KİTABŞÜNASLIQ KADR HAZIRLIĞI PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI

 

(əvvəli 8 fevral tarixli sayımızda)

Bu gün Azərbaycanda nəşr işi sahəsində öz həllini gözləyən çoxsaylı problemlərin bir hissəsi də “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunundan qaynaqlanır. Qanunda olan boşluqlar: (bax: “Nəşriyyat işi haqqında” qanuna günün reallığı prizmasından baxış, “Respublika” qəzeti 105-107, 19-21 may 2017, səh.7 və “Respublika gəncləri” qəz.86, 10 iyun 2017, səh. 8-10) ona nəşr işinin spesifikası və günün reallığı baxımından bir sıra dəyişikliklərin (onunNəşriyyat işi haqqında” yerinə “Nəşr işi haqqında” AR Qanunu adlandırılması da daxil edilməsi zərurətini yaradır: nəşriyyatlar qarşısında ixtisaslaşma tələbinin qoyulması, qanunla etibarı doğrultmayanların lisenziyalarının geri alınması prosesinin tənzimlənməsi və s.

Bəli, qanunla bu gün Azərbaycanda nəşriyyat fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunmur, bu fəaliyyətlə məşğul olanya olmağı arzulayan şəxslərin bu sahədə təhsil alıb təcrübə məktəbi keçməsinə nəzarət edilmir, ictimai rəyin formalaşmasında müstəsna rolu olan nəşrləri çapa hazırlayan müəssisələrin - nəşriyyatların qarşısında konkret sahə üzrə ixtisaslaşma, hər ilin axırında kütləvi informasiya vasitələrində oxucularına nəşrə hazırladığı əsərlərlə, uğur qazandığı sərgilərlə bağlı hesabat vermək kimi tələblər qoyulmur. Bir sözlə, nəyi hansı dildə necə ağlın kəsir-yaz, nəşrə hazırlayıb çapa ver, istədiyin miqdarda hazırlayıb yayımını təşkil et. Qanunda məcburi nüsxələrin (pullu, pulsuz) göndərilməli olduğu yerlərin adları və nüsxələrin sayı da dəqiqliklə göstərilmir, onların vaxtında və tam həcmdə göndərilməsini təmin etməyən poliqrafiya müəssisələrinin rəhbərləri üçün də nə inzibati, nə də maddi məsuliyyət nəzərdə tutulmayıb. Belə ki, hər hansı qərəzli və ya qərəzsiz, bilərəkdən və ya təcrübəsizlikdən dövriyəyə buraxılan nəşrin cəmiyyətə göstərəcəyi təsirin önlənməsi, yalnız arxadan atılmış daş effekti verə bilər.

Üstəlik, qanunun istənilən xarici vətəndaşın ölkəmizdə nəşriyyat təsis edib istədiyi dildə ədəbiyyat nəşr etməsinə, çapını və yayımını təşkil etməsinə şərait yaratması, əsərin nəşrə yararlı olub-olmamasını xarici vətəndaşlığı olan təsisçinin müəyyənləşdirməsi də, dövlətçiliyin qorunması nöqteyi-nəzərindən kifayət qədər risklidir. Çünki, müəllif cəmiyyətə əsər təqdim etməklə, birbaşa ictimai rəyə təsir imkanı əldə etmiş olur. Xarici vətəndaşa ictimai rəyi formalaşdırmaq şansı vermək isə, heç bir halda düzgün sayıla bilməz. Eyni sözü xarici dillərdə (ölkədə məskunlaşmış milli azlıqların dillərində nəşr olunanlar da daxil olmaqla) nəşrə hazırlanıb tirajlanan əsərlər haqqında da demək olar. Halbuki, belə nəşrlərin AR Nazirlər Kabinetinin nəzdində yerləşən Tərcümə Mərkəzində gözdən keçirilib çapa verilməsi təsadüfi şəxslərin ideologiyanın bu vacib sahəsinə axınının qarşısını alar, mümkün təxribatların önlənməsinə imkan verərdi.

