Xarkov şəhərində
Xocalı qurbanlarının anım gecəsi keçirilib
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Xarkov şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimində Xarkov Vilayət Administrasiyasının rəsmi nümayəndələri, nüfuzlu ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspor və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.
Ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqırımı siyasətini tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdıran Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov 28 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız soyqırımı siyasətindən bəhs edib. Fəxri konsul bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində Azərbaycanlılara qarşı soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyil.
Dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən Əfqan Salmanov, son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. Sonra tədbirə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xarkovdakı fəxri konsulluğumuz tərəfindən Ukrayna dilinə tərcümə olunmuş “Qarabağ həqiqətləri” filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar.
Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Xarkov Dövlət Dəmiryolu Nəqliyyatı Universitetinin rektoru, texniki elmlər doktoru Sergey Pançenko, Albaniyanın Xarkov şəhərindəki fəxri konsulu Şahin Ömərov, Azərbaycan Ukrayna Dostluq Cəmiyyətinin sədri Murad Ömərov, Aynur Xatın cəmiyyətinin sədri Kifayət Cəfərova və digər şəxslər belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.
Tədbirdə dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyən natiqlər, Xocalını yerlə yeksan edən erməni canilərinin ən ağır cəzaya məhkum olmalarının zəruriliyini bildiriblər.
Möhsüm QƏDİROĞLU,
“Respublika” qəzetinin Ukrayna və
Şərqi Avropa ölkələri
üzrə xüsusi müxbiri.
Respublika.- 2020.- 23 fevral.- S.6.