Görkəmli kitabxanaşünas alimin elmi və pedaqoji fəaliyyəti
XX əsrin
II yarısından müasir dövrədək Azərbaycan
ziyalı mühitinin dəyərli etiketlərə malik olan
nümunəvi ziyalıları var ki, onlar bu gün də
yüksək işgüzarlıqla dövlətçiliyimizə
xidmət edirlər. Bu gün elm, təhsil, mədəniyyət
və digər sahələrdə fəaliyyət göstərən
yaşlı nəslin nümayəndələri, elmi məktəb
yaradan, böyük uğurları olan ziyalılarımız
ön cərgədədirlər.
Prezident
İlham Əliyevin çıxışlarında
işgüzar və qabiliyyətli, yüksək dəyərlərə
malik olan ziyalılara etimadla yanaşması böyük təcrübəyə
malik ziyalılara cəmiyyətdə hər zaman ehtiyacın
duyulmasının bariz nümunəsidir. Bu gün Azərbaycan
istənilən fəaliyyət sahəsində uğurla
dünyaya inteqrasiya edir. 100 illik yubileyini yüksək səviyyədə
qeyd edən Bakı Dövlət Universiteti yeni yüksəliş
mərhələsini yaşayır. İnteqrasiya və yeni
innovasiyaların universitetdə elmi-pedaqoji və sosial həyata
tətbiq edilməsində gənclərlə yanaşı,
yaşlı ziyalıların təcrübəsindən də
istifadə olunur. Hazırda Bakı Dövlət Universitetində
aparılan islahatlar universitetin bütün
strukturlarının yeni innovativ iş metodlarına yiyələnməsinə
və bu istiqamətdə proqressiv təcrübəyə
stimul yaradır. 2019-cu il noyabr ayının 25-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə görkəmli ziyalı Abuzər Alı oğlu Xələfov
Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə
“Şərəf” ordeninə layiq
görülmüşdür. Qeyd etmək lazımdır ki,
Abuzər Xələfov uzun illər Azərbaycanın
ictimai-siyasi, elm, mədəniyyət, təhsil və sosial həyatında
işgüzar fəallıq göstərmiş, daim dövlət
tərəfindən diqqət və qayğı ilə əhatə
olunmuş, həmçinin, sağlığında öz
layiqli qiymətini almışdır. Əməkdar mədəniyyət
işçisi, Əməkdar Elm Xadimi, Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident
təqaüdçüsü, “Şöhrət” və “Şərəf”
ordeni, BDU-nun fəxri professoru A.Xələfov bu gün öz zəngin
təcrübəsini yaratdığı
kitabxanaşünaslıq elmi məktəbinin yetirmələrinə
öyrətməklə yanaşı, universitetdə ali təhsilin
müasir innovasiyalarla təmin olunması istiqamətində dəyərli
tövsiyələr verir. Ömrünün 90 illiyi ərəfəsində
əzmlə və işgüzarlıqla çalışan,
dövlət başçısının yaşlı və
işgüzarlığı olan insanların yeni yüksəliş
illərində fəaliyyətə cəlb olunması
çağırışlarına məmnunluqla əməl
edən A.Xələfov ali kitabxanaçılıq təhsilinin
təşkilatçısı olmaqla yanaşı,
kitabxanaşünaslıq elmi məktəbinin bünövrəsini
qoymuş və bu elmi istiqamətdə 40-a yaxın alim
yetişdirmişdir. Onun kitabxana informasiya fəaliyyətinə
dair dərslikləri, sanballı monoqrafiyaları bu gün
kitabxana-informasiya ali təhsilinin formalaşmasına əhəmiyyətli
təsir edir.
Kitabxanaşünaslığın elmi-nəzəri məsələlərinin işlənməsi, Dövlət kitabxana siyasətinin tədqiqi məsələləri, kitabxana və informasiya proseslərinə texnoloji modelin tətbiqində innovativ yanaşmalar bu gün A.Xələfovun elmi fəaliyyətinin stimulverici parametrləridir.
XX əsrin II yarısından bu günədək A.Xələfovun elmi-tədqiqat və tədris prosesinin təşkilindəki fəaliyyətinin ali peşə təhsilinin təcrübi və elmi-nəzəri məsələlərinin parametrlərinin müxtəlif ideoloji mərhələlərdə dövlət siyasətinin atributları ilə əlaqələndirilməsi alimin elmi fəaliyyətinin prioriteti sayılır. Görkəmli alimin bu istiqamətdə təşəbbüsü də daim maraqla qarşılanmışdır. “Azərbaycan” qəzetinin 1995-ci il 17 may tarixli nömrəsində dərc etdirdiyi “Milli dövlətçiliyimiz naminə” adlı məqalədə milli ideologiyamızın, milli dövlətçilik ənənələrimizin əsas məğzini özünün müxtəlif dairələrdəki çıxış, məruzə və nitqlərində əks etdirən Heydər Əliyevin əsərlərinin ayrı-ayrı məcmuələr və ya kitablar şəklində buraxılması təşəbbüsünü irəli sürmüş və onların respublikanın bütün tip kitabxanalarında yerləşdirilməsini təklif etmişdir.
Alimin yarım əsrlik pedaqoji fəaliyyəti dövründə demək olar ki, kitabxanaşünaslığa dair bütün fənlərin elmi-nəzəri məsələləri işlənmiş, onun “Kitabxanaşünaslığa giriş”, “Azərbaycanda kitabxana işinin tarixi”, “Kitabxanaşünaslığın tarixi və metodologiyası”, “Kitabxanaların kompüterləşməsinin əsasları” adlı dərslikləri dövlət siyasi xəttinin ali peşə təhsilində motivləşməsini təmin etmişdir.
