NƏRİMAN
NƏRİMANOV - 150
(əvvəli
16, 18, 19, 20, 22 və 23 fevral tarixli saylarımızda)
Buna baxmayaraq, N.Nərimanov Bakının “mərifətli cavanlarına” teatrın tərbiyəvi rolundan dönə-dönə danışırdı: “Teatrın insana mənfəətini, ruhuna ləzzətini dəfaət ilə yazmışıq. Teatr böyüklər üçün məktəbdir. Həmin məktəbdə görmədiyimiz şeyləri görüb və diqqət etmədiyimiz əhvalatları görüb və eşidib pis əməllərdən ibrət və yaxşı sifətlər əxz edirik: əqlimiz üçün yem və ruhumuz üçün ləzzət alırıq”.
N.Nərimanova görə teatrın başlıca vəzifəsi insanların diqqətini ətrafda baş verən hadisələrə cəlb etmək, özbaşınalığa, haqsızlığa və zülmə qarşı onlarda nifrət hissi oyatmaqdı. Deməli, N.Nərimanov ictimai həyatda və məişətdə olan “pis əməlləri” səhnədə göstərməklə, müasirlərinə ibrət və nəcib sifətlər aşılamaq niyyətində idi. Çünki gənc yazıçı pis əməlləri ictimai həyatın, üsuli-idarənin özündə deyil, insanların avamlığında, “mərifətsizliyində”, mədəni geriliyində axtarırdı. Bu maarifçilik dünyagörüşü onun ilk dram əsərlərinin əsas ideya məzmununu ifadə edirdi.
N.Nərimanovun dramaturji yaradıcılığının tacı - “Nadir şah” (1898) tarixi faciəsi də maarifçilik dünyagörüşünün bəhrəsidir. N.Nərimanov 1896-cı ildə Qafqaz Senzura Komitəsinə müraciət edib əsərin tamaşaya qoyulmasına icazə istəmişdi. Lakin çar senzoru “Nadir şah”ın tamaşasına icazə verməmiş, hətta əlyazmasını danışıqsız məhv etməyi məsləhət görmüşdü. Ona görə də, N.Nərimanov Qafqaz Senzura Komitəsinin Şərq dilləri üzrə baş senzoru A.O.Kişmişovun yanına getməli olmuşdur. A.O.Kişmişov yazıçını çox nəzakətlə qəbul edib “Nadir şah”ın məzmunundan şəxsən xoşlandığını söyləmiş və təəssüflə bildirmişdir ki, senzura komitəsi əlyazmasını məhv etməyi qərara almışdır.
“N.Nərimanov soruşur:
- Səbəbi nədir?
- Səbəbi bir pyesdə iki padşahı xalqın taxtdan devirməsi və sadə xalqdan hökmdar seçilməsidir.
N.Nərimanov deyir:
- Axı bunlar tarixi həqiqətdir!
- Bəli - deyə A.O.Kişmişov gülümsəyərək cavab verir. - Ancaq hər cür tarixi həqiqəti yaymaq olmaz”.
N.Nərimanov nüfuzlu tanışı Adıgözəlovun köməyi ilə A.O.Kişmişovla apardığı uzun danışıqlardan sonra, nəhayət, baş senzor pyesin tamaşaya qoyulması məsələsini senzura komitəsində yenidən qaldırmağı vəd edir.
1899-cu il yanvar ayının 22-də Qafqaz Senzura Komitəsi əsərin tamaşaya qoyulmasını ciddi qadağan etsə də onun dərc olunmasına icazə verir. “Nadir şah” tarixi faciəsi həmin il Bakıda “Aror” mətbəəsində Hacı Zeynalabdin Tağıyevin xərci ilə 1200 nüsxə tirajla çap edilir. Lakin bundan sonra da N.Nərimanov əsərin tamaşaya qoyulması fikrindən daşınmır”.
1900-cü il yanvar ayının 8-də N.Nərimanov “Nadir şah”ı tamaşaya qoymaq üçün Qafqaz Senzura Komitəsinə yenidən müraciət edir. Əsərin tamaşasına yenə də icazə verilmir. 1900-cü il yanvar ayının 24-də N.Nərimanova göndərilən məlumatda deyilir ki, “Nadir şah” pyesinin səhnədə tamaşaya qoyulması senzura komitəsi tərəfindən qadağan edilmişdir.
