NƏRİMAN NƏRİMANOV - 150

(əvvəli 16, 18 və 19 fevral tarixli saylarımızda)

Lakin müsabiqə komissiyası öz namizədlərini sınaq dərslərinə buraxdığı zaman Bakı qubernatorunun Məhəmmədhəsən bəy Əfəndiyev adlı bir şəxsin nəzarətçi köməkçisi seçilməsi təklifini irəli sürməsi müsabiqənin normal gedişini pozur. Arxiv sənədləri də bu fikri təsdiq edir. Məhəmmədhəsən bəy Əfəndiyev özü yazır: “Bakı şəhər idarəsi öz namizədlərini irəli sürərkən qubernator Bakı şəhər “rus-tatar məktəbi”nə müəllim yerinə məni seçməyi təklif etdi. Sınaq dərslərində məlum namizədlərdən daha artıq təcrübəyə malik müəllim kimi məni seçdilər”.

Nəriman S.Qənizadənin və H.Mahmudbəyovun zəmanəti ilə Bakıda yeni açılmış Pobedonostsevin şəxsi progimnaziyasına daxil oldu. O, 1891-ci il oktyabr ayının 1-dək progimnaziyanın hazırlıq sinfinin müəllimi vəzifəsində çalışdı. (“Kəşkül” qəzeti, 18 oktyabr 1891-ci il tarixli 123-cü nömrəsində “Bakıda gimnaziya” sərlövhəli məqaləsində ilk buraxılışın vəziyyəti haqqında məlumat verir, eyni zamanda N.Nərimanovun “məktəbi-edadiyyə sistemində mülki, rus dillərindən təlim başlamasını bildirirdi).

Nəriman böyük bir ailəni dolandırmalı idi. O, yay ayları xüsusi dərslər verir, tamaşalar təşkil edir və bədii yaradıcılıqla məşğul olurdu. Bu dövrdə gənc Nərimanın Sultanməcid, Həbib bəy, Həsən bəy Axundov və başqa maarif xadimləri ilə sıx əməkdaşlığı onu Bakının tərəqqipərvər gəncləri arasında tez tanıdır, hər yerdə Nərimana ictimai xadim, müəllim kimi hörmət edirlər.

Sultanməcid Nərimana ehtiramla yanaşır, onunla tez-tez görüşür. 1891-ci ilin iyul-avqust aylarını Şamaxıda keçirən S.Qənizadə “Qönçə xanım” faciəsini yazır. Bu vaxt N.Nərimanov da “Nadanlıq” komediyasını çapa hazırlayırdı. O, 1893-cü il mart ayının 20-də pyesin əlyazmasını Tiflisə, Qafqaz Senzura Komitəsinə göndərib onun nəşrinə icazə istəyir. Təxminən bir ay sonra Qafqaz Senzura Komitəsinə teleqramında isə müraciətlə yazır: “Nadanlıq” pyesini tamaşaya qoymaq üçün icazə almağa ümid varmı?”

Qafqaz Baş hökumət idarəsi mülki işlər üzrə dəftərxanasının Qafqaz Senzura Komitəsinə göndərdiyi 16 may 1894-cü il tarixli məlumatından aydın olur ki, “Nadanlıq” komediyasının Qafqaz ərazisində tamaşaya qoyulmasına icazə verilmişdir.

N.Nərimanovu Bakıda milli qiraətxana açmaq məsələsi də çox narahat edirdi. Nəhayət, o, 1894-cü ilin aprel ayında qiraətxananın açılmasına nail oldu. Nəriman onu yaşatmaq üçün teatr tamaşaları təşkil edir, xarici ölkələrin kitabxana, qəzet və jurnal redaksiyaları ilə sıx əlaqə yaratmağa çalışırdı. Bu vaxt onun “Nadanlıq” əsəri çapdan çıxır. Nəriman ikinci dram əsəri “Dilin bəlası” üzərində işləyir.

