AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli
zaman nöqtəsindən baxış
İlk
xəbəri 1920-ci il martın 2-də işıq üzü
görmüş Azərbaycan Dövlət İnformasiya
Agentliyi haradan haraya gəlib
Son yüz il bəşər tarixinə çox təlatümlü dövr kimi daxil olub: Rusiyada bolşevik inqilabından sonra Sovet imperiyasının yaranması və süqutu, İkinci Dünya müharibəsi, soyuq savaş illəri... Bu hadisələr dünyanın siyasi xəritəsinin bir neçə dəfə dəyişməsi, görünməmiş fəlakətlər və iztirablarla, nəhayət 29 il əvvəl 14 respublikanın dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi.
Yetmiş il sürən imperiya əsarətindən sonra başımız üzərində azadlıq günəşi doğdu. Çətin sınaqlardan keçən, vaxtilə Hamletsayağı “olum, ya ölüm” sualı qarşısında qalan, hələ də Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxa bildi. Qalibiyyət və sarsıntıların, tənəzzül və tərəqqinin bir-birini əvəzlədiyi bir əsrlik yolun salnaməsini məhz Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC yazdı. İnternetin olmadığı uzaq və yaxın keçmişdə baş verənlər barədə onun yaydığı xəbərlər saralmış qəzet səhifələrində, müasir Azərbaycanın keçdiyi inkişaf yolu və qazandığı uğurlar isə agentliyin saytında arxivləşib.
Yüz il əvvəl məhdud bir çərçivədə fəaliyyətə başlayan AZƏRTAC haradan haraya gəlib. Hesab edirəm ki, zamanın beş fərqli nöqtəsindən baxış bir əsrlik inkişaf yolu barədə tam və aydın təsəvvür yarada bilər.
Yolun başlanğıcı və ilk milli xəbər agentliyinin cəmi 58 gün sürən müstəqilliyi
Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli xəbər agentliyi yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. Hökumət bu məsələni 1919-cu il martın 3-də müzakirəyə çıxardı. Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin məruzəsi dinlənildi və Azərbaycan Teleqraf Agentliyinin (Acansının) təşkili Maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı.
Hökumətin qərarı təxminən bir ilə yaxın kağız üzərində qaldı. Səbəblər dəqiq məlum olmasa da (həmin dövrdən günümüzə çox az sənəd gəlib çıxıb), ovaxtkı siyasi-iqtisadi şəraitdən çıxış edərək müəyyən mülahizələr yürütmək olar. Bir tərəfdən dövlətçilik ənənələrinin olmaması və maliyyə sıxıntıları, digər tərəfdən daxili və xarici təhdidlər nəzərdə tutulan planların icrasını çətinləşdirirdi. Geosiyasi vəziyyətə gəlincə, obrazlı desək, 1918-1920-ci illərin Azərbaycanı dalğaların döyəclədiyi tənha adanı xatırladırdı. Ona çoxlu göz dikilmişdi, ingilis generalı Tomson qoşunu ilə gəlib Bakıda oturmuşdu və Cümhuriyyət hakimiyyətini tanımaq istəmirdi. Belə bir mürəkkəb vaxtda xəbər agentliyi kimin gözünə görünərdi?
Cümhuriyyət rəhbərləri savadlı, ziyalı insanlar idi. Onlar sözün, xüsusən informasiyanın rolunu, necə böyük gücə malik olduğunu bilirdilər. Ona görə də teleqraf acanslığının yaradılmasında israrlı idilər və bu məsələyə yenidən qayıdıldı. 1920-ci il fevralın 2-də hökumət AZƏRTAC-ın əsasnaməsini müəyyən dəyişikliklərlə parlamentə çıxarmaq barədə növbəti qərar qəbul etdi.
Arxiv materiallarından belə məlum olur ki, o
vaxt respublikada yeganə informasiya mənbəyi Bakı Sahil
Radiostansiyası (simsiz teleqraf) idi. Onun da cəmi üç
aparatı vardı: ikisi qəbuledici, biri həm qəbuledici,
həm də ötürücü. Bu iki aparat sutkada 70 mindən çox
söz qəbul edə bilmirdi. Azərbaycan
haqqında xəbərlər isə yalnız bir aparatla
ötürülürdü. Necə deyərlər,
dəryada bir damla. Halbuki ermənilər
teletayp alaraq Azərbaycanı ləkələyən, gözdən
salan, iftira dolu yazıları Avropada - Fransa, Almaniya kimi ölkələrdə
yayırdılar.
Teleqraf acanslığının yaradılması
üçün həm maliyyə vəsaiti və texniki
avadanlıq, həm də ixtisaslı kadrlar lazım idi. Təbii ki,
yenicə ayaq üstə duran respublikanın mükəmməl
agentlik təşkil etməsini düşünmək sadəlövhlük
olardı. Agentliyin texniki bazası,
yaradıcı heyəti barədə əldə yetərincə
sənəd olmadığından, bununla bağlı
mühakimə yürütmək çətindir. Lakin görünən odur ki, dövlət işlərinin
başdan aşdığı çox mürəkkəb bir
şəraitdə milli xəbər agentliyini təşkil etmək
mümkün oldu və mühüm bir işin təməli
qoyuldu.
Nəhayət, parlamentdəki müzakirələrdən
bir həftə sonra - martın 1-də AZƏRTAC fəaliyyətə
başladı və ertəsi gün onun ilk xəbəri
işıq üzü gördü. Agentlik respublikada
baş verən hadisələri, hökumətin
gördüyü işləri əks etdirən gündəlik
bülletenlər də hazırlayıb həm respublika daxilində,
həm də xaricdə yayırdı.
Bu, Azərbaycanın səmasında qara buludların
getdikcə sıxlaşdığı vaxtlar idi. Çox
keçmədən Azərbaycan bolşevik işğalına
məruz qaldı və Cümhuriyyət hökuməti
süquta uğradı. Milli Teleqraf
Acanslığı cəmi 58 gün fəaliyyət göstərsə
də, adını tarixə yazdıra bildi. Artıq
bünövrə qoyulmuşdu, ilk cığırlar
açılmışdı...
Yetmiş
illik sovet rejiminin AZƏRTAC-ın taleyində qoyduğu
ağ-qara izlər
Ötən əsrin 20-ci illərinədək dünyaya
bir çox imperiyalar gəlib getmişdi. O vaxtlar işğalın
üzərinə diplomatiya pərdəsi çəkməyə
ehtiyac duyulmurdu. Azərbaycanın işğal
olunduğu, SSRİ-nin tarix səhnəsinə
çıxdığı zamanlarda isə dünya dəyişmişdi
və imperiya ambisiyalarına bər-bəzəkli don geyindirmək
lazım gəlirdi. Məkrli siyasət
saxta bəyanatlarla pərdələnirdi.
