Azərbaycançılıq məfkurəsinin işığında

 

 

Ailə özünün soy-kökünə, keçmişinə, milli-mənəvi, əxlaqi dəyərlərə bağlılığı, etibarı, ehtiramı ilə mükəmməldir...

Cəmiyyət bütöv əqidəli, sağlam düşüncəli, bəsirətli, qurub-yaradan vətəndaşların birliyi ilə möhkəmdir...

Dövlət onu idarə edənlərin xalqa, vətənə, dövlətçiliyə sədaqətlə xidmət etməsi ilə qüdrətlidir...

 

 

Demək ki, cəmiyyətin, dövlətin milli xüsusiyyətlərə, iti zəkaya malik qurucularını yetişdirən də ailədir. Heç şübhəsiz, illərin sınağından çıxmış “Ailə kiçik dövlətdir”, fikri də burdan qaynaqlanır. İki qanad timsalında böyük gücə, birliyə malik olan kişi ilə qadının ailədə yeri və rolu misilsiz əhəmiyyət kəsb edir. Dövlətin böyük bir idraka, dövlətçilik tarixində qazanılmış zəngin təcrübəyə əsaslanaraq idarə olunması da vətənin, xalqın ümdə qazancıdır... Məqamıdır deyək ki, Tanrının yaratdığı ali varlığın bir zərif qanadı olan xilqəti - qadını haqqındadır Sözümüz...

Bir haşiyə: Qadın təbiətən ülvi, müqəddəs bir bəşər övladı olduğundan Tanrı onun taxtını ucada qurub. Böyük Yaradan qadını dünyaya işıq saçan bir varlıq timsalında xəlq edib. Çünki qadın həyata gəlişindən, özünü dərk etdiyi vaxtdan ömrünü-gününü çiçəklərdən qətrə-qətrə şirə çəkən arı təki saf, təmiz duyğularla yaşamağa, ailəsinə, bütünlükdə cəmiyyətə fayda verməyə həsr edir. Gözəl keyfiyyətlərlə zənginləşən bu incə, həm də qüdrətli, ali varlıq daim özünün mənəvi xəzinəsini yaratmağa çalışır. Elə sözün, fikrin ilkin mənasında da qadın bir çox xüsusiyyətləri - möhkəmliyi, iradəli, qətiyyətli olması, xeyirxahlığı, nəcibliyi ilə həqiqətən də ucada dayanır. Bu mənada Tanrı Qadını şəfqəti, mərhəməti ilə, qəlbi daim ülvi hisslərlə dopdolu nəcib bir bəşər övladı kimi xəlq edib. Azərbaycan qadını bu alicənablığı Tanrının lütfü kimi qəbul edərək, həyatını ailəsinin xoşbəxtliyi naminə hər cür fədakarlıqla mübarizəyə həsr edir. Alicənablıq isə bitib-tükənməyən bir xəzinədir.

Qadın yaşam boyu həyat yollarında böyük mənalar, dəyərlər aramaqla bəşəriyyəti sülhə, əmin-amanlığa, apaydın sabahlara səsləyir. Bu ülviyyətə onun ictimai fəaliyyətini - vətənin çiçəklənməsi, xalqın sağlamlığı, firavanlığı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda çalışması zəhmətini də əlavə etsək, qadının şəffaf, parlaq adının, varlığının cəmiyyət həyatını şəfəqlərə boyadığını dərindən dərk etmiş olarıq. Belə bir qüdrətə malik olduğundandır ki, qadın cəmiyyətin tərbiyəçisi adının halal haqqını qazanıb. Odur ki, tarixən Azərbaycan qadınları özlərinin nəcibliyi, şərəfi, mərdliyi və məğrurluğu ilə hər zaman ehtiramla, məhəbbətlə qarşılanıblar...

