Unudulmaz alim-jurnalist həmkarımız

 

Əbədi mənzilimizin damı olan bu qara torpağın üzü yaman soyuq olur: tez unutdurur hər şeyi. Bəlkə də zahirən belə görünür, əslində isə dərd içinə çöküb yeyir insanı. İtirdiyini axtarırsan, səsinin həsrətini çəkirsən, qoxusunu duymaq üçün gözlərini yumub saatlarla düşünür, sənə məhrəm olan məqamları kino lenti kimi keçirirsən göz önündən... Yeri görünür hər yerdə.

Artıq qırx gündür haqq dünyasındadır İlham müəllim. İş otağının qapısı 40 gündür ki, açılmır, telefonları da susub. Artıq 40 gündür ki, dəhlizdən keçən ayaq səsləri eşidilmir, daha qəbul otağındakı xanım yoldaşlarının çayından töküb dadmır, daha heç kəsi arayıb: “...Ə qardaş, haralardasan, səsin gəlmir” deyə halını sormur.

Sevimli nəvələri əllərinin sığalına, tumarına həsrət qalıb. Ömür-gün yoldaşının da durumu bəlli: uzun-uzun gecələr, gizlin-gizlin axan göz yaşları ilə onsuz açılan səhərlər... O qədər çətindir ki...

Kim deyir ki, ölüm xəbərsiz, qəfləti, gizlicə gəlir. Onun gəlişini sadəcə biz duymur, görmür, hiss etmirik. Necə duya, necə görə bilərik axı? Biz Tanrı deyilik ki?!. “Heç bilmirəm bu ölüm məndən nə istəyir, doğmalarımı itirə-itirə gedirəm, Allah axırını xeyir eləsin!” - demişdi bir dəfə. (Doğrudan da son bir il ərzində bir-birinin ardınca neçə itkisi olmuşdu).

...Qatar Kürdəmir stansiyasında dayananda ürəyi şiddətlə döyünməyə başladı, yol bələdçisinin səsini eşidər-eşitməz iri taxta çemodanını götürüb qapıya yaxınlaşdı, ehtiyatla düşüb perronda dayandı, ətrafa boylandı, hansı səmtə gedəcəyini müəyyənləşdirib vağzal binasına doğru yeriməyə başladı. Burada xeyli adam vardı. Ətraf rayonlara gedən avtobusların yerini öyrənib ona yol göstərən ortayaşlı kişiyə təşəkkürünü bildirdi: “Deyəsən, tələbəsən?” - gənc İlham başı ilə təsdiqləyib yerə qoyduğu çemodanını götürmək istədi, barmaqları keyimişdi. Əllərini hovxurub bir-birinə sürtdü, çemodanını götürüb sıra ilə düzülmüş rayon avtobuslarına sarı getdi. Hava hələ qaranlıq idi, zəif yol fanarları ətrafı zorla işıqlandırırdı. “Cavan oğlan hara gedirsən?” Səs gələn tərəfə döndü. Başına iri papaq qoymuş, əyninə qalın, isti gödəkçə geyinmiş kişini diqqətlə süzüb özünün nazik, nimdaş pencəyinə baxdı, canından soyuq bir gizilti keçdi: “Göyçaya”. Bu sözü az qala zorla dedi.

Avtobus kəndin bir qədər uzaqlığında saxladı, qar az qala dizə çıxırdı. Uzaqdan tək-tük işıq görünürdü, indi bu uzun yolu piyada getməliydi. Bir qədər gedib çemodanını yerə qoydu, nəfəsini dərmək istədi. Çemodan dərin qarın içində görünməz olmuşdu. Möhkəm, idmançı bədəninə güvənirdi, qarı yara-yara irəliləyirdi...