1920-1922-ci illəri bəzi tarixçilər ikinci
Respublika dövrü kimi səciyyələndirirlər. Bu, əsasən
ondan irəli gəlir ki, Azərbaycan Respublikası SSRİ-nin
tərkibinə qatılanadək Xalq Cümhuriyyətinin
mütərəqqi kursunu qismən də olsa, davam
etdirmişdi. O vaxt atılan addımlar sırasına rəsmi
informasiya agentliyinin yaradılması da aid edilə bilər.
Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun
1920-ci il 9 iyun tarixli dekreti ilə Mərkəzi
Mətbuat Kollegiyası yaradıldı və Rusiya Teleqraf
Agentliyinin Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsi
(AZQAFROSTA) kollegiyaya daxil edildi. Təxminən bir il sonra AZQAFROSTA müstəqil quruma - Azərbaycan
Teleqraf Agentliyinə çevrildi. Agentliyin ilk
direktoru Qubad Qasımov jurnalist təcrübəsinin olmadığını
etiraf edir və xatirələrində yazırdı ki,
informasiyanı yaymaq üçün texniki imkanlar da son dərəcə
məhdud idi. O vaxt Bakı küçələrindən
birində yəqin ki, çoxlarımızın eşitmədiyi
“İşıq” qəzeti peyda oldu. İnsanlar
böyük ekranın qarşısına
yığışaraq agentliyin xəbərlərini buradan
oxuyurdular.
Keçmiş SSRİ dövründə hadisələrin
gedişindən asılı olaraq Azərbaycanın milli
informasiya agentliyi müxtəlif aqibətlə üzləşirdi. Təkcə
bir faktı xatırlatmaq kifayətdir ki, onun adını yeddi
dəfə dəyişmişdilər. Hətta
bir vaxt üç Cənubi Qafqaz respublikasının
informasiya agentlikləri ZaqTA adı altında biləşdirilmişdi.
Adlar dəyişsə də, mahiyyət dəyişmirdi.
Sovetlər ittifaqına daxil olan bütün
respublikaların informasiya agentlikləri kimi, Azərbaycan
Teleqraf Agentliyi də Sovet İttifaqı Teleqraf Agentliyinin
(SİTA) filialı statusunda fəaliyyət göstərirdi.
Xəbərlər Bakıya Moskvadan morze əlifbası
ilə ötürülürdü.
Yetmiş illik tariximizin ziddiyyətlərinə,
AZƏRTAC-ın taleyində qoyduğu ağ-qara izlərə
baxmayaraq, agentlik dövrün salnaməsini yazmaqda davam edirdi. O qədər də
geniş olmayan müxbir şəbəkəsi respublikanın
həyatını öz gücü və bacarığı
daxilində işıqlandırırdı.
İkinci Dünya müharibəsi illəri üzərində
ayrıca dayanmağa ehtiyac duyuram. Müharibə, təbii
fəlakət, ekstremal hallar şəraitində işləmək
xəbər agentliyinin və onun müxbirlərinin fəaliyyətində
kulminasiya nöqtəsidir. Biz dünya təcrübəsində
də, öz təcrübəmizdə də şahidik ki, hətta
dövlət strukturları iflic vəziyyətinə
düşdükləri vaxtlarda xəbər agentlikləri
işləyir, hər bir vəchlə informasiya əldə etməyə
və müxtəlif yolla yaymağa çalışır.
1941-1945-ci illərə gəlincə, AZƏRTAC-ın hərbi
müxbirləri qızğın döyüşlərin
getdiyi ön cəbhədən reportajlar göndərirdilər. Agentlik informasiya işini iki
istiqamətdə aparırdı: həm döyüş xəttindən,
həm də insanların arxa cəbhədəki fədakar əməyindən
bəhs edən materiallar hazırlayırdı. Bu
yazılar yerli mətbuatda və cəbhə qəzetlərində
yer alırdı.
Azərbaycanın
və AZƏRTAC-ın həyatında dönüş nöqtəsi
Respublikamız keçmiş SSRİ-nin tərkibində
olduğu 70 ildə bir-birindən kəskin fərqlənən
iki dövr yaşadı. 1970-ci illərədək
durğunluğun, kosmopolit əhval-ruhiyyənin hakim kəsildiyi
Azərbaycan Sovet İttifaqının geridə qalmış
ucqarlarından biri sayılırdı.
1969-cu ilin iyun plenumu, respublikaya milli ruhlu, yüksək təşkilatçılıq
bacarığına və yenilməz iradəyə malik rəhbərin
- Heydər Əliyevin təyin edilməsi Azərbaycanın həyatında
dönüş nöqtəsi oldu. Çox keçmədən
həyatın ritmi dəyişdi, hər bir sahədə, o
cümlədən mətbuatda görünməmiş
inkişaf başladı.
O vaxtdan
xalqın qəlbində yer tutan, sonradan dünya şöhrətli
dövlət xadimləri sırasında yer alan
Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun və milli
özünüdərkin dirçəliş dövrü kimi
də səciyyəvidir. Bu dahi şəxsiyyət
hələ yarım əsr bundan əvvəl mətbuatın,
informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki
səfərbəredici rolunu hamıdan yaxşı
görürdü. Buna görə də mətbuata,
jurnalistlərə fərqli münasibət bəsləyir,
xüsusi həssaslıqla yanaşırdı. O, mətbuata
açıqlığı ilə də seçilirdi. Birinci katib işlədiyi vaxtlarda “Literaturnaya qazeta”da
“Qoy, ədalət zəfər çalsın” sərlövhəsi
ilə dərc olunmuş məşhur müsahibəsi
bütün ittifaqa səs salmışdı. İlk dəfə idi ki, heç kimin
danışmağa cəsarət etmədiyi nöqsanlar birinci
şəxs tərəfindən mətbuatda açıq şəkildə
tənqid olunurdu.
Heydər Əliyevə qədər arxa planda qalan
AZƏRTAC da istər respublika, istərsə də İttifaq
miqyasında öncül mövqelərə
çıxmağa başladı, SİTA-nın informasiya
buraxılışlarını qəbul edib Cənubi Qafqaz
respublikalarına ötürən mərkəzə
çevrildi.
Rus dilində göndərilən həmin
materialları ana dilimizə operativ surətdə çevirmək
lazım gəlirdi. Ustad tərcüməçi,
gözəl ziyalı Bağır Seyidzadənin rəhbərlik
etdiyi tərcümə redaksiyası bu gərgin işin
öhdəsindən məharətlə gəlir, müxtəlif
sahələrə dair informasiyaları yerli oxuculara yüksək
səviyyədə təqdim edirdi. Agentliyin
əməkdaşları, həmçinin müxbir
briqadalarının tərkibində xarici ölkələrə
gedir, bilavasitə hadisə yerindən xəbərlər
hazırlayıb göndərirdilər.