1895-ci ildə “Dilin bəlası” komediyası nəşr olunur. N.Nərimanov 1896-cı il yanvar ayının 31-də əsərdən iki nüsxə Qafqaz Senzura Komitəsinə göndərib onun tamaşaya qoyulmasına icazə almağa nail olur. Bu vaxt “Bahadır və Sona” romanının əlyazması da Qafqaz Senzura Komitəsində idi. N.Nərimanov öz ərizəsində yazırdı: “Bununla tatar (Azərbaycan - T.Ə.) dilində “Bahadır və Sona” adlı əsərimin əlyazmasını təqdim edirəm. Onu 1200 nüsxə miqdarında çap etməyə icazə verməyi komitetdən acizanə xahiş edirəm. Beləliklə, 1896-cı ilin yazında “Bahadır və Sona” romanının ilk hissəsi çapdan çıxır.

Bu dövrdə N.Nərimanov öz iş yerini dəyişmişdi. Çünki Pobedonostsevin şəxsi progimnaziyasında işlədiyinə görə hökumətin müəllimlərə verdiyi imtiyazlardan məhrum idi. Məlumdur ki, 1895-ci ilin axırında Bakı realnı məktəbində sinif mürəbbisi köməkçisi və Azərbaycan dili müəllimi yeri açılmışdı. Nəriman Bakı realnı məktəbinə - dövlət qulluğuna girmək üçün ərizə vermişdi:

“Əlahəzrət Bakı realnı məktəbinin

cənab direktoruna, Bakıdakı Pobedonostsevin şəxsi progimnaziyasının müəllimi

Nəriman Nərimanov tərəfindən

Ərizə

Ehtimal olduğuna görə, rəhbərlik etdiyiniz realın məktəbdə Azərbaycan dili müəllimi və sinif rəhbərlərinin köməkçisi yeri açılacaqdır.

Siz əlahəzrətlərdən acizanə xahiş edirəm, yuxarıda göstərilən vəzifəyə məni nəzərdə tutasınız.

Müəllim N.Nərimanov

29 dekabr 1895-ci il.

Bakı şəhəri”.

Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri idarəsində N.Nərimanov bacarıqlı, vicdanlı müəllim, tamamilə halal süd əmmiş adam kimi tanınmasına baxmayaraq, Qafqaz təhsil dairəsinin müdiri (popeçiteli) xeyli yazışmalardan sonra, Maarif Nazirliyinin “Məhəmməd dini əqidələrinə mənsub olanların hökumət idarələrinə son dərəcə zəruri hallarda təyin olunması haqqında 6 oktyabr 1885-ci il” tarixli göstərişini nəzərə almış, ona Bakı realnı məktəbində sinif mürəbbilərinin köməkçisi və Azərbaycan dili müəllimi vəzifəsində işləməyə icazə vermişdir. Beləliklə, 1896-cı il may ayının 7-də N.Nərimanov Bakı realnı məktəbində sinif mürəbbilərinin ştatlı köməkçisi vəzifəsinə təyin olundu. Eyni zamanda həmin vəzifəyə görə ona kollec katibi mülki rütbəsi də verildi. N.Nərimanov 1896-cı il sentyabr ayının 1-dən isə Qafqaz təhsil dairəsi müdirinin təklifi ilə Pobedonostsevin şəxsi progimnaziyası bazası əsasında yaranan imperator III Aleksandr adına Bakı kişi gimnaziyasında eyni vəzifəyə dəyişildi. Burada N.Nərimanov özünü işgüzar, nümunəvi müəllim kimi göstərdi.

Pobedonostsev Qafqaz təhsil dairəsi müdirinin icazəsi ilə 1899-cu il iyun ayının 13-dən avqust ayının 20-dək imperator III Aleksandr adına Bakı kişi gimnaziyası yanında müfəttişlik (məktəb müdiri müavini) vəzifəsi ona tapşırılmışdı. N.Nərimanov gimnaziyada işlədiyi müddət ərzində yay tətilinə çıxa bilməmişdir. Çünki o, yay tətili dövründə (1899-cu il iyun ayının 1-dən avqust ayının 24-dək) gimnaziyanın bütün işlərini idarə etməli idi. 1900-1901-ci illərdə iyun ayının 20-dən avqust ayının 20-25-dək gimnaziyanın bütün işləri N.Nərimanovun öhdəsinə düşürdü.

