Adət-ənənələrimiz
haqqında düşüncələr
Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə də təcavüz etmək təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın keşməkeşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bu günümüzün həyati tələbatı olan, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilən mənəvi dəyərlər yüksək əxlaqi xüsusiyyətlərin təcəssümüdür və duz-çörək qədər hamımıza əzizdir.
Keçid dövründə milli-mənəvi areantasiyalarda yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin keçmə-keçmələrində deformasiyaya uğramadan, bu günümüzü gözəlləşdirən həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı, yabançı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqi dəyərlərimizin toxunulmazlığı, həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlardır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək dünyaya inteqrasiya etdikcə, qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi, başqa xalqlara da sevdirək. Müdrik ağsaqallarımız, söz sahibi olan ziyalılarımız, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat, digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdırlar.
Vətən, ata-ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır. Çox təəssüflər olsun ki, milli mənafe, milli mənlik ideyası, xalqımızın mənəvi əxlaqının, xüsusilə vətənpərvərlik kimi yüksək əxlaqi dəyərlərin aşınması baş vermiş və zaman-zaman diqqətdən kənarda qalmışdır. Keçmişimiz, həm də tariximizin ibrət dərsləridir. Bu baxımdan, bariz keçmişimiz eyni zamanda sabahımızın müəllimidir. Gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi xalqımızın qələbələrinin, nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımızın böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilmiş, onu xüsusilə sovetlər dövrünün ideoloji taranlarından aşınmağa imkan verməmişdir.
Ərənlərimiz demişlər ki, nə qədər çətin olsa da, dağılmış iqtisadiyyatı, fabrik və zavodları yenidən bərpa etmək olar, məişətimizi daha da gözəlləşdirmək üçün yaraşıqlı evlər tikmək, bağ-bağat salmaq, parklar düzənləmək, müasir texnoloji yenilikləri tətbiq etməklə, keyfiyyətli məhsullar istehsal etmək mümkündür. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, aşınmaya məruz qalmış, çirkaba batmış mənəvi əxlaqı yenidən saflaşdımaq, xalqımızın tarixi milli-mənəvi dəyərlərinə rəğmən cilalamaq olduqca çətin məsələdir. Əsrlər boyu formalaşmış və sələflərimizdən bizə ərməğan olan mənəvi dəyərlərin aşınmasına yol versək, çox təəssüflə qeyd etmək lazımdır ki, bu mənəvi-əxlaqi təməllər üzərində qurulmuş dəyərlərimizi nəsillərin qan yaddaşına köçürmək mümkün olmayacaqdır. Çünki saf əxlaqa, əsl məhəbbətin sahibi olan insanlara daha səlis düşünməyə imkan verməyən pul hərisliyi, var-dövlət yığmaq ehtirası müasir nəsillərin mənəviyyatını korlayır, adamları insanlıqdan çıxarır, dəyərlərimizi isə uçuruma yuvarlandırır. Müasir bazar iqtisadiyyatı dövrü insanlarda, ailələrdə daha bariz şəkildə görünən ehtiyac, xüsusilə qarşılıqlı şəkildə əzizlərindən, insanlardan umduğun maddi-mənəvi dəstəklərə borcu olan şəxslərdən gözlədiyini görmədikdə, cəmiyyətimizdə əxlaqi məsələlərə kəskin zərbə vurulur. Sözün həqiqi mənasında, müasir reallıqların bəzi məqamlarını diqqətə gətirəndə, əxlaqsızlığı təlqin edir, xüsusilə, mənəviyyatı hələ formalaşmamış gəncliyin durumunu zəiflədir, tariximizin, ailələrin milli-mənəvi dəyərlərinə xələl gətirir.
Düşünürsən ki, bu cür
taranlardan qoruna biləcək əxlaqi dəyərlərimizi
hifz edib saxlamağı və gələcək nəsillərə
ötürülməli olan milli dəyərlərimizi
yaşada biləcəyikmi? Bax bu məqamda ziyalılar yada
düşür. Ziyalılar - müqəddəslik,
haqq-ədalət, müdriklik, Vətənə və xalqa
sonsuz məhəbbət mücəssəməsi olsalar, əsl
şəxsiyyət kimi tarixdə yaşayarlar. Çünki
milli-mənəvi əxlaqi dəyərlərini itirən xalq
həmişə məğlub olar. İnsanları haqq yolundan
sapındıranlara aman vermək olmaz. Zəfər də,
məğlubiyyət də əql və düşüncənin
gücündədir. Dünya
malından yüksək olan ad-sana nail olmaq
isə daha şərəflidir. Əsl
ziyalılar xalqımızın mənəvi sərvətidir.
