“Xocalı fəryadı” adlı tədbir
Bakı şəhəri 279 saylı orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə müxtəlif qurumları təmsil edən nümayəndələr iştirak etdi. Dövlət Himnimiz səsləndirildikdən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Məktəbin direktoru Südabə Abdullayeva tədbir iştirakçılarını salamladı və 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə azğınlaşmış erməni millətçilərinin törətdikləri misli görünməmiş vəhşiliklər, cinayətlər, terror aktı barədə geniş məlumat verdi. O qeyd etdi ki, həmin müdhiş gecədə yüzlərlə dinc əhali qətlə yetirildi, körpə uşaqlara, qocalara aman vermədilər, dinc mülki əhalini ucdantutma qırdılar və bəşər tarixində növbəti cinayət aksiyasını - Xocalı soyqırımını həyata keçirdilər. Xocalı soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı aksiya olmaqla, həm də etnik təmizləmə siyasətinin nəticəsi və cinayət idi. Xalqımız hər ilin bu gününü dərin hüznlə qeyd edir, günahsız şəhidlərimizin ruhu böyük ehtiramla yad edilir. Bu gün erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşilikləri, terror aktının bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülür, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü tədbirlər həyata keçirilir.
Südabə xanım onu da vurğuladı ki, məktəbimizdə şagirdlərimizin vətənpərvər ruhda təhsil-tərbiyə almaları üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, məktəbin 11-ci sinif şagirdi Məmmədova Rəhimə Bakı şəhəri üzrə keçirilən Xocalı faciəsinə həsr olunmuş inşa müsabiqəsində fərqlənmə diplomuna, Suraxanı rayonu üzrə isə I yerə layiq görülüb. Suraxanı rayonu üzrə keçirilən rəsm müsabiqəsində II yer tutub.
Tədbirdə iştirak edən İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov da Xocalı faciəsi ilə bağlı geniş məlumat verdi. Ceyhun Məmmədov əvvəlcə məktəbin direktoruna və bu tədbirin ərsəyə gəlməsində əməyi keçən müəllim və şagirdlərə öz minnətdarlığını bildirdi. Natiq vurğuladı ki, Azərbaycan xalqına qarşı soyqırımı aktı, törədilmiş cinayətlərin miqyası yalnız xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra bütün dünya ictimaiyyətinə çatdırıldı. 1994-cü il martın 1-də Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi fərman imzalamışdır. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 Fevral - Xocalı soyqırımı günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Ceyhun Məmmədov onu da vurğuladı ki, bu gün başda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla Azərbaycan diplomatiyası bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması yönündə intensiv iş aparır. Cənab Prezident İlham Əliyev qeyd edib ki, Xocalı faciəsi təsadüfi hadisə deyil, bu erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Zaman-zaman davam etdirilən bu məkrli siyasət nəticəsində azərbaycanlılar əzəli torpaqlarımızdan qovulub, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşübdür. Xocalı soyqırımı qurbanlarının unudulmaz xatirəsi bizim hər birimizi öz işimizdə, mübarizəmizdə daha mətin, daha cəsarətli, vətənpərvər ruhda olmağa sövq edir. Azərbaycan xalqı qəti əmindir ki, möhkəm iqtidar-xalq birliyi sayəsində ölkəmiz daha da güclənəcək, tökülən günahsız qanlar yerdə qalmayacaq, üçrəngli Azərbaycan bayrağı bütün torpaqlarımızda dalğalanacaqdır. O gün uzaqda deyil.
Tədbirdə məktəb şagirdlərinin Xocalı faciəsi ilə bağlı söylədikləri şeirlər, səhnələşdirdikləri kompozisiyalar iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Qonaq qismində iştirak edən Milli Olimpiya Komitəsində nəzarət-təftiş komissiyasının sədri, “Şöhrət” və “Olimpiya” ordenli Hicran Şərifov, Suraxanı Ağsaqqallar Şurasının sədr müavini Hacı Eldar, İlahiyyat İnstitutunun müəllimi Asəf Qəmbərov, “Socar”ın nümayəndəsi Vasif Abdullayev və başqaları da tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.
Əli SADIQOV
Respublika.- 2020.- 27 fevral.- S.5.