Elm, təhsil, mədəniyyətin inkişafı diqqət və qayğı tələb edir

 

Azərbaycanın caz pianoçusu Vaqif Mustafazadəni uzun müddət tanımaq istəmədik. O, dünyasını dəyişəndə İngiltərədə onu dünyanın bir nömrəli caz pianoçusu adlandırdılar. Ondan sonra bizə məlum oldu ki, sən demə o, dahi imiş.

Vaxtında dünya şöhrətli alim-şəxsiyyət dahi Lütfizadə bizdən, alimlərimizdən xoş sifət, hörmət görmədiyindən Azərbaycana müəyyən bir elmi sahəyə rəhbərlik etməyə gəlmədi və nəticəsi də o oldu ki, ABŞ, Yaponiya, Avropa, Çin onun nəzəri-elmi kəşflərindən trilyon dollarlar qazandılar, doğma Azərbaycanımıza isə onun nəşi qismət oldu. Bəs elm sahəsində çalışan məmurlar nəyə görə Lütfizadəyə lazım olan diqqəti göstərmədilər?

Çox zaman bəzi məmurlarımız belə bir səhv fikirlərlə çıxış edirlər ki, guya bəstəkarlarımız musiqili-səhnə əsərləri yaratmaq istəmirlər. Əslində bəstəkarlarımızın arxivlərində bu gün çoxlu sayda musiqili-səhnə əsərləri yatıb qalıb. Elə bu sətirləri yazan bəstəkarın arxivində 7 opera, bir balet, bir musiqili komediya yatıb qalıb, məmurlarımızın onları reallaşdıracağı müddət isə məlum deyildir.

Bu işlərə rəhbərlik edənlərə qeyd olunan əsərlərin tamaşaya qoyulması ilə bağlı müraciətlərə adətən belə bir ştamplanmış cavab verirlər: “Maliyyə vəsaiti yoxdur”.

Təxminən 2 il əvvəl Akademik Musiqili Teatrın rəhbərliyi məni çağıraraq mərhum dramaturqumuz Sabit Rəhmanın hamıya tanış olan “Əliqulu evlənir” adlı dram əsərinin musiqili komediya şəklində tamaşaya qoymaq qərarına gəldiklərini söylədilər və mənə bu tamaşaya musiqi yazmağı təklif etdilər. Əlbəttə ki, mən bu təklifi qəbul etdim və bu tamaşa üçün 30 musiqi nümunəsi yazdım. Teatrın “Bədii Şurası” musiqini dinləyərək onu qəbul etdi. Bəli, bu minvalla məşqlər Xalq artisti İlham Namiq Kamalın rejissorluğu ilə başladı. Təxminən bir aydan sonra məlum oldu ki, tamaşanı reallaşdırmaq üçün maliyyə vəsaiti yoxdur və məşqlər dayandırıldı. Halbuki, bu tamaşanın reallaşması üçün, haradasa 40-50 min manat pul vəsaiti tələb olunurdu.

Qeyd etmək istərdim ki, yaradıcı heyət bu tamaşanı reallaşdıra bilsəydi, ona sərf olunacaq məbləğ çoxdan tamaşaçılar hesabına, artıqlaması ilə geri qayıda bilərdi. Ona görə ki, mövzu etibarı ilə çox maraqlı olan bu əsərə baxmaq üçün minlərlə tamaşaçı teatra gələcəkdi. Göründüyü kimi, məmurlarımızın uzaq görə bilmədikləri üçün dövlətimiz milyonlar itirir. Halbuki, məmurlarımız təkcə büdcə pullarını xərcləməyi deyil, eyni zamanda büdcəyə pullar gətirməyi bacarmalıdırlar. Burada böyük rus yazıçısı L.Tolstoyun belə bir fikrini bir daha diqqətə çatdırmaq istərdim: “Ayaqlarımızın altında milyonlarla pul tökülüb qalıb. Onları görmək və əyilərək yerdən yığmaq lazımdır”.

