İstanbul: Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir

 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Beyoğlu Bələdiyyəsi, Türk Ocaqları İstanbul Şöbəsi və “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

 

Anım mərasimində çıxış edən İstanbulun Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız, Beyoğlu icra başçısı Mustafa Demirelli, ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türk Ocaqları İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram, Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərova Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıblar. Qeyd edilib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımını ermənilərin tarix boyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar tarix boyu ermənilərin türk millətinə qarşı düşmən münasibətində olduqlarını qeyd ediblər. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə hazırlanmış “Xocalı zülmət bir gecə” sənədli filmi nümayiş etdirilib. Filmdə soyqırımın canlı şahidləri həmin gün ağlasığmaz qəddarlıqla törədilən qətliamdan və etnik təmizləmədən danışırlar. Ekran əsərinin layihə rəhbəri və “Onlar heç vaxt böyüməyəcəklər” kitabının yazarı “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərovadır. Kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və “Azərbaycan” Nəşriyyatının dəstəyi ilə hazırlanıb. Tədbirdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Bu soyqırım zamanı qətlə yetirilmiş 63 uşaqdan bəhs edən 4 dildə nəşr olunmuş “Onlar heç vaxt böyüməyəcəklər” kitabı təqdim edilib.

 

 

 

Esmira YAZKAN ASLANOVA,

 

“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 22 fevral.- S.6.