Çox keçmədən AZƏRTAC-ın texniki təchizatını
yaxşılaşdırmaq istiqamətində mühüm
addımlar atıldı. Heydər Əliyevin şəxsi nüfuzu
hesabına müttəfiq respublikaların informasiya agentlikləri
arasında Ukrinformdan sonra məhz AZƏRTAC kompüterlə təchiz
edildi. Agentlik həm maddi-texniki bazasına,
həm də yaradıcılıq potensialına görə
birincilər sırasına çıxmağa nail oldu.
Sovet dövründə imkanlar bütün cəhətdən
məhdud idi.
Rusiya istisna olmaqla, digər 14 respublika, necə
deyərlər, Moskvanın əlinə baxırdı. Direktivlər Kremldən gəlirdi, büdcəni mərkəzi
hökumət ayırırdı. Rəhbərin
məharəti mövcud imkanlar daxilində mümkün
olanı, bəlkə ondan da artığını etmək
idi. Bunu yalnız Heydər Əliyev kimi
fenomen siyasətçi, dövlət xadimi edə bilərdi və
etdi. Məhz onun hakimiyyətdə olduğu
1969-1982-ci illərdə Azərbaycanla bərabər,
AZƏRTAC da böyük inkişaf yolu keçdi.
Uzaq keçmiş barədə bu qədər. İndi də
keçək ən yeni tariximizə.
AZƏRTAC
ciddi sınaq qarşısında: Qanlı Yanvar, Qarabağ
müharibəsi və xaos illəri
Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın
qara günləri başladı. Bir tərəfdən Ermənistanın
Azərbaycana qarşı əsassız ərazi iddiaları,
bu iddialar fonunda Dağlıq Qarabağda baş qaldıran
separatizm, digər tərəfdən mərkəzi hakimiyyətin
ayrı-seçkilik siyasəti və qərəzli
yanaşması vəziyyəti günbəgün kəskinləşdirirdi.
Sürətlə cərəyan edən hadisələrin
kulminasiya nöqtəsi 1990-cı ilin 20 yanvarı oldu.
Sovet ordu hissələrinin Bakıya hücumu ərəfəsində
Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Qanlı hadisələrin
ertəsi günü qəzetlərin nəşri
dayandırıldı. Radio və televiziya
işləmir, qəzetlər çıxmır, xarici
radiostansiyaların dalğaları vurulurdu. Respublika tam informasiya blokadasına
alınmışdı. Nə etməli?
AZƏRTAC-ın müxbirləri
çıxış yolunu xəbər bülletenləri
hazırlayıb Bakının müxtəlif yerlərində
divarlara yapışdırmaqda görürdülər.
Bu iş qaranlıq düşəndən sonra
görülürdü. İmperiya əsgərləri
səhər açılan kimi vərəqələri
cırıb atsa da, əhali baş verənlərdən qismən
də olsa, xəbər tuta bilirdi. 20
Yanvarın dəhşətli həqiqətlərini əks etdirən
fotovitrin də eyni aqibəti yaşadı.
1990-cı illərin əvvəlində Ermənistanın
Azərbaycana hərbi təcavüzü də pik nöqtəsinə
çatmışdı. Bir milyondan çox azərbaycanlı
doğma yurd-yuvasından qovulmuşdu, torpaqlarımızda elan
olunmamış müharibə gedirdi.
Özünümüdafiə qüvvələri təpədən-dırnağadək
silahlanmış amansız düşmən
qarşısında tab gətirə bilmir, şəhər və
kəndlərimiz bir-birinin ardınca işğal olunurdu. Erməni faşistləri Xocalı şəhərində
əsrin ən dəhşətli soyqırımlarından
birini törətdilər.
Bu hadisələr fonunda yaranmış hakimiyyət
boşluğu nəticəsində Azərbaycan dalana dirənmişdi. Rəsmi məlumatlar
birtərəfli idi, respublika rəhbərliyi və dövlət
strukturları baş verənləri xalqdan gizlədirdi. Əsas xəbər qaynağı olan AZƏRTAC daha
bir çətin imtahan qarşısında
qalmışdı. Agentliyin müxbirləri
cəbhə bölgələrinə, məcburi
köçkünlərin məskunlaşdığı
çadır düşərgələrinə gedərək
materiallar hazırlayır, yaranmış fəlakətli və
dramatik vəziyyət barədə həqiqətləri beynəlxalq
ictimaiyyətə çatdırmağa
çalışırdılar. Bu
sıraya agentliyin “Azərbaycan” nəşriyyatı ilə
birgə hazırladığı kitablar da daxildir. Erməni şovinistlərinin və
separatçılarının məkrli niyyətlərindən
qaynaqlanan hadisələrin mahiyyətini açıb göstərən
bu nəşrlərdə ilk dəfə olaraq, sovet rəhbərliyinin
anti-Azərbaycan siyasəti də ifşa edilirdi.
1991-ci il oktyabrın 18-də Azərbaycanın
dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul
olundu. Azadlığın şirin və acı tamı
- paradoks olsa da, xalqımız bir müddət bu iki duyğunu
eyni vaxtda yaşamalı oldu. Dövlət müstəqilliyinin
kağız üzərində qalması bir yana,
kreslo düşkünü olan naşı rəhbərlər
Azərbaycanı uçurum kənarına gətirib
çıxardılar, xalqı vətəndaş müharibəsinin
alovuna atdılar.
Daha bir paradoks. İqtidarda olanlar özlərini demokrat
adlandırsalar da, azad sözün, azad fikrin
qarşısına sədd çəkirdilər. Dövlətin inhisarında olan KİV-də, o
cümlədən AZƏRTAC-da xalqımızın
böyük oğlu Heydər Əliyevin adını çəkmək
yasaqlanmışdı.
Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən təxminən
bir il sonra - 1992-ci il dekabrın 18-də
AZƏRTAC-ın tarixi adı bərpa olundu. Lakin
informasiyanın cəmiyyətdə və dövlət həyatında
oynadığı roldan bixəbər olan keçmiş
iqtidarın etinasızlığı ucbatından agentlik
çox ağır günlər yaşayırdı. Cüzi büdcə vəsaiti nəinki müasir
texnika almağa, heç işçilərin
maaşını ödəməyə yetmirdi. Maddi-mənəvi sıxıntılara baxmayaraq,
AZƏRTAC yaşayır, onun fədakar əməkdaşları
peşə borclarını vicdanla yerinə yetirirdilər.
Bu çətin vəziyyət ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışınadək
davam etdi.
Dövlət
siyasətinin informasiya təminatı: Heydər Əliyev
AZƏRTAC-a etibar edirdi
Mənim
həyatımın böyük hissəsi AZƏRTAC-la
bağlıdır: 100 illik yolun təxminən 30 ili gözümün önündə
keçib. Oxucu yazımın bundan sonrakı
hissəsini bir qərinəlik inkişaf yolunun canlı
şahidinin və iştirakçısının qeydləri
kimi qəbul edə bilər.