Bu ayağımız altına tökülən və istifadə olunmayan milyonlardan biri də aşağıdakı fikrimizin reallaşmağından asılıdır. Belə ki, respublikamızda 5000 (beş min) ümumtəhsil, 300-dən (üç yüz) çox “incəsənət və uşaq musiqi məktəbləri” fəaliyyət göstərir. Əgər bura kollecləri, ali məktəbləri də əlavə etsək hər gün 14 təhsil ocağının respublikamızın musiqili-mədəniyyət ocaqlarında göstərilən tamaşalara, konsertlərə getmələri həm böyüməkdə olan gənc nəslin mədəni səviyyəsinin artmasına, həm qeyd olunan ocaqların maddi səviyyəsinin inkişafına, həm də dövlət büdcəsinə müəyyən miqdarda qazanca səbəb ola bilər.

Təəssüflər olsun ki, bəzən dünya səviyyəsinə çıxmış incəsənət əsərlərimizə respublikamızda etinasız münasibətlər olmuşdur. Məsələn, mərhum, dünya şöhrətli bəstəkarımız, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti 60 xarici ölkə səhnələrində tamaşaya qoyulduğu halda, Azərbaycanda tamaşaya qoyulmamışdır. O dövrdə, bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti “Lenin mükafatı” laureatlığına təqdim edilmişdi. Lakin bütün dünyanı fəth etmiş bu möhtəşəm əsər qəbul edilmədi. Guya Q.Qarayevin “Yeddi gözəl” və A.Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən, “Adagio” adlanan musiqi nümunələrindən oxşarlıq var idi. Halbuki, hər iki musiqi nümunələri “Humayun” muğamı intonasiyalarına əsaslanmışdı. Digər tərəfdən “Məhəbbət əfsanəsi” baleti A.Məlikovun hələ konservatoriyada tələbəlik illərində, dahi bəstəkarımız Q.Qarayevin sinfində təhsil aldığı dövrdə, bilavasitə müəlliminin nəzarəti altında yaranmışdı. Əgər Q.Qarayev bu əsərdə plagiatlığı görsəydi ola bilməzdi ki, ona göz yumaydı.

Azərbaycan klassik muğamlarının yalnız özünəməxsus olan xarakteri vardır. Bir muğamın daxilində ayrı-ayrı şöbələrlə bərabər təsniflər, rənglər də ifa olunur. Beləliklə, hər bir muğamın xarakterinə uyğun dramaturji məzmun tapılarsa, onda eşitdiyimiz muğamları opera-muğam şəklinə salmaq, onlara bir musiqili tamaşa kimi baxmaq olar. Bu gün ifa olunan muğamların ayrı-ayrı şöbələri arasında məzmun bağlantısı olmur. Xanəndələr hər bir şöbələr üçün bir-birilə əlaqəsi olmayan qəzəllər seçirlər və çox zaman ifa olunan qəzəl muğam şöbəsinin melodiyasının xarakterinə uyğun gəlmir. Nəticəsi isə o olur ki, onsuz da çətin qavranılan bu janr çox zaman dinləyicilərdə lazımi təəssürat oyatmır. Lakin muğamlarımızın hər birinin xarakterinə uyğun dramaturji məzmun yaradılarsa, onda bu janrın həm qavranılması asanlaşar, həm də dinləyicilər üçün maraq kəsb edər.

