan kapitalına
çevrilmə mexanizminin effektivlik səviyyəsi təmin
etdiyindən, təhsilin rolunun ön plana çəkilməsi
günün tələbidir. Neft kapitalını insan
kapitalına çevirməklə intellektual sərvətimizi
qoruyub zənginləşdirməyi strateji hədəf kimi
qarşıya qoymuşuqsa, təhsilin məzmunu tələbata
uyğunlaşdırılmalı, intellektual inkişafı ləngidən
maneələr aradan qaldırılmalıdır. Təhsilin
müasir modeli bu əsas üzərində qurulmalı, təlim
konkret məqsədə xidmət etməyən nəzəri
materialların mənimsənilməsinə, tərif,
düstur, tarixi gün və hadisələrin əzbərlənməsinə
deyil, gənclərdə analitik təfəkkür tərzinin,
öyrənib dərketmə, təşəbbüskarlıq,
yaradıcılıq, tədqiqatçılıq, qərarqəbuletmə
və tətbiqini reallaşdırma kimi bacarıq və keyfiyyətlərin
formalaşmasına istiqamətlənməlidir. Bu səbəbdən
də, 2005-ci ildə Dünya Bankının maliyyə dəstəyi
ilə “Avropa ali təhsil məkanına”- Boloniya prosesinə
qoşulan Azərbaycanda ikipilləli ali təhsil sisteminin
inkişaf etdirilməsi, ali təhsil üzrə dövlət
standartlarının hazırlanması istiqamətində
görülən işlərin, həyata keçirilən
islahatyönümlü tədbirlərin təhsilin məzmunca
yeniləşib dərinləşməsinə, mütərəqqi
dünya təcrübəsinə
uyğunlaşdırılmasına istiqamətləndirilməsi
zəruridir. Nazirlər Kabinetinin 2019-cu il fevralın 11-də qəbul
olunub 15 sentyabr 2019-cu il tarixindən qüvvəyə
minmiş 45 saylı “Ali təhsilin bakalavriat (baza ali) səviyyəsi
üzrə ixtisasların (proqramların) təsnifatı”
adlı qərarı da, elə bu məqsədlə
hazırlanmış, 2019-cu ildən başlayaraq artıq qəbulu
ləğv olunmuş 34 ixtisasın siyahısında poliqrafiya
mühəndisliyi (I qrup: 29) və kitabşünaslıq (III
qrup: 2) ixtisasları da yer almışdır (13 Fevral 2019, 14:39
AKTUAL).
Adıçəkilən
qərarla bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov
adları təsnifatdan çıxarılmış
ixtisasların əslində Ali təhsil müəssisələrində
fərqli ad altında birinin digərini təkrarladığını,
onların təkmilləşdirilmiş təhsil proqramları
əsasında müasir əmək bazarının tələblərinə
uyğun, yəni kompleks şəkildə tədris
olunmasının yüksəkixtisaslı mütəxəssis
hazırlığını təmin edəcəyini
(Bizimyol.info) iddia edir: “Texnologiyanın inkişafı ilə
paralel mövcud dəyərlər də dəyişikliyə
uğrayır. Təhsilin təşkilində məqsəd
gündəlik həyatımızda ehtiyac duyulan fənlərin
ali məktəblərdə müasir dəyərlərə köklənən
məqsədyönlü tədrisini təşkil etmək
olduğundan, təsnifatdan çıxarılmış
ixtisaslar, əslində sıradan çıxarılmır,
sadəcə biri digərinin içində ərimiş olur”.
Bu qərar
çərçivəsində Poliqrafiya mühəndisliyi (I
qrup: 29) ixtisasının bakalavr pilləsi üzrə ləğv
edilməsi başa düşüləndir: respublikada
poliqrafiya materialları və ya avadanlığı nə
sovet dönəmində istehsal olunmayıb, nə də indi.
İdxal olunan yeni texnoloji avadanlığın
quraşdırılması, texniki göstəricilərinin tənzimlənməsi
və istismarının həyata keçirilməsi isə
maşınqayırmanın bu, yaxud digər sahəsi üzrə
texniki təhsil alıb istehsalatda püxtələşmiş
mühəndislərin təlimatlandırılması da daxil
olmaqla, bir qayda olaraq istehsalçının özünə həvalə
edilir.
