Qloballaşma dövründə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi

 

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olur, onun taleyini yaşayır, mədəniyyətini, tarixini gələcək nəsillərə çatdırır. Ana dili xalqın ən böyük milli sərvəti, genetik qan yaddaşıdır.

Xalqın keçmişi ilə gələcəyini əlaqələndirən, varlığını yaşadan, onun milli-mənəvi dəyərlərini qoruyan ən mühüm vasitədir. Heydər Əliyev yazırdı: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Ana dilinin qorunması, inkişaf etdirilməsi Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, habelə 1993-cü ildə əsasını qoyduğu milli dövlətçilik siyasətinin məntiqi davamı və qanunauyğun nəticəsidir. Ulu öndərin qətiyyətli və prinsipial mövqeyi nəticəsində 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ozamankı reallıqda belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi siyasi və milli-mənəvi mahiyyət kəsb edirdi. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Bundan sonra dövlət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Ulu öndərin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu strategiyasının önəmli tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı son yarım əsrdə verilmiş qərarların əksəriyyətinin altında Heydər Əliyevin imzası durur. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutandövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi önəmli tarixi hadisədir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilimizin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində, 277 nömrəli qərarla “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə” təsdiq edildi. Həmin tarixli 312 nömrəli sərəncamla “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradıldı.

Terminologiya elmin, texnikanın, istehsalatın, sənaye və kənd təsərrüfatının, ədəbiyyat və incəsənətin, iqtisadiyyat, ictimai-siyasi həyatın müxtəlif sahələrinə məxsus anlayışları dəqiq və dürüst ifadə edən xüsusi funksiyalı leksikanı əhatə edir. Dilin leksik qatının xüsusi funksiyalı hissəsini təşkil edən vahidlər terminoloji sistem yaradır. Qloballaşma dövründə elmtexnika sürətli inkişaf dövrünü yaşayır. Bu, onunla bağlıdır ki, hazırda elmi-texniki tərəqqi müasir cəmiyyətin hərəkətverici qüvvələrindən biridir. Bir vaxtlar elmlərin diferensiasiyası nəticəsində yeni sahələr yaranırdırsa, hazırda elmlərin inteqrasiyası müasir elmi istiqamətlərin inkişafına və həmin istiqamətlərin sonradan müstəqil elm kimi formalaşmasına daha çox təkan verir. Cəmiyyətdə, ictimai həyatda, elmi-texniki tərəqqidə baş verən hər bir hadisə, elmi yeniliklər dildə öz əksini tapır. Dildə diferensiasiya həm cəmiyyətdə təbəqələşmənin nəticəsi, həm də dil əlaqələrinin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Eyni zamanda, dövrün tələbi kimi meydana çıxan cəhətlərdən biriodur ki, bir çox işlərdə ayrı-ayrı sahələr üzrə bilikləri mənimsəmək zəruridir. Məsələn, kompüterlə , internetdən istifadə, hüquq, iqtisadiyyat, mühasibat, ictimai-siyasi hadisələr üzrə məlumatlara yiyələnmək hazırda dövrün tələbidir. Sahə mütəxəssislərinin və müxtəlif elmlərin qovşağında yaranan yeni sahələrinin yaranması terminoloji səviyyənin inkişafına təsir edir. Azərbaycanda ana dilində elmin inkişafı, elmi-kütləvi ədəbiyyatların, dərsliklərin çap edilib yayılması, xüsusilə elmi üslubun formalaşması bu dövrdə daha da sürətlənmişdir. Yeni ictimai-siyasi görüşlər, elm və mədəniyyətin sürətli inkişafı, ortaali məktəblərin, elmi-tədqiqat müəssisələrinin təşkili, mətbuatın sayının artması, dərsliklərin, elmi əsərlərin Azərbaycan dilində yazılması dilin ictimai funksiyasının genişlənməsinə təkan verir. Dövrün tələblərinə uyğun Azərbaycan dilində müəyyənləşmiş sistemli elmi dil yaranması zərurəti yaranmışdır. Elm və texnikanın, iqtisadiyyatın, mədəniyyətin bir çox sahələrinin Azərbaycan dilində terminologiyasının formalaşması, eləcə də texnikanın yeni yaranan-informatika, elektron təhsil, aviasiya, avtomatlaşdırma və s. sahələrdə dövrün tələblərinə uyğun yeni terminlərin yaranması zərurəti yaratmışdır. Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın da inkişafına təsir göstərmişdir. Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Bu nəzərə alınaraq Terminologiya Komissiyasında 2019-cu ildə “Onkologiya terminləri lüğəti”, “Geofiziki terminlər lüğəti” , “Fövqəladə hallarla bağlı terminlər lüğəti”, “İngiliscə-rusca geologiya terminləri lüğəti”, “Türkcə-Azərbaycanca tibb terminləri lüğəti”, “Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” müzakirə olunmuş və nəşr edilmişdir.

