Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə
tədbirlər
Tədbirlər çərçivəsində İstanbuldakı Azərbaycan Dostluq Parkında yerləşən Xocalı abidəsi ziyarət edilib, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Bağcılar kaymakamı Mustafa Eldivan, Bağcılar Bələdiyyəsinin sədrinin müavini Kenan Gültürk, konsulluğun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulun metro, metrobus, gəmi səfərləri də daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrində videoçarx nümayiş etdirilib və afişalar yerləşdirilib.
Kampaniya ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilir.
Qeyd edək ki, İstanbulun bu nəqliyyat vasitələrindən Türkiyə vətəndaşları və şəhərə gələn turistlər olmaqla hər gün milyonlarla insan istifadə edir.
Xocalı soyqırımı ilə bağlı İstanbulda yürüş keçirilib. Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyi və Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil olunub.
Yürüşdə ictimaiyyət nümayəndələri, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, türkdilli xalqların ictimai birlikləri, yerli əhali və media nümayəndələri iştirak ediblər.
* * *
İstanbulun Gültepe Mədəniyyət Mərkəzində “Cəhənnəmdə 8 gün” tamaşasının premyerası olub. Baş rolun ifaçısı, Türkiyə-Azərbaycan Vizyon Teatrının rəhbəri Kəmalə Kamal bildirib ki, Xocalı sakini Dürdanə Ağayevanın xatirələri əsasında hazırlanan tamaşanın ssenari müəllifi Aygün Həsənoğlu, rejissoru Kamran Dadaşzadə, musiqi tərtibatçısı Aynur Axundzadədir. Tamaşa “Bir millət, iki dövlət” layihəsi çərçivəsində hazırlanıb. Xocalı soyqırımı zamanı ermənilərə əsir düşmüş və səkkiz gün əsir həyatı yaşamış qadının hekayəsini özündə əks etdirən səhnə əsərində aktyorlardan Şəlalə Coşqun Tuna, Bülənt Altay, Yavər Hüseynzadə, Said Vardar, Musa Çakır və digərləri iştirak edirlər.
Premyeradan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən türkiyəli yazıçı Mətin Yıldırım, tamaşanın baş koordinatoru Ayhan Ünlü və digərləri Xocalıda yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıb, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar.
Tamaşadan əvvəl Xocalı qətliamının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.
* * *
Türkiyənin “Can Azərbaycan” media şirkəti tərəfindən nəşr olunan “Xocalıda nə oldu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Xocalı həqiqətlərini özündə əks etdirən 112 səhifəlik kitabın ön sözünün müəllifi professor Elmira Süleymanovadır. Nəşrdə AZƏRTAC-ın Türkiyə bürosunun İstanbul üzrə müxbiri Günel Məlikovanın “Xocalı soyqırımı yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının faciəsidir” məqaləsi yer alır. Məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş vermiş soyqırımı, bu qanlı hadisənin qurbanları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu soyqırımı aktına siyasi və hüquqi qiymətin verilməsi üçün atılan addımlar, ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü siyasət və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilir.
Təqdimat mərasimində çıxış edən “Can Azərbaycan” media şirkətinin rəhbəri Namik Kamal Yıldırım, “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin sədri İradə Əlili və digərləri Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini bildiriblər. Qeyd edilib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımını ermənilərin tarix boyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar əsrlər boyu ermənilərin türk millətinə qarşı düşmən münasibəti bəslədiklərini, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında olduğunu qeyd ediblər.
Tədbirdə Xocalı qətliamının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.
Ankara
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankara şəhərində “Xocalıya Ədalət!” şüarı altında konfrans keçirilib. Türkiyə-Azərbaycan Dərnəyi tərəfindən təşkil olunan konfransda diplomatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgiyə baxış keçirilib. Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransın məqsədi barədə ümumi məlumat verən TÜRKAZDER-in sədri Ənvər Türkoğlu çıxışında vurğulayıb ki, Xocalı soyqırımının dəhşətləri heç zaman unudulmayacaq.
Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan, Azərbaycanın Ankaradakı səfirliyinin birinci katibi Elçin Allahverdiyev və qardaş ölkədə fəaliyyət göstərən Orta Doğu Teknik Universitetinin dosenti, siyasi elmlər doktoru Ayça Ergun konfransda çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımı XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti insanlıq faciəsi kimi dəyərləndirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyətindən, bəşəri faciənin tanıdılması ilə bağlı görülən işlərin nəticələrindən danışılıb.
Sinan Oğan bildirib ki, insani hisslərə ehtiram bəsləyən heç kəs Xocalı soyqırımının tanıdılması prosesindən kənarda qalmamalı, bu istiqamətdə əlindən gələni əsirgəməməli, erməni cinayətlərini ifşa etməkdən çəkinməməlidir.
Esmira Yazkan ASLANOVA,
“Respublika”
qəzetinin
Türkiyə
üzrə müxbiri.
Respublika.- 2020.- 27 fevral.- S.4.