1900-cü ilin yanvar ayının 1-də yüksək səviyyəli pedaqoji xidmətlərinə görə N.Nərimanov üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edildi. Bu, N.Nərimanovun uzun illər pedaqoji sahədə çəkdiyi böyük zəhmətin bəhrəsi idi. Qafqaz təhsil dairəsi müdirinin 1899-cu il 3 noyabr tarixli rəsmi məlumatında deyilir: “Cənab Nərimanov öz qulluq vəzifələrini can-başla və diqqətlə icra etməsi, sağlam fikirliliyi, ruslara məhəbbəti və hökumətə sədaqəti ilə həmişə fərqlənmişdir”.

N.Nərimanovun pedaqoji fəaliyyəti sadəcə müəllimliklə məhdudlaşmırdı. O, həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi. 1891- 1900-cü illər ərzində N.Nərimanov “Nadanlıq”, “Dilin bəlası”, “Bahadır və Sona”, “Nadir şah” əsərlərini yazmış, N.V.Qoqolun “Müfəttiş”ini tərcümə etmiş, üç dərslik hazırlamış, eyni zamanda müəllim və şagirdlərə kömək arzusu ilə nəzəri biliyi və təcrübəsi əsasında yeni dərs kitabları yaratmışdı. Həmin dərsliklərdən biri “Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi”, ikincisi “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça”, üçüncüsü “Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça” adlanır.

“Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi” (1899) kitabı Bakı quberniya idarəsi mətbəəsində çap edilir. Kitab rus və müsəlman məktəblərində azərbaycanca təhsil alan uşaqlar üçün nəzərdə tutulmuşdur. Azərbaycan məktəblərində uzun müddət faydalı vəsait olan bu kitab o zaman dilin qayda-qanunlarını öyrətməklə, tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək etmişdir.

“Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi”nin müqəddiməsində N.Nərimanov vahid yazı qaydasının olmaması üzündən mətbuatda yaranan çətinlikləri xatırladır. O yazır ki, bu zəmanədə mədəni millətlər dilini və yazısını asanlaşdırmağa çalışırlar: “Çünki bir lisanın yazısı nə qədər asan olsa, o lisan o qədər tez yayılıb, o dildə yazılan inşalar da tez intişar tapar...” N.Nərimanov ürəkağrısı ilə əlavə edir: “Hər millət çalışır ki, məxsusi dili və yazısı olsun. Amma biz!..“Axır zamanda mərifətli əhli-qələm qardaşlarımız tövrbətövr kitablar yazmağa məşğuldurlar. Ancaq bu vaxtdan türk-Azərbaycan dilində bir qayda olmamağına görə, hər kəs nə tövr istəyir yazır. Qaydasız yazılan inşalar nə dilə və nə millətə nəfs gətirməz”.

N.Nərimanov ərəb və fars dilinin törətdiyi dolaşıqlıq və çətinliyin “mərifətli əhli-qələm qardaşların” köməyi ilə aradan qalxacağına ümid bəsləyir, ana dilinin saflığı uğrunda mübarizədə qətiyyətli olmağa çağırırdı: “Biçarə türk mollalarımız əksəri öz dilində kağız yaza bilmir. Bununla belə haman mollalar özlərini əhli-savad hesab edirlər, çünki farsca yazmaq bacarırlar və ərəbcə bir az dadıblar... Eyib deyilmi? Belə olan surətdə biz - türklər özümüzə türk deməyib fars deyək və farsca danışıb dilini və yazısını öyrənək, yainki azərbaycanlılıqda qalıb öz ana dilimizi bilək...

O ana ki, sənə o dildə tərbiyə veribdir, sənə o dildə yaxşı-yamandan tanıdıbdır, sənə o dildə layla deyibdir və axırda haman o dildə Allahı tanıdıbdır!.. Heyif! Görəsən bu barədə fikir edən varmı? Axır sual... Hansında qalmalıyıq? Hansı dil bizim öz ana dilimizdir? Cavab istəyirik”.