Terminologiya Komissiyasının qərarı ilə nəşr olunanOnkologiya terminləri lüğəti” (Ə.T.Əmiraslanov, Ş.Q.Abdullayev, Bakı, “Elm”, 2019) çoxdilli tərcümə lüğəti və qismən izahlı lüğət olmaqla onkologiya sahəsində işlənən terminləri əhatə edir. Lüğətdə nəzəri və klinik onkoloji terminlərlə yanaşı, onkoloji xidmətin təşkilinə dair sözlər də daxil olmuşdur. Lüğət 3 hissədən ibarətdir. Hazırkı dövrdə tibb elminin digər sahələri kimi, onkologiya sahəsi də çox böyük sürətlə inkişaf edir, yeni-yeni terminlər və anlayışlar yaranır. Zərurətdən irəli gələrək terminlərin həmin sahədə düzgün işlədilməsi və onların izahlarının dəqiq verilməsi baxımından lüğət əhəmiyyətlidir. Bütün elm sahələrində olduğu kimi, tibb terminologiyasının nizamasalınması və normallaşdırılması istiqamətində mühüm işlər görülür. Azərbaycan dilində tibb terminologiyasının inkişafında rus-Avropa mənbələrinin funksionallığı, təsir qüvvəsi artmışdır. Beynəlmiləl terminlə milli terminlərin paralel işlənməsi diqqəti cəlb edir. Terminlərin yaranmasında tarixi semantik fərq əsasında məna, terminoloji semantika ilə sintaktik semantika arasındakı məntiqi-linqvistik rabitə artmışdır. Tibbi terminologiyada ümumxalq dilinə yaxınlaşma prosesi müşahidə olunur. Bu, baxımdan Akif Bağırovun tərtib etdiyi “Türkcə-Azərbaycanca tibb terminləri lüğəti”ndə (Bakı, “Azərbaycan Tibb Universiteti Nəşriyyatı”, 2019, 576 səh.) dilin daxili inkişafı əsasında yaranan terminlər və tarixən türk dillərində işlənən terminlər üstünlük təşkil edir. Lüğətdə tibb terminologiyasında işlənən 20 mindən artıq türk dilində işlənən tibb terminin azərbaycanca qarşılığı və izahı verilmişdir. Lüğətdə mənşəcə latın və ya digər Qərbi Avropa dillərindən (ingilis, yunan, fransız, almans.) türkcəyə keçmə və ya alınma, lakin türk tibb ədəbiyyatında yazılışca Azərbaycan dilindən fərqli olan sözlər də izah edilmişdir.

