“Xocalı-şəhid şəhər” 171 saylı məktəbdə tədbir

 

Xətai rayonu 171 saylı məktəbdə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi. Məktəbin böyük akt zalında keçirilən anım mərasimində məktəbin müəllim və şagirdləri, valideynlər və tədbirə dəvət olunmuş müxtəlif qurumların nümayəndələri iştirak edirdi. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş sözü ilə tədbiri açan məktəbin direktoru Zemfira Məsiyeva əvvəlcə hamını salamladı və 1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecədə bədnam ermənilərin Xocalı şəhərinə qəflətən hücum etməsi, törətdikləri vəhşiliklər barədə ətraflı danışdı. Vurğuladı ki, həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi, yüzlərlə insan vəhşicəsinə qətlə yetirildi, şikəst oldu, mindən artıq vətəndaşımız erməni qəsbkarları tərəfindən girov götürüldü. Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirildi. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra xalqımıza, dinc əhaliyə qarşı törədilmiş bu cinayətlərin miqyası və vəhşiliklər barədə əsl həqiqətlər dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı, bu hadisəyə hüquqi qiymət verildi. ümummilli liderimizin fərmanı ilə 28 Fevral - Xocalı soyqırımı və Milli Matəm Günü elan olundu.

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev törədilmiş soyqırımı həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində intensiv aparır. Cənab Prezidentimiz Xocalıda baş verənlər barədə danışarkən vurğulayıb ki, ermənilərin xalqımıza qarşı törətdikləri etnik təmizləmə, soyqırımıdır. Zaman-zaman həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar öz əzəli torpaqlarından qovulmuş, didərgin salınıb. Çıxışının sonunda Zemfira Məsiyeva onu da diqqətə çatdırdı ki, Xocalı soyqırımı qurbanlarının unudulmaz xatirəsi bizim hər birimizi öz işimizdə, mübarizəmizdə daha mətin və əzmkar, cəsarətli olmağa, milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirməyə çağırır. Ölkə rəhbərliyinin bu istiqamətdə apardığı məqsədyönlü işlər, ölkəmizin hərbi sahədə qüdrətinin artması hər birimizi əmin edir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin tökülən qanlarının qisası yerdə qalmayacaq, bütün torpaqlarımız erməni işğalçılarından azad ediləcəkdir.

 

Sonra çıxış edən Bakı Dövlət Universitetinin dosenti, müharibə veteranı Atamoğlan Məmmədli də Xocalı faciəsinin mahiyyəti, xarici güclərin Azərbaycanın müstəqilliyinə qarşı mənfur planları barədə danışdı, son illər ölkəmizdə bu planlara qarşı gücləndirilmiş ideoloji mübarizənin əsas istiqamətlərindən söz açdı. Və qeyd etdi ki, Azərbaycan heç vaxt tutduğu müstəqillik yolundan dönməyəcək. Aprel döyüşləri də Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının olduğunu nümayiş etdirməklə yanaşı, ölkəmizin siyasi rəhbərliyinin də qəti siyasi iradəyə malik olduğunu bir daha sübut etdibütün xalqımızda əminlik yarandı ki, Azərbaycan Milli Ordusunun torpaqlarımızı işğaldan azad edəcəyi o gün uzaqda deyil.

 

171 saylı tam orta məktəbdə Xocalı soyqırımı ilə bağlı anım tədbirində məktəbin şagirdləri Xocalıda ermənilərin xalqımıza qarşı törətdikləri qatı cinayətlər, vəhşilikləri bədii kompozisiyalarda, kiçik səhnəciklərdə obrazlı şəkildə tədbir iştirakçılarına təqdim etdilər. Onların istedadları, söylədikləri təsirləndirici monoloqları, söylədikləri şeirlər əmin edir ki, məktəbin şagirdləri vətənpərvər ruhda, millətimizə, dövlətimizə sədaqət ruhunda tərbiyə olunurlar. Məktəbdə vətənpərvərlik ruhunda aparılan bu qəbildən tədbirlər vətənimizə layiq gənc nəslin yetişməsində mühüm rol oynayır.

 

Mərasim iştirakçıları belə bir tədbirin hazırlanmasında əməyi keçən hər bir kəsə, o cümlədən tədbirin təşkilatçısı, məktəbin rus dili və ədəbiyyatı müəllimi Mehparə Rəhimovaya öz dərin minnətdarlıqlarını bildirdilər.

 

Respublika.- 2020.- 28 fevral.- S.5.