Bu gün 7 əsas muğamlarımızın film-opera kimi çəkərək dünya mədəniyyət arenasına çıxmağımız bir çox cəhətdən faydalı olar. Bu fikri aydınlaşdırmaq istərdim. Mən və Azərbaycan Dövlət Mükafatı laureatı kinorejissor Rauf Nağıyev keçən əsrin 90-cı illərinin əvvəllərində dahi Azərbaycan şairlərinin qəzəl və şeirlərindən “Rast” muğamı üçün dramaturji məzmun tapdıq, gələcək filmin ssenarisi yaradıldı və onu “Musiqi dünyası” jurnalında çap etdirdik. O dövrlər respublikamızda siyasi qalmaqallar hökm sürürdü. Ona görə də dövlətə “Rast” film-operasını çəkmək üçün müraciət etmək qeyri-mümkün idi. Biz bununla əlaqədar bir sıra iş adamlarına da müraciət etdik. Nəhayət, bir iş adamı o dövrdə “Rast” film-operasının reallaşması üçün C.Cabbarlı adına Kinostudiyaya 100000 (yüz min) rubl pul köçürtdü. O dövrdə bu çox böyük məbləğ idi. Lakin filmin çəkilişinə başlamaq istənilən vaxtda rubl 10 dəfə ucuzlaşdı, yəni inflyasiya oldu.

Beləliklə, dünya səviyyəsinə çıxarıla biləcək “Rast” film-operasının çəkilişi alınmadı. Halbuki, bu film-opera çəkilsəydi, Hindistandan tutmuş Misir ölkəsi arasında olan ölkələr adıçəkilən sənət əsərini məmnuniyyətlə alacaqdılar və ölkəmiz bunun satışından milyonlar qazana biləcəkdi. Ona görə ki, qeyd olunan ölkələrdə də eyniadlı muğam vardır. Elə bu gün də bu film-operaya 2 milyon manat pul vəsaiti ayrılarsa, yenə də dövlətimiz milyonlar qazanmaqla bərabər, həm də bu əsər “Oskar” mükafatına da layiq görülə bilər.

Onu da qeyd etmək istərdim ki, “Rast” muğamının məzmunu elə Azərbaycan xalqının tarixi keçmişidir. Bizim “Rast” muğam-operası filmi üçün tapdığımız dramaturji məzmun digər muğamlarımız üçün də yaradıla bilsəydi və onlar film-opera kimi çəkilsəydi, görün dövlət büdcəsinə gəlir daxil ola bilərdi.

Bununla bərabər, xalqımızın nə qədər aşıq dastanları vardır. Nəyə görə gürcü kinomotoqraf, erməni mənşəli Paracanov “Aşıq Qərib” dastanını film kimi çəkərək özlərini bir daha dünya səviyyəsində göstərə bildi, biz isə bu fakta baxa-baxa qaldıq? Axı, avropalılar, amerikalılar, digər dünya xalqları haradan bilsinlər ki, “Aşıq Qərib” Azərbaycana məxsusdur?! Gürcülər isə bu filmlə dünya miqyasında göstərdilər ki, guya onların xalqının belə gözəl xalq dastanı vardır.

Hələ ki gec deyil, Azərbaycanda da mövcud olan digər aşıq dastanlarından istifadə edərək yeni ekran əsərləri yarada bilərik. Göründüyü kimi, xalqımızın yaratdığı çoxlu sayda əsərlərə sahib çıxmaq vaxtı artıq çoxdan çatmışdır. Sahibsiz qalmış bu incilərə bizim özümüz sahib çıxmasaq, onlara ətrafımızda göz dikənlər sahiblənə bilər. Onu da qeyd etmək istərdim ki, artıq bir sıra erməni musiqi tədqiqatçıları bizim muğamlarımızla əlaqədar rus və erməni dillərində (hətta ingilis dilində belə) dissertasiyalar yazaraq Moskva şəhərində müdafiə edir, monoqrafiyalar nəşr etdirirlər. Bəs bizim musiqişünaslar nə ilə məşğuldurlar?