Mənəvi saflıq insanı həmişə
ucaldar. Müdriklərimiz demişlər
ki, insanın ən böyük müəllimi təbiətdir.
Arzu və istək bizim içimizdə
yaranır. Hər kəs özündən
hesab istəməlidir. Biz əsrləri
düz yolla getmişikmi? İndi hara və
necə gedirik? Belə bir deyim var:
“Düşünən
daşlara, addımlara bax,
Ömrün
sevincidir, ahıdır insan,
Məzarın
içində bir ovuc torpaq
Məzarın çölündə dahi bir insan!”
“Sizin nəsliniz
əxlaqınızdır, qohumlarınız isə
gördüyünüz yaxşı işlər, yaxşı
əməllərdir” (Məhəmməd Peyğəmbər).
“Dövran
bir günəşdir, ömür isə qar
Vəfasız dünyaya meyl etmə, zinhar.
İndi
ki öləcək pis də, yaxşı da,
Xoş ona ki, çatdı yaxşı bir ada” (Sədi
Şirazi).
İnsanı mükəmməlliyə aparan dəyərlər
çoxdur, şəxsiyyəti nurlandıran isə onun
gözəl qəlbidir. Haqq-ədalət, ədəb, yaranmışlara məhəbbət,
sevgi, mərhəmət, dostluq, həqiqət, səxavət,
mərifət, bacarıq, istedad və zəhmət... İnsan mükəmməlliyinin məhək
daşıdır.
Tarixən hətta ailələrdə, tayfalarda, kənd
və obalarda, azsaylı xalqların yaşayış yerlərində
özünəməxsus adət-ənənələrin həyata
keçirilməsinə qoyulan qadağalar, təqiblər, cəzalar
da xalqın öz soykökünə inamını sarsıda
bilməmişdir. Azərbaycan oğullarının əsasən
hərbi-tikinti hissələrinə xidmətə göndərilməsinə,
sərhəd qoşunlarında, xüsusi müdafiə dəstələrində
müsəlman respublikalarının övladlarının xidmətə
buraxılmaması təkcə hər hansı bir
etibarsızlığa, ideoloji dəyanətliyin olmamasında,
rus dilini yaxşı bilməməsində deyil, əsasən
gələcəyə hesablanmış tədbirlərdən
olmuşdur. Lakin xalqımızın tarixi
qan yaddaşı baş verən hadisələr fövqündə
onu dirçəltdi. Xalqımızın
düşüncə tərzi, vətənpərvərlik
hissinin gücü gerçəkliyi, müasir həyat həqiqətlərini
obyektiv şərh edərək özünütərbiyəni
xarakterik olaraq əxz edir. Gənclərimizi
düzgün istiqamətlərə yönəltmək, mənəvi
tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin,
söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə
ziyalıların imkanlarını, təsir gücünü
artırmağa zəmin yaradır. Bu
baxımdan kütləvi informasiya vasitələrinin,
televiziya-radionun təsir dairəsi və tərbiyəvi rolu
böyükdür.
Bu missiyanı insanların mənəvi dünyasında
ehtiyac duyduqları mətbuatımız necə yerinə
yetirir. Bu günümüzə nəzər salsaq acı bir
reallıqla qarşılaşırıq. Heç
də cəmiyyətimizi formalaşdırmağa borcu olan,
insanların ideoloji tərbiyəsində mühüm əhəmiyyət
kəsb edən mətbuat vasitələri çoxdan
tarazlığını, mənəvi tərbiyənin
önündə getməli olan mövqeyini itirmişdir - desək,
yanılmarıq.