Qanunun 9-cu maddəsinin naşirə mövzusundan asılı olmayaraq hər hansı bir əsəri nəşrə hazırlayıb çapa vermək ixtiyarı verməsi də, ictimaiyyətə təqdim edilən nəşrlərin keyfiyyətinə öz mənfi təsirini göstərir. Çünki, cəmi 1-2 redaktoru olan nəşriyyatda bir-biri ilə əlaqəsi olmayan fərqli mövzularda yazılmış əsərlərin redaktə edilib çapa verilməsi, bu sahədə qeyri-peşəkarlığın baş alıb getdiyini göstərir. Deyilənləri təsdiqləyən faktlardan biriodur ki, Azərbaycanda hələ də nəşr işi sahəsində, keçmiş SSRİ-də beynəlxalq normalar əsasında işlənilib hazırlanmış standartlar (1955) qüvvədə qalmağa davam edir. Onların yenidən, həm də poliqrafiya texnika və texnologiyasının müasir inkişaf səviyyəsi nəzərə alınmaqla işlənilməsinə heç başlanılmayıb da.

İstənilən əsər oxucu tərəfindən tərtibatla əlaqəli qəbul olunur, mətnin qavranılması üçün forma və məzmunun bir-birini tamamlaması şərtdir. Nəşrin kompozisiya və bədii poliqrafik forması, bədii-texniki ifadə vasitələri, maddi-texniki bazanın tərtibatda roluyeri dəqiqləşdirilmədən və son nəticədə bütün bu deyilənlərin psixofizioloji amillər də daxil olmaqla mətnin dərkolunma səviyyəsinə təsiri aydınlaşdırılmadan dövriyyəyə buraxılması səhvdir. Nəşrin oxucuya göstərə biləcəyi təsirin əvvəlcədən hesablanması ictimai rəyi tənzimləməyə zəmin yaradıb cəmiyyətdə yazar, redaktornaşir statusunun daha da yüksəlməsini, onlardan hər birinin ictimai rəyə təsir imkanının genişlənməsini təmin edər. Bu şərtin ideoloji işin təşkili yolu ilə yerinə yetirilməsi ölkədə sabitliyinmilli birliyin bərqərar olmasına, bir sözlə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edər.

Qanuna, həmçinin poliqrafiya avadanlığının hazırlanmadığı, kağız, cild materialları, təbəqə və s. nin istehsal edilmədiyi respublikamızın ərazisinə gətirilən poliqrafiya materialları, yeni texnika və texnologiyanın idxal vergisindən azad edilməsi, dövlət tərəfindən maliyyələşdirilən nəşrlərin ölkə daxilində hazırlanması üçün xaricdə hazırlananlar (ayrı-ayrı şəxslər və ya özəl şirkətlər tərəfindən maliyyələşən) üçün təyin olunan gömrük rüsumunun artırılmasını təmin edən maddənin daxil edilməsi də, yerli istehsalçının hüquqlarının müdafiəsi, mənafeyinin nəzərə alınması baxımından faydalı olub nəşriyyatların işini canlandırar, bu sahənin inkişafını sürətləndirərdi. Kitabın əvvəlki populyarlığını itirdiyi, dəyərli əsərləri yazıb ərsəyə gətirənlərin sırasının seyrəldiyi (qonorar almayan müəlliflərin bu işə marağı get-gedə azalır) bir dövrdə sifariş azlığından əziyyət çəkən poliqrafiya müəssisələri tənəzzülə uğramasın, işsizlər ordusunun sıraları genişlənməsin deyə, qanunların ölkədaxili istehsalın stimullaşdırılmasına istiqamətləndirilməsi vacibdir.