Geofizika atmosferin fizikası, dənizin fizikası və bərk yerin fizikası kimi elm sahələrinin inkişafı yeni anlayışların yaranmasına səbəb olmuşdur. Bu terminlərin mühüm hissəsi latın mənşəlidir. Bununla belə, hər bir yeni alınma terminlərin qarşılığını müəyyənləşdirmək, yeni terminlərin yaranması bir proses kimi müşahidə olunur. Tərtib olunan R.H.PiriyevinGeofiziki terminlər lüğəti”nə (Azərbaycanca-ingiliscə, Bakı, “Afpoliqraf”. 2019, 160 səh.) 4 mindən çox geofiziki terminlər və onların bir sıra törəmələri, eləcə də ingiliscə tərcümələri daxil edilmişdir. Lüğətdən istifadənin asan olması üçün geofiziki terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüş və onların ingilis dilində tərcüməsi verilmişdir. Bununla yanaşı, Bahar Cəfərova və Vəfa Rəşidlinin birgə hazırladığı “Fövqəladə hallarla bağlı terminlər lüğəti” (Bakı, “Elm və təhsil”, 2019, 180 səh.) nəşr olunmuşdur. Lüğətdə fövqəladə hallartexniki sahələrlə bağlı 4 mindən çox termin toplanmışdır. Sözlər lüğətdə əlifba sırası ilə düzülmüşdür. Lüğət hazırlanarkən ana dili əsas götürülmüş, əvvəlcə azərbaycanca terminlər verilmiş, sonra isə onların ingilisrus dillərində qarşılığı verilmişdir. Hazırkı dövrün tələbləri nəzərə alınaraq “İngiliscə-rusca coğrafiya terminləri lüğəti” də (Bakı, 2019, 236 səh.) nəşr olunmuşdur. Lüğətdə 20 mindən artıq coğrafiya terminləri toplanmış və onların rusca qarşılığı verilmişdir. Terminologiya Komissiyasında elmin müxtəlif sahələri ilə bağlı terminoloji lüğətlər tərtib edilib nəşr edilir. Təhsilin sürətli inkişafı, yeni təhsil sistemini əks etdirən “Təhsil terminlərinin izahlı lüğəti” (Hüseyn Mirzəyev, Sevda Quliyeva, Sevinc Səfərova, Bakı, 2019) də nəşr edilmişdir. Təbiidir ki, məktəblə, tədrislə, ümumən təhsillə bağlı termin və sözlərin, termin-söz birləşmələrinin yaranıb formalaşması uzunmüddətli bir dövrün məhsuludur. Heydər Cəfərovun “Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” ndə (Bakı, “Elm və təhsil”, 2019, 371səh.) bu zənginləşmə və inkişaf üç formada əksini tapmışdır. Lüğətə sırf pedaqoji, psixoloji terminlərlə yanaşı, təhsil müəssisələrində tez-tez işlədilən 10 mindən çox sözsöz birləşməsi daxil edilmişdir. Müstəqillik illərində ölkəmizin bütövlükdə dünya və xüsusilə Avropa ölkələrinin təhsil məkanına uğurlu inteqrasiyasını nəzərə alaraq lüğətdə ənənəvi pedaqoji-psixoloji terminlərlə yanaşı, yeni beynəlmiləl terminlərə, neologizmlərə geniş yer verilmişdir. Nəşr olunan hər bir lüğətdə Azərbaycan dilində müxtəlif elm sahələrində işlənən yeni yaranmış terminlər toplanmış və onların izahı verilmişdir. Dildə yeni yaranan anlayış və məfhumların sistemləşdirilməsi və qaydaya salınması elmi dilin formalaşmasında mühüm rol oynayır. Dilin ümumi leksik qatı kimi, onun terminoloji sistemində də daima yeniləşmə və zənginləşmə prosesi davam edir. Bu baxımdan dilin terminoloji qatında özünü göstərən dəyişikliklər, yeniləşmə və zənginləşmə prosesi, dilin inkişafı cəmiyyətin inkişafı ilə bağlı olduğu üçün ictimai həyatda baş verən hər bir dəyişiklik buya digər şəkildə dilin leksik tərkibində öz əksini tapır. Ümummilli liderimiz Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Həmçinin qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərə bu dildə çevik, səlisliklə əksini tapa bilir. Azərbaycan dilinin zəngin lüğət tərkibi, minillər, yüzillər boyu xalqımızın varlığını yaşatması əvəzsiz hadisədir. Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılması müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir. Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlər daim nəzarətdədir. Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri, insanların texnoloji yenilikləri sürətlə mənimsəmələri, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, onun qorunması zərurətini yaradır.

 

Sayalı SADIQOVA,

ARNK yanında Terminologiya

Komissiyasının sədr müavini,

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 23 fevral.- S.7.