NƏRİMAN NƏRİMANOV - 150
(əvvəli
16, 18, 19, 20, 22, 23 və 25 fevral tarixli saylarımızda)
Maarifpərvər ziyalılar mətbuata həqir münasibəti aradan qaldırmaq, qəzet və jurnala kütlələrdə mənəvi tələbat hissi oyatmaq üçün hər vasitədən istifadə edirdilər. N.Nərimanov açdığı qiraətxanada yoxsullardan giriş haqqı almırdı. O istəyirdi ki, maarif və mədəniyyət ziyası onların şüurlarına nur saçsın, onlarda məktəbə, teatra, mətbuata meyl oyansın. “Nəriman qiraətxanası”na axın-axın gələn adamlar Şərq və Avropa ölkələrindən - Bolqarıstan, Türkiyə, İran, Misir və Hindistan ölkələrindən göndərilən qəzetləri böyük maraqla oxuyurdular.
Dünyada baş verən hadisələr az-çox savadı olan hər kəsi maraqlandırırdı. Maarifpərvər ziyalılar Qahirə, Təbriz, Kəlküttə, İstanbul və Sofiya şəhərlərində ərəb, fars və türk dillərində çıxan demokratik mətbuatın Azərbaycanda yayılmasına da böyük əhəmiyyət verirdilər. N.Nərimanov “Həblül-mətin”, “Tərbiyyat”, “Naseri” qəzetlərinin yayılması işinə hərtərəfli yardım edirdi. O, Şərq ölkələrində çap olunan qəzetlərin Rusiyada baş müvəkkili idi (N.Nərimanov “Naseri” qəzetinin Qafqaz üzrə müvəkkilliyini “mədəniyyət və insaniyyət naminə” öz üzərinə götürmüşdü). Redaksiya oxucuları bu cür “hörmətli şəxslərlə” tanış etmək üçün onların adını çəkir, eyni zamanda yazırdı ki, “hələ indiyədək yerlərdə “Naseri”nin nümayəndələri müəyyən edilmədiyindən uzaq və yaxın ölkələrdə bəzi ağalar ancaq mədəniyyət və insaniyyət naminə bu nümayəndəliyi öz öhdələrinə götürmüşlər”.
“Tərbiyyat” yerli müvəkkillərinə “etibarını” bildirmək və onları abunəçilərə tanıtmaq üçün öz səhifələrində həmin şəxslərin adlarını tez-tez çəkirdi. Qafqaz müvəkkili N.Nərimanov haqqında isə yazırdı: “Tərbiyyat”ın Bakı nümayəndəsi öz adına olan qiraətxananın müdiri cənab Nəriman bəy Nərimanovdur”... “O cənab bütün Rusiyada bizim nümayəndəmizdir. Qafqazda, ya da Rusiyanın başqa ölkələrində kim istəsə o cənaba müraciət etsin”.
“Həblül-mətin” qəzeti isə oxucularına xəbər verirdi ki, Mehdi bəy Hacınskini müvəkkillikdən çıxarmış, “idarəyə aid olan bütün işləri hörmətə layiq qiraətxana müdiri Nəriman bəy Nərimanova tapşırmışdır”. Odur ki, əllərində qəbz olan abunəçilər onu N.Nərimanovun qiraətxanasına versin, idarə onları qəbul edəcəkdir.
Qəzet sonrakı nömrələrinin birində Qafqazda olan bütün müvəkkillərinə bildirir ki, onlar Bakı müvəkkilinə tabe olmalı, ona haqq-hesab verməlidirlər. “Buna görə də Qafqaz tərəfdə olan bütün vəkillərimizlə haqq-hesab mərkəzi Bakı vəkilimiz Nəriman bəy Nərimanovun qiraətxanasında olmalıdır”.
N.Nərimanov Şərqin demokratik mətbuatını Azərbaycanda geniş yaymaq üçün əqidə dostları ilə sıx əlaqə saxlayırdı. Bu xeyirxah işdə onlara bilavasitə kömək edirdi. Naxçıvanın görkəmli maarif xadimləri Məmmədtağı Sidqi və Qurbanəli Şərifovun məktubları fikrimizi sübut etmək üçün maraqlıdır.