Xalqımızın
ulu öndəri Heydər Əliyev dövlət siyasətinin
informasiya təminatında AZƏRTAC-a
üstünlük verir, ona etibar edir, xüsusi qayğı ilə
yanaşırdı. Odur ki, respublika rəhbərliyinə
qayıdışından az sonra - 1995-ci il
martın 3-də agentliyin yenidən təşkil edilməsi
haqqında Fərman imzaladı. Sənədə
əsasən, AZƏRTAC-a dövlət informasiya orqanı
statusu verildi, yetərincə büdcə vəsaiti
ayrıldı.
Bunun
ardınca, 1996-cı il iyunun 29-da digər
sənəd - AZƏRTAC-ın işinin
yaxşılaşdırılması haqqında Prezident Sərəncamı
imzalandı. Agentlik üçün müasir
texnika alındı, xaricdə ilk müxbir məntəqələri
açıldı. Nəhayət, AZƏRTAC-ın fəaliyyətinin
təkmilləşdirilməsi haqqında 2000-ci il 17 yanvar
tarixli Fərmana əsasən, agentliyin maddi-texniki
bazasının müasir tələblər səviyyəsinə
çatdırılması, xarici ölkələrdəki
müxbir məntəqələrinin zəruri texniki
avadanlıqla təchiz olunması, əməkdaşların əməkhaqlarının
50 faiz artırılması qərara alındı.
Ümumiyyətlə, 1995-2002-ci illərdə Ulu Öndər
agentliyimizlə bağlı 6 fərman və sərəncam
imzalamışdı. Bu, Heydər Əliyevin dövlət siyasətinin
informasiya təminatında AZƏRTAC-a verdiyi önəmin, onun
xüsusi əhəmiyyətini və rolunu nəzərə
almasının bariz göstəricisidir. Bu
diqqət və qayğı, eyni zamanda, Heydər Əliyevin
agentliyə inam və etibarından qaynaqlanırdı. Biz də öz növbəmizdə onun
etimadını doğrultmaq üçün gecə-gündüz
bilmədən çalışırdıq.
Mənə
Ulu Öndərimizin 1993-cü il iyunun 11-də Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin
binasında xarici diplomatlarla keçirdiyi ilk
görüşündən başlayaraq, dövlət və
hökumət başçıları, yüksək səviyyəli
nümayəndə heyətləri ilə, demək olar,
bütün görüşlərini, xarici səfərlərini,
apardığı danışıqları
işıqlandırmaq xoşbəxtliyi nəsib olub. ABŞ,
Böyük Britaniya, Fransa kimi nəhəng dövlətlərin
liderlərinin, dünyaca məşhur siyasətçilərin,
yazıçıların Heydər Əliyev haqqında necə
heyranlıqla danışdıqlarının, onun Azərbaycan,
ümumilikdə, türk dünyası qarşısında
xidmətlərini necə yüksək qiymətləndirdiklərinin
şəxsən şahidiyəm. Eşitdiyim,
bloknotuma köçürdüyüm bu fikirlər sonradan
AZƏRTAC-ın xətti ilə nəşr olunan
“Dünyanı heyran qoyan insan” adlı kitaba çevrildi.
Bu da bir
fenomendir: Ulu Öndər nə yazdığım, necə
yazdığımla şəxsən maraqlanırdı. Məni tez-tez yanına çağıraraq istiqamət
verir, tövsiyələrini çatdırırdı. O
vaxtlar Azərbaycan mətbuatında dövlət
başçısının fəaliyyətini
işıqlandırmaq ənənəsi və təcrübəsi
olmadığından bu, əsl jurnalistika dərsləri idi. Ondan əvvəl respublikaya rəhbərlik edənlərin
keçirdikləri görüşlərdən,
apardıqları danışıqlardan qayıdan müxbir informasiya
hazırlamaqda olmazın çətinlik çəkirdi.
Çünki iqtidarda olan şəxslərin
heç bir dövlətçilik təcrübəsi yox idi.
Adi protokol qaydalarından tutmuş,
danışıqlaradək heç bir prosedur beynəlxalq
standartlara uyğun gəlmirdi, diplomatiya çərçivələrinə
sığmırdı. Bir neçə
quru cümlədən ibarət xəbər təbii ki, oxucunu
qane edə bilməzdi. İnformasiyanın
kasadlığı rəhbərlə xalq arasında sanki qara
pərdə çəkirdi. Belə bir
şəraitdə hansı siyasi publisistikadan söhbət gedə
bilərdi? Azərbaycan mətbuatında
siyasi publisistika janrının əsasları 1993-cü ildən
sonra - Heydər Əliyevin hakimiyyəti illərində qoyuldu.
Hesab edirəm ki, bu, ayrıca bir söhbətin
mövzusudur.
Heydər
Əliyevin jurnalistika dərsləri
Ulu Öndərimizin ən müxtəlif
mövzulardakı çıxışları, nitqləri,
dövlət və hökumət başçıları ilə
apardığı yüksək səviyyəli
danışıqlar fikrin ifadə tərzi, səlis və təmiz
dili, aydın məntiqi baxımından siyasi publisistikanın
bənzərsiz nümunələridir. O, qabaqcadan
yazılmış hazır mətnlərdən istifadə etməzdi,
auditoriyanın havasına köklənərdi. Biz
hər biri bitkin publisistik əsər təsiri
bağışlayan bu çıxışları şifahi
nitqdən yazılı mətnə çevirərək mətbuata,
radio və televiziyaya göndərərdik. Onları oxucuya yubanmadan çatdırmaq
üçün çox vaxt səhərədək işləyərdik.
Bu yerdə çoxlarının bilmədiyi maraqlı
bir məqamı da vurğulamaq yerinə düşər. Ulu Öndər
çıxışlarının mətbuat üçün
hazırlanan mətnlərini şəxsən nəzərdən
keçirir, redaktə xarakterli düzəlişlər edirdi.
Yadımdadır, gecəyarısı zəng
vurur, hansısa sözü, yaxud cümləni dəyişməyi
tapşırırdı.
Həmin
nitq və çıxışların AZƏRTAC tərəfindən
yayılmış mətnləri görkəmli filosof-alim,
akademik Ramiz Mehdiyevin buraxılışına məsul
olduğu, “Azərnəşr” tərəfindən nəfis tərtibatda
çapdan buraxılan “Müstəqilliyimiz əbədidir”
adlı çoxcildliyin 46 kitabına daxil edildi və biz,
haqlı olaraq, bununla qürur duyuruq. Fəxr
edirik ki, bu şanlı tarixi AZƏRTAC-ın kollektivi
yazdı. Hesab edirəm ki, Heydər
Əliyevin dərin məzmunlu nitq və
çıxışları siyasi publisistikanın ən
gözəl örnəyi kimi Jurnalistika fakültəsində
tədris oluna bilər və mütləq olunmalıdır.