O vaxtlar mobil telefonlar yox idi, rayonlarla, kəndlərlə telefon rabitəsi də yüksək səviyyədə deyildi. Bu üzdən evdəkilərə gələcəyi barədə xəbər verə bilməmişdi, son imtahanını da əla qiymətlə verib I kursun qış sessiyasının əlaçılıq sevinci içərisində həmin gün yola çıxmışdı...

Çoxuşaqlı ailədə böyümüşdü İlham müəllim. Bax, bu epizodu da özü söyləmişdi, bir az kədər, bir az qürur, bir az da nostalji hisslərlə. Sadə, saf bir kənd uşağının oxuması, ayaq üstə durması, vəzifə kürsülərində oturması hərdən yuxu kimi gəlirdi ona. Tez-tez geriyə boylanır, arxada qoyduğu həyat yoluna nəzər salırdı. Bu yolu aşmaq o qədər də asan olmamışdı. İndi bu sətirləri yazarkən tez-tez söylənilən bir fikrin nə qədər doğru olduğunu bir daha anladım. Zahiri görünüş aldadıcı olur bəzən. İlk baxışda quru, sərt təsir bağışlayan bu insan əslində göründüyü kimi deyildi, söhbətcil, qayğıkeş, duyğusaldı hətta. Çox vaxt öz həyatından misal gətirərdi, qarşısındakına təsəlli olsun deyə ağır, çətin dönəmlərini xatırlayır, məsləhət verir, ovundurmağa çalışırdı, doğmalarının başına gələnlərdən söz salırdı.

Qohumcanlı idi, qardaş-bacılarının problemini öz problemi bilirdi, hər şeyi dərd edirdi özünə. İlham müəllimin anası ilə ana-bala münasibəti isə sözlə deyiləsi deyildi. Bir gün yenə dəhlizdə rastlaşdıq, tələsirdi. “Zəng vurmuşdular, anam özünü yaxşı hiss etmir, çətin tapılan dərmanları var, almışam, təcili ona çatdırmalıyam” - dedi. Mən onu söhbətə tutmaq istəmirdim, lakin istər-istəməz içimdəkiləri söyləməli oldum: “Deyəsən, ananıza çox bağlısınız?” Ayaq saxladı, bir az üzümə baxıb: “O, mənim həyatımdır. Qurban olaram onun ağarmış saçlarına, alnının, əllərinin qırışlarına...” - dedi. Kövrəlmişdi...

Ailədəki on uşağın üçüncüsü, qardaşların ən böyüyü idi, elə sonadək də bu böyüklüyün yükünü dəyanətlə çəkdi, kimləsə bölüşmədi, özündən böyüklərə də, kiçiklərə də atalıq etdi. İlham müəllimin üç mərasimində yanımızda oturan xanımlardan birinin dil deyib ağlayan bacılara baxarkən dediyi sözlər hələ də qulağımdadır: “Ah, gör necə də yanıb yaxılırlar, niyə də yanmasınlar, ürəkləri necə də göynəməsin, bu cür qardaşlarını itiriblər. Böyüklük də, vəzifə də yaraşırdı İlhama...”

Ataları Ağasəf dünyasını dəyişəndə 44 yaşı vardı, onda ailənin sonbeşiyi İskəndərin 2 yaşı yeni tamam olmuşdu, İlham birinci sinfə gedirdi. O vaxtdan bütün yük, qayğı Qələm ananın üzərinə düşmüşdü. Qohum-əqrəba nə qədər kömək etsə də yetmirdi, bu böyük ailənin ehtiyacı çox çətinliklə ödənilirdi. Quyuya su tökməklə olmur axı, su gərək quyunun özündə olsun. Bax, bu quyuya su gəlsin deyə qara saçlarını hördü, gözləri ilə kül üfürdü. İnsafən övladları da bu zəhməti itirmədi, öz güclərinə oxudular, sənət, ev-eşik sahibi oldular. Bir-birlərinin paltarlarını geyindilər, son tikələrini bölüşdülər, ayaqda qaldılar, analarının başını uca etdilər.