Qurbanəli Şərifov 1899-cu il iyun ayının 19-da Naxçıvandan Bakıya “mənəvi qardaşı” və “həmkarı” N.Nərimanova göndərdiyi məktubunda qiraətxananın “rövnəq və rəvac, tərəqqi və pişrəftə” tapmasını “ən səmimül qəlb”dən arzuladığını bildirir və yazırdı: “...Naxçıvanda “Həblül-mətin” və “Hikmət” ruznamələrinin vəkalətini dərəhdə edib bəqədr-imkan intişari-maarif yolunda çalışmaqda özümü xoşbəxt və səadətmənd hesab edirəm. Və bundan sonra intişari-maarif barəsində cənabınızla təati-əfkar etməkə ümidvar oluram. “Həblül-mətin” idarəsindən yazılan məktubun məzmununa görə ruznamənin abunəsini, bundan sonra yığılan pulları cənabınızın xidmətinə təqdim edib qəbzül vüsul əxz etməliyəm ruznamənin abunəsinə”.
Demokratik Şərq mətbuatını yaymaqda N.Nərimanovu maraqlandıran cəhətlərdən biri də bu idi ki, həmin qəzet və jurnallarda çarizmin daxili və xarici siyasəti tez-tez pislənirdi. Bu da oxucularda mütləqiyyətin millətçilik, zorakılıq siyasətinə qarşı nifrət və qəzəb hissi oyadırdı. Məhz buna görə də çar senzurası “Həblül-mətin” qəzetinin ayrı-ayrı nömrələrini müsadirə edir, onun Rusiya imperiyasına gətirilməsinə yol vermirdi.
Mətbuat üzrə Tiflis Senzura Komitəsi Peterburqa, mətbuat üzrə baş idarəyə məxfi məktubunda təkidlə tələb edirdi ki, “Kəlküttədə fars dilində çıxan “Həblül-mətin” qəzeti imperiyanın müsəlman əhalisi arasında Rusiyaya qarşı düşmənçilik hissi qızışdırdığına və inqilabi istiqamətinə görə qadağan olunsun.
Çar məmurları “Həblül-mətin”ə inqilabi istiqamətli qəzet kimi yanaşmaqda ifrata varsalar da, bu bir həqiqətdir ki, qəzetin demokratik mövqeyi hakim dairələrdə ciddi narahatlıq doğurmuşdu. Şübhəsiz demək olar ki, Şərqin demokratik mətbuatı Zaqafqaziyada ictimai fikrin oyanmasında təsirsiz qalmırdı. Göründüyü kimi, onun səhifələrində çarizm siyasətinin kəskin tənqidi hakim dairələrdə ciddi etirazla qarşılanırdı. Lakin buna baxmayaraq Şərq mətbuatı dini məfkurəni, panislamizm ideyasını geniş təbliğ edirdi. Bu da gənc nəslin təlim-tərbiyəsinə ciddi təhlükə yaradırdı. Rus-tatar məktəblərində ana dilində mükəmməl dərsliklərin olmadığı bir vaxtda ərəb, fars və türkdilli ədəbiyyatın güclü axını uşaqların mənəvi inkişafına zərərli təsir göstərirdi. Maarifpərvər ziyalılar ana dilində dərsliklərə olan böyük ehtiyacı ödəmək, beləliklə, gənc nəslin məfkurəvi inkişafına zərər yetirən ədəbiyyatın təsirini aradan qaldırmaq üçün yollar axtarırdılar. N.Nərimanov və S.Qənizadə bu nəcib, xeyirxah arzu ilə “Sovqat” adlı şəkilli uşaq jurnalı nəşr etməyi qərara aldılar. Onlar 1896-cı ilin yanvarında Bakı qubernatoruna müraciət etdilər.
Bakı qubernatoru həmin il fevral ayının 25-də Qafqaz canişininə göndərdiyi məlumatında Azərbaycan dilində uşaqlar üçün yararlı dərslik olmadığını etiraf edərək yazırdı ki, N.Nərimanov və S.Qənizadənin “Sovqat” jurnalı İrandan Zaqafqaziyaya axıb gələn parnoqrafik məzmunlu əsərlərin əvəzinə müsəlman uşaqlarına onların doğma dilində sağlam ideyalı ədəbi materiallar verə bilər.