II Dünya müharibəsi illərində Amerikada yaşayan erməni rejissoru Mamulyan Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında bədii film çəkməklə əlaqədar Ü.Hacıbəyovun razılığını almaq üçün ona müraciət edir. Ü.Hacıbəylinin etirazına baxmayaraq o, bu filmin çəkilişlərinə başlayır. O dövrdə keçmiş SSRİ-nin rəhbəri İ.V.Stalinin bilavasitə köməyilə 1945-ci ildə Azərbaycanda bu əsər film kimi çəkilir, əsərin müəllifi və yaradıcı heyətinin bir qrupu “Stalin mükafatı” laureatlığına layiq görülürlər. Qeyd etmək lazımdır ki, bu film sonradan bütün dünyada özünə yol açır və SSRİ-yə milyonlar qazandırır. Deməli, yaxşı musiqili - muğam operaları yaratmaqla milli sənət əsərlərimizi bütün dünyaya tanıtmaqla bərabər, həm də respublikamıza külli miqdarda vəsait gələ bilər. Bunun üçünsə, bu istiqamətdə ciddi işlərə başlamaq, həm də onları reallaşdırmaq sahəsində əməli işlər görmək lazımdır. Artıq neçə illərdir ki, xalqımızın qədim zamanlardan yaratdığı muğamlarımız, aşıq dastanlarımız və digər mənəvi incilərimizin məhz bizə məxsus olmasını UNESCO səviyyəsində Birinci vitse-prezident Mehriban xanım Əliyeva sübut etmişdir və proses bu gün də davam edir və onun diqqət mərkəzindədir. Bu prosesə mədəniyyət, təhsil, elm üzrə mütəxəssislər də qoşulmalıdırlar. Qeyd olunanların reallaşmasında təkcə dövlət deyil, milyardlar qazanan iş adamlarımız da yaxından və könüllü olaraq iştirak etməlidirlər. Təəssüf ki, iş adamlarımızın əksəriyyəti xalq üçün böyük əhəmiyyət kəsb edən işlərə baş qoşmurlar. Belə bir xalq məsəli var: “Halva-halva deməklə, ağız şirin olmur!”. Bu məsələ belə bir əlavəmiz var: “Vətən-Vətən deməklə vətənpərvər olmurlar!” Onlar öz real fəaliyyətləri ilə vətənpərvər olduqlarını sübut etməlidirlər. Əlbəttə, yaxşı olar ki, elmə, təhsilə, mədəniyyətə maddi köməklik göstərən iş adamlarına müəyyən vergi güzəştləri olunsun. Artıq çoxdan belə bir təcrübə bir sıra qabaqcıl Avropa ölkələrində və ABŞ-da vardır. Belə olduqda, iş adamları elm, təhsil və mədəniyyət sahəsinə maliyyə yardımı etməkdə maraqlı olarlar. Bu cür əlaqə dövlətimiz, həm də iş adamları üçün qarşılıqlı sərfəli ola bilər. Belə qarşılıqlı işgüzar münasibətlər zamanı elm, təhsil və mədəniyyət sahələrində də inkişaf prosesi güclənir, nəticə daha effektli olur, bundan həm dövlət, həm də iş adamları qazanc əldə edə bilərlər.

Sovetlər birliyi dağılandan sonra biz təhsil sistemindən danışarkən Avropa təhsil sisteminə üstünlük verməyə başladıq. Lakin bu gün Böyük Britaniya (İngiltərə) kimi yüksək inkişaf etmiş bir ölkə qərara gəlib ki, köhnə “Sovet təhsil sisteminə” keçsin. Onlar bu qərara heç də təsadüfən gəlməmişlər. Onlar dünya təhsil sistemlərini təhlil edərkən gördülər ki, ilk kosmosa ayaq basan, ora “Layka”, Y.Qaqarini göndərən, açıq kosmosa çıxan rus alimləri oldular. Onlar böyük akademik Kurçatovun gördüyü işləri araşdırdılar, gördülər ki, ABŞ II Dünya müharibəsinin sonunda Alman alimlərinin atom bombasını yaradan bütün qrupu Amerikaya apardıqdan sonra “atom bombası” yaratdı və onu 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki adasında sınaqdan keçirdilər. Məhz bundan sonra Yaponiya təslim oldu. Lakin rus elmi bu silahı öz alimlərinin beyinlərinin gücünə yaratdı. Artıq bu gün ruslar ölkədən getmiş bütün riyaziyyat, kimya, fizika elmləri üzrə mütəxəssisləri dövlət səviyyəsində geri çağırmağa başlamışdır. Təəssüflər olsun ki, bu gün biz respublikamız üçün müsbət effekt verə bilməyən “Boloniya” sisteminin ətəyindən bərk-bərk tutmuşuq.