Həmin
vaxtlar xarici səfərlərdə Prezidenti müşayiət
edən həmkarlarım da təsdiqləyərlər ki, Heydər
Əliyev bizə jurnalistika dərsi keçərdi:
informasiyanı nədən başlamaq, əsas məqamı və
faktı ikinci dərəcəlidən necə seçmək
lazım gəldiyini səbirlə izah edərdi. Biz jurnalistikanın, xüsusən siyasi
publisistikanın müasir standartlarını, dövlət
başçısının fəaliyyətini lazımi səviyyədə
işıqlandırmağın incəliklərini Heydər
Əliyev məktəbindən beləcə zərrə-zərrə
öyrənirdik.
Bir qədər
əvvəl qeyd etdiyim kimi, Ulu Öndər dövlət həyatı
ilə bağlı bütün məsələləri
işıqlandırmağı AZƏRTAC-a
etibar etmişdi. O, dövlət başçısının
gündəlik fəaliyyəti üzərindən
keçmişin mirası olan “sirr” pərdəsini
götürmüşdü. Deyirdi: hara getsəm, kiminlə
görüşsəm, nə danışsam,
hamısını yazın, olduğu kimi yazın ki, xalq hər
mətləbdən agah olsun.
Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə
çox mürəkkəb vaxtda qayıtmışdı. Qarşıda
respublikanı dərin siyasi-iqtisadi böhrandan
çıxarmaq, düşmənin hərbi təcavüzünü
dayandırmaq, Azərbaycanı dünyada tanıtmaq, milli
maraqları qorumaq kimi çətin vəzifələr
dayanırdı. Odur ki, xalq xilaskar
gözündə gördüyü rəhbərin fəaliyyətini
ən xırda detallarınadək bilmək istəyirdi.
Bu haqlı marağı nəzərə alan
Ulu Öndər xalqı tam məlumatlandırmaq
missiyasını AZƏRTAC-a həvalə etdi.
Əsası həmin vaxtlarda qoyulmuş ənənə
bu gün də davam etdirilir və Prezidentin mətbuat katibi, rəsmi
informasiya işinin peşəkarı Azər Qasımovun səyləri
sayəsində yeni çalarlarla zənginləşdirilir. Agentlik
Prezident İlham Əliyevin çıxış və nitqlərini,
görüşlərini, xarici ölkələrə və
bölgələrə səfərlərini,
apardığı danışıqları bütün təfərrüatı
ilə işıqlandırır, miqyasından və həcmindən
asılı olmayaraq, elə həmin gün oxucuya
çatdırır. Bu, eyni zamanda, AZƏRTAC-ın
birbaşa funksiyasıdır və onun statusundan irəli gəlir.
Çünki o, həm də xalqın tarixi
salnaməsini yazan bir media qurumudur. Yeri gəlmişkən,
akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə “Azərnəşr”
tərəfindən buraxılan “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin
indiyədək işıq üzü görmüş 95
kitabı da AZƏRTAC-ın materialları əsasında
hazırlanıb.
AZƏRTAC
qlobal informasiya məkanında
“AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib
vətənpərvərlik ənənələrini ləyaqətlə
davam etdirməklə bərabər, dünya informasiya məkanında
layiqli yer tutmaq üçün daha əzmlə
çalışmalıdır”. Bu sitat Prezident Heydər
Əliyevin 2000-ci ildə agentliyin 80 illik yubileyi münasibətilə
kollektivimizə ünvanladığı təbrik məktubundan
götürülüb. Həmin vaxtdan
etibarən Ulu Öndərimizin proqram xarakterli tövsiyəsi
fəaliyyətimizin prioritet istiqamətlərindən birini təşkil
edib. Ötən 20 ildə kollektivimiz bu hədəfə
doğru inadla və inamla irəliləyib, ürəkaçan
nəticələrə nail olub. Mövzu
çox geniş olduğundan bir neçə xarakterik məqamı
qeyd etməklə kifayətlənəcəyəm.
İnformasiyanın dünya siyasətinə təsirinin
artdığı, xəbər istehsalçılarının
gündən-günə çoxaldığı, sosial şəbəkələrin
həyatımıza daxil olduğu bir vaxtda beynəlxalq media məkanında
yer tutmaq heç də asan deyil. Öz təcrübəmiz əsasında
deyə bilərəm ki, bunun üçün davamlı
iş aparmaq, ilk növbədə, etibarlı və
dürüst xəbər qaynağı kimi tanınmaq, həmkarların
inam və etimadını qazanmaq lazımdır.
AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər
agentliyi ilə əməkdaşıq müqaviləsi
imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi
aparır.
Onların arasında bütün qitələrdən olan
aparıcı agentliklər, o cümlədən TASS (Rusiya), Sinxua
(Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA
(İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM
(Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform
(Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan) və digər
nüfuzlu xəbər yayımçıları var. Biz, həmçinin
Dünya Xəbər Agentlikləri Konqresi Şurası və
Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində
Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə
sıx əməkdaşlıq edirik.
2004-cü
ildə Asiya və Sakit Okean Ölkələri Xəbər
Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər
Agentlikləri Alyansına (EANA) üzv qəbul edilən
AZƏRTAC, eyni zamanda, Müstəqil Dövlətlər
Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya
Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər
Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən
biridir.
Agentliyin
həyatında ən əlamətdar hadisələrdən
biri 2016-cı ildə baş verdi. Prezident
İlham Əliyevin himayəsi, birinci xanım Mehriban
Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və
AZƏRTAC-ın təşkilatçılığı ilə
Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın
əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V
Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər
Agentlikləri Təşkilatının (OANA) XVI Baş
Assambleyasına yüksək səviyyədə ev sahibliyi
etdi, agentliyimiz hər iki qurumun rəhbəri seçildi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın
adı dünya mətbuat tarixinə həmişəlik
yazıldı.
Beş qitəni, 80 ölkəni və dünyanın
100-dən çox aparıcı xəbər agentliyini təmsil
edən 200 nümayəndənin iştirak etdiyi bu forumlar
yaddaşlarda dərin iz qoydu. Azərbaycan Prezidenti İlham
Əliyevin konqresin açılışında
iştirakı, geniş nitq söyləməsi, daha sonra
iştirakçıların bir qrupunu qəbul etməsi bu
qlobal forumlara xüsusi ahəng verdi. Dövlətimizin başçısının
açılış nitqində qeyd etdiyi kimi, Dünya Xəbər
Agentlikləri Konqresinin Bakıda keçirilməsi müstəqil
medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin
və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin
göstəricisidir.
