Xocalı - qan
yaddaşımız
Erməni millətçiləri tarix boyu xalqımıza qarşı qanlı cinayətlər, terror aktı, soyqırımı törədiblər. Xocalı faciəsi bunlardan yalnız biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi bir neçə saat ərzində 366-cı alayın hərbçiləri ilə birlikdə erməni quldurları dinc əhaliyə qarşı misli görünməmiş cinayət aktı törətdilər, yüzlərlə köməksiz və günahsız insanı amansızcasına qətlə yetirdilər, körpə uşaqlara, qocalara, hamilə qadınlara belə aman vermədilər, mülki əhalini ucdantutma qırdılar və qanlı cinayətləri ilə bəşər tarixində növbəti cinayət aksiyasını - Xocalı soyqırımını həyata keçirdilər. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş bu soyqırımı öz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan vandalizm aktı kimi tarixə yazıldı.
Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir.
Ölkəmizdə son illər Xocalı soyqırımı hadisələrinin bütün dünyada beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində geniş işlər aparılır. Prezident İlham Əliyev Xocalıda baş verənləri erməni millətçilərinin iki yüz ildən çox müddətdə xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri kimi dəyərləndirərək demişdir: “Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bu siyasət erməni diasporunun və lobbisinin imkanlarından istifadə etməklə bütün dövrlərdə hərbi, iqtisadi, ideoloji və mədəni vasitələrlə aparılmışdır. Keçən əsrin 80-ci illərinin sonlarında isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tammiqyaslı hərbi münaqişəyə gətirib çıxardı. Zaman-zaman davam etdirilən bu məkrli siyasət nəticəsində azərbaycanlılar əzəli torpaqlarından qovuldular, didərgin salındılar, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir. Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciəsi kimi heç vaxt yaddaşımızdan silinməyəcəkdir.
Bu hadisələrin şahidi Dürdanə Məmmədova Xocalıda anadan olub. Bir çoxları kimi onun da qismətinə qaçqınlıq taleyi yazılmış, öz isti ocağından didərgin düşmüşdür. O, uzun illərdi ki, ailəsi ilə birgə Binəqədi rayonunun ərazisində yerləşən 2 saylı ETK-nın pansionatında məskunlaşıb. Dürdanə xanım keçdiyi ömür yolunu xatırlayıb xeyli kövrəldi, sonra qəhərlə danışaraq dedi:
- Mən 1969-cu ildə, həyat yoldaşım Vasif isə 1965-ci ildə Xocalı şəhərində anadan olmuşuq. 1988-ci ildən Xocalı Rabitə Qovşağında çalışırdım. Həyat yoldaşım Vasif də həmin vaxt Xocalıda yanacaqdoldurma məntəqəsində operator işləyirdi. 1991-ci il yanvarın 6-da biz elin adəti ilə nişanlandıq. Valideynlərimiz məsləhət bildi ki, mart ayında toyumuz olsun. Ancaq Xocalıda vəziyyət getdikcə pisləşir, şəhərə gediş-gəliş xeyli çətinləşirdi. Erməni quldurları dinc mülki əhaliyə əzab verir, şəhəri atəşə tuturdular. Xocalının qəhrəman oğulları əhalinin təhlükəsizliyini təmin etmək üçün könüllülərdən ibarət özünümüdafiə batalyonu yaratdı və Vətənin müdafiəsinə qalxdılar. O zamankı hakimiyyət xocalılıların ov tüfənglərini əllərindən zorla alsalar da, erməni quldurlarına dəyib-toxunan olmamışdı. Həmin vaxt bir çoxları kimi Vasif də özünümüdafiə dəstəsinə qoşulduğu üçün toyumuzun vaxtı uzandı.
Mən, Xocalı Rabitə Qovşağının rəisi Cavid Əliyev və özünümüdafiə dəstəsinin iki nəfər silahlı əsgəri ilə çox çətinliklə Ağdam rayonuna gedir və əhalinin alacağı təqaüdləri gətirib paylayırdıq. Dürdanə Ağayeva da həmin vaxt mənimlə birlikdə rabitə qovşağında çalışırdı. Biz gecə-gündüz fasiləsiz işləyirdik. 1991-ci ilin dekabr ayında şəhər tam mühasirəyə alındı. Bütün çətinliklərə baxmayaraq, Cavid Əliyevin sayəsində rabitə bir dəqiqə də dayanmadı.
Xocalıda vəziyyət ağır olsa da, Vasifin döyüşçü yoldaşlarının təkidi və iştirakı ilə 1992-ci il yanvarın 18-də bizim toyumuz oldu. Şəhərdə atəş səsləri eşidilsə də, toy öz ahəngi ilə davam etdi. Mərasimdə çox böyük atəşfəşanlıq oldu. Bu gün də həmin vağzalı səsi qulağımdan getmir. Bizim toyumuz Xocalıda sonuncu toy oldu. Artıq 28 ildir ki, Xocalıda vağzalı çalınmır.
O vaxt elin adəti ilə bəyin sağdış və soldışı olurdu. Şəkildə Vasifin sağında Əliyar Usubov, solunda isə Elşən Bağırov dayanmışdır. Onların hər ikisi Polis Şöbəsində işləyirdi. 1992-ci il fevralın 26-da onlar erməni quldurları ilə döyüşərək xeyli insanı ölümün pəncəsindən xilas etsələr də, özləri düşmən tərəfindən əsir götürülmüş, bu günədək onlardan və Əliyarın iki qardaşı Elşad və Zakirdən heç bir xəbər yoxdur.
Şəkildə sağ tərəfdə əlində boşqab tutan Dürdanə Ağayevadır. Xocalı soyqırımı zamanı Dürdanə ermənilər tərəfindən girov götürülmüş və 8 gün əsir saxlanılmışdır. O, söyləyir ki, ermənilər əsir düşmüş insanlara böyük işgəncələr vermiş, bir çoxunun gözünü çıxarmış, dişlərini qırmış, atanın gözü qarşısında övladının başını kəsmiş və bir sözlə, köməksiz mülki əhalini xüsusi amansızlıqla qətlə yetirmişlər.
Dürdanənin gördükləri kimi qəddarlığı Xocalıdan olan hər bir kəs görmüş və yaşamışdır. Biz xocalılılar böyük müsibətlə üzləşsək də, bir an da olsun ümidimizi üzmədik. Bütün çətinliklərə baxmayaraq, ayaq üstə durmağı bacardıq. Bu gün dövlətimiz bizə böyük qayğı göstərsə də, Vətən həsrəti bizi çox incidir. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində işğal altındakı bütün əzəli və əbədi torpaqlarımız düşmən tapdağından azad olacaq və biz doğma ata-baba yurdumuza qayıdacağıq. Əminəm ki, həmin gün uzaqda deyil. Xocalıda yenə də vağzalı havası çalınacaq, qızlarımız ata ocağından ər evinə gəlin köçəcəklər. Mən hənin günü çox səbirsizliklə gözləyirəm.
Kamil İSMAYILOV
Respublika.- 2020.- 27 fevral.- S.6.