Əsasən
qeyri-peşəkarlıq, jurnalist etikasına əməl etməyən,
mətbu sözün təsir gücünü,
özünü qiymətləndirməyi bacarmayan,
ayrı-ayrı iddialı şəxslərin yersiz və
lüzumsuz sifarişinə rəğmən dərc edilən
yazılar insanları nəinki bir-birinə düşmən
edir, eyni zamanda onların əhatəsində olan
övladlarını və yaxınlarını
sarsıdır, böyük-kiçiklik, ailə
başçısı nüfuzuna mənfi təsirlər
göstərir. Saysız-hesabsız qəzetlərin
timsalında təqdim olunan belə yazılar, ümumiyyətlə
xalqımızın zəngin etik davranışları, mənəvi-əxlaqi
dəyərləri ilə, xüsusilə jurnalistin peşə
məsuliyyəti ilə bir araya sığmır, qəzet səhifələrində
şəxsiyyəti təhqir edən, insan ləyaqətini
alçaldan, onu ailəsi və dostları
qarşısında başıaşağı edən
yazılar çoxdur. Bu yazıların mənbəyi
əsasən çayxana söhbətlərinə söykənsə
də, onu kütləvi mətbuat səhifələrinə
çıxarmaq heç bir əxlaqımıza
yaraşmır, ümumən xalqımızın milli-mənəvi
dəyərləri ilə bir araya sığmayan mövqedir,
lüzumsuz yanaşmalardır.
Söz sərkərdədir, insanı, kütləni idarə
edir. Sözün böyük qüdrəti,
qılıncdan iti kəsəri olsa da, həm də incə, məlhəm,
zərif gültək lətafəti var, gözəlliklər
və şövq yaradır. Sərkərdələr
də cəngə səsləyən əmrlərini məhz
sözün qüdrəti ilə deyirlər. Xoş niyyətlə deyilmiş, mərhəmanə,
incə söz insanları xeyirxahlığa, humanizmə, Vətən,
ata-ana sevgisinə, haqq-ədalətə tapınmağa, insana
xas olan gözəlliklərə səsləyir. Sözün qədrini və qədərini qiymətləndirən
ata-babalarımız öz müdrik məsləhətləri
ilə insanlara doğru yol göstərər,
küsülüləri barışdırar, gəncləri həyatda
necə yaşamağa ruhlandırardılar. Lakin söz azadlığından istifadə edən
bəzi mətbuat orqanları xalqımızın iman-etiqad
göstərdiyi müqəddəs məkanlara, böyük
şəxsiyyətlərimizə yönəlmiş mənfi məna
daşıyan yazılardan çəkinməlidirlər.
Hər bir jurnalist həm də məhz bu xalqın
övladıdır, mətbuatımız da azərbaycançılığımıza
xidmət etməlidir. Xalqımızın müqəddəs nemətləri
kimi əziz tutduğu mənəvi-əxlaqi dəyərlər
hər məqamda göz bəbəyi kimi qorunmalıdır.
Bir sıra xarici ölkələrdə çap
olan pornoqrafik jurnalların gətirilməsi, yayılması,
eləcə də respublikamızda nəşr olunan
çoxsaylı jurnallar, sarı piyarlar, bir sıra qəzet və
jurnallar, sözsüz ki, Azərbaycan ailəsinə daxil olur,
oxunur və böyüklü-kiçikli baxılır.
Bəzi televiziya reklamlarındakı və hətta verilişlərindəki
eybəcərliklər, istedadsız və şəxsiyyətsiz
şou-biznesin bəzi nümayəndələrini, onların
guya bariz olan əməllərini təbliğ edən, boş
laqqırtıdan başqa bir şeyə oxşamayan qeybət
verilişləri, pornoqrafik momentlər əks olunan reklamlar,
kinofilmlər, insan heysiyyatına ləkə gətirən ailə-məişət
problemlərinin, zorakı filmlərin nümayişi əslində
efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin
əxlaqi dəyərlərinin aşınmasına
hesablanmış vasitələrdir. Azərbaycan
xalqının siması belədirmi ki, hər ölkədə
baş verən adi bir faktı daha da qabardıb, eybəcər
şəkildə geniş tamaşaçı kütləsinə,
dünyaya car çəkirlər?! Hörmətli
jurnalistlər, dünya şöhrətli, gözəl
xalqımızı və onun şəxsiyyətlərini və
bariz nümunə olan əxlaqi dəyərlərini dünyaya
beləmi tanıdarlar?!
Vətənpərvərlik
- vətənini və xalqını sevənlərin hiss və
duyğularını özündə təcəssüm etdirən
böyük dəyərdir. Vətən
torpağına sevgi əkən, ocağının qorunu
gözü üstündə saxlayan hər kəs şərəflənər.
Ata-anaya olan sevgi Vətənə olan sevgini
formalaşdırır. Xalqımızın
bariz qəhrəmanlıq tarixi, comərd nəsilləri var.
Zaman-zaman Vətən təhlükədə olanda qəhrəman
oğullar silaha sarılıb el-obanı, müqəddəs
torpaqlarımızı qorumaq uğrunda canlarını belə
fəda etmişlər.