Bu yerdə mütləqdir, deyəm ki, bu duyğusal fikirlərin qəlbimdə baş qaldırmasına səbəb Mehriban xanım Əliyevanın öz həyatında xalqın taleyini yaşaması ecazıdır. Onun obrazına mükəmməlik verən detalları sözlə təsvirə gətirmək, bu fövqəlbəşər İnsanın həyatına, ictimai fəaliyyətinə işıq salmaq istəyimiz güclü xarakterə malik dövlət xadiminə xalqın böyük sevgisini cəm halda ifadə etmək marağından yarandı.

Mehriban xanım Əliyeva uca mərtəbədə - Birinci vitse-prezident kürsüsündədir. Bu təmsilçilik sadəcə, pafoslu sözün, təsvirin kölgəsində qalmayıb, real faktlar, həyati hadisələr, həqiqi, əməli, həm də operativ çalışmalar, bunların da müqabilində böyük dəyərlərlə, xalqın milli xüsusiyyətlərindən qaynaqlanan bənzərsiz keyfiyyətlərlə müşahidə olunur.

Azərbaycanı dünya cəmiyyətində hüquqlu dövlət imicində tanıtmaq, yerimizi və mövqeyimizi göstərmək mübarizəmizin əsas ideyasına xidmət edir. Azərbaycançılığın necə bir humanist, bəşəri ideyalarla süslü olduğunu gücümüz, sözümüz, əməlimizlə dünya müstəvisinə gətirə bilməkdir amalımız. Yazımızın qəhrəmanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva məhz belə sivil düşüncəsi, həyata bəsirətli baxışları, geniş diapazonda çalışmaları ilə fəaliyyət göstərir. Odur ki, dövlətlər və bir çox xalqlar onu müşahidə etdikləri xüsusiyyətləri - qüdrətli olması, tolerantlığı, multikultural dəyərlərə malikliyi, xeyirxahlığı, mədəni əlaqələri, tərəfdaşlığı yarada bilməsi ilə sevir və dəyərləndirirlər. Təbii ki, dövlət xadiminin portret cizgilərini işıqlandırmağa yönələn yazımızda yeri gəldikcə diqqəti bu mənzərəyə də cəlb edəcəyik...

Bir xatırlama: Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında giriş statusunda olan bu fikirlərdən sonra bir məqama diqqəti yönəltməyi də zəruri hesab edirəm. Uzun illər bir ziyalı vətəndaş olaraq, həm də söz-fikir adamı kimi, onun xalq hərəkatında, ictimai-siyasi həyatımızda, dövlət strukturunda daşıdığı bir çox vəzifələrdə fəaliyyətini izləmiş, müşahidə etmiş, çəkdiyi zəhmətin bəhrə verdiyini gördükdən sonra dövri mətbuatda çıxış etdiyim ictimai məzmunlu yazılarda (“Xalqımızın sevimlisi, ehtiram bəslədiyi, güvəndiyi bənzərsiz Mehriban xanım”, “İşıqlı əməllər sahibi: Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva”, “Azərbaycançılıq məfkurəsinə bağlılıq meyarı”, “Milli-mənəvi irsimizin, mədəniyyətimizin hamisi”) ətraflı təsvir etmişəm.

Burda bir nüansı qeyd etməliyəm ki, ailədə, cəmiyyətdə və dövlətçilikdə əzəməti, zəhməti, istedadı, qüdrəti, fəhmi ilə özünü təsdiq edən, hər zaman insanların həyatında, yaddaşında mərhəməti, xeyirxahlığı, şəfqəti, ədaləti ilə torpağına, doğma Azərbaycanına bağlı olan Mehriban xanım Əliyevanın belə bir möhtəşəmlik, duyğusallıqla sevilməsi, dəyərləndirilməsi onun halal haqqıdır...

Mehriban Əliyevanın ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir və müstəqil dövlətimizin qurulması, möhkəmlənməsi və inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.

Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi çətin vəzifələrin məsuliyyətini öhdəsinə alaraq bütün işlərin ibtidasından başlayıb yorulmadan, səylə çalışdı. Unudulmuş, yaddan çıxmış sahələri köhnəlikdən, passivlikdən çıxararaq, onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verərək qlobal işlər gördü. Bütün çalışmaların mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı. İctimai həyata atıldığı ilk illərdən Mehriban xanımın Azərbaycan xalqına, onun mədəniyyətinə xidmət etmək istəyi daxilində dumduru axan bulaq təki çağlayırdı. Düşünmək, çalışmaq, yeni yollar axtarmaq gərəkdi. O, işlərin və vəzifələrin həcmindən qorxmadan, çəkinmədən, usanmadan fəaliyyət göstərirdi. Sonra bu fəaliyyət istiqamətləri həyatımızın böyük sahələrinə vüsətli şəkildə sirayət etdi.

Və tale onun çiyninə daha məsuliyyərli, ağır bir yük qoydu. 2004-cü il mayın 10-da, ulu öndər Heydər Əliyevin doğum günündə təsis olunmuş Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başladı. Fondun qarşıya qoyduğu məqsədlərlə tanış olanda birinci xanımın fəaliyyətinin əhatəsi insanı heyrətləndirir.

Bunların sırasında uşaqların, yeniyetmə-gənclərin, gənc istedadların vətən və xalq üçün yetişməsi və tərbiyə olunması onun humanist və xeyirxah missiyasının aparıcı xəttidir. Bu, vətənə, xalqa qədirdanlıqla xidmət etməyin ən bariz nümunəsidir. Hələ illər öncə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla həyata keçirildi. Bu illər ərzində ölkəmizdə Avropa standartlarına cavab verən 3 mindən çox məktəb əsaslı təmir edildi, yaxud da yenidən tikildi. Bütün bunlar məhz Heydər Əliyev Fondunun göstərdiyi birbaşa köməyin, qayğının sayəsində həyata keçirilmişdir. Xatırladaq ki, yaradılmış yeni mühitdə xalq ruhunun, milli təfəkkürün formalaşması və inkişafı mütəmadi olaraq davam etdirilir. Bu xəttin uğurla inkişaf etdirilməsi qüdrətli dövlət başçısı İlham Əliyevin ölkədə yaratdığı sabitliyin, öz axarına saldığı rahat, mədəni həyat tərzinin, apardığı böyük quruculuq işlərinin, işıqlı sabahlara doğru inamla addımlaması sayəsində mümkün olmuşdur. Bu yolda daim Heydər Əliyev irsindən öyrənmək, ondan bəhrələnmək və bütün bunların ideyasını gənclərə aşılamaq da irimiqyaslı layihələrin həyata keçirilməsini asanlaşdırır.

Heydər Əliyev Fondu nəinki möhtəşəm layihələri həyata keçirib, hətta fəaliyyət göstərdiyi bu 15 ildən bir qədər də çox vaxtda ölkənin həm daxildə, həm də xaricdə vüsətli inkişafına, böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan dövlətlərindən birinə çevrilməsinə güclü dəstək olmuşdur. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərli olmuşdur. Heydər Əliyev Fondu məhz bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı, eyni zamanda regionda öndə olması ilə də qüdrətlidir...

Bütün bu çalışmalar, yeni axtarışlar bacarıqlı, işgüzar birinci Ledinin vəzifə pillələrində yüksəlməsini zəruri etdi. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı Sərəncamla Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etdi. Heç şübhəsiz, bu təyinat azərbaycançılıq məfkurəsinə bütün ictimai şüuru ilə bağlı olan, Vətən və xalq naminə işləməkdən zövq alan və bunu həyatının amalı hesab edən, taleyini ölkənin və xalqın taleyində yaşayan Mehriban Arif qızı Əliyevaya bəslənilən böyük etimadın, inamın bariz nümunəsi idi.

İlham Əliyev bu iclasda bir vacib nüansı xatırladaraq deyirdi: “Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsinə göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir...”

Bu fikirlərdən sonra Mehriban Əliyevanın da özünün məzmun-mündəricəsilə yadda qalan çıxışından bəzi fikirləri səsləndirməyə bilmirəm: “Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda biz, 13 il (hazırda 16 ilə yaxın - Ş.N) ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.