4. Milli mətbuat sorağında. “Sovqat”, “Təzə xəbərlər”, “Məktəb”. N.Nərimanov gənclik dövründən çoxcəhətli fəaliyyəti ilə ictimaiyyətin nəzərini cəlb etmişdir. O, 1891-1902-ci illərdə müəllim, metodist, ilk milli qiraətxananın banisi, yazıçı, rejissor və aktyor kimi zəhmətkeş xalqın böyük etimadını qazanmışdı. Bu, bir tərəfdən dövrün tələbləri ilə, digər tərəfdən isə maarifpərvər gəncin öz şəxsi keyfiyyətləri, doğma vətənə və xalqa tükənməz məhəbbəti ilə bağlı idi. O, hər cür məhrumiyyətlərə, təkfir və təhqirlərə sinə gərib milli mədəniyyətin tərəqqisinə çalışırdı.
N.Nərimanov həmvətənlərini də şəxsi nəfsin əsiri deyil, millətin xeyirxahı, bəzəyi olmağa çağırırdı: “Vay o şəxsin halına ki, həyatı öz nəfsi üçün keçibdir. Afərin o şəxslərə ki, insanın səlahından ötrü çalışıblar. Həmin zatlar hansı millətdə olsa o millətin gülü hesab olunurlar. Bunların ətri sonradan dünyaya gələn cavanları ətirləndirir, yəni onların qeyrəti gələcəkdə millətin balalarını qeyrətləndirir, onlara bir növ tərbiyə verir ki, onlar da bu dünyada cəmiyyətin xeyrindən ötəri can qoysunlar...
Mədəniyyətli millətlər bu şəxslərin vəfatından sonra nişangahlar tikirlər, onların səvanehlərini yazıb uşaqlara oxudurlar. Bu cins şəxslərin isimləri hörmətlə dillərdə zikr olunub nəsilbənəsil millət balalarının arasında intişar tapır. Son gələnlər bunların barəsində oxuyub və eşidib özlərini onlara oxşadırlar və vaxtında millətin bəzəyi olurlar. Bu minval qeyrət, həmiyyət və hümmət artır”.
N.Nərimanov xalq yolunda can qoymağı, ümumi xeyirdən ötrü çalışmağı vətənpərvərlik hesab edirdi. O, gələcək nəsillərin “gözləri rövşən və qəlbləri şad” olsun deyə, doğma xalqı mədəni millətlər səviyyəsinə çatdırmağı hər kəsin vətəndaşlıq borcu sayırdı. N.Nərimanov öz müasirlərindən “millətə qeyrət, vətənə məhəbbət, insana hümmət və həmiyyət” tələb edir və onlara üz tutub deyirdi: “Nə mal, nə dövlət, nə şan, nə şövkət insanın öz nəfsi üçün olsa onu xoşbəxt etməz. İnsanın xoşbəxtliyi onun həyatından sonra ismi hörmət ilə dillərdə zikr olmaqdadır. Bu mərtəbəyə çatmaqdan ötrü fədakarlıq lazımdır”.
Maarifpərvər xadimə görə insanın əsl şərəfi, səadəti və xoşbəxtliyi zəhmətkeş xalqa xidmət etməsindədir. O, həyatın mənasını bunda görürdü. N.Nərimanov xalqın xoşbəxtliyini, gələcək səadətini həmvətənlərinin xeyirxah əməllərində, onların birgə səylərində axtarırdı. Odur ki, özünü oda-alova vurur, insanlara Prometey kimi həyat nuru bəxş etmək istəyirdi. N.Nərimanovun maarifpərvər gənclərlə milli mətbuat yaratmaq arzusu və cəhdi də bu nöqteyi-nəzərdən çox səciyyəvidir. O, Bakıya gəldiyi ilk illərdən Azərbaycan dilində mətbu orqan yaratmaq yollarını düşünürdü.
Lakin qəzet və ya jurnal nəşr etməyin bir sıra ciddi çətinlikləri vardı. Milli mətbuat yaratmaq məsələsi ziyalıların böyük əksəriyyətini heç də maraqlandırmırdı. N.Nərimanov “Əliqələmli müsəlman ziyalıları haqqında bir neçə söz” sərlövhəli redaksiyaya məktubunda milli mətbuatın faydasını dərk etməyən şöhrətpərəst ziyalıların hərəkətini kəskin şəkildə pisləyir, ictimaiyyətin diqqətini təxirəsalınmaz vəzifəyə yönəldirdi.