Vətənpərvərlik xalqımızın qan
yaddaşıdır. Birinci Qarabağ döyüşlərində minlərlə
qeyrətli oğullar-qızlar mübarizəyə
qalxmışlar, 214 nəfər Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülmüşlər.
Minlərlə cəsur
döyüşçü müxtəlif dövlət
mükafatları ilə təltif olunmuşlar. Qəhrəman övladlarımızın şəxsi
şücaətləri bugünkü gənclər
üçün bariz nümunədir. Təlim-tərbiyə
müəssisələri, kollektivlər, gənclər təşkilatları
müasir gəncliyin vətənpərvərlik tərbiyəsinə
geniş diqqət yetirməklə yanaşı, onların fərdi
nümunəsini göstərməlidirlər. Sahib olmaq sevgi ilə qayələnmir,
bütövlüyü şərtləndirir.
Bütövlük isə Vətən bütövlüyü,
şəxsiyyət bütövlüyü ilə eyniləşəndə
Vətən sənə oğul deyər! Qayasız,
mamırsız. Oddan qorxsan da,
işığa yönəl. Çünki
işıqda yaradanın nur payı var. Vətənpərvərlik
xalqımızın qan yaddaşı ilə zənginləşəndə
daha möhtəşəm olur. Zaman
keçdikcə, bu böyük bəşəri hisslər
millətimizin, xalqımızın həyatında
başlıca meyara çevrilir, xarakter kimi formalaşır, nəsillərin
fəaliyyətinin fövqündə dayanır.
Çünki Ata-Ana, bir də Vətən dünyada ən
ülvi və müqəddəs
varlığımızdır.
Zaman ötsə də, bu böyük, bəşəri
hisslər millətimizin, xalqımızın həyatında həmişə
başlıca meyar olmuş, bir xarakter kimi
formalaşmış, nəsillərin fəaliyyətinin
fövqündə dayanmışdır. Birinci
Qarabağ müharibəsi böyük supergüclərin rəvac
verdiyi, dəstəklədiyi, əməli və konkret köməklik
göstərdiyi düşmənlərimizin dədə-baba
torpaqlarımızı işğal etməsi minlərlə vətən
oğullarını ayağa qaldırdı. Güclü dövlətlərin iştirakıyla
aparılan işğalçılıq müharibəsi
xalqımızın qəhrəmanlıq tarixində yüzlərin,
minlərin şücaəti, qeyrətli nümunələrilə
yaddaşlara həkk olundu. Bu gün də
Vətən oğulları Qarabağın azad edilməsi
üçün orduda həvəslə, böyük qürur
hissilə xidmət edir, aparılan ordu quruculuğuna öz
töhfələrini verirlər. Lakin mənəvi
cəhətdən aşınmalara yol vermiş bəzi ailələrdə
övladlarını xarici ölkələrdə oxumağa,
eləcə də xəstəliklər adı ilə orduda
xidmətdən yayındırmağa
çalışırlar. Zaman, tarix, Azərbaycan
xalqının vətənpərvərlik ənənələri
bəzi belə insanlara dərs olmalıdır.
Ölkəmizdə
bəzi radikal qüvvələr özlərinin ideoloji məqsədlərini
zoran-təbib həyata keçirməyə, zərərli dini
adətləri kor-koranə, ifrat dərəcədə icra etməyə
çalışsalar da, özünün milli-mənəvi və
dini dəyərlərinə həmişə böyük
önəm verən xalqımız özünəməxsus
inancları, inam-etiqad göstərdikləri məbədləri
göz bəbəyi kimi qoruyub saxlayır, nəsil-nəsil
davam etdirir. Lakin radikalizmə, ifrat dini
etiqadların ayaq açmasına yol vermək nə zəmanənin
tələbinə uyğundur, nə də tarixi ənənələrimizə.
Ailə başçıları, ziyalılar gənc
nəslin tərbiyəsində bu vacib xüsusatlara həmişə
ciddi diqqət yetirməli, övladlarımızı dünyəvi
elmlərin fatehi olaraq nurlu, işıqlı, zəkalı,
ziyalı şəxsiyyətlər kimi görmək arzusunda
olmalıyıq.