Eyni
qərar çərçivəsində ədəbi, bədii
və texniki redaktor hazırlığını həyata
keçirən kitabşünaslıq (III qrup: 2)
ixtisasının (050205) təsnifatdan
çıxarılmasında isə, bir az tələskənliyə
yol verilib. Qərar qüvvəyə mindikdən dərhal sonra
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində bu ixtisas üzrə kadr
hazırlığını həyata keçirən Ədəbi
yaradıcılıq və ekran dramaturgiyası kafedrası
(2005-2019) artıq ləğv olunmuş, 2019-2020-ci tədris
ilinin sonuna isə, 1993-cü ildə Bakı Dövlət
Universitetində (Kitabxanaçılıq və informasiya
fakültəsində) yaradılıb 1997-ci ildən
“Kitabşünaslıq və nəşriyyat işi” adlanan
(ilkin adı “Kitabşünaslıq və kitab ticarətinin təşkili”
olub) kafedranın ləğvi planlaşdırılır. Bu da
məni hələ nə qədər ki, çox gec deyil
qoyulmuş məsələ ilə bağlı fikir və
mülahizələrimi, eləcə də, bu sahənin həlli
gecikmiş çoxsaylı problemlərini qəzet vasitəsilə
BDU rəhbərliyi və Nazirlər Kabinetinin qərarın
icrasına nəzarət edən məsul şəxslərinin
diqqətinə çatdırmağa vadar etdi.
Kitabşünaslıq
və nəşriyyat işi kafedrasının
kitabxanaçılıq və informasiya fakültəsinin tərkibində
fəaliyyət göstərməsi, əslində, elə
başlanğıcdan səhv idi: jurnalistikanın sirrlərinə
yiyələnməmiş şəxsin redaktorluq fəaliyyəti
ilə məşğul olub jurnalistləri, yazarları
yönləndirməyə cəhd etməsi absurd da olsa, təəssüf
ki, günümüzün reallığıdır. Jurnalist
hazırlığının növbəti, daha yüksək
səviyyəsi sayılan redaktor hazırlığının
(həm də, tək qəzet və jurnallar, saytlar
üçün yox, eyni zamanda, nəşriyyatlar
üçün) “Jurnalistika” istiqaməti üzrə (HSM
050000) bakalavr və magistr pillələrində kadr
hazırlığını həyata keçirən
fakültədə təşkili daha məntiqəuyğun
olardı. Həm də, Kitabşünaslıq və nəşriyyat
işi kafedrası Jurnalistika fakültəsinin tərkibində
olsa, eyni fənlərin (“Ədəbi redaktənin əsasları”,
“Redaktənin əsasları”, “Redaktənin nəzəriyyəsi
və təcrübəsi”, “Nəşriyyat işinin
texnologiyası”, “Redaksiya-nəşriyyat işinin
texnologiyası”, “Kitabçılıq işində
kompüter texnologiyası”, “Nəşriyyat işinin
kompüter təminatı”, “Azərbaycanda nəşriyyat
işinin tarixi” və s.) fərqli adlar altında iki fərqli
fakültədə bir-birini təkrarlamasına da ehtiyac qalmaz.
Çünki, adları sadalanan fənlərin tədrisi gələcəyin
kitabxanaçılarından çox, jurnalistlərinə
lazımdır: jurnalist tək yazdığı məqalənin
məsuliyyətini daşıyırsa, redaktor
bütövlükdə nəşrə (qəzet, jurnal, kitab,
radio və ya televiziya verilişi, sayt olmasından asılı
olmayaraq), onun ünvanlandığı auditoriyaya göstərdiyi
təsirə cavabdehlik daşıyır. Bu səbəbdən
də, gələcəyin redaktorunun kitabşünaslıq
elminin sirlərinə və kitab qrafikasının incəliklərinə,
redaksiya-nəşriyyat işinin texnologiyasına və
poliqrafiya materiallarının özəlliklərinə yiyələnməsi
vacibdir.
