Xocalı - xalqımızın əbədi
qubar yeri
Bu günlərdə ölkəmizin hər yerində Xocalı faciəsinin 28-ci ildönümü yad olunur. Orta və ali məktəblərdə, səhiyyə və mədəniyyət ocaqlarında, müəssisə və təşkilatlarda 1992-ci il fevralın 25-dən 26-na keçən o şaxtalı, ölümlü gecə erməni quldurlarının əzəli rus havadarları ilə birlikdə Dağlıq Qarabağın Xocalı şəhərində törətdikləri qanlı olaylar yada salınıb lənətlənir. Düşmənlərimiz nifrətlə, şəhidlərimiz ürək yanğısı və məhəbbətlə yad edilir. Əslində bu hadisələr iblis xislətli ermənilər tərəfindən elə azğın vəhşiliklə həyata keçirilib ki, onları unutmaq qeyri-mümkündür. Çingiz Mustafayevin çəkdiyi videokadrlardakı qaxaca dönmüş, burnu, qulaqları kəsilmiş, gözləri ovulmuş qoca, qadın cəsədlərini, üzlərində qorxu donmuş məsum körpələrin çöhrəsini yaddan çıxarmaq heç olarmı?! Əlbəttə ki, yox. Xocalı faciəsi özünə - azərbaycanlıyam deyən hər kəsin qəlbində, şüurunda acı bir iz qoymuş əbədi bir qubardır.
Bəşər tarixində dövlətlər arasında toqquşan maraqlar uğrunda saysız-hesabsız müharibələr olub. Sözsüz ki, müharibə hərb meydanıdır və onun öz qanunları var. Döyüşlərdə düşmənin silahlı qüvvələrini məhv edib, hərbi istehkam və texnikasını dağıtmaqla strateji üstünlük əldə edilir. Aydındır ki, söhbət ancaq hərbi obyektlərin məhvindən gedir. Dinc əhali isə mənəvi-hüquqi normaların, vicdan və ləyaqətin, beynəlxalq konvensiya və razılaşmaların tələbilə silahlı münaqişələr zamanı toxunulmazlıq statusuna malikdir. Mülki əhali olan yerlər atəşə tutulmamalı, bombalanmamalıdır. Qoca, uşaq və qadınlar ilk növbədə olmaq şərti ilə bütün günahsız insanlara hərbi əməliyyatlar aparılan yerlərdən çıxmaq üçün təhlükəsiz dəhlizlər yaradılmalıdır. Ancaq şərəf və ləyaqətin nə olduğunu bilməyən ermənilər bütün bu qaydalara rəğmən Xocalıda dinc əhalini heç bir normal əqlə sığmayan vəhşiliklə qırdı.
Həmin müdhiş gecə erməni silahlı birləşmələri o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı rus alayının bilavasitə iştirakı ilə Xocalıya beş istiqamətdən hücum etdi ( 7 minlik şəhərdə o anda 3 minə yaxın adam qalmışdı). Azğınlaşmış ermənilər rus alayının canlı qüvvəsinin və çoxsaylı ağır texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib yandırdılar, əliyalın insanları xüsusi amansızlıqla qətlə yetirdilər. Təsəvvür edin, bu insan qiyafəsinə girmiş qaniçənlər qana nə dərəcədə susamışlar ki, bir gecənin ərzində 613 nəfəri öldürmüş, 487 nəfəri isə şikəst etmişlər. O nalə dolu, iztirablı gecə əsir düşən 1275 nəfər qoca, uşaq və qadın olmazın işgəncələrə, təhqirlərə məruz qalmışdır (onların 150-nin taleyi bu gün də məlum deyil). Qətlə yetirilənlərin 63-ü uşaq və ahıl, 106-sı qadındır. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 56 nəfər diri-diri yandırılmış, qalanlarının üzlərinin dərisi soyulmuş, başları kəsilmiş, körpələrin gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə yarılmışdır. Siz bundan böyük qəddarlığı harada görmüsünüz, harada eşitmisiniz. Mən əminəm ki, ən qədim tarixlərdə belə buna oxşar zülmkarlıq tapmaq olmaz. Bu cür vəhşilikləri ancaq ermənilər törədə bilər.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmış, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinmişdir.
Xocalı qətliamı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Təəssüflər olsun ki, həmin dövrdə faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. O vaxt dövlət rəhbərliyini təmsil edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazımi siyasi və hüquqi qiymətin verilməsi üçün heç bir tədbir görülmədi.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Bununla da erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verilmişdir. Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi anılır.
Son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” - deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
İki əsrdir ki, ermənilər azərbaycanlılara qarşı vəhşi soyqırım siyasətini həyata keçirir. Xocalı etnik təmizləməsindən isə artıq 28 il keçir. Ancaq təəssüf ki, bu qədər müddət keçməsinə baxmayaraq insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmişdir. İnanıram ki, bu gün güclü dövləti və İlham Əliyev kimi dünya miqyaslı siyasətçi Prezidenti olan Azərbaycan tezliklə bu haqsızlığı da uğurla dəf edib ədaləti bərpa edəcəkdir.
Kənan İMAMƏLİYEV,
Zəngilan Rayon Təhsil İdarəsinin müdiri.
Respublika.- 2020.- 23 fevral.- S.6.