Xocalı soyqırımının şahidləri

Xocalı Ağdam-Şuşa yolu üzərində Əsgəranla Xankəndi arasında yerləşən mühüm yaşayış məntəqələrindən biri idi. Şəhərtipli bu qəsəbədə əhalinin sayı 7 mindən çox idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək ən müasir silahlarla silahlanmış erməni quldurları və Rusiya ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı bölmələrinin iştirakı ilə Azərbaycanın bu şəhərini məhv etdilər. Həmin müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla öldürülüb, 1275 nəfər insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər ikisini itirib.

Xocalıda baş verənlər soyqırımı aktı olsa da, o zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələrin günahı üzündən dünya ictimaiyyətinə lazımınca çatdırılmamışdı. Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtdıqdan sonra erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı soyqırımı barədə həqiqət dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmışdır. Ulu öndər 1994-cü il 1 mart tarixdə Xocalı soyqırımı ilə əlaqədar xüsusi fərman imzalamış və Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral- Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunmuşbütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Azərbaycan Respublikasının Prezidenti 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzalamış və hər il fevralın 26-da saat 17:00-da soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilirlər.

Xocalı soyqırımı haqqında ulu öndər demişdir: “Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək üçün vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Gecə vaxtı dinc əhaliyə hücum etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.”

Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımlar atır.

Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə Mustafayeva və Xocalı şəhər sakini Sahib İmani Xocalı soyqırımı şahidləridir. Onlarla söhbət zamanı həmin hadisələri ürək yanğısı ilə xatırladılar.

 

Şəkibə Mustafayeva: Xocalı şəhərində doğulub boya-başa çatmışam. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Rusiya ordusunun Xankədidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini darmadağın edəndə mən üç azyaşlı övladımla birlikdə evimdə idim. Həmin vaxt həyat yoldaşım Ələsgər həmişəki kimi öz postunda olduğu üçün evdə yox idi. Bizimlə bir məhəllədə yaşayan qocalar, qız-gəlinlər və uşaqlar evimizin zirzəmisinə toplaşmışdılar. Heç kim öz yurd-yuvasını qoyub getmək istəmirdi. Ancaq düşmən şəhərə daxil olandan sonra biz gecənin qaranlığında öz evimizi tərk edib, meşəyə üz tutduq. Göydən lopa-lopa qar yağırdı. Hər tərəf ağappaq qara bürünmüşdü. Qarqarçayı çox çətinliklə keçib meşəyə girdik. Adamların çoxu soyuqdan donaraq öldü. Mən üç uşağımı çox çətinliklə aparırdım. Onlar xeyli yorulmuş və hərəkət edə bilmirdilər. Ermənilərin qəflətən açdığı atəş hamını pərən-pərən saldı. Ağappaq qarın üstü bir anın içində qıpqırmızı insan qanına boyandı. Erməni quldurları qocalara, uşaqlara, südəmər körpələrə, hətta, hamilə qadınlara belə rəhm etmədən dinc əhaliyə qarşı misli görünməmiş cinayət aktı törətdilər. Körpələrin, qocaların, qız-gəlinlərin naləsi ərşə dirənirdi. O gecə erməni quldurları hərbi hissənin əsgər və zabitləri tərəfindən bəşər tarixində Azərbaycan xalqına qarşı Xocalı soyqırımını həyata keçirdilər.

Artıq səhər açılırdı. Bir gecənin içində yurd-yuvamız dağıldı, yaxınlarımızı və doğmalarımızı itirdik. Mən üç övladımla birlikdə çətinliklə gəlib Ağdamın Şelli kəndinə çatdıq. Ələsgər səhərə qədər yorulmadan öz silahdaşları ilə erməni quldurları ilə döyüşdü və tutduqları mövqedən bir addım da olsun geri çəkilmədilər. Lakin erməni quldurlarının atdığı güllələr Ələsgərin döyüşkən həyatına son qoydu. Onu doğulub boya-başa çatdığı ata ocağı olan Laçın rayonunun Kürdhacılı kəndində dəfn etdilər. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Üç övladımla Bakı şəhərində məskunlaşdıq. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğı nəticəsində övladlarımı böyütdümoxutdum. Oğlum Ülvü, qızlarım Vüsalə və Piyalə hər üçü ailə qurublar. Oğul nəvəm babası Ələsgərin adını yaşadır. Arzum budur ki, balaca Ələsgər atalı-analı böyüsün, xalqına və dövlətinə layiqli övlad olsun.