Milli adətlərimizlə bağlı,
günümüzdə həyata keçirilən daha bir
neçə zərərli tədbirlərlə əlaqədar
fikirlərimizi bölüşmək istəyirik. Xalqımıza
məxsus çox dəyərli, ünlü, zaman-zaman tarixin
süzgəcindən, ziqzaqlı və təlatümlü
dövrlərindən keçmiş bəşəri ənənələri,
adətləri çoxdur. Bu mənada Azərbaycanda
el toylarının təşkili və aparılması, hər
şeydən əvvəl gələcək ailənin təməli
qoyularkən geniş ailə araşdırmaları
aparılması özü böyük mahiyyət
daşıyır və gənclərin sonrakı talelərində
bu cəhətlər xüsusilə mühüm rol oynayır.
Bu qəbildən toy adətlərimizin dünəni,
bu günü və sabahı bizi dərindən
düşündürməyə bilməz. Nəsil-nəcabətini illərlə öyrənərdilər
- həm qızın, həm də oğlanın. Söz sahibi ağsaqqallar yalnız müəyyən
razılıqlar olandan sonra, el adətincə elçi gedərdilər,
bu izdivaca zamin durardılar. Belə
xeyir-dualı qurulan ailələr möhtəşəm
olardı. Övladlar xoşbəxt həyat
sürərdilər. Ata-ana, gəlin-qaynana,
övlad, ailə-məişət problemləri
yaşanmazdı. Kiçik
narazılıqları isə evin ağsaqqal və
ağbirçəkləri yoluna qoyardı. Nankör övladlarsa, el qınağına tuş gələrdilər.
Toy-düyün dünyanın əşrəfi olan
insanların həyatında ən müqəddəs, sevincli,
gözəlliklər bəxş edən, zaman-zaman
yaddaşlarda qalan və həmişə xatırlanan hadisədir. Əvvəlcədən
bildiririk ki, kimsəsiz və imkansız gənclərə əl
tutmaq, toy eləmək, ev, iş vermək,
sahib durmaq böyük savabdır və qəlbən mən də
buna şərikəm. Lakin insanlar özlərinə,
hətta qapı iti, minik atı, damazlıq mal-qara alanda belə,
onların nəsil-kökünü, hal-huyunu, məhsuldarlığını
və s. öyrənərdilər. Bu
günsə toy olsun, tələsik ailə izdivacları
qurulsun, televiziyalar sms yığmaq adıyla, hələ
düşüncəsi tam formalaşmamış gənclərin
ailə qurmasına çalışır, bunu həm də məqbul
sayaraq üstünlük verir, geniş təbliğ edirlər.
Bu gün ailə qurmaq, toy-düyün təşkil etmək
bəzən bayağılaşdırılır. Adını
da “müasirlik” qoyurlar. İnternetlə tanış
olurlar, ərə gedirlər və elə internetlə də
boşanırlar. Ona görə də
böyük arzularla qurulmuş və çox asanlıqla
dağılan ailələr, sahibsiz qalmış
günahsız körpələr, həyatının ilk sevgiləri
puç olmuş gənclər saysız-hesabsızdır.
Çox təəssüf ki, adi təsadüflər
hesabına, bəzən isə məhz məqsədli, yeni
qurulmuş və böyük ümidlərlə yaşayan ailələrin
dağılması da eyni sürətlə başa
çatır.
Adını
“Avropa dəyərləri”, “Qərb mədəniyyəti”,
“Müasir insanlar”ın həyatı və daha nələr-nələr
adlandırdıqları qurama toylar silsiləsinə yeni, həm
də olduqca təmtəraqlı şəkildə, xalqın
milli-mənəvi dəyərləri adıyla sırınan,
televiziya kanallarında tanışlıq, seçib-sevilmək,
daha sonra gurultulu toy mərasimləri baş alıb gedir. Telefon sorğularından, televiziya görüntülərindən
hər ikisində guya məhəbbət yaranır, kimisi evlənir,
kimisi ərə gedir. Avropasayağı toylarda gəlinin
əlindəki gül buketini arxaya atması, onu tutan
qızın bu il mütləq ərə
gedəcəyi, oğlanların evlənəcəyi qənaətinə
gəlirlər. Bu məqam qadınları, hətta
kişiləri belə həyəcanlandırır. Toylardasa mənasını bilmədiyi arxaya
atılmış bu gül dəstəsini qapıb, bəzən,
hətta öz arvadına verən kişilərə də
rast gəlmək olur. Bəzi toylardakı
eybəcərliklər və qəribəliklər daha
çoxdur.
Adət-ənənələrimizin bu qədər
ucuzlaşdırılması,
cılızlaşdırılması görəsən nədən
qaynaqlanır?