AZƏRTAC dünya xəbər məkanına getdikcə
daha inamla çıxır, informasiya nəhəngləri ilə
bir sırada addımlayır. Bu, təbii ki, dinamik
inkişaf edən Azərbaycana artan maraqla, ölkəmizin
dünyada söz və nüfuz sahibinə çevrilməsi
ilə şərtlənir. Xarizmatik lider
olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
durmadan müasirləşir və modernləşir. Ölkəmizdə aparılan islahatlar
dünyanın diqqətini cəlb edir və yüksək dəyərləndirilir.
Bu yeniləşmə ab-havası ölkə
mediasına da sirayət edir. Dövlətimizin
başçısının dəstəyi sayəsində
AZƏRTAC ən müasir informasiya texnologiyaları ilə təchiz
olunub. Agentliyin rəhbərliyi və
nümayəndələri yüksəksəviyyəli media
forumlarında mütəmadi iştirak etmək imkanı
qazanıb. Eyni zamanda, dünyanın bir
çox informasiya nəhəngləri müasir Azərbaycanın
milli informasiya agentliyi ilə əməkdaşlıqda
maraqlıdır. Mən bu sırada
Çinin ingilisdilli “China Daily” qəzetini xüsusi qeyd etmək
istərdim. Ümumilikdə, 100 milyondan çox çap
və onlayn abunəçisi olan “China Daily” təkcə son bir
neçə ayda öz saytında AZƏRTAC-ın iki
böyük həcmli analitik məqaləsini yayıb. Beləliklə, Yer kürəsində milyonlarla insan
Prezident İlham Əliyevin yürütdüyü siyasət,
Azərbaycanın uğurları, ölkəmizdə həyata
keçirilən islahatlar barədə ilk mənbədən ətraflı
məlumat əldə edib.
Əməkdaşlıq etdiyimiz agentliklər Azərbaycanla
bağlı xəbərləri istisnasız olaraq
AZƏRTAC-dan alırlar. Bir qədər əvvəl dediyim kimi,
onların arasında Çin kimi nəhəng ölkənin əsas
informasiya yayımçısı - Sinxua agentliyi də var.
Prezident İlham Əliyev 2018-ci ilin sentyabrında agentliyin
nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşü
zamanı Sinxua ilə AZƏRTAC-ın əməkdaşlığını
yüksək qiymətləndirdi. Çinli
həmkarlarımızın Bakıya həmin səfərindən
sonra agentliklərimiz arasında xəbər mübadiləsi
daha da gücləndi. Əməkdaşlığımızın
nəticəsi olaraq, AZƏRTAC “Bir kəmər, bir yol”
İqtisadi İnformasiya Tərəfdaşlığı
platformasının təsisçi üzvü statusuna, bu nəhəng
platformanın bütün imtiyazlarından istifadə etmək
hüququna yiyələndi.
Bu
mövzuya bir faktla yekun vurmaq istərdim: təkcə ötən
il AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional
media qurumlarının, tərəfdaşlıq etdiyi milli
informasiya agentliklərinin saytlarında Azərbaycanın
ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni və digər sahələrdə
qazandığı uğurlara dair 15 minə yaxın xəbəri,
videosu və fotosu yayılıb.
Azərbaycan kiçik və gənc dövlətdir,
üstəlik, Ermənistanla müharibə vəziyyətində
yaşayır.
Düşmən bizə qarşı həm də
informasiya müharibəsi aparır. Erməni
təbliğat maşınının var gücü ilə
yalan tirajladığı belə bir taleyüklü vaxtda Azərbaycan
və Dağlıq Qarabağ haqqında tarixi həqiqətlərin
dünyaya çatdırılması milli mətbuatımızın
bir nömrəli vəzifəsidir. Biz bunun
ən gözəl nümunəsini Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı panel müzakirələr zamanı gördük.
Azərbaycan Prezidenti İlham Əliyev tarixi
faktlara və təkzibolunmaz arqumentlərə söykənərək
Ermənistanın baş naziri Nikol Paşinyanın yalan və
uydurmalarını, saxta erməni mifini darmadağın etdi.
Şahmat dili ilə desək, mat vəziyyətinə
düşən Paşinyan dövlətimizin
başçısının dərin məntiqi
qarşısında söz tapmaqda aciz qaldı.
Prezidentimiz
biz jurnalistlərə də, sözün yaxşı mənasında,
dərs verdi. Göstərdi
ki, informasiya savaşında qətiyyətli olmaq, müdafiə
taktikasından hücum taktikasına keçmək
zamanıdır. Münxendəki panel
müzakirədən nəticə çıxaran AZƏRTAC bu
istiqamətdə fəaliyyətini daha da gücləndirməyə
başlayıb. Beynəlxalq media qurumlarında
təmsilçilik, dünya KİV-ləri ilə tərəfdaşlıq
əlaqələri bizə Azərbaycan həqiqətlərini
mümkün qədər geniş coğrafiyada yaymaq imkanı
yaradır və bundan maksimum yararlanmağa
çalışırıq.
AZƏRTAC
internet əsrində: zamanın
çağırışı və müasir trendlər
İnternetin Azərbaycana ayaq açması ilə media,
xüsusən elektron informasiya vasitələri
qarşısında hüdudsuz imkanlar açıldı. Xəbər
buraxılışının həm həcmi, həm də
operativliyi təsəvvürəgəlməz dərəcədə
artdı. Təkcə bir faktı qeyd etmək kifayətdir:
əgər veb-saytımız yaradılanadək biz gündə
ən çoxu 60-70 xəbər buraxa bilirdiksə, indi bu
göstərici on dəfədən çox artıb. AZƏRTAC hər gün 700-ə yaxın informasiya,
video və foto xəbər hazırlayaraq öz kanalları ilə
yayır.
Bu il AZƏRTAC-ın veb-saytının da
yubileyidir. Agentlik ilk veb-resursunu 2000-ci ildə
işə salıb. İlk vaxtlar
saytımız üç dildə - Azərbaycan, ingilis və
rus dillərində fəaliyyət göstərirdi. Sonradan veb-resursumuz zamanın tələblərinə
uyğun olaraq dəfələrlə yenilənib, yeni dizayn və
texnologiyalarla təqdim edilib. Hazırda agentliyin beş veb-resursu və iki veb-servisi (interaktiv xəritə),
üç mobil tətbiqi var.
Sözsüz ki, ölkənin əsas informasiya təchizatçısı
kimi AZƏRTAC-ın veb-resursu etibarlı və kiber
hücumlara davamlı olmalıdır. Biz həyati əhəmiyyətə
malik bu sınaqdan da üzüağ çıxdıq. 2016-cı ilin Aprel döyüşləri zamanı
saytımız erməni hakerlərinin aramsız
hücumlarına məruz qaldı. Lakin
onlar nə qədər çalışsalar da, veb-resursumuza zərər
vura bilmədilər.