Hazırda respublikada gələcəyin naşir, ədəbi, texniki və bədii redaktorlarının, kitab tərtibatçıları və dizaynerlərin müasir tələblər səviyyəsində yetişdirilməsi üçün tələb olunanTexniki redaktə”, “Poliqrafiya texnika və texnologiyasının əsasları”, “Nəşriyyat texnologiyasının əsasları”, “Redaksiya-nəşriyyat işinin texnologiyası” və s. dərsliklərin, eləcə də, nəşrlərin bədii-texniki tərtibatı sahəsində metodiki əsasların olmaması və məqsədyönlü elmi tədqiqatların aparılmaması, eləcə də ali təhsilli ədəbi, texniki, bədii redaktor, naşirdizayner hazırlığının lazımi səviyyədə təşkil olunmaması da bu sahənin inkişafını ləngidir. Halbuki, BDU-nun Jurnalistika fakültəsində naşir, elmi, ədəbi, bədii və texniki redaktor, dizayner hazırlığının təşkili elə də çətin deyil. Bu sahədə aparılması tələb olunan elmi tədqiqatların keyfiyyətini təmin edib dərslikləri yazmaq iqtidarında olan (bilik üstəgəl təcrübə) peşəkarlara zəruri maliyyə dəstəyinin verilməsi, mütəxəssis hazırlığı ilə bağlı təşkilati məsələlərin də öz həllini tapması vacibdir. Kitabşünas kadrlara dövlət səviyyəsində diqqətin artırılması, “Əmək pensiyaları haqqında” AR Qanununun 19.2-ci maddəsinə əsasən elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan şəxslərin təqaüdünə edilən əlavələrin 30-40 il nəşriyyatlarda çalışan alimlərə də şamil edilməsi, vacibdir. Çünki, kitabşünaslıq elmini təhsil müəssisəsində yox, məhz nəşriyyatlarda çalışanlar inkişaf etdirir. O cümlədən, nəşriyyat-poliqrafiya sistemində çalışanların keçmiş peşə bayramı olan - “Çap gününün (“Denğ peçati”) bərpası, yüksəkixtisaslı mütəxəssislərə “Əməkdar poliqrafçı” fəxri adı verilməsi də gənclər arasında bu sənətə marağı artırmağa xidmət edərdi.

Yeri gəlmişkən, hələ orta əsrlərdə kağız, boya kimi materialların hazırlanması sahəsində zəngin ənənələri olan Azərbaycana, indi bu materiallar xaricdən gətirilir. Poliqrafiya materialları istehsalının yerli xammal (istehsalat, məişət tullantıları və s.) hesabına təşkili qeyri-neft sektorunun inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn məsələlərin və işsizlik probleminin həllinə yardım edib poliqrafiya materiallarının çeşidini artırmağa, göstəricilərini yaxşılaşdırmağa imkan verər, daşınıb gətirilməsinə sərf olunan maddi vəsaitə qənaət edilməsini təmin edərdi.

Respublikada fəaliyyət göstərən kitab satışı obyektləri və kitabxanalar, nəşriyyat və mətbəələr, kağız və s. kimi poliqrafiya materiallarını respublikaya gətirən müəssisələrin işinin bir-biri ilə əlaqələndirilməməsi də nəşrlərin bədii-texniki tərtibat və icra keyfiyyətinə öz təsirini göstərir. İnformasiya ilə yanaşı, həm də ideya daşıyıcısı olan kitabın redaktə olunmadan çapa verilməsi, ictimai rəyə göstərə biləcəyi təsirin hesaba alınmaması, elmi-ədəbi dəyərinə, bədii-texniki tərtibatına nəzarət olunmaması müharibə vəziyyətində yaşamağa məcbur edilən dövlət üçün məqbul sayıla bilməz. Bütün bunlar, “Nəşriyyat işi haqqında” AR Qanununda öz əksini tapmalıdır.

Belə ki, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmişAli təhsilin bakalavriat (baza ali) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qərarından irəli gələn məsələlərin həlli pərdəsi altında ləğv edilməsi, digər elmlərin tədrisi üçün açar rolunu oynayan bu ixtisasın (kitabşünas) təsnifatdan çıxarılması səhv addım olardı. Bu baş verməsin, redaktor hazırlığının səviyyəsi yüksəlsin deyə yuxarıda adları çəkilən fənlərin tədrisi bu sahədə ali təhsil alıb təcrübə məktəbi keçmiş peşəkarlara həvalə olunmalı və ixtisaslı kadrların hazırlığı digər kafedralar (“Beynəlxalq jurnalistika”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Mətbuat tarixiideoloji metodları”,”Televiziya və radio jurnalistikası”, “Radiotelejurnalistika”, “RTV yayım menecmenti”, “Mediakommunikasiya sistemləri”, “Jurnalistikanın nəzəriyyəsi”, “Publisist jurnalistika”, “Mətbuat tarixi”. və s.) tərəfindən yönləndirilən tədrislə də uzlaşdırılmalıdır. Bir sözlə, komissiyanın bu məsələ ilə bağlı gəldiyi nəticə dövlətin ali təhsil müəssisəsi qarşısında qoyduğu məqsədə xidmət etməli, yəni, mütəxəssis hazırlığının səviyyəsi yüksəldilməli, bunun üçün (həm də, tək qəzet və jurnallar üçün yox, eyni zamanda nəşrlər üçün) xüsusi əhəmiyyət kəsb edən “Redaksiya-nəşriyyat işinin texnologiyası”, “Kitabın bədii-texniki tərtibatı”, “Poliqrafiyanın texnika və texnologiyası”, “Nəşriyyat işinin kompüter təminatı”, “Texniki redaktə”, “Azərbaycan kitabının bədii-texniki tərtibat tarixi” və s. kimi fənlərin tədrisi təşkil edilməlidir.