Fikrimə aydınlıq gətirmək üçün əlimin altında olan kitabı (“İnformatika”.VI sinif. “Bakınəşr” - 2013, 70x100 1/16, 6,0 ç.v., 96 səh.) vərəqləyirəm: yeri gəldi-gəlmədi istifadə edilən rəngli fonlar (səh.26, 27, 28, 29 və s.) bir-biri ilə uzlaşmır, seçim üsulları mətnin əhəmiyyət dərəcəsinə və onun nəşrdəki təyinatına (səh.36 və s.) uyğun gəlmir, sətirlərarası və sözlərarası məsafələr heç bir səbəb olmadan dəyişir (səh.37 və s.), bir söz və ya ifadə ilə qurtaran sətirlər (səh.47, 62, 64, 87 və s.) səhifənin ümumi görünüşünü korlayır, rubrikasiya sisteminin şrift tərtibatının rubrikaların pillələrini təyin etməyə imkan vermədiyi öz yerində, üstəlik onlarla mətn arasında da ya çox az, ya da lazım olduğundan artıq məsafə (səh.94 və s.) saxlanılır və bu məsafənin nəşr boyu sabit qalması təmin olunmur. Sətirlərarası məsafələr fərqli (səh.94 və s.), rəng seçimi qüsurludur. 2-ci rəng əslində mətnin daha əhəmiyyətli olduğunu nəzərə çatdırmaq məqsədilə işlədilməli, bunun üçün qara boyadan daha parlaqlığı ilə seçilən rəngdən (qırmızı, göy) istifadə olunmalıdır. Dərslikdə isə, əksinə, seçmə məqsədilə açıq-mavi (səh.9, 90, 91, 92, 93 və s.) rəngdən istifadəyə üstünlük verilir ki, o da qara rənglə müqayisədə daha zəif nəzərə çarpır. İllüstrasiyalar əsas etibarilə internetdən və ya əvvəllər çap olunmuş nəşrlərdən götürüldüyündən tutqun (səh.86, 82, 83, 80, 78, 74, 75, 73, 69, 56, 53, 51, 44 və s.), qarmaqarışıq və keyfiyyətsizdir. Səh.53-də təsvir olunmuş insanın bədən hissələrinin bir-birinə nəzərən nisbəti real deyil. İllüstrasiyalardan səthin doldurulması məqsədilə lazım oldu-olmadı istifadə edilməsi səhifəni ağırlaşdırıb, nəşrin məlumatvermə imkanlarını məhdudlaşdırır. Kitab səhifələnəndə yığım formatında ağırlıq mərkəzinin hara düşdüyünə diqqət edilməyib, tarazlıq pozulub. Fon üzərinə yerləşdirilən mətnlərin rəng və ölçüləri səhifənin ümumi kompozisiyası ilə səsləşmir. Bir sözlə, dərslik bədii və texniki redaktor tərəfindən işlənilməyib, bir elementin rəng və mahiyyət etibarilə digərini tamamlaması, məlumatların şagirdə, onun qəbul edib mənimsəyə biləcəyi tərzdə çatdırılması təmin edilməyib. Dərslik üçün seçilmiş kağızın tərkibindəki aşqarların miqdarına da nəzarət olunmayıb, bu səbəbdən də səhifənin bir üzünə yerləşdirilən mətn, o biri üzündən görünür. Sıra saylarına verilmiş qara kölgəli tünd yaşıl fon da, bu rəqəmlərin oxunaqlığını təmin etmir. Normalda isə, nəşrdə (xüsusilə, dərsliklərdə) hər bir detal mətnin dərkolunmasını asanlaşdırmağa xidmət etməli, zərurət olmadan əlavə rəng və illüstrasiyalardan istifadə edilməməlidir.
