SU
ÇƏRŞƏNBƏSİ
Azərbaycan xalqının folklorunda Novruz bayramının müstəsna yeri vardır və bu da təsadüfi deyildir. Təbiətin oyanması, qışın öz yerini yaza verməsi, gecə ilə gündüzün bərabərləşməsi ilə bağlı olan bu qədim bayram konkret gündə - martın 20, 21-də keçirilsə də, ona hazırlıq bir neçə gün öncə başlanır. Novruzdan əvvəl xalqın Boz ay adlandırdığı dövrü əhatə edən 4 ilaxır çərşənbə qeyd olunur. Mifik təfəkkürdə “4” rəqəmi müqəddəsləşdirilərək 4 cəhət, 4 ünsür kimi mənalarla yüklənmişdir. Elə ilaxır çərşənbələr də dünyanın və insanın yaranmasında mühüm rola malik olan, bir növ inqrediyent - tərkib hissə kimi çıxış edən 4 ünsürün adını daşıyır. Çərşənbələrin sırası belədir: su, od, yel, torpaq. Mifə görə, əvvəlcə dünya başdan-başa su imiş. Sonra Günəşin odu, istisi onu buxarlandırmağa başlayıb. Yel bu prosesi bir qədər də gücləndirib və suyun çəkilməsi, azalması nəticəsində onun altından torpaq görünüb. Torpağın üzərində sonradan bitki və heyvanlar aləminin, insanın yaradılması ilə həyat başlanıb.
Belə bir sual meydana çıxa bilər ki, nə üçün həftənin 7 günündən məhz çərşənbə axşamları seçilmişdir? Bu sualın dəqiq cavabı məlum olmasa da, bir neçə mülahizə, fərziyyə mövcuddur. Onlardan biri belədir ki, eramızdan 487 il əvvəl Şərq alimləri yığışaraq il, ay, həftə və günləri, həmçinin illərin müxtəlif heyvanlar üstündə təhvil olmasını əks etdirən təqvim hazırlamışlar. Həmin təqvim məhz çərşənbə axşamı hasilə gəldiyindən yeni ilin gəlişindən qabaq həmin gündə şadyanalıq edirlər. İkinci mülahizə ondan ibarətdir ki, bir çox xalqlarda, o cümlədən Azərbaycanda çərşənbə axşamı həftənin ağır günü hesab olunur. Həmin günün xətərsiz sovuşması üçün dədə-babalarımız işlərini ehtiyatlı tuturdular. Xalqda belə bir inam var ki, Tanrı qışı qovan bayramın elçilərini - müqəddəs Suyu, Odu, Yeli və Torpağı məhz çərşənbə axşamında xəbərə göndərir. El də bütün imkanlarını toplayıb Novruz soraqçılarını - çərşənbə axşamlarını ruzi dolu süfrələrlə, toy-bayramla qarşılayır ki, müqəddəs ruhlar onlardan incik qalmasınlar.
İlaxır çərşənbələrin ilki su çərşənbəsidir. O, xalq arasında çilləliçə çərşənbə, sel çərşənbə, sular toyudur, Novruzu, Zəm-zəm çərşənbə, Gül çərşənbəsi adlarıyla da tanınır. Suyun müqəddəs sayılmasında yəqin ki, onun bütün canlılar üçün həyat mənbəyi olması, insan orqanizminin böyük bir hissəsini təşkil etməsi əsas amil olmuşdur. İnsanların dünyagörüşünün ilkin mərhələlərində başqa anlayışlar kimi, suyun da arxasında ruhun durduğuna inam olmuş, sonradan bu ruh su hamisinə, su tanrısına transformasiya etmişdir. Antropomorflaşdırılaraq, yəni şəxsləndirilərək Aban, Nahid kimi mifik obrazların yaranmasına gətirib çıxarmışdır. Xızır peyğəmbərin içdiyi dirilik suyu, “Koroğlu” dastanında sözügedən insana qeyri-adi güc və səs, kor gözlərə işıq verməyə qadir olan Qoşa bulaq suyun xalqımızın mifik təfəkküründə tutduğu məqamı nümayiş etdirməkdədir. Təmizlik, saflıq anlayışlarıyla səsləşən su ilə bağlı bir sıra adətlər məişətimizdə yaşamaqdadır. Uzaq yola çıxanın arxasınca su atar, qorxulu yuxunu axar suya danışaraq təhlükəni uzaqlaşdırmağa, zərərsizləşdirməyə çalışar, qorxan adama cəftə suyu içirərlər.
Su çərşənbəsində xalq bir sıra mərasimləri icra edir. Əski inanclara görə, yeni ilin gəlişi ərəfəsində öncə su təzələnir, oyanır. Hamı hələ gün doğmamışdan su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirlər. Bulaq başında, arx kənarında suyu çağıran, onun qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxunur. Aban və Yada nəğmələri ifa olunurdu. İnsanlar inanırdılar ki, bu mərasim təntənəli, şux keçirilərsə, Su tanrısı öz mərhəmətini əsirgəməz, ilboyu onları bol su ilə təmin edər. Həmin gün paltarlar suya çəkilər, qablardakı su təzələnər, sututarlar və arxlar təmizlənərdi.