Çar hökuməti maarifpərvər gənclərin nəcib təşəbbüsünə etinasız yanaşdı. Lakin N.Nərimanov və S.Qənizadə ruhdan düşməyib milli mətbuat yaratmaq uğrunda daha inadla mübarizə aparırdılar. Onlar 1897-1900-cü illərdə Peterburqa, mətbuat işləri üzrə baş idarəyə dəfələrlə müraciət etməli oldular. N.Nərimanov 1899-cu il oktyabr ayının 8-də çar hökumətinin mətbuat işləri üzrə baş idarəsinə göndərdiyi müraciətnaməsində Azərbaycan dilində “Təzə xəbərlər” adlı həftəlik qəzet çap etməyə icazə istəyir. Daxili İşlər Nazirliyinin polis departamentinin direktoruna göndərilən 1900-cü il 12 dekabr tarixli məlumatında N.Nərimanovun xüsusi dərs deməklə və ədəbi yaradıcılıqla məşğul olması, bir sıra səhnə əsərləri, dərslik yazması barədə xəbər verildikdən sonra deyilirdi: “Nərimanovun müsəlmanlar arasında şöhrət və hörməti vardır, o, həm də tamamilə rus cərəyanına tərəfdardır. “Təzə xəbərlər” qəzetinin nəşri üçün Nərimanova vəsaiti gimnaziya direktoru S.S.Pobedonostsev, habelə yerli kapitalistlər verirlər”.
O, iki müəllif vərəqi həcmində çıxaracağı qəzetdə materialların rusca tərcüməsini verməyi də nəzərdə tuturdu. “Təzə xəbərlər”in proqramında 10 şöbə vardı: Hökumət sərəncamları; Ümumi səciyyəli baş məqalələr; Rusiya teleqraf agentliyinin və xüsusi müxbirlərin teleqramları; Qafqaz və şəhər xəbərləri; Rus həyatı; Müsəlman həyatı; Son poçta; Əmtəə bazarı; Elanlar; Felyeton; Rus yazıçılarının tərcümələri, elmi və pedaqoji mövzular.
N.Nərimanov öz müraciətnaməsində çar hakimlərinin diqqətini belə bir fakta cəlb edirdi ki, Zaqafqaziyada qonşu xalqların 12-yə yaxın mətbuat orqanı olduğu halda, iki milyonluq müsəlman əhalisinin danışdığı dildə bir qəzet də yoxdur. Odur ki, müsəlman əhalisi mənəvi tələbat üzündən xarici mətbuata meyil edir. İran, Türkiyə, hətta Hindistan naşirləri də bu fürsəti əldən verməyərək rus həyatına dair faktları və dövlət sərəncamlarını qəzetlərində öz məsləklərinə uyğun şərh etməklə, avam kütlələrin ağlını çaşdırırlar. Müsəlman əhalisini mürtəce ideyalı, fanatik xarici mətbuatın təsirindən xilas etmək vacibdir.
N.Nərimanov qeyd edir ki, rus mətbuatı son zamanlar müsəlmanların təhsildə geri qalmasından, İran mollalarının kütlələrə təsirindən və ölkədəki qaçaq-quldurlardan çox yazır. Bu məlumatları isə rus dilini bilən bir ovuc məmurdan başqa heç kim oxumur. N.Nərimanov “Təzə xəbərlər” qəzetində Azərbaycan və rus həyatındakı hadisələri doğru, düzgün, obyektiv surətdə işıqlandıracağına və müsəlman mədəniyyətinin tərəqqisinə kömək edəcəyinə ümid bəsləyirdi. O yazırdı: “Müsəlmanlarımızın şüuruna xarici nəşrlərin şəksiz zərərli təsirini aradan qaldırmaq və ictimai həyat barəsində hökumətimizin tələblərini izah etmək üçün Zaqafqaziyada bir neçə qəzet, heç olmazsa, bir qəzet çıxarmağa çoxdan bəri hədsiz ehtiyac vardır, elə bir qəzet ki, rus və müsəlman həyatının hadisələrini doğru-düzgün və qərəzsiz işıqlandırsın, hökumətin bütün sərəncamlarını avam kütləyə izah etsin, müsəlmanları diyarda hökmran olan rus ünsürü ilə yaxınlaşdırsın. Belə bir qəzet Zaqafqaziyada avam müsəlman kütləsini mədəniləşdirmək işinə şəksiz böyük kömək göstərərdi”.