Məlum olduğu kimi, o dövrdə təhsil almış bəzi ziyalılar Zaqafqaziyada çıxan rusdilli mətbuatda müntəzəm çıxış edir, xalqın mədəni cəhətdən geri qalmasına öz münasibətlərini bildirirdilər. N.Nərimanov yazırdı ki, ziyalıların mətbuata marağı fərəh doğursa da, onun əhəmiyyətini düzgün başa düşməmələri tamamilə kədərli hadisədir. Onlar rus oxucularına Zaqafqaziyanın ictimai həyatını tanıtmaq arzusu ilə yazmamışdılar, əksinə, bu ziyalılar fanatik kütlələri çapıb talayan din xadimlərinin riyakarlığını ifşa etmək, qadın təhsili, rus dilinin öyrənilməsi və s. ən zəruri ictimai məsələləri irəli sürmək, beləliklə, həmvətənlərini həyatın tələblərilə ayaqlaşmağa sövq etmək məqsədini izləyirdilər. Əlbəttə, məqalə müəllifləri mədəni cəhətdən geri qalmış kütlələri nadanlıq, gerilik zülmətindən “doğru yola”, əsl mədəni inkişaf yoluna çıxarmaq üçün də müəyyən bir fəaliyyət göstərməyə can atırdılar.
Maarifpərvər ziyalıların yerli əhaliyə müraciətinin, mənəvi köməyinin səmərəsiz olması yazıçını çox düşündürürdü. O ürəkağrısı ilə yazırdı: “Bu cür məqalələri oxuyanda qeyri-ixtiyari olaraq öz-özünə sual verirsən: görəsən bunlar kimdən ötrü, nə məqsədlə yazılır? Rusca oxumağı bacaran on beş-iyirmi nəfər savadlı tatar (azərbaycanlı - T.Ə.) üçün yazılırsa, biz müəllif cənabları inandıra bilərik ki, savadlı tatarlar məqalələrdə təhlil edilən məsələləri heç də həmin müəlliflərdən pis anlamırlar.
Əgər möhtərəm müəlliflər bu məzmunda məqalələrin həqiqətən əhəmiyyətli olduğunu sinfi nəzərdə tuturlarsa, biz belə əsərləri büsbütün faydasız əsərlər adlandırmağı özümüzə borc bilirik, çünki bu məqalələri ona ehtiyacı olanlar deyil, əsla ehtiyacı olmayanlar oxuyurlar”.
Məlum olduğu kimi, “Əkinçi”dən sonra nəşr edilən “Ziya”, “Ziyayi-Qafqaziyyə” və “Kəşkül” qəzetləri bu vaxtlar bağlanmışdı, Zaqafqaziyada Azərbaycan dilində mətbuat orqanı yox idi. Bildiyimiz kimi, XIX əsrin 20-30-cu illərində Zaqafqaziyada Azərbaycan dilində mətbuat “Tiflisski vedomosti” (1828-1832) qəzetinin “Tatar əxbarı” (“Tatarski vedomosti”) adı ilə buraxılan dublikatı ilə başlayır. “Tatar əxbarı”nı A.Bakıxanovun redaktə etməsi ehtimal olunur. 1838-ci ildə Tiflisdə “Zakavkazski vestnik” adı ilə dərc edilən qəzetin də Azərbaycan dilində “Qafqazın bu tərəfinin xəbəri” (1845) adı ilə əlavə vərəqəsi buraxılmışdır.
Lakin buna baxmayaraq, Azərbaycan milli mətbuatının ilk təməl daşını H.Zərdabi “Əkinçi” (1875-1877) qəzeti ilə qoymuşdur. Bu qəzetin ətrafına M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Gorani, Əhsənül-Qəvaid və b. kimi qabaqcıl fikirli ziyalılar toplanmışdır. “Əkinçi”dən sonra “Ziya” (1879-1880), “Ziyayi-Qafqaziyyə” (1880-1884), “Kəşkül” (1884-1891) qəzetləri və “Kəşkül” (1883-1884) məcmuəsi onun mütərəqqi ənənələrini davam etdirmiş, maarif və mədəniyyətin yayılmasına, realist ədəbiyyatın inkişafına müəyyən təsir göstərmişdir. “Kəşkül” qəzeti senzura təzyiqi və maddi çətinliklər üzündən müntəzəm çıxmamışdır. N.Nərimanovun “Bahadır və Sona” romanında Alekseyin dediyi kimi, “Kəşkül” üç ayda bir, dörd ayda bir çıxır”dı. Buna görə də qəzet 1891-ci ilin oktyabrında öz fəaliyyətini həmişəlik dayandırmağa məcbur oldu. Beləliklə, Zaqafqaziyada Azərbaycan mətbuatı üfüqlərində parlayan son ulduz da söndü.
