Xocalı - tariximizin qanlı səhifəsi

 

Azərbaycan xalqı tarixi boyu görünməmiş ədalətsizliklərlə çox üzləşib. Millətimizə qarşı edilən haqsızlıqlar qan yaddaşımıza ağrı-acılarla yazılıb. XX əsrdə dövlət müstəqilliyini bərpa edən respublikamızın qarşılaşdığı ərazi itkisi ilə bərabər, həm də XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycanın müasir tarixinə qara hərflərlə yazıldı. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi erməni millətçiləri və onların havadarlarının yüzilliklər boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin daha bir qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri idi.

Tarixi faktlar göstərir ki, əzəli Azərbaycan torpaqlarında - indiki Ermənistanda, Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı rayonlarda yaşayan azərbaycanlılar daimi olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, doğma vətənlərindən didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Daimböyük Ermənistan” xülyası ilə yaşayan ermənilər qarşılarına qoyduqları məqsədə nail olmaq üçün öz himayədarlarının dəstəyi ilə müxtəlif dövrlərdə xalqımıza qarşı terror və soyqırımı, etnik təmizləmə siyasəti həyata keçiriblər. XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalıblar.

Xocalıda baş vermiş kütləvi terror aktı, qanlı cinayətdən 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə xalqımıza qarşı törədilən dəhşətli vəhşilik heç vaxt qan yaddaşımızdan silinmir. Həmin gecədə ermənilər Xocalı şəhərini yerlə-yeksan etdilər, körpələrə, qocalara aman vermədilər. Cəmi bir neçə saat ərzində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 yaşlı insanın həyatına son qoyuldu. Həmin o müdhiş gecədə 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər şikəst olmuş və 1275 nəfər soydaşımız ermənilər tərəfindən girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. 25 uşaq isə hər iki valideynini itirdi.

Azərbaycana qarşı Ermənistan tərəfindən davam edən işğal, insanlıq əleyhinə həyata keçirilən qatı cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və digər hüquqi aktların ciddi şəkildə pozulmasıdır.

O dövrdə Azərbaycanda hakimiyyətdə olanlar Xocalı haqqında həqiqətlər, Xocalıda baş verən hərbi cinayətlər barədə qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində heç bir görməmişlər, yetərincə məlumatlandırmamışlar. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda ölkə rəhbərliyinə qayıdışından sonra erməni millətçilərinin xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin miqyası, o cümlədən Xocalı soyqırımı barədə əsl həqiqətlər dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. 1994-cü il martın 1-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi fərman imzaladı. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı Soyqırımı Günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Bu gün Azərbaycan diplomatiyası bu soyqırımı haqqında həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində məqsədyönlü işlər aparır. Ölkə Prezidenti cənab İlham Əliyev Xocalıda xalqımızın başına gətirilən terroru, baş verən cinayətləri ermənilər tərəfindən xalqımıza qarşı etnik təmizləmə və soyqırımı kimi səciyyələndirərək qeyd edib ki, Xocalı faciəsi təsadüfi hadisə deyil, bu, erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Zaman-zaman davam etdirilən bu məkrli siyasət nəticəsində azərbaycanlılar öz əzəli torpaqlarından qovulubdur, didərgin salınıbdır, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşübdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2012-ci il 20 fevral tarixində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azadlıq meydanından “Xocalı soyqırımı” abidəsinə edilən ümumxalq yürüşü bir daha göstərdi ki, tökülən günahsız qanlar yerdə qalmayacaq, xalq-iqtidar birliyi sayəsində işğal altındakı torpaqlar azad ediləcək, ölkənin ərazi bütövlüyü bərpa olunacaqdır.

Ölkəmizdə son illər Xocalı soyqırımı hadisələrinin bütün dünya miqyasında tanınması üçün geniş ideoloji işlər aparılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi səyi sayəsində Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında kitablar, filmlər, sərgilər dünyanın hər bir yerində nümayiş etdirilir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da sürətləndirib. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, dünyanın hər bir yerində milyonlarla insan erməni millətçilərinin əsl simasını tanıyıb. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama və digər ölkələrin parlamentlərinin müvafiq sərəncamlarında Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Bundan başqa Rumıniya, BosniyaHerseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icraqanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyənləşdirib.

Artıq bütün dünyada özlərini əzilən, məzlum xalq kimi qələmə verməyə çalışan ermənilərin üzü açılır, onların yeritdikləri bədnam siyasət konkret faktlar və dəlillərlə ifşa olunur. Dahi öndər azərbaycanlıların soyqırımı günü ilə bağlı xalqa müraciətində qeyd etmişdir: “Onilliklər boyu soyqırımı siyasəti total ideoloji təcavüz, türk və Azərbaycan xalqına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqına qarşı ayrı-seçkilik şəraitində bu siyasət daha iyrənc və təhlükəli metodlarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır”.

Ölkəmizin hər yerində olduğu kimi, Sabunçu rayonunda da hər il Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Rayon İH-in başçısı Adil Vəliyev də bu tədbirlərdə iştirak edir, gələciyimiz olan gənc nəslin vətənpərvər ruhda böyümələri üçün öz tövsiyələrini verir. Beynəlxalq aləmdə görkəmli lider kimi tanınan, xalqımızın cəsarətli oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyevin layiqli siyasi varisi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğalçılardan azad olunacaq, tökülən qanlar yerdə qalmayacaqdır. Xalqımız öz Prezidentinə inanır və cənab İlham Əliyev də bu inamı layiqincə doğruldur. Bu vəhdətlilik deməyə əsas verir ki, ərazi bütövlüyümüz bərpa olunacaq, üçrəngli Azərbaycan bayrağı bütün əzəli torpaqlarımızda dalğalanacaq.

 

Səməndər MƏMMƏDOV,

Bakı şəhəri 271 saylı tam orta məktəbin direktoru,

Prezident təqaüdçüsü.

 

Respublika.- 2020.- 23 fevral.- S.6.