Folklorumuzda su ilə bağlı çox sayda inanclar, atalar sözləri və məsəllər, oyunlar, fallar, vəsfi-hallar, bayatılar, türkəçarələr, əfsanələr, rəvayətlər, miflər mövcuddur.
Məsələn:
Su gələn arxa bir də gələr.
Su girdi qaba, oldu içməli.
Su qabı suda sınar.
Suyun lal axanı, adamın yerə baxanı.
Su kiçiyindi, yol
böyüyün.
Su bulandıranı el utandırar.
Su axır samanlıqdan,
Yol keçir
qaranlıqdan.
Çalış, yaxşılıq elə,
Nə çıxar
yamanlıqdan?
Su səni,
Su göyərtmiş süsəni,
Keçmə namərd körpüsündən,
Qoy aparsın
su səni.
Quzum bulağa çıxıb,
Enib bulağa
çıxıb.
Siz
Allah, xoş söz deyin,
Yarın qulağa çıxıb.
Çaylar axır dəryalara,
Şaqqıldaya-şaqqıldaya.
Hər yandan xoş avaz gəlir,
Sular deyir: “Yaz, Yaz
gəlir”.
Əski türklərin zənnincə,
bulaq yeraltı qaranlıq dünya ilə yerüstü işıqlı aləm arasında, ölüm ilə yaşam arasında bir keçid, bir yoldur. İnanmışlar ki, isti sular cəhənnəmdən,
şirin sular isə cənnətdən
axırlar.
Qız-gəlinlər “Ay qulu-qulu Çərşənbə, atıl-ütül
Çərşənbə, bəxtim sütül Çərşənbə, çilləm
tökül Çərşənbə”,
yaxud “ağırlığım-uğurluğum
dağdan axan sellərə, ağ qanadlı yellərə”,
“atil batil Çərşənbə, şəkərə
qatıl çərşənbə,
ayna tək bəxtim açıl, Çərşənbə” deyə-deyə
dəyirman arxı və ya axar
sular üstündən
3 və ya 7 dəfə o yan-bu yana hoppanırlar. Adi günlərdə su üstündən hoppanmaq
günahdır.
Su çərşənbəsi ərəfəsində 26 fevraldan
Günəş zodiak
qurşağının Dolça
bürcünü tərk
edib su xassəli
Balıqlar bürcünə
daxil olmaqla yer üzündəki həyat odlu-alovlu Müştəri (Yupiter) planetinin himayəsi altına düşür. Buna görə də su çərşənbəsi
süfrəsinə adətən
ağzında qızıl
üzük və ya qızıl pul tutan balıq
bişirib qoyarlar.
Bundan başqa cürbəcür
çərəzlər, meyvə
quruları, ləpələr,
turşu qovurmalı və narqovurmalı plov, bir dolça
su və şamlar da süfrəni bəzəyir.
İcra
edilən mərasimlər:
Vaxtilə insanlar sudan güzgü tək istifadə etdiyi çağlarda sudakı əksini özlərinin ruhu, canı sanmışlar. Suya əhd-peyman edən qız-gəlinlər ürəklərini
ona açır, daha günah etməyəcəklərinə and içirdilər. Qadınlar evlərindəki
köhnə, sınıq-çatlaq,
lazımsız saxsı,
çini qabları dəyirman üstə gətirib qada-bəladan sovuşmaqdan ötrü “su qabı suda
sınar” deyə, qabları bir-bir vurub sındırardılar.
Su falları:
Su çərşənbəsində sübhdən axar sudan “lal
su” gətirirlər. Yəni suyu evə çatdıranadək
heç kimlə kəlmə kəsmirlər,
susurlar. Həmin suyu
bir neçə piyaləyə töküb
saxlayırlar. Axşam qızlar
yığışır, hərə
öz baxtına üzüyünü saçına
sürtüb suya atır. Üzük piyalənin divarına
toxunub cingildəyir.
Üzük neçə dəfə
cingildəsə, deməli,
qız həmin sayda ildən sonra gəlin köçəcək.
***
2 sevgilinin bir-birinə qovuşacağını bilmək üçün iki iynənin ulduzlu tərəfinə pambıq dolayıb hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə oynayıb bir-birinə qovuşsa, demək, sevgililər də qovuşacaq, yox əgər hərəsi bir tərəfə gedib suyun üzündə qalsa, demək, onların bəxti başqası ilə barışacaqdır. İynələr piyalənin dibinə çöksə, onda su “lal su” deyildir.
***
Aban Abana gəldi,
Aban imana gəldi!
Abana yol verin,
Abana qol verin.
Gödəkcə al Abana,
Döşəkçə sal Abana.
Al Aban haylı gəlib,
Al Aban paylı gəlib.
Xurcununda
seli var,
Qoltuğunda yeli var!
İNANCLAR:
Süfrəyə su dağılması aydınlıqdır.
Su içəni ilan
çalmaz.
Su dolu qabla qabağına çıxsalar
işin avand olar.
Su içəni danışdırmazlar.
Odu su ilə söndürmək
günahdır.
Qaş qaralanda
qaynar suyu torpağa atmazlar.
Almara
NƏBİYEVA,
Bakı
Dövlət Universiteti,
filologiya üzrə fəlsəfə
doktoru.
Respublika.- 2020.- 25 fevral.- S.6.