Reallıq göstərir ki, ictimai-siyasi sabitliyin təmin edilməsi, təhsilin səviyyəsinin yüksək olduğu dövlətlərdə bu səviyyənin aşağı olduğu dövlətlərlə müqayisədə daha asan olur. İqtisadiyyatı inkişaf etmiş ölkələrdə əhalinin maddi təminatı kifayət qədər yüksək olduğundan sosial problemlər daha asanlıqla həllini tapır. Həm də, düzgün təhsil alan insan qarşılaşdığı çətinliyi daha asan, minimal itki ilə aşa bilir. Bir sözlə, övladlarımıza güclü dövlət, təminatlı həyat, xoşbəxt gələcək miras qoymaq istəyiriksə, konstruktiv tənqidə geniş meydan verməli, cəmiyyətə təqdim edilən əsərlərin düzgün redaktə edilməsi (senzuradan imtina, redaktə prinsiplərindən imtina etmək deyil) yolu ilə kitabın “etibarlı informasiya daşıyıcısı” imicini bərpa etməli, gənclərdə elmə, biliyə, kitaba marağı artırmalıyıq. Bunun üçün də “Nəşriyyat işi haqqında” qanuna müvafiq dəyişikliklər etmək yolu ilə nəşriyyatlar qarşısında ixtisaslaşma tələbi qoyub aşağı səviyyəli nəşrlərlə kitabı dəyərdən salanların qarşısına keçilməz sədd çəkməli, ali məktəb dərsliklərinin də dövlət vəsaiti hesabına nəşrini təmin etməliyik. Əks halda, internet şəbəkəsinə qoşulmaq imkanı olan gəncin 1000 nəşrin içindən 2-3 dəyərlisini seçib alacağına ümid etməyinə dəyməz.

Bir sözlə, təhsil sahəsində əsas strateji hədəfimiz, intellektual sərvətin məzmununun tələbata uyğunlaşdırılması yolu ilə qorunub zənginləşdirilməsi olmalıdır. Bizə, tədrisin keyfiyyətini yüksəltmək imkanı yaradan bu hədəf reallaşsın deyə təlim tək nəzəri materialın mənimsənilməsinə deyil, həm də fərddə, onun düşünməsini şərtləndirən “təfəkkür məktəbi”nə keçidi təmin edəcək analitik təfəkkür tərzinin formalaşmasına istiqamətləndirilməlidir. Bu əsas üzərində qurulan təhsil modelində təlimin şagirddə işə yaradıcı münasibət, təşəbbüskarlıq, tədqiqatçılıq kimi keyfiyyətlərin inkişaf etdirilməsinə istiqamətləndirilməsi şərtdir. Tədris materialını beyninin süzgəcindən keçirib real həyatdan aldığı bilgilərlə tutuşdurmaq, təhlil edib sistemləşdirmək bacarıqlarına yiyələnən fərd, növbəti mərhələdə əldə etdiyi qənaətlərə söykənib baş verənlərlə bağlı yekun qərar qəbul etmək və nəticəsinə görə gərəkən məsuliyyəti daşımağa da hazır olacaq.