Rusiyada müsəlmanların yeganə dövri mətbuatı Krımda, Baxçasarayda İsmayıl bəy Qaspirinskinin redaktəsi ilə çap olunan “Tərcüman-Perevodçik” adlı həftəlik tatar qəzeti idi. Bu qəzet öz səhifələrində Bakı həyatına tez-tez yer verirdi. N.Nərimanovun özü də “Tərcüman” qəzetində məqalələr çap etdirmişdi. O, həmin məqalələrdə məktəb, teatr xeyriyyə cəmiyyəti və adət-ənənələri məsələlərinə toxunur, zəhmətkeş kütlələrdə mədəniyyətə, maarifə həvəs oyatmağa çalışırdı.
Lakin yarırus, yarıtatar dilində nəşr olunan “Tərcüman-Perevodçik” qəzeti Zaqafqaziya müsəlmanları arasında geniş intişar tapmamışdı. N.Nərimanov yaxşı bilirdi ki, doğma dildə mətbuat olmasa tərəqqipərvər ziyalıların xalqla sıx əlaqə yaratmaq və maarifçilik ideyası yaymaq cəhdi səmərə verməz. O, “əhli-qələm ziyalılara” qəzetin böyük səfərbəredici qüdrətini, faydasını xatırladır, beləliklə, onları xalqın mədəniyyətinə və ictimai tərəqqisinə kömək edəcək xeyirxah, əməli işlər görməyə çağırırdı. N.Nərimanov deyirdi: “Əgər Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxsa, onda cəmiyyət də ana dilində qəzet oxuyaraq özünün nə etməli olduğunu, nədə geri qaldığını başa düşərdi. Lakin nə qədər ki belə bir qəzet yoxdur, yaxşı olar ki, savadlı müsəlmanlar qızıl kimi qiymətli vaxtlarını müsəlmanlar üçün anlaşılmaz bir dildə yazılmış faydasız məqalələrə sərf etmək əvəzinə, sadə tatar (Azərbaycan - T.Ə.) dilində bu və ya başqa bir məsələ barədə kitabçalar nəşr etməyə başlasınlar, rus dilini öyrənməyin faydasını yazsınlar və i.a.”
N.Nərimanov mətbuatı ən gözəl ünsiyyət vasitəsi və tərbiyə məktəbi hesab edirdi. Gənc yazıçı ilk əsəri “Nadanlıq”da Məhəmməd ağanın dili ilə Amerikada kəndlilərin əllərində qəzet oxuya-oxuya cüt sürməsini xatırlatması təsadüfi deyildi. N.Nərimanov arzu edirdi ki, onun da vətənində qəzet mənəvi tələbata çevrilsin. O, “müsəlman milləti”nin mətbuata və xalqın tərəqqisi üçün zəruri olan cəmiyyəti-xeyriyyəyə etinasızlığına qarşı “Bahadır və Sona” romanında etirazını bildirmişdi. O, “Kəşkül” qəzetinin “üç-dörd aydan bir çıxması” səbəblərini “müsəlman milləti”nin həmiyyətsizliyində görürdü. N.Nərimanov qəhrəmanının dili ilə deyirdi: “...Millətin nəzəri qəzetəyə nihayətdə həqirdir. Qəzetə onlar üçün artıq və lazımsız bir şeydir. Bir şey ki, lazımsız ola, ona pul verərlərmi? Və camaat qəzetəni almayanda biçarə mühərrirlər nə ilə dolansın və kimin üçün yazsın. Hərgah müsəlman milləti bunu anlaya ki, qəzetə göz açar, insanı qaranlıqdan işıqlığa salar və bilmədiyini bildirər, əlbəttə, onda qəzetəni alan da və kömək edən də çox olar və nəinki qəzetə, özgə işlər də bunun kimi. Müsəlman cavanlarından hazırda yazanlar az deyil, mən hətta bir neçəsini bilirəm ki, biçarələr gözəl-göyçək kitabçalar yazıblar: lakin pulları olmadığına səbəb basdıra bilməyirlər. Millətdə himmət ola, belə olmaz...”
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 25 fevral.- S.5.