İlham 1973-cü il avqust ayının 15-də Göyçay rayonu Alpout kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi ilk əmək fəaliyyətinə başlayanda sanki dünyanı bağışlamışdılar Qələm anaya.

İlham müəllimin sevgisi dünya boyda, tükənməz, sonsuz idi. Doğulub boya-başa çatdığı el-obasını, onu vətən daşı kimi bağrına basan Vətənini sevirdi. Yalnız balaları üçün yaşayan, ona həm ata, həm ana, məsləhət, güvənc yeri olan Qələm ananı sevirdi. Hansı peşədə olursa-olsun, harada işləyirsə-işləsin, öhdəsinə götürdüyü o işi sevirdi. Sevirdi, həm də çox sevirdi ailəsini, ilki Vüqarını, dünyaya gəlişi ilə onun nəşəsini, sevincini artıran Vüsaləni.

İşgüzarlığı, məsuliyyəti onu həmişə diqqət mərkəzində saxlayırdı. Kənd orta məktəbinin müəllimi kimiözünü çox qısa zamanda yaxşı tərəfdən göstərə bildi. 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin siyasi-maarif kabinetində məsləhətçi vəzifəsində cəmi üç il işlədi, 1984-cü ilin yanvarında onu Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Göyçay Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkdilər. Sonra o dövrün tələbilə Bakı Ali Partiya Məktəbinin (indiki Dövlət İdarəçilik Akademiyası) məzunu oldu, 1987-1992-ci illərdə yenidən Göyçay Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışdı. Məlum hadisələrlə bağlı artıq etibarını, nüfuzunu itirmiş bir partiya işindən uzaqlaşdı, yenidən ən sevimli işinə qayıtdı, pedaqoji fəaliyyətini davam etdirdi.

Onun mətbuat aləminə gəlişi 1994-cü ildən başlayır. Doğrudur, ondan əvvəl də dövri mətbuat səhifələrində maraqlı, məzmunlu yazılarla çıxış edirdi. Qanun naminə” ictimai-siyasi hüquq qəzetində Şamaxı-Balakən zonası üzrə xüsusi müxbir vəzifəsində başladığı bu yolu 1996-cı ildən ömrünün sonuna kimiRespublika” qəzetində davam etdirdi. Əvvəl bölgə müxbiri, sonra baş redaktorun birinci müavini kimi. İlham Pənahov ömrünü müstəqil Azərbaycan mətbuatının inkişafına həsr etmişdi. Bacarıqlı jurnalist, istedadlı qələm sahibi kimiRespublika” qəzetində saya gəlməz publisistik yazıları, oçerkləri və dərc etdirdiyi kitabları ilə milli mətbuatın inkişafına öz töhfəsini verirdi.

Son bir ildə səhhətində problem yaranması onun gərgin prosesinə təsirsiz qalmadı.

Yadımdadır, bir müddət ürəyilə bağlı işə çıxmadı, xəstəxanada yatdı, evdə müalicə olundu. Ömür-gün yoldaşı, kardioloq Xuraman xanımın nəzarəti altında qalmalı oldu, lakin onun etirazına baxmayaraq: “Mən işsiz qala bilmərəm, evdə çox sıxıldım” - deyib işə çıxmışdı...

Kaş o gün gəlməyəydi, kaş heç o qara xəbər yayılmayaydı. Kaş ki... Bilirik çətindir sizsiz keçən, kədər-qüssə, fəlakətə çevrilən gecələri ötüşdürmək... Zaman keçəcək, sizi doğmalarınızdan uzaqlaşdırmağa çalışacaq, lakin gücü yetməyəcək. Yaraları azacıq qaysaq bağlasa da, sağalmayacaq. Elə hey görünəcək boş qalan yeriniz!

Sizi unutmaq olmaz...

 

Zümrüd QURBANQIZI,

Respublika”.

 

Respublika.- 2020.- 25 fevral.- S.6.