Xocalı soyqırımı bəşəriyyətə
qarşı yönəlmiş cinayətdir
“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi-şovinistləri təxminən 200 il ərzində öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti aparmışlar. Məhz bu siyasətin nəticəsində azərbaycanlılar zaman-zaman öz tarixi torpaqlarından qovulub, qaçqına, didərginə, məcburi köçkünə çevrilib, kütləvi qırğınlara məruz qalıb. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquq normaların ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi daxil olub.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verənlər, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.
Xalqımıza qarşı ermənilərin törətdikləri cinayətlərin bir həlqəsi olan, tarixdə analoquna çox az rast gəlinən, antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilən Xocalı soyqırımı tarixin utanc səhifələrindən birini təşkil edir.
1992-ci ilin fevralında Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş daha bir soyqırımı aktı yaşanmışdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cəmiyyətin miqyasına görə ən dəhşətlisidir. Ermənistanın Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən isə Xocalı şəhərini yer üzündən birdəfəlik silmək olmuşdur. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Həmin gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Erməni daşnakları tərəfindən bir gecədə yerlə-yeksan edilən, Xocalının sağ qalan sakinləri zorakılıqdan qaçıb canlarını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.
Bəşər tarixinin ən qəddar, dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımının təşkilatçıları Ermənistanın o vaxtkı siyasi rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.
“Böyük Ermənistan” ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Zori Balayan 1988-ci ildə dərc olunmuş “Ruhumuzun canlanması” adlı kitabında Xocalıda baş verən soyqırımından qürur duyduğunu bildirmişdir.
Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı olduğunu bir daha təsdiqləyir. Soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konsepsiya” ilə müəyyən edilmişdir. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunaların (Nürnberq, Tokio) nizamnaməsində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Quanda beynəlxalq cinayət tribunalarının nizamnaməsində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır.
Xocalı soyqırımı erməni daşnaklarının insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Təəssüflər olsun ki, həmin dövrdə faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi.
Azərbaycan xalqı və dövlətimiz Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü elan etdi.
Prezident İlham Əliyev Xocalı soyqırımını təcavüzkar erməni millətçi-şovinistlərinin yüzillər ərzində Azərbaycan xalqına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Ölkəmizin başçısı hər il bu dəhşətli faciənin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyur, onların xatirəsini ehtiramla yad edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər keçirilir.
Xocalı faciəsi heç zaman yaddaşlardan silinməyəcək, şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz torpaqlarını işğaldan azad edəcək, şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qanını yağı düşmənlərdən alacaq, günahkarlar ədalət qarşısında cavab verəcək, Vətənimizin zəfər yürüşündə üçrəngli bayrağımız əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızda əzəmətlə dalğalanacaqdır.
Fuad MƏMMƏDOV,
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə Qanun Pozuntuları barədə Məlumatların
Araşdırılması Şöbəsinin rəisi,
Ədliyyə polkovniki.
Respublika.- 2020.- 27 fevral.- S.5.