Zaqafqaziya müsəlmanlarının ictimai fikrinə və mədəni tərəqqisinə təsir edə biləcək bu hadisə çar hakim dairələrini heç də maraqlandırmadı. Qafqaz Senzura Komitəsi, həmçinin Bakı qubernatoru general Odintsev “Bakıda Şərq dilləri senzorunun olmamasını” bəhanə edərək “Təzə xəbərlər”in nəşrini məqsədəuyğun saymadılar. Halbuki çar hakim dairələrini narahat edən “xüsusilə son zamanlar ucqar ölkədə siyasi şəraitin” kəskinləşməsi idi.
Mülki işlər üzrə Qafqaz baş hakimi vəzifəsini icra edən general-leytenant A.A.Freze Baş mətbuat işləri idarəsinə məxfi təliqəsində onlara haqq qazandırır, eyni zamanda etiraf edirdi ki, “Təzə xəbərlər”in nəşri çar Rusiyasının ucqarlarda apardığı siyasətlə uyğun gəlməz. O, belə bir fikrə gəlirdi ki, “...bu ucqarda yerli dillərdə qəzetlərin, xüsusilə də indi planlaşdırılan və proqramından aydın olduğu kimi, yerlilərin həyatını rusların həyatına qarşı qoyacaq qəzetin nəşr edilməsi dövlətimizin həmin diyardakı siyasətinin məqsədlərinə və vəzifələrinə uyğun gəlməzdi”. Ona görə də Baş mətbuat işləri idarəsi 1900-cü il mart ayının 13-də N.Nərimanova göndərdiyi məlumatında “Təzə xəbərlər”in nəşrinə daxili işlər nazirinin icazə vermədiyini bildirdi. Buna baxmayaraq N.Nərimanov inadından dönmür. O, 1900-cü il dekabr ayının 4-də Peterburqa, Mətbuat işləri üzrə Baş idarəyə yenə müraciətnamə göndərir, “Məktəb” adlı elmi-pedaqoji məzmunlu aylıq jurnal dərc etmək niyyətində olduğunu bildirir. N.Nərimanov pedaqoji aləmdə baş verən ciddi çətinlikləri nəzərə alaraq belə bir jurnalın nəşrinə ictimaiyyətin haqlı tələbi kimi baxırdı.
N.Nərimanov tərəqqipərvər gənc ziyalıları “Məktəb” jurnalı ətrafında toplamaq, onları qabaqcıl pedaqoji təlim-tərbiyə üsulu, bilik və təcrübəsi ilə silahlandırmaq istəyirdi. O bilirdi ki, ancaq bu yolla dini məktəb və mədrəsələrin avam kütlələrə böyük təsirini azaltmaq mümkündür. Nə qədər ki, fanatik dindarlar rus-tatar məktəbinə düşmən münasibət bəsləyirlər, azərbaycanlı uşaqların əksəriyyəti təhsildən kənarda qalacaqdır.
1894-cü ildə Zaqafqaziya əhalisinin hər on min nəfərinə 6,3 tədris məktəbi düşürdü. Yerli əhalinin on iki faizi məktəbyaşlı uşaq idi: 612 min məktəbyaşlı uşağın 83,5 faizi məktəbdən kənarda qalmışdı.
N.Nərimanov “Məktəb” jurnalına tərəqqipərvər müəllimlərin məsləhətçisi, köməkçisi kimi baxırdı. O, mətbuat işləri üzrə Baş idarəyə göndərdiyi müraciətnaməsində yazırdı ki, “Məktəb” Azərbaycan müəllimlərinə rus pedaqoji elmindən istifadə etməyə geniş imkanlar yaradar, köhnə məktəb və mədrəsələrin təlim və tədris üsullarına qarşı amansız tribunaya çevrilər. N.Nərimanov “Məktəb” jurnalının proqramında Rusiya və Zaqafqaziyada məktəblərin vəziyyəti, məktəblərə dair hökumət sərəncamları, rus pedaqoqlarının tərcümeyi-halları, rus jurnallarının xülasəsi və s. haqqında məqalələr verməyi nəzərdə tuturdu. Onun fikrinə görə, rus dili və mədəniyyətinin Zaqafqaziyada yayılması üçün yerli müsəlman əhalisinin doğma dilində qəzet və ya jurnalın nəşri zəruridir. Həmin müraciətnamədə qeyd edilirdi ki, “Məktəb” jurnalı Zaqafqaziya müsəlmanlarının diqqətini “rus dilinin praktiki əhəmiyyətinə müntəzəm olaraq cəlb edər, rus dilinin böyük faydasını başa düşməkdə onlara kömək olar.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2020.- 28 fevral.- S.4.