N.Nərimanov ana dili tədrisində şagirdlərin mənəvi-estetik zövqü və məfkurəvi inkişafı məsələlərinə də ciddi diqqət yetirməyi vacib bilirdi. Kitabın tərtibi bu cəhətdən maraqlıdır. Müəllif gətirdiyi nümunə mətnlərində şagirdlərin nəzərini elmə, kitaba, xeyirxah əməllərə, təbiətin gözəlliyinə cəlb edirdi. Məsələn, Hüseyn dərslərini qurtardı. Kitab mizin üstədir... Səkinə ağıllı qızdır. İndi biz elmləri Avropadan öyrənirik... Fəqirlər üçün azarxana tikmək suvabdır. Uşaqcıq bu gün bir kitabça aldı... Mən bu qələmciyi sizə bağışlayıram... Mənə tərbiyə verən anacığım olubdur... Mahmudun atasından bir milyon pul qalıbdır, o pulun mindən bir payını məktəb tikməyə sərf edir. Bu qırx kitabdan biri mənimdir... Məktəbdə əvvəlinci şagirdə bir yaxşı kitab bağışladılar.

“Bahadır və Sona” romanından isə belə bir nümunə gətirilmişdir: “Yayın isti günlərindən idi; günün axırıncı şəfqəti uca ağacların başını qızıl rəngində etmişdi... Belə gözəl vaxtda, ağacın altında, göy otun üstündə bir növcavan əyləşmişdi. Bu cavan oğlan gülüzlü, xoşsifətli olub əql və kamalı üzündən məlum edirdi...”

Kitabda Molla Pənah Vaqifin şeirindən gətirilən nümunə də maraq doğurur:

Mən cahan mülkündə mütləq doğru halət görmədim,

Hər nə gördüm əyri gördüm, özgə babət görmədim...

1899-cu ildə Bakının “Aror” mətbəəsində ikinci dərslik çapdan çıxır. “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça” adlı bu dərsliyin titul səhifəsindən məlum olur ki, Bakı kişi gimnaziyasının Azərbaycan dili müəllimi N.Nərimanov kitabı sövti üsulla tərtib etmişdir. Müəllif kitabın müqəddiməsində yazır: “Hənuz bu kitabça o şəxslərdən ötrüdür ki, vaxtında rusca oxumayıb ancaq indi rusca oxumağı, yazmağı özləri üçün lazım bilirlər. Ona görə bu kitabçanı müsəlman qardaşlarım üçün yazdıq ki, müəllimsiz rusca yazmaq, oxumaq və danışmaq öyrənsinlər. Hərgah oxuyan sarıdan bir balaca diqqət olunsa, yarım ayın ərzində bu kitabçanın köməkliyi ilə şəxs rusca oxumaq, yazmaq bilər”.

N.Nərimanovun üçüncü dərsliyi də Bakıda “Aror” mətbəəsində nəşr edilmişdir. Bu kitab “Samouçitel tatarskoqo yazıka dlya russkix” (1899-1900) adlanır. Ruslara Azərbaycan dilini öyrənmək məqsədilə yazılmış kitabın “Tərtib haqqında bir neçə söz”ündə bildirilir ki, burada qrammatika elmi baxımdan deyil, dil öyrətmək üçün yazıldığından, dilin praktik cəhətinə diqqət yetirilmişdir. Məhz bu mülahizəyə görə də kitaba 12 hekayə və lüğət daxil edilmişdir. N.Nərimanov “Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça” adlandırdığı dərsliyi oxuculara birinci hissə kimi təqdim edir, Azərbaycan dilinin qrammatikası və lüğətdən ibarət ikinci hissəni də çap etdirmək ümidində olduğunu bildirir.

Sövti üsulla tərtib olunan kitabda metodiki cəhətdən səmərəli, faydalı fikirlər də vardır. Müəllifin şagirdlərdə danışıq nitqini inkişaf etdirmək və onlarda nitq vərdişi aşılamaq üçün hər iki dildə - Azərbaycan və rus dillərində verdiyi mətnlərin, atalar sözlərinin, zərbi-məsəllərin, hekayə, şeir və təmsillərin, hətta tapmacaların məzmunu bu baxımdan maraqlıdır.

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 20 fevral.- S.4.