Bu fikirlər ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın xarakterini güzgü kimi əks etdirir, onun həyat amalı da bu ali keyfiyyətlərin tərcümanıdır. O, xalqın məhəbbətini də məhz humanizmi, insanpərvərliyi, mərhəməti, şəfqəti, mehribanlığı ilə qazanıb. Bunlar tarixdir, o, zamanı gəldikcə xatırlanmalı, onun ibrətamizliyi unudulmamalıdır.

Elə həmin gündən Birinci vitse-prezident kimi xalqa xidmət missiyası özünün axtarış istiqamətlərini daha da genişləndirdi. O, istər ölkədaxili, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi bütün proqram və layihələrə həssaslıqla, milli təəssübkeşlik baxımından yanaşaraq böyük ideallara doğru əməllərini yeni layihələrin timsalında davam etdirdi... Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi vətənin və xalqın taleyində, misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə böyük inam yaratdı.

Birinci vitse-prezidentin gördüyü işləri, vətənə, xalqa, azərbaycançılıq məfkurəsinə xidmətini, fəaliyyətinin həcmini, əhatə dairəsini neçə onillərə sığışdırmaq da qeyri-mümkündür. Uşaq evlərində körpələrin, valideyn himayəsindən məhrum olan uşaqların qayğısına qalması, ehtiyaclarını təmin etməsi, onların sağlam böyüməsi, cəmiyyətdə öz yerini tuta bilməsi, böyüdükcə həyat yollarında onlara məhrəmliklə dəstək olması şəfqətli, mərhəmətli xanımın ən ümdə vəzifələri sırasındadır. Bu, ilk növbədə uşaqların gələcəkdə rahat fəaliyyət göstərmələri, həyata aydın baxışlarının yaranması məqsədindən qaynaqlanmışdır. Bundan başqa, respublikamızın müxtəlif rayonlarında məskunlaşmış məcburi köçkünlər, Qarabağ müharibəsi veteranları, aztəminatlı və çoxuşaqlı ailələr üçün də yeni yaşayış massivlərinin salınması, Bakıda uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün, 2013-cü ildə isə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi də Heydər Əliyev Fondunun gördüyü genişmiqyaslı işlər sırasındadır. Bitib-tükənməyən bu layihələr yeni təşəbbüslər sayəsində uğurla davam etdirilir. Bunlar əlbəttə ki, yenilənən cəmiyyətdə yeni düşüncəli insanın yetişdirilməsi qayğısı və məqsədindən doğmuşdur. Eləcə də görülən işlərin əsas, başlıca mahiyyəti Vətənin çiçəklənməsi, xalqın milli təfəkkürünün yenilənməsi, insanların yeni güc, qüvvə ilə təkmilləşməsi və gənclərimizin vətəndaş cəmiyyətinin yaradılması prosesinin mərkəzində olması ilə xarakterikdir. Bu baxımdan, şərafətli xanımı, Birinci vitse-prezidenti gördüyü işlərin fonunda qədərincə səciyyələndirmək olar.

Onun beynəlxalq aləmdə bəşəri mahiyyət kəsb edən məsələlərə də özünün genişmiqyaslı layihələri, hamiliyi sayəsində gördüyü işlər, ölkəyə qazandırdığı imic, nailiyyətlər, aldığı mükafatlar dövlət xadiminin obrazında mühüm, ümdə keyfiyyətləri ilə ehtiva olunur. Bunların sırasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə mükafatlandırması da diqqətəlayiqdir.

Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin çiçəklənməsi və dünyada təbliğ olunmasındakı xidmətləri sayagəlməzdir, həm də möhtəşəmdir.