Hazırda agentliyin saytı 8 dildə fəaliyyət
göstərir. Eyni zamanda, videoların yayımı üçün beş dildə veb-resursumuz var. Altı il bundan
öncə biz “Uşaq bilik portalı” yaratdıq. Bu sırada fotosaytımızı və zəif
görənlər üçün resursları da qeyd etmək
olar.
Veb-resurslarla yanaşı, yeni trendlərə də
xüsusi önəm veririk. Sosial şəbəkələrin
yeni peyda olduğu vaxtlarda belə təsəvvür
yaranmışdı ki, ənənəvi media mövqelərini
və aktuallığını itirəcək. Sonradan çoxlarına aydın oldu ki, sosial şəbəkə
jurnalistika deyil. Müəllifi olmayan xəbər
imzasız məktuba bənzəyir. Buna
görə də tam əminliklə demək olar ki, sosial
şəbəkələr heç vaxt peşəkar
jurnalistikanı əvəz edə bilməz. Lakin düşünürəm ki, ənənəvi
media onlayn platformalardan istifadə etməlidir, yəni, orada həm
onun auditoriyası cəmlənib, həm də düzgün
istifadə etdikdə sosial şəbəkələr potensial
informasiya mənbəyidir.
AZƏRTAC sosial şəbəkələrdə işin
qurulmasına hələ 2011-ci ildə başlayıb, bununla
bağlı struktur yaradılıb. Hazırda bizim 30-dan çox sosial
şəbəkə və messenger profilimiz var. Onların
dinamik artımına nail olmaq prioritetlərimizdən biridir.
Müasir dövrdə sosial şəbəkələr və
mobil texnologiyalar tandemi informasiya işinə çox
güclü təsir göstərir. Xəbər agentliyi
olaraq, bu iki texnoloji tendensiyanı diqqətdə
saxlayırıq. Bütün veb-resurslarımızın
əlçatan və istifadəçi üçün rahat
olmasını təmin etmişik və bu istiqamətdə
müntəzəm iş aparırıq. Nəticə göz
qabağındadır: 2018-ci illə müqayisədə
2019-cu ildə mobil cihazlar vasitəsilə bizim informasiya
resurslarına müraciət 50 faiz, videolara baxış isə
75 faiz artıb. “YouTube” kanallarımızda videoxəbərlərə
baxışların 83 faizi mobil cihazların payına
düşür.
Son
statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda 5
milyona qədər aktiv mobil internet istifadəçisi var. Təxminən
3,2 milyon insan mütəmadi olaraq “Facebook” və “İnstagram”dan
istifadə edir. “Facebook”dan istifadənin 96 faizi
mobil cihazların payına düşür. Bu, bir dünya tendensiyasıdır. 2019-cu ilin statistikasına əsasən, qlobal miqyasda
98 faiz “Facebook” istifadəçisi öz profillərinə
mobil cihazlardan daxil olur. Bu da öz növbəsində
informasiyanın istehsalı və istehlakı, təqdimatı,
sürəti kimi parametrlərə təsir göstərir,
bizi mobil resurslarımızı daha cəlbedici etməyə,
daha təkmil platformaya çevirməyə yönəldir.
Zamanın digər bir çağırışı
multimedia və videoxəbər istehsalıdır. AZƏRTAC-da videoxəbər
xidməti 2010-cu il aprelin 22-də Prezident
İlham Əliyevin Sərəncamına əsasən
yaradılıb. Yeni texnologiyaların tətbiqinin
önəmini vurğulayan dövlətimizin
başçısı bu sahənin inkişafını vacib
hesab edib. Ölkə üzrə ilk
ixtisaslaşmış videoxəbər studiyası məhz
AZƏRTAC-da tətbiq olundu və biz ənənəvi
informasiya materialları ilə yanaşı, videoxəbərlər
də yaymağa başladıq. O vaxtdan 10 il
keçib və videoformatın qlobal miqyasda trend olduğunu
artıq hamı görür. Məhz gələcəyə
hədəflənmiş həmin addım bu gün agentliyimizi
videoməhsul istehsalçıları sırasında
öncül yerlərə çıxarıb. İndi bizim ayrıca videoportalımız var.
AZƏRTAC regionda yeganə agentlikdir ki, 5 dildə (Azərbaycan,
ingilis, rus, fransız və alman) video yayır. Mühüm dövlət tədbirləri, Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevanın səfərləri, iştirak etdikləri tədbirlər,
keçirdikləri görüşlər barədə videolar
saytımızla yanaşı, “YouTube” kanallarımızda da
yayılır. Videosaytımızda indiyədək
minlərlə müsahibə və reportaj yerləşdirilib.
Burada ölkə həyatının hər bir
sahəsinə aid videomateriallar tapmaq mümkündür.
Günümüzün müəyyən trendlərini
sosial şəbəkələr diktə edir. Bu, özünü əsasən
informasiyanın 10 il öncə
ağlasığmaz görünən təqdimat
formalarında büruzə verir. Məsələn,
“İnstagram”da “Tarixçə” üçün hazırlanan
videoformat sırf mobil cihazların ekran ölçülərinə
hesablanıb. Sosial şəbəkə və
mobil cihaz tandemi multimedia jurnalistikasına tamamilə yeni
yanaşmalar gətirir. Agentliyimiz bu trendi də
nəzərə almaqla, həmin formatlardan geniş istifadə
edir. Təsadüfi deyil ki,
videolarımız agentliyin sosial şəbəkələrində
ən populyar məhsullardan biridir.
Biz videoxəbərlə yanaşı, digər multimedia
məhsulları hazırlayırıq. Buraya
infoqrafika, slaydşou, videoqrafika, “360” videolar aiddir. Videolarda xarici dillərdə mətnin nitqə neyron
çevrilməsinin Amazon texnologiyasından istifadə edirik.
Şirkətin agentliyimizə təqdim etdiyi bu
proqram təminatı özüöyrənən texnologiyaya əsaslanır.
Süni intellekt informasiya agentlikləri
üçün də əlçatan olub. Xəbərlərin və hətta videoların
süni intellekt tərəfindən hazırlanması
günümüzün reallığıdır. AZƏRTAC gələcək fəaliyyətini məhz
belə qabaqcıl texnologiyaların tətbiqinə yönəltmək
niyyətindədir.
Görülən işlərin müsbət nəticələri
xəbərlərə baxış sayında real əksini
tapır. 2019-cu ildə agentliyimizin veb-resurslarında, sosial
şəbəkələrdəki səhifələrində və
üzvü olduğu beynəlxalq media təşkilatlarının
portallarındakı xəbər, foto və videolarına
müraciətlərin sayı 73 faiz yüksəlib. Bu, hətta proqnozları xeyli üstələyib.