Xocalı naləsi, Xocalı harayı Azərbaycan torpağına vurulan ağır yaradır, şəhidlərin bu günədək alınmamış qisasıdır. Azərbaycanın işğal altındakı bütün əzəli və əbədi torpaqları bizi gözləyir. Vaxt gələcək ermənilər axıtdıqları qana görə tarixin ədalət məhkəməsi qarşısında cavab verəcək və öz layiqli cəzalarını alacaqlar.

Sahib İmani: -Tarixin bütün dövrlərində Azərbaycan xalqına düşmən olan mənfur erməni daşnakları 1988-ci il fevralın 12-də nəhayət üzlərini bir daha göstərdilər və onlar Dağlıq Qarabağda torpaq iddiası ilə mitinqə çıxdılar. SSRİ rəhbərliyinin dəstəyi ilə güclənən erməni separatizmi və Moskvanın yardımı Ermənistanın işğalçılıq fəaliyyəti nəticəsində Azərbaycanın üzərini qara buludlar alan vaxtdan Xocalı da öz narahat günlərini yaşamağa başladı. Biz dörd il on üç gün gecə-gündüz səksəkəli və narahat günlər yaşadıq. Nəhayət 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları öz çirkin niyyətlərini həyata keçirmək üçün Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər. Ağır texnikasovet ordusunun ən müasir silahları ilə Xocalı şəhərini atəşə tutdular. Gecə saat 01:30 radələrində şəhər əhalisi doğma yurdu tərk edib, Ağdam istiqamətində yola düşdülər. Qarqarçayı keçib meşəyə üz tutduq. Fevral gecəsinin şaxtası adamları əldən salmışdı. Amma buna baxmayaraq hamı özündə dözüm və qüvvə taparaq gedirdi. Qarlı və şaxtalı bir gündə dərə-təpəli yollarla çox çətinliklə gedərək Naxçıvanik kəndinin yaxınlığına çatdıq. Artıq dan yeri sökülürdü. Ucu-bucağı görünməyən qəm karvanı ağır-ağır Ağdam istiqamətinə irəliləyirdi. Ancaq çox çəkmədi ki, atəş səsləri eşidildi. Elə bil ki, erməni quldurları yüksək yerdə dayanıb Xocalı camaatını gözləyirdilər. Onlar əhalini mühasirəyə alaraq, atəş açmağa başladılar. Yer üzündə misli-bərabəri olmayan bir soyqrımı faciəsi törətdilər. Onlar qocaya, cavana, qadına, südəmər körpəyə belə rəhm etmədən güllələyirdilər. Atam Ağayar, qardaşım Malik, dayımın yeznəsi Murad, onun Aysel və Gülmirə adlı iki qızı erməni quldurları tərəfindən qətlə yetirildi. Çox təsadüf nəticəsində mən quldurların əlindən qaçıb sağ qaldım. Qardaşım Malikin həyat yoldaşı Sonanı 12 gündən sonra çox ağır vəziyyətdə meşədən tapdılar və onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə apardılar. Sonanın ayaqlarını şaxta apardığı üçün barmaqlarını kəsdilər.

Xocalı faciəsi qəlbimizə vurulmuş ən ağır yaradır. Biz xocalılılar səbirsizliklə zəfər gününü gözləyirik. İnanırıq ki, o gün uzaqda deyil.

 

Kamil  İSMAYILOV

 

Respublika.- 2020.- 20 fevral.- S.5.