Qədim şəhər simasını dəyişir
Son vaxtlar Şabran şəhərinin siması çox dəyişib. Şəhərin hər guşəsində yeniliklər gözə dəyir. Park, küçə və xiyabanlar gündən-günə abadlaşır. Küçələrə yeni asfalt örtük çəkilib. Əvvəlki illərdən fərqli olaraq təmizliyə, səliqə-sahmana diqqət yetirilir. Ümumiyyətlə, şəhər təsərrüfatında görülmüş işlər çoxdur. Bütün bunlar barəsində rayon icra hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında ətraflı danışıldı.
İcra nümayəndəsi İlkin Ağayevin məruzəsində görülmüş işlər geniş təhlil edildi. Qeyd olundu ki, ötən il ərzində şəhərin bir sıra küçə, park və meydanlarında bir sıra abadlıq-quruculuq işləri aparılmış, yolların təmiri, işıqlandırma sisteminin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Heydər Əliyev meydanında abidənin ətrafında abadlıq işləri aparılmış, buraya 700 kubmetr torpaq tökülmüş, 800-dən çox gül kolu əkilmişdir. Bundan başqa, 9 ədəd həmişəyaşıl ağac əkilmiş, 50 kvadratmetr ərazidə yaşıl qazon örtüyü yaradılmışdır.
Heydər Əliyev prospektinin digər hissəsində piyada səkiyə 390 kvadratmetr tamet üzlük vurulmuşdur, yol kənarı boyu 26 kvadratmetr mozaika daşları sökülərək yenidən bərpa edilmişdir. M.F.Axundov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində 37 metr məsafəyə bordür düzülmüş, 28 kvadratmetr sahədə isə yararsız hala düşmüş tamet plitələr yenisi ilə əvəzlənmişdir.
Şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən Şəhidlər Xiyabanında cari təmir və yenidənqurma işləri aparılmışdır. Xiyabanın 52 metr uzunluğu olan hasarı və giriş qapısı sökülmüş, mişar daşından yeni üslubda tikilərək aqlay materialla yeni tərtibatda üzlənmiş, işıqlandırma sistemləri yenisi ilə əvəzlənmişdir. Ümumilikdə xiyaban ərazisində 198 kvadratmetr aqlay üzlük vurulmuş, 29 kvadratmetr sement məhlulu ilə suvaq işi və 110 kvadratmetr ərazidə səki səthində tamet tavalarla üzlənmə işləri aparılmışdır. Küçənin şimal hissəsində 160 kvadratmetr mişar daşından olan hasarın kənarları aqlay, orta hissəsi isə dekorativ qaya daşı ilə üzlənmişdir. Şəhərin cənub girişində 380 kvadratmetr mişar daşından hasar hörülmüş, sütun və özül hissələri 180 kvadratmetr aqlayla, orta hissəsində isə qaya daşları ilə üzlənmə işlərinə başlanılmışdır. Küçənin digər hissəsində 380 tamet üzlük vurulmuşdur.
Şahin Vahabzadə, Xətai, Ağalar Mirzə, Zərifə Əliyeva küçələrində asfaltlanma, səkilərin düzəldilməsi, yararsız hala düşmüş yerlərinin təmiri aparılmışdır.
Cari il ərzində şəhərin küçələrində yararsız hala düşmüş asfalt örtük yenisi ilə əvəzlənmiş, bir neçə küçəyə isə çınqıl daş döşənmişdir. Heydər Əliyev prospektinin saat kompleksinin qarşısından Nizami küçəsinə qədər olan 6250 kvadratmetr hissəsi və M.Ə.Rəsulzadə küçəsində ümumi uzunluğu 2,5 kilometr olan hissəsinə yeni asfalt təbəqəsi çəkilmişdir.
Şəhərin Ağalar Mirzə, Mikayıl Müşfiq, İsmət Qayıbov və Meliorator küçələrində 4 kilometr məsafəyə asfalt vurulmuş və yolun hər iki tərəfinə 1 metr enində çınqıl daş döşənmişdir. Şəhərin Rəşid Behbudov, Nizami, Bəhruz Kəngərli küçələri də yenidən qurularaq asfaltlanmışdır. M.A.Nəzirov və Səməd Vurğun küçələrində 1300 kvadratmetr asfalt örtük mexaniki üsulla qaşınaraq yenidən vurulmuşdur. Bəzi küçələrdə hərəkət istiqamətli yollara da asfalt örtük çəkilmişdir. Təbriz, Cahangir Cahangirov və s. küçələrində yol təmiri işləri aparılmışdır. Şəhərin prospekt və küçələrinə 12 kilometr məsafədə ağ-sarı xətlər çəkilmiş, 14 yerdə piyada keçidləri rənglənmiş və əlavə olaraq 4 yeni piyada keçid xətləri qoyulmuşdur.
Mənzil fondunun əsaslı təmiri işləri üzrə 2 saylı və 13 saylı yaşayış binalarının yararsız dam örtüyü sökülmüş, taxta dam konstruksiyaları yenilənmiş, üzərinə profnastil dəmir vərəqdən ibarət dam örtüyü vurulmuşdur.
Şəhərin prospekt, küçə və parklarının işıqlandırılması da daim diqqət mərkəzindədir. Gündəlik olaraq şəhər ərazisində nasaz lampalar dəyişdirilir, yararsız kabel xətləri yenilənir. İşıqların avtomatik idarə olunmasından ötrü foto-rele avadanlıq quraşdırılmışdır. Heydər Əliyev prospektində 280 metr elektrik kabel xətti dəyişdirilmiş, M.Ə.Rəsulzadə küçəsində 340 metr kabel xətti çəkilmiş, 10 ədəd metal işıq dirəyi quraşdırılmışdır. M.A.Nəzirov adına parkda 200 metr yeraltı işıq xətti yenilənmişdir. Nizami küçəsində 8 ədəd metal işıq dirəyində 16 ədəd işıq başlıqları qoyulmuş, 400 metr hava xətti çəkilərək, ərazi işıqlandırılmışdır.
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə respublikada keçirilən geniş ağacəkmə kampaniyasında şəhər ictimaiyyəti və sakinlər fəal iştirak etmişlər. Şabran şəhərinin cənub girişində 2000 ədəd həmişəyaşıl Eldar şamı əkilmişdir. Ümumilikdə il ərzində şəhərin yaşıllıq üçün ayrılmış ərazilərində 4 min-ə yaxın ağac əkilmişdir.
Hesabat yığıncağında əlaqədar qurumların rəhbərləri çıxış edərək cari ildə görüləcək işlərdən danışdılar. Yeni vəzifələr müəyyənləşdirildi. Qeyd olundu ki, ən əvvəl şəhər sakinlərini narahat edən məsələlərə diqqət yetirilsin. Şəhərin təmizliyi və abadlığı daim nəzarətdə saxlanılsın.
Ziyafəddin BAYRAMOV
Respublika.- 2020.- 10 fevral.- S.8.