Vaxtilə “Tanışlıq klubları”, evdən sifarişlə
çağırılan xanımlar klubu və s.
adlandırılan və nəticələri hamıya məlum
olan əxlaqsızlıq yuvaları kimi gənclərin mənəviyyatının
pozulmasına xidmət edən tədbirlər ikrah doğurur. “Mədəni ölkələr”in televerilişlərindən
götürüb-quraşdırılan “qurama toyları” məişətimizə
gətirmək təşəbbüsü göstərirlər.
Bir baxışdan vurulanlar, evlənməyə,
ailə qurmağa razılıq verirlər. “Alo” ilə, telestudiyada, boyu, ölçüsü,
çəkisi, bürcü, gözünün rəngi
telefonla, ya da mikrofonla sorulur, elə oradaca qərar verilir,
ev-eşiyi, dolanışığı olan qızların evinə
oğlanlar köçür, ailə qurur, qızlarsa simvolik ərlər
seçirlər. Beləcə, taleyin bəxş
etdiyi ömür-gün yoldaşını arayıb-seçmək
məsuliyyəti dəqiqələr, saatlar ərzində “həll”
olunur. Adı gözəl toy məclislərimizin
belə lüzumsuz şəkildə təşkil edilməsi
axı kimə lazımdır?! Görünür, hələ
bizi qarşıda çox qəribəliklər gözləyir...
Görəsən bu ailələrin sonrası,
uşaqların taleyi necə olacaq?! Bəlkə
də bizlər bu olayları yetərincə başa
düşmürük?! Müsbət və
ya çatışmayan cəhətləri var? Dünya haraya gedir? Amma
xalqımızın əxlaqi-mənəvi dəyərlərinin
bu qədər aşağılanması şəxsən məni
çox üzür.
Toy-düyün xalqımıza, həqiqətən
çox yaraşır. Çalıb-oynamaqsa müasir şakərimizdir.
Rəqs edənlərin çoxu tərəf-müqabilinin
kimliyini bilmir, heç fərqinə də varmır. Hamı öz övladlarının şənlik məclislərini
təntənəli, qonşusundan, qohumundan daha yaxşı, fərqli
keçirməkdə sanki rəqabətə girib.
İngilis şairi Corc Herbert demişkən: “Əxlaqdan məhrumsansa,
nə qədər yüksəyə qalxsan da, yenə
heçsən”.
Milli-mənəvi dəyərlərimizin, müqəddəs
ənənələrimizin sıxışdırılıb
(məqsədli olaraq) kənarlaşdırıldığı
bir zamanda, toy mərasiminə və onun iqtisadi cəhətdən
həll olunması yekunları birmənalı şəkildə
soyğunçuluqla nəticələnir. Nəticədə
toy sahibi nəinki əliboş qalır, gələcəkdə
gənc ailənin dolanışığını, zəruri
ehtiyaclarını belə təmin etmək imkanı olmur.
Bugünkü həqiqət budur ki, toy sahibi
çox zaman ağır borclara düşür və həyatında
problemlərə düçar olur. Əsl
həqiqətdir ki, mərasimlər keçirərkən əsasən
şadlıq evlərinin sahiblərinə xidmət edilir.
Əzizlərinin, yaxınlarının şad
gününə sevinən, həm də istirahət edib, əylənib
zövq almaq istəyənlər saraydakı
qulaqbatırıcı gurultulardan narahat olur, baş
götürüb gedirlər. Şadlıq evlərində
təqdim edilən, bu toydan digər mərasimə
ötürülən, çox çeşidli, lüzumsuz,
keyfiyyətsiz yeməklər, yersiz atəşfəşanlıq
və s. başqa mövzu olsa da, məclisin təşkili ciddi
düşünməyə əsas verir...
Son illərdə xalqımız müxtəlif gurultulu partiyalar, “muncuq”, “kredit”, mənzil, vəzifə almaq, ali məktəbə girmək, xaricdə işə düzəltmə və s. onlarca belə baş qatan oyunları çox görüb, dələduzların toruna düşüb, maddiyyat və mənəviyyat itkisinin göynərtisi illərlə çəkilmir. Görünən odur ki, bizi aldatmağa, milli-mənəvi, əxlaqi dəyərlərimizdən sapındırmağa çalışan qüvvələr var. Bu, Vətənə, xalqa bağışlanmaz xəyanətdir.
Oqtay ƏLİYEV ƏRGÜNƏŞ,
yazıçı-publisis
Respublika.- 2020.- 20 fevral.- S.6.