Dövlətin iqtisadi qüdrətini təbii sərvətləri iqtisadiyyatın güclənməsinə yönəldən mexanizmin işə salınma səviyyəsi təmin edirsə, bu səviyyəni də, iqtisadi inkişaf tempinin effektivlik dərəcəsi və müasir texnologiyaları istehsala tətbiq edə bilən yüksəkixtisaslı mütəxəssis ordusunun formalaşdırılması istiqamətində görülən işlər müəyyənləşdirir. Düz xətt istənilən iki nöqtə arasında ən qısa məsafə olduğu kimi, iqtisadi yüksəlişə gedən ən qısa yol da idarəetmədə zəngin təcrübə məktəbi keçmiş ixtisaslı mütəxəssislərə və elmi əsaslara söykənən üsullara önəm verilməsidir (atalar sözündə deyildiyi kimi: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”). Kadr siyasətində əsas meyar bilik, üstəgəl təcrübə olmalı, elmin inkişafının, təhsilin səviyyəsinin yüksəldilməsini əngəlləyən problemlər öz həllini tapmalı, dərsliklərin nəşrə hazırlanması prosesində yol verilmiş səhvlər aradan qaldırılmalıdır. Çünki, tədrisin keyfiyyəti materialın mənimsənilmə səviyyəsi ilə ölçülür.

Dövlətin hərbi qüdrətini tək orduda qulluq edənlərin hazırlıq dərəcəsi, silah-sursat yox, həm də, bu silahları düşmən üzərində sınaqdan keçirən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi müəyyənləşdirir. Bu səbəbdən də, təhsil sistemində islahatyönümlü tədbirlər davam etdirilməli, əhali maarifləndirilməli, təhsil məzmunca yeniləşib təkmilləşdirilməlidir. Ölkənin gələcəyi və milli mənafeyimiz bizdən ideoloji işin effektivliyinin təmin olunmasını tələb edir. Çünki, informasiya yayımı vasitələrinin istənilən ölkədə ictimai rəyi formalaşdırmaq imkanı əldə etməsi, informasiyanı ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqa çevirib. Görünən də budur ki, artıq dünya çapında söz sahibi olmağa can atan transmilli korporasiyalar (və onların arxasında duranlar) xəbərlərin manipulyasiyası yolu ilə ölkələrarası sərhədlərin, mədəniyyətlərarası fərqlərin silinməsinə yönələn məqsədyönlü təbliğat aparıb beynəlxalq rəyi nəzarətə almağa çalışırlar.

Beynəlxalq təşkilat və institutların (BMT, Avropa Şurası, Dünya Bankı, BVF, Human Rights atchs.) funksiyaları artdıqca dövlətin ölkədaxili proseslərə təsir imkanları məhdudlaşır; dünya informasiya, ideya, kapital, məhsul və xidmətlərin daim hərəkətdə olduğu vahid məkana çevrilir. İnformasiya texnologiyalarının inkişafı elmi-texniki tərəqqini sürətləndirməklə yanaşı, həm də beynəlxalq qurumlara istənilən dövlətdə insan haqlarını, sosial problemləri qabardıb sabitliyi pozmaq, əhali ilə hakimiyyəti üz-üzə qoyub qarşıdurma yaratmaq imkanı verir. Xidmət, istehsal və ticarət sektorları dünya çapında sərbəst hərəkət imkanı qazanır, mövcud baryerləri aşmağa istiqamətlənən milli-mədəni dəyərlərin vahid lokal normalara uyğunlaşdırılması prosesi gedir. Təhsil, bank sistemi, səhiyyə və s. kimi strateji sahələrdə vahid yanaşmanın ortaya qoyulması beynəlxalq təşkilatların, bu qurumlara üzv olan dövlətlərə təsir imkanını genişləndirir. Bu səbəbdən də, beynəlxalq təşkilatların “mətbuat, söz azadlığı, insan haqları” ilə pərdələnmiş tələb, təpki və təzyiqlərinə dirəniş göstərib çox da gec olmadan qanunların milli-mənəvi dəyərlərimizə zidd, təhsilimizə zərbə vurub dövlətçiliyimizi zəiflətməyə yol açacaq maddələrinin qəbulunu əngəlləməyimiz vacibdir.

 

İradə ƏLƏSGƏROVA,

Əməkdar mədəniyyət işçisi,

tarix üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2020.- 10 fevral.- S.8.