Eyni dərsliyin (“İnformatika” VI sinif) müəllimlər üçün nəzərdə tutulmuş metodiki vəsaitində də seçmə məqsədilə bir-biri ilə uzlaşmayan çoxsaylı rənglərdən istifadə edilib (səh.26, 30, 22, 84, 86, 89, 82, 83 və s.). Halbuki, düzgün tərtibat verilərsə, elə bir rəng də bəs edər, əlavə maliyyə itkisinə yol verilməzdi. Yığım formatının bütün nəşr boyu eyni ölçüdə olmasına (bax: səh.94-95), cədvəllərlə onları əhatələyən mətn hissələri, eləcə də, kiçik pilləli başlıqlarla onlara aid mətnlər (səh.72, 73, 76, 81, 84, 92, 93 və s.) arasında qalan məsafələrin ölçülərinə (səh.94, 91, 92, 93 və s.) nəzarət edilməyib. Kiçik bir söz və ya ifadə ilə qurtaran sətirlər (səh.52, 60, 61, 70, 87, 88 və s.) və sözlərarası məsafələrin nəşr boyu dəyişməsi (səh.52, 69, 70, 71 və s.) səhifələrin ümumi görünüşünü korlayır. Rubrikasiya sistemində başlıqlar üçün əhəmiyyət dərəcələrinə uyğun şrift ölçüsü seçilməyib. Seçim üsulları mətnin nəşrdəki təyinatı ilə uzlaşmır.
Sadalanan bütün bu qüsurların fənnin mənimsənilməsinə ciddi maneə yaratdığını görmək üçün faktlara müraciət edək, məs.: - “İnformatika” dərsliyində (VI sinif, “Bakınəşr”, 2013) birsütunlu yığımda mətnin sol yarısına açıq yaşıl, sağ yarısına açıq bənövşəyi fon verilməsi, eyni cümlənin bir yarısının şagird tərəfindən digər yarısından fərqli tərzdə qəbul edilməsini şərtləndirir. Bu da, onun beynində yaranan rəyə öz təsirini göstərib oxuduğu mətnin dərk edilməsini əngəlləyir. Üstəlik, bu rənglərdən hər birinin yuxu gətirdiyinə görə xəstəxanaların reanimasiya şöbələrində divar və tavanların rəng örtüyündə istifadə edildiyini və söhbətin mürəkkəb texniki terminli fənn dərsliyindən getdiyini də nəzərə alsaq, onda nəşrə verilən tərtibatın tədris materialının şagird tərəfindən dərk edilib mənimsənilməsini məhdudlaşdırdığı aydın olar. Tədrisin keyfiyyəti materialın mənimsənilmə səviyyəsi ilə ölçüldüyündən, dərslikdə forma və məzmunun bir-birini tamamlaması, fənnin dərkedilmə səviyyəsinin yüksəldilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Ədəbi, bədii və texniki redaktor tərəfindən işlənilməmiş bu nəşrlərdə isə, bir elementin rəng və mahiyyət etibarilə digərini tamamlaması, məlumatların şagirdə onun qəbul edib mənimsəyə biləcəyi tərzdə, yəni ardıcıl və sistemli şəkildə çatdırılması təmin edilməmişdir.
Başqa bir faktı nəzərdən keçirək, məs.: - “Azərbaycan dili” dərsliyinin (III sinif, Altun kitab, 2014) 5-ci bölməsində (“Tarixi şəxsiyyətlər”) Üzeyir Hacıbəyov, Natəvan və digər şairlərin (?) təsvirinin, eləcə də, C.Cabbarlı, M.F.Axundzadə, M.Ə.Sabir, Firidun bəy Köçərli və S.Vurğun, Hacı Zeynalabdin Tağıyev, Xarəzmi, onluq say sistemi və s. haqqında məlumat verilməsi də çaşqınlıq yaradır. Çünki, “tarixi şəxsiyyət” deyildikdə tarixin gedişatını dəyişən şəxsiyyət başa düşülür. Bu adları çəkilənlərin millət kimi yetişməyimizə təsirləri olduğunu qəbul etsək də, tarixin gedişatına təsir etdiklərini iddia edə bilmərik. Yenə, həmin bölmədə Makedoniyalı İsgəndər haqqında məlumat verilməsi də düz deyil. Axı, o bizim sərkərdəmiz deyil. Yaxşı olar ki, 1-4 sinif şagirdi əvvəl mənsub olduğu xalqın tarixini öyrənib sərkərdələrini tanısın, sonra digərlərinin ki, milli kimliyini dərk edib mənsub olduğu xalqın özəlliyini dərk edə bilsin. Bu fakt onu göstərir ki, dərsliklərdə mətnlərin redaktə edilməsinə, fikirlərin yığcam, dəqiq və inandırıcı tərzdə çatdırılmasına, mühakimələrdə məntiq və ardıcıllığın gözlənilməsinə də nəzarət edilməlidir.
