Bəşəriyyətə qarşı yönəlmiş amansız cinayət

 

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi təcavüzü dünyanın yeni tarixinə beynəlxalq hüquqi normaların ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi daxil olub. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq soyqırımı siyasətindən əziyyət çəkmiş, böyük faciələri taleyində yaşamışdır.

Azərbaycanlıların öz tarixi etnik torpaqlarından qovulması prosesi sovet dövründə də davam etmiş, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə tarixi torpaqlarında yaşayan 250 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında başlayan hadisələr—erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

1988-ci ilin yanvarından etibarən erməni millətçiləri tərəfindən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələrinin, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərlərinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər. 1992-ci ilin fevralında Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş daha bir soyqırımı aktı yaşanmışdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etmək məqsədilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən isə Xocalı şəhərini yer üzündən birdəfəlik silmək olmuşdur. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.

1992-ci il fevralın 25-dən 26-na keçə gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək xalqımıza qarşı nsoyqırımı siyasətini həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 100 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir.

Ermənilər öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalqkimi təqdim edən ermənilərin xislətini, üzünü açıb bütün dünyaya göstərdi.

Xocalı faciəsi əslində bir günün, bir gecənin hadisəsi deyildi. Əsrlər boyu türk dünyasına, azərbaycanlılara kin, nifrət bəsləyən ermənilər bu faciəyə, bu soyqırıma illərlə hazırlanmışdılar.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə əsl siyasi-hüquqi qiymət verildi, soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlər görüldü. Ulu öndər deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı və tarixi bir cinayətdir”.

Artıq insanlığa qarşı qəddarlığına, vəhşiliyinə görə ən dəhşətli kütləvi terror aktı kimi tarixə düşmüş Xocalı soyqırımından 28 il keçir. Bu gün düşmən torpağında inləyən Xocalımızı azad etmək üşün hər birimiz səfərbər olmalı, Ali Baş Komandanımızın ətrafında birləşməliyik. Bunu bizdən Vətənimizin ərazi bütövlüyü, xalqımızın milli azadlıq yolunda mətanət, cəsarət, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksələn övladlarımızın ruhu tələb edir.

Ölkəmizin hər yerində olduğu kimi, Xocalı soyqırımına bizim məktəbdə də geniş hazırlıq işləri aparılır. Bu məqsədlə tədbirlər planı hazırlanmışdır.

Xocalı soyqırımı ilə bağlı sinif qəzetləri hazırlanmış, rəsm əsərləri ərsəyə gətirilmiş, şagirdlər arasında inşa yazı müsabiqələri keçirilmiş, ədəbi-bədii kompozisiyalar hazırlanmışdır.

Xocalı bəşər tarixində ən qanlı, ən dəhşətli, ən qeyri-insani soyqırımının bariz nümunəsidir.

 

 

Günel XANLAROVA,

Nərimanov rayonundakı

177 nömrəli məktəbin direktoru.

Respublika.- 2020.- 20 fevral.- S.6.