Bu gün ABŞ-da dünyanın ən böyük teleskopunun aparıcı mühəndislərindən biri, Rusiyada istehsal edilən C - 300, C - 400 raket konstruktorların rəhbəri, Almaniyada nüvə enerjisi sahəsində məşğul olan dünya şöhrətli alimlərdən biri milliyyətcə azərbaycanlıdırlar. Bu kimi azərbaycanlı ağıllı başların sayı dünya miqyasında heç də az deyildir. Onları bir yerə yığmaq, onlar üçün xüsusi konstruktor büroları yaratmaq artıq dövrümüzün tələblərindən biridir. Onlar Azərbaycanda təhsil və elmi dərəcələr almışlar. Məncə, çalışmaq lazımdır ki, belə alimləri itirməyək. Onların bilikləri, beyni, düşüncə, ixtira və təfəkkürü dünya elmi və texnikasına gərəkli olması ilə yanaşı, həm də Azərbaycan elminin, texnikasının inkişafına olduqca lazımdır. Bu gün Azərbaycana dünya miqyasında olmuş elmi-nəzəri kəşfləri həyata keçirə bilən, yeni-yeni müasir texnologiyalar yarada bilən istedadlı insanlar, mütəxəssislər lazımdır.

Sovetlər dövründə Bakı şəhərində paytaxtımıza gözəllik verən tramvaylar və trolleybuslar var idi və bu minik vasitələrindən milyonlarla sərnişinlər istifadə edirdilər. Qeyd etmək lazımdır ki, inkişaf etmiş Avropa ölkələrinin böyük şəhərlərində bu minik vasitələrindən müasir dövrümüzdə də istifadə edirlər. Müstəqillik əldə etdiyimiz bir vaxtda düşünmək olardı ki, bu sahə bir qədər də inkişaf etdiriləcək, lakin kiminsə düşünülməmiş qərarı əsasında bu nəqliyyat vasitələri ləğv olundu, tramvaylar, trolleybuslar, dəmir relsləri dəyər-dəyməzinə xarici ölkələrə satıldı. Axı bu nəqliyyat vasitələri Bakı şəhərinin ekologiyasını təmiz saxlamaqla bərabər, həm də böyük gəlir mənbəyi idi. Ulu öndərimizin I dəfə hakimiyyətə gəldiyi illərdə Azərbaycanda “Kondensioner” zavodu tikilib fəaliyyətə başladı. Bunun nəticəsində çoxlu sayda iş yerləri açıldı, orada işləyən fəhlələrə, mütəxəssislərə dövlət hesabına evlər verildi, onlar yüksək maaşla təmin olundular. Təəssüf olsun ki, 1990-cı illərin əvvəllərində çox əhəmiyyətli və gəlir gətirən bu zavod da ləğv olundu, onun əmlakı xarici ölkələrə satıldı. Bu gün xalqımız xaricdən gətirilmiş çox bahalı kondensionerlər almaq məcburiyyətindədirlər.

Məncə, əlimizdə olanları qorumaq, onları ağılla inkişaf etdirərək yüksək gəlirlər əldə etmək mümkündür.

 

Oqtay RƏCƏBOV,

bəstəkar, “Rusiya Pedaqoji və Sosioloji Elmlər Akademiyası”nın

həqiqi üzvü, professor, pedaqoji elmlər doktoru,

Prezident təqaüdçüsü, Əməkdar müəllim,

Əməkdar incəsənət xadimi.

 

Respublika.- 2020.- 9 fevral.- S.3.