Onun 2003-cü ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə ölkəmizdə ilk dəfə olaraq “Dünyanın görkəmli dövlət xadimləri” seriyasından Azərbaycan Respublikasının dünyaşöhrətli prezidenti Heydər Əliyevə həsr olunmuş biblioqrafik məlumat kitabının Azərbaycan dilində 5000, rus dilində 3000 və ingilis dilində 2000 nüsxə ilə çap edilməsi həm onun elmi əhəmiyyətinin miqyasını, həm kütləviliyini, həm də oxucu auditoriyasının genişliyini təsdiqləyir, eyni zamanda Heydər Əliyev şəxsiyyətinə və yaradıcı irsinə tükənməz marağın get-gedə daha da gücləndiyini faktiki sübuta yetirir.
Alimin digər tədqiqatlarında kitabxana quruculuğunun dövlət siyasəti məsələləri də geniş əks olunmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki mərhələdə dövlətin kitabxana siyasəti A.Xələfovun 2006-cı ildə 312 səhifəlik “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı monoqrafiyasında öz əksini tapmışdır.
Qeyd etdiyimiz kimi, A.Xələfov 70 ilə yaxın bir müddətdə Azərbaycanda ali kitabxanaçılıq təhsilinə, kitabxanaşünaslıq elmi məktəbinə rəhbərlik etməklə yanaşı, öz fəaliyyətini daim dövlətçilik ənənələri ilə uyğunlaşdırmışdır. A.Xələfov milli dövlətçiliyimizin tərəqqisində kitabxanaların rolunun əvəzsiz olduğunu öz məqalələrində, çıxışlarında dönə-dönə vurğulayır. Ümummilli lider Heydər Əliyevin söylədiyi “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” fikrini yüksək qiymətləndirən kitabxanaşünas alim öz elmi əsərlərində dəfələrlə vurğulamışdır ki, unudulmaz dövlət başçısının bu əvəzsiz fikri kitabxana-informasiya fəaliyyəti haqqında dövlət siyasətinin başlıca mühüm amilini təşkil edir.
Son dövrlərdə təhsil sistemində yeni standartların tətbiq edilməsi, təhsilin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması və bu sahədə aparılan islahat proqramlarının yerinə yetirilməsi sahəsindəki uğurlar kitabxana-informasiya fəaliyyətində də özünü büruzə verir. Hazırda kitabxana-informasiya fəaliyyətinə kompüter texnika və texnologiyasının tətbiqi nəticəsində kitabxanaların sosial funksiyalarının daha da artdığını bildirən “Şərəf” ordenli alim qeyd edir ki, məhz bu gün informasiya texnologiyalarının kitabxana-informasiya fəaliyyətinə tətbiqi innovativ iş metoduna çevrilir. Alimin fikrincə, informasiya kitabxana müstəvisindən üfiqi istiqamətdə keçməli, onun bütün funksiyalarının inkişaf yolunu işıqlandırmalıdır.
A.Xələfovun elmi fəaliyyət parametrlərində dövlətin siyasi xəttində prioritet istiqamət olan multikulturalizm ideyalarının kitabxana-informasiya fəaliyyətində istiqamətlənməsi əsas və vacib yerlərdən birini tutur. Ümummilli lider Heydər Əliyevin multikulturalizm sahəsindəki xidmətləri azsaylı xalqların məkanı olan Azərbaycanda məskunlaşan bütün xalqların firavan yaşamasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin multikulturalizm siyasətinin parametrlərini əldə rəhbər tutan Abuzər müəllim qeyd edir ki, kitabxana-informasiya sahəsində multikulturalizmin təbliği dövlətin bu sahədə prinsiplərindən bəhrələnir, kitabxana-informasiya müəssisələrinin fondlarına digər xalqların dilində ədəbiyyatın daxil olması və təbliği imkanlarının genişləndirilməsi, həmçinin kitabxana-informasiya əməkdaşlarının multikultural biliklərə yiyələnməsi kitabxanaların multikultural sahədə dövlət siyasətinin həyata keçirilməsinə stimul verir.
Bu gün A.Xələfov dövlətimiz tərəfindən ona göstərilən etimadı uğurla doğruldur, onun layiqli davamçıları elmi-tədqiqat istiqamətində əzmlə çalışır. Onun alimlər ordusunun gənc üzvləri bu qocaman müəllimin məsləhəti ilə qarşılıqlı elmi-tədqiqat işi aparır. Abuzər müəllim kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elmi sahəsində təhsil alan doktorant və dissertantların elmi-tədqiqat işlərinə böyük həvəslə rəhbərlik edir. Respublikamızın bu sahədə aparılan elmi-tədqiqat işləri məhz onun dəyərli tövsiyələri ilə uğur qazanır.
Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət, təhsil, elm sahəsinə qayğı ilə yanaşması, eyni zamanda ağsaqqal ziyalılara etimad göstərməsi və onların təcrübəsindən bəhrələnməyi təqdirəlayiq hal hesab etməsi Abuzər Xələfovun bu gün də işgüzar fəaliyyətinə stimul verir.
Elçin Əhmədov,
Bakı Dövlət
Universiteti Kitabxanaşünaslıq
kafedrasının
müdiri, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent.
Respublika.- 2020.- 8 fevral.- S. 6.