Eyni tendensiya videoxəbərlərə
baxışlarda da müşahidə edilir.
Ölkə
mətbuatında
AZƏRTAC-ın
yeri və rolu barədə bəzi düşüncələr
İnformasiya güclü silahdır. O, müsbət mənada səfərbəredici
təsirə, mənfi mənada dağıdıcı gücə
malikdir. Məkrli niyyət güdən xəbər
xalqları, dinləri üz-üzə qoya, münaqişələr,
qarşıdurmalar yarada bilər. Təsadüfi
deyil ki, feyk xəbərlər bu gün dünyanı narahat edən
qlobal problemə çevrilib.
Azərbaycana
gəlincə, ümummilli lider Heydər Əliyev milli mətbuatımızın
üç əsas prinsipini müəyyənləşdirib:
dövlətçiliyə xidmət, azərbaycançılıq
ideologiyasının təbliği və ümumbəşəri
dəyərlərə hörmət. AZƏRTAC
Heydər Əliyevin müəyyənləşdirdiyi yolla
gedir. Onun ölkə mətbuatında yeri
və rolu, ilk növbədə, bu meyarlarla qiymətləndirilməlidir.
Bu gün Azərbaycanda söz və mətbuat
azadlığı tam təmin olunub. Xəbər agentliklərinin,
qəzet və jurnalların, teleradioların ümumi sayı 5
mini, internet portallarının sayı 20 mini ötür.
Belə bir vaxtda heç bir hal istisna olunmur.
Kimsə qrup mənafelərindən, kimsə
şəxsi maraqlardan çıxış edə bilər.
Yaxud bir başqası ucuz sensasiya arxasınca
qaçır, bu yolla auditoriya toplamağa, reytinq qazanmağa
çalışır.
Mətbuat azadlığı, İKT-nin
yaratdığı hədsiz imkanlar həyatımızda
çox şeyi dəyişib və dəyişməkdədir. Fəqət,
informasiyanın yüz il əvvəl
olduğu kimi, bu gün də dəyişməz meyarları
var. Bu, xəbərin dürüstlüyü, obyektivliyi və
qərəzsizliyidir. KİV-lər arasında kəskin
rəqabətə baxmayaraq, AZƏRTAC bu prinsiplərə daim
sadiqdir. O, heç vaxt yoxlanılmamış, dəqiqləşdirilməmiş
xəbər yaymır, sensasiya, yaxud süni reytinq arxasınca
qaçmır. Əvəzində oxucu inamı
və etibarı qazanır. “Əgər AZƏRTAC yazıbsa,
deməli, düzdür”, - insanların dilindən
eşitdiyimiz bu sözlər bizim ən böyük
mükafatımız, uğur göstəricimizdir.
İnternet xəbər məkanını
qloballaşdırıb. İndi dünyanın istənilən
nöqtəsində istənilən saytı izləmək
mümkündür. Az qala səmadakı
ulduzların sayından çox olan saytlar arasında parlamaq,
diqqət çəkmək heç də hər agentliyə
nəsib olmur. AZƏRTAC bu baxımdan ölkəmizin
xəbər agentlikləri arasında çoxlarından irəli
getsə də, Azərbaycan həqiqətlərini dünyaya
daha çox çatdırmaq üçün bütün
mümkün vasitələrə əl atır. 150-dək xarici xəbər agentliyi ilə qurulan əməkdaşlıq
əlaqələri, getdikcə genişlənən informasiya
mübadiləsi, beynəlxalq media qurumlarında fəal təmsilçilik
bu qəbildəndir.
AZƏRTAC-ın
ölkə mediasında yerini və rolunu səciyyələndirən
əsas amillərdən biri vaxtilə Ulu Öndərimizin,
sonradan isə Prezident İlham Əliyevin ona
ayırdığı diqqət, Birinci vitse-prezident Mehriban
Əliyevanın verdiyi dəstəkdir. Bu diqqət
və dəstək sayəsində agentliyimiz ən müasir
texnologiya ilə təchiz olunub. Hazırda
xarici ölkələrdə AZƏRTAC-ın 21 müxbir məntəqəsi
fəaliyyət göstərir. Xüsusi
müxbirlərimiz fəaliyyət göstərdikləri
ölkələrin mətbuatında Azərbaycanla
bağlı yazılarla müntəzəm
çıxış edirlər. Prezidentin
Sərəncamına əsasən inşa olunmuş yeni
ofisimiz yaxın vaxtlarda kollektivimizin istifadəsinə veriləcək.
Əlbəttə,
AZƏRTAC-ın bugünkü hər bir uğurunun
arxasında gərgin iş və yaradıcılıq
axtarışları ilə yanaşı, ilk növbədə,
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti,
ölkəmizin dünyada artan nüfuzu, həyatın
bütün sahələrini əhatə edən köklü
islahatlar dayanır. Təkcə bir faktı qeyd etmək kifayətdir
ki, Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf
indeksi” hesabatında Azərbaycan inkişaf etməkdə olan
80 ölkə arasında üçüncü yerə
yüksəlib. Agentliyimizin kollektivi də öz
fəaliyyətini ölkəmizin misilsiz inkişafına
uyğun qurmağa, informasiya işini beynəlxalq standartlar səviyyəsinə
çatdırmağa çalışır. Əldə olunan nailiyyətlərlə kifayətlənməyərək
bütün qüvvə və bacarığını
dövlətimizin başçısının milli mətbuatımız
qarşısında qoyduğu vəzifələrin layiqincə
yerinə yetirilməsinə səfərbər edir. Yeniləşmək və yenə də yeniləşmək
- bu gün üçün də, gələcək
üçün də hədəfimiz budur.
Beləliklə,
AZƏRTAC-ın bir əsrlik inkişaf yoluna zamanın beş fərqli nöqtəsindən baxmağa
çalışdıq. Onun Xalq Cümhuriyyəti
və sovet dönəmində, ulu öndərimiz Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə,
dövlət müstəqilliyimizin bərpasından sonrakı
dövrdə keçdiyi yola qısaca nəzər saldıq.
Nəhayət oxucunu bu günümüzün AZƏRTAC-ı
ilə tanış etdik. Tarixə hətta
ötəri baxışdan aydın görmək olur ki,
ictimai-siyasi quruluşdan, dövrlərin ziddiyyətlərindən,
bir-birini əvəzləyən tənəzzül və
dirçəlişdən asılı olmayaraq, bu 100 illik yol Vətənə
və xalqa xidmət, jurnalistikanın əzəli və əbədi
dəyərlərinə sədaqət yoludur.
Aslan Aslanov,
AZƏRTAC-ın
İdarə Heyətinin sədri,
OANA-nın
vitse-prezidenti.
Respublika.- 2020.- 25 fevral.- S.2-3.