Xocalı soyqırımı
insanlığa qarşı törədilmiş bəşəri
cinayətdir
Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb siyasi-ictimai şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə bir qarlı gündə Xocalıda üzləşdi.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Bu kütləvi qırğın zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.
Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Bu gün Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarını dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən qurulub. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun müstəsna rolu var. Məhz bu fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hər il dünyanın müxtəlif ölkələrində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Artıq bu fondun səmərəli fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyirlər. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” kampaniyası ildən-ilə daha da genişlənməkdədir. Artıq bu aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə insan qoşulub.
İKT Gənclər Forumu idarə heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsi idi ki, həmin il mayın 17-də İstanbulda İKT Gənclər Forumunun və İSESCO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün təşkilata üzv ölkələrdə humanitar fəlakət qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Bundan əlavə, Xocalı qətliamının islam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın “Xocalıya ədalət - Qarabağa azadlıq” təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.
Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldıqları fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.
2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçirilən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə “Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırmışlar.
2011-ci ilin əvvəllərində isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edib. Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilib.
2012-ci il fevral ayının 26-da - Xocalı soyqırımının 20-ci ildönümündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azadlıq meydanından “Xocalı soyqırımı” abidəsinə edilən ümumxalq yürüşü göstərdi ki, qisas anımız, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu ümumxalq yürüşü Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi. On minlərlə insanın iştirak etdiyi bu yürüş ermənilərə və onların havadarlarına bir mesaj idi. Prezident İlham Əliyev bununla bir daha bəyan etdi ki, soyqırımı qurbanlarının qanı yerdə qalmayacaq, erməni vəhşiliyi daim bütün dünyaya çatdırılacaq, Ermənistanın təcavüzkar siyasəti ifşa ediləcək. Bir daha bütün dünyaya çatdırıldı ki, xalqımız istənilən yolla Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları azad etməyə, münaqişənin Azərbaycan dövlətinin maraqları çərçivəsində ədalətlə həllinə məcbur olacaqdır.
Azərbaycan Prezidentinin torpaqlarımızın işğaldan azad olunması üçün hər addımda qətiyyət nümayiş etdirməsi, erməni vəhşiliklərinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki həssaslığı bizi qürurlandırır, cəmiyyətimizdəki vətənpərvərlik əhval-ruhiyyəsini artırır. Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artır. Pakistan, Meksika, Rumıniya, Serbiya, Peru, Panama, Çexiya, İordaniya, Bosniya və Herseqovina, Honduras, Sudan və Kolumbiya parlamentləri, ABŞ-ın 15 ştatı Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistanın münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayacağını qətiyyətlə bəyan edib. Bu, Azərbaycan xalqının müstəsna hüququdur və onu heç bir dövlət bu yoldan çəkindirə bilməz. Heç kimdə şübhə yoxdur ki, tezliklə işğal edilən ərazilərimiz azad ediləcək, həmçinin xalqımıza qarşı ağır cinayətlərə yol verənlər, o cümlədən Xocalı faciəsini törədənlər bir gün ədalət məhkəməsi qarşısında dayanacaqlar.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar.
Azərbaycan dövləti bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı sərəncamda deyilir: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Bəybala BƏYBALAYEV
Respublika.- 2020.- 19 fevral.- S.6.