“Xocalı harayı”
Bakı şəhəri 26 saylı tam orta məktəbdə “Xocalı harayı” adlı tədbirdə Dövlət Himni səsləndirildi, faciədə şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra Xocalı qətliamını əks etdirən videoçarx nümayiş etdirildi. Məktəbin şagirdləri 1992-ci il 26 fevralda ermənilərin dinc əhalimizə qarşı etdikləri misli görünməmiş qəddarlığı səhnələşdirdikləri kompozisiyalarda olduqca dolğun şəkildə tədbir iştirakçılarına göstərdilər. Məktəb şagirdlərinin çox böyük məharətlə göstərdikləri səhnəciklər, söylədikləri şeirlər hamıda böyük təəssürat yaratdı, rəğbətlə qarşılandı.
Sonra məktəbin direktoru Yaqut Məmmədova çıxış edərək Xocalı faciəsi ilə bağlı ətraflı danışdı, qeyd etdi ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycanın müasir tarixinə qara hərflərlə yazıldı. 1992-ci il fevralın 26-da baş vermiş faciə erməni millətçiləri və onların havadarlarının əsrlər boyu xalqımıza qarşı apardıqları etnik təmizləmə siyasətinin daha bir qanlı səhifəsi, dinc əhalimizə qarşı törətdikləri soyqırımı, amansızlığına və qəddarlığına görə bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş ən qatı cinayətlərdən biri idi. Daim “böyük Ermənistan” arzusu ilə yaşayan mənfur ermənilər qarşılarına qoyduqları məqsədə çatmaq üçün daim, müxtəlif dövrlərdə öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı terror aktı, etnik təmizləmə siyasəti həyata keçiriblər. Azərbaycan XX əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalmışdır.
Xocalıda baş vermiş kütləvi qanlı cinayətlər, dəhşətli vəhşiliklər heç vaxt qan yaddaşımızdan silinmir. Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi, 613 nəfərin həyatına son qoyuldu, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər soydaşımız girov götürüldü. Bu hadisə ilə bağlı bütün həqiqətlər ulu öndər Heydər Əliyevin ikinci dəfə 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra dünya ictimaiyyətinə çatdırıldı, bu istiqamətdə qəti addımlar atıldı. Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı bütün dünyaya bəyan etdi. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Xocalı soyqırımının bütün dünya miqyasında tanınması üçün geniş ideoloji işlər aparırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası bu sahədə təbliğat işini daha da sürətləndirmişdir.
Əli SADIQOV
Respublika.- 2020.- 28 fevral.- S.5.