Mehriban Əliyeva mədəniyyətimizə xidmətində ulu öndər Heydər Əliyevdən gələn bir ənənəni də böyük sayqı ilə davam etdirir. Sözün bu məqamında mədəniyyətimizin tarixində əlamətdar olan bir hadisəni də xatırlatmağı vacib sanıram. 2019-cu il mart ayının 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu panoram özünü bütün aydınlığı və şəffaflığı ilə göstərdi. Sənətkarlarımız adıçəkilən sahələrin uğurlarından, onlara göstərilən qayğıdan, ən başlıcası da qarşılaşdıqları problemlərdən söz açdılar. Bu görüşdə hər kəs öz təklif və təşəbbüsləri ilə çıxış etdi. Ədalət naminə qeyd edək ki, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin inkişafı, günü-gündən çiçəklənməsi üçün bundan sonra nələr etməyi, nə kimi tədbirlər görməyi, bir sözlə, sahənin bütün problemlərini eşitmək və dövlət başçısı olaraq, hansı istiqamətlərdə köməklik göstərməyi cənab Prezident sənətkarların öz dilindən eşitməyə imkan yaratdı. Hər kəsi səbrlə, diqqətlə dinlədi və deyilənlərə münasibətini bildirdi, yerindəcə əlaqədar qurumlara öz göstərişini verdi...

Burda onu da xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmsına həsr edib. Belə ki, 2017-ci il martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə zatən onun Heydər Əliyev Fondunun prezidenti olaraq, həyata keçirdiyi proqram və layihələrin davamı kimi anlaşılandır.

Mehriban xanım sözü, əməli, real çalışmaları ilə daim xalqın xidmətindədir. Onun Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşündə dediyi fikirlərdən bu gün də təsirlənməmək mümkün deyil: “Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq”. Bu fikirlər onu deməyə imkan verir ki, qaçqın və məcburi köçkünlərin bütün problemləri daim dövlətin diqqət mərkəzindədir.

Məlumdur ki, ailədə, xalqda, dövlətdə birliyin olması, o olkənin qüdrətli və özünəgüvəncli olduğunu göstərir. Hər kəs və hamı öz fəaliyyəti ilə dövlətin işlərinə dayaq durmalı, Vətənin sabahı naminə çalışmalıdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dövlətimiz tərəfindən görülən bütün işlərə dəstəyi dediklərimizin bariz nümunəsidir. Bu, özünü təhsildə, səhiyyədə, mədəniyyətdə, idmanda və digər sahələrdə böyük mütəşəkkilliklə göstərir.

Təhsil sahəsində görülən misilsiz işlər, həyata keçirilən irimiqyaslı layihələr (“Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Təhsil hamı üçün”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”...) yeniyetmə və gənclərin yetişib-formalaşmasında, cəmiyyətdə müstəqil fəaliyyət göstərməsində hər zaman əvəzsiz rol oynayır. Xatırladaq ki, Fond fəaliyyətə başladığı ilk aylarda (iyul 2004) Parisdə YUNESKO-nun iqamətgahında “Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları” mövzusunda beynəlxalq konfrans keçirilmiş və müəyyən razılaşma əsasında ardınca avqustda “YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri” mövzusunda daha bir konfrans keçirilmişdir. Həmin konfransda çıxış edən Mehriban Əliyevanın mövcud problemlə bağlı fikirləri böyük həssaslıqla qarşılanmışdır. Diqqət edək: “Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu məktəblər qaçqın-köçkün düşərgələrində yerləşir. Biz həm də müəllim kollektivini saxlaya bilmişik Bu, doğrudan da, nadir bir təcrübədir və mən inanıram ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər”. Böyük inam və qazanılan uğurlu, təcrübəyə əminlik ifadə olunan bu təklif böyük maraq və razılıqla qarşılanmışdır...