Dərsliklərdə (“Azərbaycan dili” II sinif, Altun kitab, 2016) əşya, insan və onun bədən üzvlərinin ölçülərində qarşılıqlı nisbət gözlənilmir, insanların başı 2 mərtəbəli binanın damına çatır (II bölmə, şmustitul), donuq sifətli personajların geyimləri, saç düzümləri yaşlarına və haqqında söhbət gedən dövrə (V bölmə, şmustitulda təsvir olunan atlının geyimi inqilaba qədərki dövrə, əlindəki bayraq müstəqillik illərinə aiddir) uyğun deyil, rənglər, azyaşlıların təbiətdə qarşılaşdığı analoqları ilə üst-üstə (yenə həmin nəşr, səh.125) düşmür. Yenə həmin nəşrin, bölmələrin rəng çalarına uyğun 6 müxtəlif rəngli mündəricatının (səh.4) tərtibatı da, ilkin təyinatını itirib şagirdin tələb olunan mətni tapması yerinə, çaşıb qalmasına xidmət edir. Nəşrin rəng seçiminin məntiqsiz, rənglərin sayının ifrat sayda olması, fənnin dərk edilməsini əngəlləyir. Gələcəkdə belə qüsurlara yol verilməsin deyə 2008-ci ildən Təhsil Nazirliyində dərsliklərin məzmun, dil, yazı üslubu, dizayn və tərtibat baxımından qiymətləndirilməsini həyata keçirən komissiyanın tərkibi yenilənməli, bu işə zəngin təcrübə məktəbi keçmiş ədəbi, bədii və texniki redaktorlar da daxil olmaqla sahə mütəxəssisləri (psixoloq və s.) və orta məktəb müəllimlərindən ibarət işçi qrup cəlb edilməlidir. Əks halda, dərsliyin və təlimin keyfiyyətindən, tədris materialının dərkedilmə səviyyəsinin yüksəlməsindən, təhsilin müasir standartlara uyğunlaşdırılmasından danışmağa dəyməz!
Hər il dövlət büdcəsindən orta məktəb dərsliklərinin hazırlanmasına kifayət qədər böyük vəsait ayrılır. Dərslik və metodiki vəsaitlərin məzmun və keyfiyyət göstəriciləri isə, qoyulmuş tələblərə cavab vermir. Bu işin peşəkarlara həvalə edilməsi, tək adıçəkilən nəşrlərin çap keyfiyyətini yüksəltməyə yox, həm də, ayrılmış vəsaitə qənaət edilməsi (metodiki vəsaitlərin ağ-qara çapı, lazımsız illüstrasiyaların nəşrlərdən yığışdırılması və s.) hesabına ali məktəb dərsliklərini də hazırlamağa imkan verərdi. Deməli, bir problem də öz həllini tapardı. Yoxsa, ali təhsilli mütəxəssis hazırlığının səviyyəsini yüksəltməkdən danışıb min bir əziyyətlə yazıb ərsəyə gətirdiyi dərsliyin çap xərcini də, onsuz da qonorar almayan müəllifin belinə yükləmək düz olmaz. Eyni qüsurların digər nəşrlərdə də yer alması bir daha bu sahədə vəziyyətin qənaətbəxş olmadığını təsdiqləyir. Problemin kökündə ədəbi, bədii və texniki redaktor hazırlığının yarıtmaz təşkili, hər üç redaktorun işinin bir-biri ilə uzlaşmaması durur. Həm də, iş tək bununla bitmir.
NK-nın 15 sentyabr 2019-cu il tarixindən qüvvəyə minmiş 45 saylı qərarının kadr hazırlığı sahəsində irəliyə atılmış addım olmasını istəyiriksə, məsələyə kompleks şəkildə yanaşılmalı, çatışmazlıqlar analiz edilib sistemləşdirilməli, problemlərin həlli yolları axtarılmalıdır.
(davamı
növbəti saylarımızda)
İradə ƏLƏSGƏROVA,
Əməkdar mədəniyyət
işçisi,
tarix üzrə fəlsəfə doktoru
Respublika.- 2020.- 8 fevral.- S. 5.