Eyni vüsət və qayğıkeşliklə səhiyyə sahəsində də elmi-təcrübi əhəmiyyətə malik bir çox layihələrin, o cümlədən illər öncə “Tibb müəssisələrinin yenidən qurulması və inşası”ndan başlamış, sonrakı mərhələlərdə də həyata keçirilmiş layihələr səhiyyədə köklü dəyişikliyə, yenilənməyə səbəb olmuşdur. Fondun həyata keçirdiyi fəaliyyət proqramına nəzər salanda görürük ki, bunlar yalnız Bakını deyil, regionlarımızı əhatə edir, bir-birindən möhtəşəm layihələr ölkəmizin hüdudlarından kənarda da uğurla tətbiq olunur. Bu proqram və layihələrin beynəlxalq aləmdə intişarı Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi səy və çalışmaları sayəsində davamlı olaraq həyata keçirilir. Eləcə də Azərbaycan həqiqətlərinin (Dağlıq Qarabağ münaqişəsində erməni vandalları tərəfindən torpaqlarımızın işğalı, 1990-cı il 20 Yanvar hadisələri, Xocalı soyqırımı...) dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Mehriban xanımın xidmətləri böyükdür. Həmçinin nadir mədəniyyət incilərimizin, milli-bəşəri mahiyyət kəsb edən mədəni hadisələrin beynəlxalq arenaya çıxarılması, dünya mədəniyyətinə misilsiz töhfələr verən görkəmli sənətkarlarımızın bəşəriyyətə təqdim olunması, Azərbaycanın qədim dövlətçilik tarixinə malik sivil bir ölkə kimi tanıdılmasına xidmət edir. Elə 2018-ci ildə Parisdə, Romada, Vatikanda, Berlində, Londonda, Varşava və digər şəhərlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tədbirlərinin təntənə ilə keçirilməsi, ölkəmizin bir çox aspektlərdən tanıdılması və təbliğinə xidmətin bariz nümunəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xəttilə ölkədə və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələrin uğurla qarşılanması, qətiyyətli, prinsipial dövlət xadiminin imicinə böyük nüfuz qazandırmışdır.

Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə mükafatlara layiq görülüb. Birinci xanımın, Azərbaycanın füsunkar Ledisinin beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın adını çəkməyi, xatırlatmağı vacib sayıram. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimizcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki çıxışı iki il yarımda çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlükdə ifadə edirdi. Bu mükafat da onun halal haqqı idi.

Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Ağlına, zəkasına görə də onu başqa dövlətlərdə də tanıyır və hörmət edirlər. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir, O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadının - ölkənin Birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir.

Düşünürəm ki, Mehriban Əliyeva tarixdə qalacaq bir bədii obrazdır. Və bu obraz olduqca güclü xarakterə malikdir. Burda maraqlı cəhətlərdən ümdəsi odur ki, o, düşüncə-xəyallardan deyil, həyatın özünün doğurduğu, zamanın yetişdirdiyi obrazdır. Onun xeyirxahlıq mücəssəməsi olan portretində parlaq cizgilər yetərincədir. Tarixdə iz qoyan ağllı, müdrik, xeyirxah, tədbirli və diplomat qadınlarımızın obrazını istər xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda yaradanda çox zaman müəlliflər onu sevdirməkdən ötrü uydurma təsvirlərdən, əlavə boyalardan istifadə edirlər. Zənnimizcə, Mehriban Əliyevanın obrazını bədii ədəbiyyata gətirmək istəyən sənətkar onun portretini yaratmaqda çətinlik çəkməz. Çünki onu ilahiləşdirməyə, obraza təxəyyüldən gələn rənglər, təsvirlər əlavə etməyə ehtiyac yoxdur. Mehriban xanımın obrazı həyatdan gələn təbii, doğal obrazdır. Vətənpərvər, maarifpərvər ziyalı, milli düşüncəyə, azərbaycançılıq məfkurəsinə malik olan, qəlbində vətən, xalq sevgisi çağlayan və bu yolda ömür əridən tarixi şəxsiyyətdir. Bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi ilə aparan və bunların müqabilində xalqın gözündə nüfuzlu dövlət xadimi, ləyaqətli İnsan, xeyirxah hami, dost, həssas, qayğıkeş ana kimi sevilən bir Azərbaycan vətəndaşıdır.

...Üfüqdəki Günəş aydın sabahlardan soraq verir!..

 

Şəfəq NASİR

 

Respublika.- 2020.- 21 fevral.- S.6.